manera.az
manera.az

Yaralı qu quşları: Hekayə | MANERA.AZ

📅 09.12.2016 10:18

Yaralı qu quşları: Hekayə  | MANERA.AZ
Nurəddin ƏDİLOĞLU

YARALI QU QUŞLARI
(sənədli hekayə)


Mən Masallı şəhərində yaşayanda Nikolay adında bir rus qonşum vardı. Çox hazırcavab, zarafatcıl, mehriban kişi idi. İlk gördüyüm gündən ta yaşının ahıl çağınadək rayondakı bütün ov yerlərini 71-71 nömrəli narıncı rəngli “Moskiviç”lə gəzib-dolaşardı. Köhnə olsa da, Nikolay öz avtomobilini çox səliqəli saxlayardı. Deyilənlərə görə, özü də yaxşı avtomobil təmiri ustasıydı. Elə uzun illər idarə etdiyi və həmişə saz vəziyyətdə olan “Moskviç”inə baxanda bunu bilmək olurdu. Düzdü, maşınım olmadığından onun necə usta olmağına şəxsən bələd deyildim. Amma ovçuluğuna söz ola bilməzdi.
Bir ara Nikolay bizim Xırmandalı kəndində quş ovuna dayım oğlu Abduləhədlə gedərdi. O vaxtlar mən kənddə orta məktəbdə oxuyurdum.

Abduləhəd dayıoğlu bizimlə qonşu idi. Arvadı Gülqızın gözləri gömgöy olduğuna görə dayıoğlum zarafatla onu Nikolay çağırardı. Özü də buna o qədər vərdiş eləmişdi ki, hətta Nikolay onlara qonaq gələndə belə arvadına ucadan səslənərdi: “Az, Nikolay, get, bizə xoruzquyruğu çay dəmlə gətir” və ya “Az, Nikolay, axşama zəfəranlı döşəməplov bişir!”

Nikolay bundan əsla inciməzdi, əksinə gülə-gülə deyərdi ki: “ -Əşi, adaşıma əziyyət vermə də, gəl çıxıb gedək işimizə-gücümüzə...”
İş-güc deyəndə Nikolay ovu nəzərdə tuturdu. Kəndimizdə bir çoxları kimi dayım oğlu da ovçuluğa dolanışıq vasitəsi kimi baxırdı. Nikolaysa sadəcə bu işdən böyük zövq alırdı. Odur ki, vurduğu quşları ona-buna pay verərdi. Yəni Nikolaya ovdan qalan qazanc quruca çox sağ ol, bir də təbiət qoynunda istirahət idi.
Bir dəfə qış vaxtı Nikolayın maşınının mühərriki işə düşmədi.Yerə topuğacan qar yağmışdı. Hava qaralsa da, Nikolay heç halını da pozmadı. Balaca tonqal qalayıb mühərrikin şamlarını odda isitdi. Söhbət edə-edə maşının ora-burasını qurdaladı. Dayım oğlu dedi:
- Nokolay, yorma özünü, gecəni bizdə qalarsan, qar da səhərəcən əriyər, sabah, inşallah, rahatca gedərsən!
Nikolay gülümsünüb dedi:
- Eh dostum, bu hələ harasıdır ki?! Bax, yerə dizəcən qar yağa, evində də nə qaz ola, nə işıq yana, uşaqların soyuqdan tir-tir əsə, arvadın da ola hamilə, ağrı çəkə... Bir yandan da maşının ya xarab ola, ya da yanacaqsız... Qalasan girinc-giriftar. Bax, əsl dərd ona deyərlər...
Bu söhbəti evdə dədəmə danışanda kişi bığaltı gülümsündü.Mənə dedi ki:
- Bala, bu əhvalat görünür, ya onun özünün, ya da yaxın dost-tanışının başına gəlib... Ona görə belə deyib...
Yaxın dost-tanış deyəndə, elə mən ağlıma dayım oğlu Abduləhədi gətirdim. Onun üç oğlu, dörd qızı vardı. Düşünürdüm yəqin bu əhvalat ya kiçik oğlu Ağadədə, ya da sonbeşik qızı İstəgül dünyaya gələndə olub. Yəqin ki, o vaxt da kəndimizə çox qar yağıbmış, elə Nikolay da dayım oğluyla ya ova gedirmiş, ya da ovdan gəlibmiş. Dayıoğlumun Nikolay dediyi arvadı Gülqız da ağrı çəkirmiş. Nikolayın da narıncı rəngli “Moskviç”inin yanacağı qurtarıbmış... Abduləhəd dayıoğlu da məcbur olub əbəçi Mirəstə qarını çağırıb. Axı istər qış olsun, istərsə yay, kəndimizdə doğulan uşaqların çoxunun əbəçisi Mirəstə arvad olurdu. Bir də kənd-kəsəkdə o cür təcrübəli əbəçi qala-qala heç bir hamılə qadın rayon mərkəzindəki doğum evinə getməzdi. Bəlkə dayım oğlunun “Nikolay” dediyi arvadını da doğum evinə aparmaq ideyasını elə o vaxt Nikolay özü irəli sürüb?! Nə isə...
Qışda qar çox yağanda, hava şaxtalı-küləkli olanda ov yerində yaralanıb ovçüların əlindən canını qurtaran quşlar gəlib həyətlərdəki ot tayasında, samanlıqlarda gizlənərdilər. Mən özüm tayadan mal-qara üçün dəmir qarmaqla quru ot çəkəndə, qış vaxtı dəfələrlə yaralı quşlara rast gəlmişəm. Nədənsə uşaq ağlımla düşünürdüm ki, o quşların qol –qanadını yaralayan qurğuşun seçmələr ya Nikolayın, ya da dayım oğlu Abduləhədin ov tüfəngindən atılıb...
Bir dəfə ot tayasında gizlənən yaralı ağ qu quşu gördüm. Ən azından ikinci sinifə gedən qardaşım Qorxmazın ağırlığında olan quş uşaq kimi lal-dinməzcə elə ağlayırdı ki... Nənəm o yaralı quşun qanadını tənziflə bağlaya-bağlaya ovçuların qarasınca deyindi:
-Allah insafınızı kəssin! Vallah, bu binəva quşun ahı tutacaq bu kəndi. Çörək atlı olacaq, yazıq camaat piyada. Heç qu quşuna da güllə atarlar?
O yaralı qu quşunun göz yaşları məni o qədər riqqətə gətirdi ki, doxsan altı səhifəlik cildi göy rəngli şagird dəftərimə necə “Yaralı qu quşları” başlıqlı əhvalatın qısa məzmununu yazdım özüm də bilmədim. Sonra göy cildli o dəftər mənimlə hərbi xidmətə yola düşdü... Ordan da qayıdıb gəldi. Amma “Yaralı qu qşları” barədə hekayət yarımçıq qaldı.
Təsadüfə bax, mən ailə qurub rayon mərkəzinə köçəndə Nikolayla qonşu oldum. Artıq Nikolay ova çox az hallarda gedərdi. Abduləhəd dayıoğlum da dünyasını dəyişmişdi. Nikolay məndən soruşurdu ki, onun oğlanlarından hansı atasının yolunu davam etdirir? Dedim ki, böyük oğlu Məsrəflə ortancıl oğlu Kamalı deyə bilmərəm, amma kiçik oğlu Ağadədə həm zarafatcıl olmaqda, həm dost qazanmaqda, həm də ovçuluqda atasına çəkib. (Dayım oğlu öz kiçik oğluna faşist Almaniyası ilə müharibədə həlak olmuş atasının adını –yəni mənim anamın qardaşının adını qoymuşdu və hamı onu dədə deyə çağırırdı).
Nikolay Ağadədənin adını eşidəndə sevindi:
-Hə, o vaxt qarlı gündə biz Abduləhədlə ovdan qayıdanda dünyaya gələn oğlan...
- Hə,-dedim,- deyəsən, həmin gün sizin sevimli “Moskviç”in benzini qurtarmışdı ...
-Sən bunu hardan bilirsən? – Nikolay maraqla soruşdu.
-Biz onlarla həm qonşu, həm də qohumuq axı, -dedim
. Beşmərtəbəli hökumət evində yaşasaq da, Nikolay həmişə eyvanda samavar qaynadardı. Samovarın tüstü - dumanı ətrafa yayılanda Nikolay nəzakətlə qonşularından üzr də istəyərdi. Bəzən qonşu kişilər həyətdə sakit bir güşəyə çəkilib nərd, domino, şahmat oynayanda Nikolay tənbəllik eləməzdi, yekə samovarla bütün çay dəsgahını götürüb dördüncü mərtəbədən aşağı enərdi. O gün pürrəngi çay içə-içə stolüstü oyunlar daha maraqlı keçərdi.
Nikolay evində nə it, nə də pişik saxlardı. Arvadıyla, qoca anasıyla, qızyla çox mehriban yola gedirdi. Bir bacısı da Hamlet adında ziyalı bir azərbaycanlıya ərə getmişdi. Biz neçə il qonşu olduq,amma bir dəfə də Nikolayı sərxoş görmədim. Hərdən mənə elə gəlirdi ki, onun qəlbində Allah xofu cəmiyyətdə görüb - tanıdığım başqa kişilərdən daha çoxdu.
Mən rayon qəzetində işləyəndə Nikolay bir dəfə məndən soruşdu:
-Məqalədən başqa daha nə yazırsan?
Dedim: “Yaralı qu quşları” adlı sənədli povest yazıram.
O, maraqla “Yaralı qu quşları?” - deyə soruşdu.
Mən uşaq vaxtı ot tayasında gördüyüm yaralı qu quşunun necə ağladığını ona danışdım. O, mənə qulaq asıb dərin fikrə getdi. Və birdən:
-Bəs bu povestin axırı necə bitir?
O vaxt Masallıya Əfqanıstanda həlak olmuş bir neçə əsgərin tabutunu gətirmişdilər. Özü də əsgər tabutlarını açmağa valideynlərinə və yaxınlarına icazə verilmirdi. Nədənsə mən Nikolaya sevdiyi oğlanıntabutunu görən gənc bir qızın başına hava gəldiyindən danışdım...
- Əsərdə o qız ağ gəlinlik paltar geyib meşə kimi qalın və keçilməz qamışlıq olan Ağ çalaya yollanır və Ağ çalanın gölündə üzən qu quşlarını nişan alan bir ovçunun gülləsinə tuş gəlir. Qızın tabutunu qəbiristanlığa aparan gün əfqan basmaçılarının əsirliyindən azad olmuş sevdiyi oğlan kəndə dönür. Məlum olur ki, Əfqanıstanda döyüşməyi beynəlmiləl borc adlandıran kefli zabit əsir əsgərin əvəzinə tabuta başı kəsilən başqa əsgərin cəsədini qoyub...
Nikolay bunu eşidəndə dərindən köks ötürdü. Və:
-Sonluq qəmli olsa da, yaxşı əsərdi, - dedi.
Dedim, bu hələ son deyil, əsirlikdən gələn oğlan axırda sevgilisi ilə birlikdə qu quşlarının da qisasını alır.
-Necə?
-Sən demə, qu quşlarını ovlamaqdan zövq alan harın xalq hakimi ağ gəlinlik paltarı geymiş qızı ağ qu quşu sanıbmış...
Nikolay başını bulayıb xalq hakiminin ünvanına:
-Ay səni əclaf...- dedi və dönüb getdi.
Ertəsi gün mən eyvanda gəzəndə gördüm ki, Nikolay qoşalülə tüfəngini, uzunboğaz çəkməsini, rezin ördək müqəvvalarını maşınının arxa yük yerinə qoyub harasa getdi. O gün Qızılağac qoruğu səmtindən ovçu gülləsindən hürkmüş bir dəstə quş havaya qalxdı. Quşlar göy üzündə uçan ürəklərə bənzəyirdilər...
Aradan bir neçə gün keçəndən sonra Nikolayla rastlaşdıq. Soruşdum:
-Deyəsən o gün Qızılağac tərəfə ova gedirdiniz?
Dedi:
-Yox. Ay qonşu, bütün ov ləvazimatlarımı aparıb keçmiş dostlarımdan birinin oğluna hədiyyə verdim. Düz qırx il idi ki, ovçuluq mənim ən sevimli hobbim idi. Amma sənin o günkü qəmli hekayətindən sonra daha heç bir quşa güllə atmamaq qərarına gəldim. Quş olanda nə olar, quşun da Allahı var!.






Baxış sayı - 2 133 | Yüklənmə tarixi: 09.12.2016 10:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031