manera.az
manera.az

Səməd Vurğunu oxucuya sevdirən romantika olub

📅 07.11.2016 17:02

Səməd Vurğunu oxucuya sevdirən romantika olub

Rafiq Yusifoğlu,
şair, filologiya elmləri doktoru, professor

Ədəbi mühit və ədəbi proses.
Zaman, tarixi şərait, müasir əxlaq, düşüncə tərzi, dünyagörüşü ədəbi prosesin istiqamətini müəyyənləşdirən son dərəcə mühüm amillər kimi.
Zaman və qəhrəman problemi.


Qeyd etmək lazımdır ki, ədəbi prosesin fomalaşmasında mühitin rolu olduqca böyükdür. Mühit prosesin cərəyan etdiyi məkandır. Elə buna görə də prosesin harada, hansı mühitdə cərəyan etməsi son dərəcə mühüm məsələdir. ''Balıq dəryada böyüyər'' qənaəti də təsadüfi yaranmamışdır.

Mühit insanın şəxsiyyətini, onun dünyagörüşünü, xarakterini, əxlaqını, psixologiyasnı, intellektini formalaşdırır. Ədəbi prosesin baş me’marı isə yaradıcı insandır. Elə buna görə də onun dünyagörüşü yaradıcılıq prosesinində son dərəcə mühüm əhəmiyyət kəsb edir. Yazıçı əsəri üçün ''tikinti materialını'' da əsasən ətraf mühitdən götürür və həmin həyat hadisələrini öz dünya­görüşünə, əxlaqına, zövqünə və ədəbi üslubuna uyğun şəkildə bədii təsvirin mərkəzinə çəkir.

Yazıçı Əzizə Əhmədova verdiyi müsahibələrin birində ədəbi mühitin onun yaradıcılığında rolundan bəhs edərək deyirdi: ''Nəşriyyat işi mənim həyatımı, gələcəyimi müəyyənləşdirdi. Hər gün nəşriyyata yazıçılar, şairlər, gənc yazıçılar gəlirdilər. Mən onlarla ünsiyyətdə idim. Nə qədər əsərləri oxuyub, redaktə edirdim. Bu mənim inkişafıma, ədəbi yaradıcılığıma çox kömək etdi.'' (''Azərbaycan'' jurnalı, 2002-ci il, № 2, s. 159).

Zaman, tarixi şərait, müasir əxlaq, düşüncə tərzi, dünyagörüşü ədəbi prosesin istiqamətini müəyyənləşdirən son dərəcə mühüm amillərdir. V.Q.Belinski çox doğru qənaətə gəlirdi ki, hər hansı bir xalqın ədəbiyyatının mənbəyi xarici təsir, yaxud kənardan edilən bir təkanda deyil, yalnız həmin xalqın öz dünyagörüşündə ola bilər. Hər bir xalqın dünyagörüşü onun ruhunun rüşeymi, mahiyyəti (substansiyası), bu dünyaya olan daxili baxışıdır ki, xalq həmin baxışla doğulur, həqiqəti bilavasitə onunla kəşf edir. Onun qüvvəsi, həyatının mənası həmin bu baxışlardadır. Bu həmin prizmadır ki, onun vasitəsi ilə xalq qövsi-qüzehin bir və ya bir çox rəngarəng boyaları arasından bütün kainatın sirlərini seyr edir. Dünyagörüşü ədəbiyyatın mənbəyi və əsasıdır. Dünyagörüşü ədəbiyyat üçün elə bir zəmindir ki, onun bütün naxışları və lövhələri həmin bu zəminin üstündə cızılır. (V.Q.Belinski. Məqalələr. Bakı, 1961, səh. 17).

Hər bir yazıçını, sənətkarı şərti olaraq bir meyvə ağacına bənzətsək, bu ağacların bitdiyi, cəm olduğu sənət bağının münbitliyi meyvənin bolluğunu, saflığını şərtləndirən amillərdəndir. Ancaq təkcə torpaq, su, bağban qayğısı hər şeyi həll etmir. Iqlimdən də, ab-havadan da çox şey asılıdır. Məsələn, bir il bağda ərik, şaftalı, bir il tut, gilas, bir il alma, bir il armud… ağacları daha çox bar gətirir. Torpaq həmin torpaq, su həmin su, bağban həmin bağbandır. Ancaq iqlim dəyişdiyi üçün hər ağacın bar vermə ehtimalı artır və azalır.

Bu müqayisə bir qədər qəribə görünsə də, hər bir ədəbi mühitin, tarixi şəraitin də özünəməxsus dadı olan meyvələri: şeirləri, poemaları, hekayələri, novellaları, povestləri, romanları, komediyaları, faciələri olur. Bundan başqa, hər dövrün təkcə özünəməxsus mövzuları yox, həm də özünəməxsus janrı olur. Məsələn, əgər Nizami dövrü üçün poema, Füzüli dövrü üçün qəzəl, Vaqif dövrü üçün qoşma, Axundov dövrü üçün dram daha xarakterik janr idisə, Cəlil Məmmədquluzadənin, Sabirin yaşadığı ­ döv­­­­r­­­­­­­­­­­­­­­­də satirik, yumoristik hekayələr, şeirlər daha çox oxunurdu.

Ədəbi prosesdə iqlimi zaman, dövr yaradır. Hər dövrün, zamanın öz düşüncə tərzi, mənəvi-əxlaqi tələbləri var. Bütün bunları nəzərə almadan ədəbi prosesə, eləcə də onun məhsulu olan ədəbiyyat tarixinə düzgün, obyektiv qiymət vermək mümkün deyildir.

Dünya şöhrəti qazanmış sənətkarların hamısı, hər şeydən əvvəl, öz zəmanələrinin övladı olublar və yaşadıqları dövrün obyektiv qanunauyğunluqları, problemləri onların yaradıcılığına təsirsiz qalmayıb. Ancaq bunu da yaddan çıxarmaq doğru olmazdı ki, obyektiv həyata subyektin münasibəti də az rol oynamır. Mühit elə bil torpaqdır. Iste’dad isə bu torpağa səpilən toxuma bənzəyir. Onun cücərib qol-budaq atması üçün torpağın münbitliyi, o cümlədən də hava və su da mühüm əhəmiyyət kəsb edir.

V. Q. Belinski məqalələrinin birində yazırdı ki, şair nə qədər yüksək olursa, içində doğulduğu cəmiyyətə bir o qədər məxsus olur. Onun istedadının inkişafı, istiqaməti və hətta xarakteri cəmiyyətin tarixi inkişafı ilə bir o qədər daha sıx bağlanır. (V. Q. Belinski. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı, 1954, səh. 222).

Zaman, ictimai mühit bədii əsərin mövzusuna, ideya-məzmununa, bədii formasına, qəhrəmanların fəaliyyətinə və mübarizəsinə, onların mənəvi dünyasına, xarakterinə, psixologi­­yasına əhəmiyyətli dərəcədə tə’sir göstərir. Hər hansı bir bədii obrazı hərtərəfli təhlil etsək, onun yarandığı dövrü göstərməsək belə, o dəqiqə görünəcək ki, bu xarakterli insan hansı dövrün, epoxanın qəhrəmanı ola bilərdi.

Ədəbiyyatı insanşünaslıq adlandıran Maksim Qorkinin fikrində böyük həqiqət vardır. Sənətkarların bütün əsərlərinin mərkəzində insanın taleyi dayanır. Hətta sırf təbiətdən, otdan, çiçəkdən, çaydan, dənizdən, heyvanat aləmindən yazılan əsərlərdə belə insan, onun düşüncəsi, təbiət hadisələrinə münasibəti, gözəlliyin insan qəlbində doğurduğu emosional ovqat vardır. ''Insan həyatla özünəməxsus fərdi əlaqəsi, öz dünyagörüşü, öz dili olan müəyyən sosial-tarixi əlamətləri özündə cəmləşdirən xarakterdir.'' (Timofeev L.I. Osnovı teorii literaturı. Moskva, 1976, s. 38).

Ədəbiyyat tariximiz zəngin xarakterlər qalereyasıdır. Görkəmli sənətkarlardan söhbət açanda onların yaratdıqları bədii obrazlar göz önünə gəlir. Hüseyn Cavidin Azəri, Xəyyamı; Cəfər Cabbarlının Almazı, Sevili; Süleyman Rəhimovun Şamosu, Mehmanı; Səməd Vurğunun Aygünü, Vaqifi; Rəsul Rzanın Lenini, Müşfiqi, Dilbəri; Mikayıl Müşfiqin Şöləsi, Səhəri; Məmməd Rahimin Hüseynbalası, Natəvanı; Süleyman Rüstəmin Qafuru, Qaçaq Nəbisi; Bəxtiyar Vahabzadənin Şahnazı, Hatəmi; Nəbi Xəzrinin Sevili, Tərlanı; Qabilin Mehparəsi, Nəsimisi; Nəriman Həsənzadənin Nərimanı; Əli Kərimin Ilhamı, Nigarı, Cəmili… müəllif qayəsinin ifadəçisi olan obrazlardır.

Ədəbi prosesdə qəhrəman problemi həmişə mühüm, əhəmiyyətli yer tutmuşdur. Qəhrəman, onun fəaliyyəti, mübarizəsi, işi, məhəbbəti bədii əsərin strukturunda, süjet və kompozisiyada, konflikt və onun həllində mühüm yer tutur. Ona görə ki, qəhrəman müəllif idealının estetik daşıyıcısıdır.

Insan, hər şeydən əvvəl, hər hansı bir ictimai mühitin, millətin yetişdirməsidir. Bədii yaradıcılıq prosesində bunu nəzərə almaq olduqca vacibdir. Qəhrəmanın hansı mühitdə böyüməsini göstərən xarakterik detallar, təfərrüatlar mühüm əhəmiyyət kəsb edir. ''Obrazı canlandırmaq, onun xarakterini, xarici portretini çəkməkdə sənətkarın müraciət etdiyi vasitələrdən biri də qəhrəmanın xüsusiyyətlərini yerli şəraitlə bağlamaqdır. Bu cəhət xarakterə bir kolorit aşılayır, onun milli keyfiyyətlərinin tamamlanmasına kömək edir. Vətən dağlarının, çaylarının adı, həmin yerlərə məxsus gül-çiçəyin ətri, heyvan və quşların görünüşü, xasiyyəti, əlamətləri sənətkara zəngin boyalar verir.'' (Qasım Qasımzadə. Ədəbiyyatda millilik və beynəlmiləllik. Bakı, 1982, səh. 153).

Yazıçı məhz bu boyalardan istifadə etməklə həm qəhrəmanın xarakterini formalaşdıran təbii, həm də sosial mühit haqqında müəyyən təsəvvür yaradır, beləliklə də, öz əsərindəki milli koloriti artırır. Yazıçılar bədii təsvir zamanı zəngin koloritli poetik predmetlərdən istifadə etməklə öz qəhrəmanlarının bədii portretini daha da inandırıcı yarada bilirlər. Bütün bunlar təkcə zahiri effektdən ibarət olmayıb, həm də qəhərmanların daxili dünyasını, onların xarakterini açmaq vasitəsinə çevrilir. Nəinki ətraf mühitin, hətta iqlimin də yaradıcılıq prosesinə təsirinə aid çoxlu faktlar vardır.

Müəllif nə qədər zəngin həyat hadisələri əks etdirsə, hansı mövzuya müraciət etsə belə, onun əsərinin mərkəzində canlı insan obrazı, xarakter dayanır. Qəhrəmanın taleyi çox vaxt bədii əsərin süjetinin məzmununu təşkil edir. Müəllif məhz qəhrəmanların taleyi, işi, mübarizəsi, arzu və düşün­cə­­si vasitəsi ilə hər hansı bir dövrün, epoxanın dolğun mənzərəsini yarada bilir. Hər bir dövr, epoxa isə öz qəhrəmanı ilə, onun xarakteri, psixologiyası, daxili dünyasının səciyyəsi ilə seçilir. Hər bir tarixi dövrün, zamanın öz qəhrəmanı, hər bir qəhrəmanın öz dövrü, epoxası vardır. Bütün sosial cəhətlərlə insanın fərdi xüsusiyyətlərinin vəhdəti onu bir şəxsiyyət kimi formalaşdırır, xarakterinin bütövlüyünü, tamlığını təmin edir.

Obraz xarakterə nisbətən daha geniş anlayışdır. Bədii əsərdə əşyaların, təbiətin, hətta hadisələrin də bədii obrazı ola bilər. Lakin bu obrazlar ümumi nəticədə insanın xarakterinin daha ətraflı açılmasına xidmət edir, yardımçı olur.

Insan ətraf mühitlə, canlı aləmlə, təbiətlə, üzvü olduğu cəmiyyətlə istər-istəməz qarşılıqlı əlaqədədir. Onun xarakteri məhz bu zəmində formalaşır. Ona görə də bədii obraz yaradarkən bütün bunlar hökmən nəzərə alınmalıdır.

Insanın cəmiyyətin digər üzvləri ilə təması nə qədər zəngindirsə, onun xarakteri də bir o qədər əhatəlidir. Belədə hər hansı konkret bədii obrazdan, insandan söhbət açmaq, həm də onun təmsil etdiyi cəmiyyətdən danışmaq deməkdir. Çünki insan yaşadığı cəmiyyətin ən xarakterik cəhətlərinin daşıyıcısıdır. O, fərd olsa belə, həm də üzvü olduğu cəmiyyətin təmsilçisi, ümumiləşmiş obrazıdır. Insanın cəmiyyətdə tutduğu yerin, onun rəngarəng qarşılıqlı əlaqələrinin, fərdi dünyasının müxtəlif aspektlərdə öyrənilməsi, eyni zamanda onun yaşadığı epoxanın ümumi mənzərəsini yaratmağa yardımçı olur. Hər hansı bir bədii obraz, xarakter təmsil etdiyi dövrün insanlarının mənəvi-əxlaqi təkamülünün öyrənilməsinə şərait yaradır. Ona görə ki, uğurlu bədii obraz təkcə estetik yox, həm də sosial mahiyyət kəsb edir.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlirik ki, ədəbi mühit ədəbi prosesə əhəmiyyətli dərəcədə tə’sir göstərir. Zaman, tarixi şərait, müasir əxlaq, dünyagörüşü ədəbi prosesin istiqamətini müəyyənləşdirən son dərəcə mühüm amillərdir.

Mühitin ədəbi prosesə tə’sirin öyrənmək baxımından maraq doğurduğunu nəzərə alıb, ''Qələmə vurulmuş qandal, yaxud keçmişin ibrət dərsləri'' adlı məqaləni burda verməyi lazım bildik.

***

Bu, təkzibedilməz həqiqətdir ki, ədəbiyyat həyatın bədii inikasıdır. Zəmanəsinin övladı olan hər bir sənətkarın əsərində onun yaşadığı dövrün ab-havası, uğur və nöqsanları, insanların psixologiyası, həyat tərzi, məişəti, arzu və düşüncələri öz əksini bu və ya digər şəkildə tapmalıdır.

''Uşaqlar valideynlərindən çox yaşıdlarına oxşayırlar'' – deyənlər heç də yanılmırlar. Bu sözü eyni ilə yazıçılara da aid etmək olar. Əlbəttə, yetmiş illik imperiya boyunduruğu həyatımıza olduğu kimi ədəbiyyatımıza, incəsənətimizə də tə’sirsiz qalmayıb. Bunun özü də təbii bir proses kimi obyektiv reallıqdan doğmuşdur.

Indi imperiya dövründə yaşayan şair və yazıçıların dilindən tutub onları divana çəkmək o qədər də çətin deyildir. Çünki həmin dövrdə yaşayan elə qələm sahibi tapmaq olmaz ki, Leninə, kommunist partiyasına, yeni quruluşun tərənnümünə şeir, məqalə həsr etməsin. Hətta ədəbiyyata 60 – 70, eləcə də səksəninci illərdə gələn iste’dadlı yazıçıların əsərlərindən də kifayət qədər misallar gətirə bilərik. Indi neyləyək, bütün ədəbiyyatın, incəsənətin üstündən çalın-çarpaz xətmi çəkməliyik?!

Dünyanın Nizami kimi böyük sənətkarı da yaşadığı dövrün şahlarına, sərkərdələrinə mədhiyyələr həsr etmək məcburiyyətində qalıb. Ancaq biz Nizamini buna görə yox, onun əsərlərindəki bəşəri ideyalara görə sevirik.

Sənətkarların əsərlərində olan ideoloji nöqsanların hamısını onların öz ayağına yazmaq cəhdi də insafsızlıqdır. Əlbəttə, tarix ibrət dərsidir. Lakin unutmayaq ki, onu insanların, subyektlərin arzusu yox, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqları müəyyən edir. Elə buna görə də həyatımızdakı, eləcə də ədəbiyyatımızda, incəsənətimizdəki nöqsanlara mümkün qədər obyektiv me’yarla yanaşmaq lazımdır. Bu baxımdan ədəbiyyatımızın keçdiyi yolu da, ayrı-ayrı janrların inkişaf tarixini də müasir dövrün tələbləri baxımından, ancaq mütləq həmin əsərlərin yarandığı şəraiti, ab-havanı nəzərə almaqla qiymətləndirmək lazımdır.

Sənət əsərlərinə zərrəbinlə baxan ''ədəbiyyat darğaları'' (Rəsul Rza) ''Səsli qız'', ''Pambıq dastanı'', ''Moskva'' kimi poemalar yazan, sosializm quruluşunu təbliğ edən, ''formaca milli, məzmunca sosialist'' ədəbiyyatın nümunələrini yaratmağa məcbur edilən, ''Həqiqi sənətkarın bayramı oktyabr'' – deyən Əhməd Cavad kimi sənətkarların ''Əyil, Kürüm, əyil keç, dövran sənin deyil, keç'' misralarına şübhə ilə yanaşırdılar. ''Göy göl'' şeirindəki ''Gündüzlər çağırır oğlanı, qızı, gecələr əks edir ayı, ulduzu'' misralarına görə şairi ittiham edənlər də tapılırdı.

''Mən kiməm, o böyük Leninin oğlu'' deyən, ''Fontan'', ''Buruqlar arasında'', ''Əfşan'', ''Çoban'', ''Dağlar faciəsi'', ''Mənim dostum'', ''Şölə'', ''Səhər'', ''Azadlıq dastanı'', ''Vuruşmalar'' və s. bu kimi əsərlərində sosializm ideyalarını təbliğ və tərənnüm edən Müşfiqin zəhmətini yerə vurmaq üçün bircə ''Oxu, tar'' şeiri kifayət idi…

''Ümumproletar işinin təkərciyi, vintciyi'' hesab edilən ədəbiyyat, incəsənət həmişə dövlətin diqqət mərkəzində olsa da, o zaman sənətkarlar üçün çox ağır yaradıcılıq şəraiti mövcud idi. Dəhşət burasında idi ki, yazmayan, səsini çıxarmayanlar da ittiham olunurdular. ''Necə sənətkarsan ki, həyatımızdakı sosialist­cəsinə dəyişikliklər səni ehtizaza gətirmir?'' sualı da biçarə qələm sahiblərinə digər tərəfdən əzab-əziyyət verirdi. Hüseyn Cavid kimi qüdrətli bir sənətkarı zor ilə də olsa ''inqilab qatarına oturdurdular'' (Mustafa Quliyev). Başqa sözlə desək, yazıçılar ''paraya dəymə, bütövü kəsmə, doğra doyunca ye!'' əmrini yerinə yetirməyə məcbur idilər.

Otuzuncu illər ədəbiyyat tariximizin keşməkeşli mənzərəsini öyrənmək baxımından Əli Saləddinin 1992-ci ildə ''Gənclik'' nəşriyyatı tərəfindən nəşr edilən ''Əhməd Cavad'' monoqrafiyası faktlarla zəngindir. Belə ki, tədqiqatçı təkcə ədəbi faktlarla kifayətlənməmiş, dövlət təhlükəsizlik komitəsinin arxiv sənədlərindən, habelə yazıçılar ittifaqı plenumlarının, qurultaylarının stenoqramlarından bəhrələnmiş, gözlərimizin qarşısında bədbəxt, xalqını, torpağını sevməkdən başqa heç bir günahı olmayan qələm sahiblərinin faciəsini canlandıra bilmişdir. Ən dəhşətlisi odur ki, Ə. Cavad dövrün diqtəsi ilə oktyabrdan, yeni quruluşun insanlara gətirdiyi səadətdən, Moskvadan yazanda da, siyasətdən uzaq təbiət, məhəbbət mövzularına müraciət edəndə də, hətta tərcümə ilə məşğul olanda da bədxahları ona ilişmək üçün istinad nöqtəsi tapmışlar. Məsələn, şairin Şekspirdən tərcümə etdiyi aşağıdakı cümləyə qəmiş qoyanlara Əhməd Cavadın verdiyi cavab mə’nalıdır: ''Allah vursun sizi, bu xırda milçəklər bizim zəhləmizi tökür. Rusca belədir. Əvvəla, bu mənim sözüm deyil, bu, Şekspirin sözüdür. Mən burada nə söz verəydim? Mən burada milli siyasət yaratsam, bu düzgün deyil. Yoldaşlar, insanı belə düşünmək, insana belə yanaşmaq olmaz. Zəhmət çək əsəri qoy qabağına, ruscasına bax, fransızcasına bax, sonra da de ki, filankəs kontrrevolyusyon fikir vermişdir.'' (Əli Saləddin. Əhməd Cavad. Bakı, 1992, s. 230).

Mir Cəfər Bağırovun vaxtilə bir yerdə işlədiyi, duz-çörək kəsdiyi Əhməd Cavada dediyi aşağıdakı sözlər də şairin düşdüyü çıxılmaz vəziyyəti anlamaq baxımından maraq doğurur: ''Bəs onda ''Ləzgi qızları'' şe’rinə nə deyirsən? Bu şeirdə sən əxlaqsızlıq təbliğ edirsən. Ləzgi qızlarını öz yatağına çağırırsan. Burada bir müəllimin gecələr tək yatdığını söyləyir, ona üşüdüyündən dəm vurursan. Yerli sovet qızlarını ''üşüyürəm'' adı ilə aldadıb, dilə tutub, namuslarına təcavüz etməyə çalışırsan.'' (Yenə orda, s. 207).

Əlbəttə, vəziyyətdən çıxmaq üçün yazıçılar inzibati amirlik dövrünün tələblərinə riayət etmək pərdəsi altında ürəyin, vicdanın, milli təfəkkür tərzinin səsiylə tarixdə qalacaq əsər yaratmaq yollarında axtarışlar aparırdılır. Təbiidir ki, yazıçının boynuna ikiqat çətin bir vəzifə düşdüyündən, çox vaxt o, əli aşından da, vəli aşından da olur, bir əldə iki qarpız tutmağın cəzasını çəkirdi. Beləliklə, həmin zərbələr həm də ədəbiyyatımızın inkişaf tarixinə dəyir, onu təbii axarından çıxarırdı.

''Ədəbiyyat darğaları''nın diqtəsi ilə yazıçılar Demokratik Azərbaycan Respublikasını, Müsavatı, onun liderlərini pisləməli, sovet hakimiyyətini isə tə’rifləməli idilər. Əks təqdirdə onların nəinki özlərini, hətta ailələrini də ölüm, sürgün təhlükəsi gözlə­yirdi. Bütün bunları nəzərə almadan Səməd Vurğunun poemalarına, o cümlədən ''26-lar''a qiymət vermək düzgün deyildir. Bu, danılmaz faktdır ki, əsərdə xalqımızın qəddar düşmənləri – Şaumyan kimi naxələflər, canilər, xalqımızın düşmənləri təriflənib göylərin yeddinci qatına qaldırılırdısa, Məmmədəmin Rəsulzadə kimi azadlıq mücahidləri tənqidə məruz qalırdı:



Indi xəbər verim oxucuma mən,

O ''millət rəhbəri'' Rəsulzadədən…



Maraqlı faktdır ki, Səməd Vurğun Rəsulzadəni müəllif sözləri ilə deyil, o dövrdə müxtəlif təbəqələri təmsil edən ağzıgöyçəklərdən birinin dili ilə tənqid edir və beləliklə də vəziyyətdən çıxmağa çalışırdı.

Məmmədəmin Rəsulzadə Türkiyədə milli şairlərimizdən ən görkəmlisi kimi Səməd Vurğunun adını çəkəndə ona deyirlər ki, Vurğun ''26-lar'' poemasında səni rüsvay eləyib, sən isə onu tə’rifləyirsən. Rəsulzadə isə cavab verib ki, o, düz eləyib, belə etməsə, millətə gərək olan digər əsərlərini yaza bilməz. Digər tərəfdən, o, mənim qadağan olunmuş adımı bir vasitə tapıb öz poemasında çəkməklə, onun unudulmağına imkan verməyib.

Ədəbi tənqidin vaxtilə ''26-lar''ın məziyyəti kimi yüksək qiymətləndirdiyi, təqdir etdiyi cəhət – onun sosialist məzmunu, əslində əsərin ən böyük qüsurudur. Ancaq şairin Bakının o vaxtkı mühitini necə ilhamla təsvir etməsinə göz yummaq da insafsızlıq olardı. Həmin əsərdəki Hambal surəti ilə M.Müşfiqin ''Fontan'' əsərinin qəhrəmanı Cəbinin taleyi arasında bir uyğunluq vardır. Onların ikisini də Irandan Bakıya ehtiyac gətirmişdir.

Insan taleyindən danışanda səmimi olan şairlər dövrün diqtəsi ilə poemaya zorla gərəksiz parçalar calayanda əsərin tə’sir gü­cünə, təbiiliyinə xələl gətirmişlər. Müşfiq ötəri də olsa, Azərbaycan parlamanının üstündə üçrəngli bayrağın dalğalanmasından söhbət açır. Müəllif öz qəhrəmanı Cəbini ''qəzəblə'' həmin bayrağa baxmağa məcbur etməklə əvvəlki parçalardakı səmimiyyətə xələl gətirir.

Harın bəylər, zalımlar bizim klassiklərimizin də əsərlərində hə­mişə tənqid olunub. Bu meyl XX əsr Azərbaycan poemaları üçün də xasdır. Ancaq ən pis cəhət odur ki, insanlara mə’nəvi-əx­laqi keyfiyyətlərinə, qabiliyyətlərinə, mədəni səviyyələrinə gö­rə yox, məhz sinfi nöqteyi-nəzərdən qiymət verilib. Bəydirsə, qol­çomaqdırsa, varlıdırsa, pisdir; fəhlə, nökər, çobandırsa yaxşıdır.

Konkret nümunələrə müraciət edək. M. Müşfiqin ''Dağlar faciəsi'' poemasında Həsən və onun dostları qolçomaqlar kimi tənqid olunur. Müəllifin fikrincə, onların çoxu ''kaftar kimi yöndəmsiz, iyrənc''dir. Yoxsul Eldar isə təriflənir, hətta onun qolçomaq Həsənin arvadı Gülpərini əri dura-dura, şəriət qaydalarına zidd olaraq almasına da haqq qazandırır. Ancaq bir bədii surət kimi Həsən Eldardan bitkin, canlı çıxmışdır. Ümumiyyətlə, poe­malardakı mənfi obrazlar qupquru, yalnız iş üçün yaranmış müsbət obrazlardan daha koloritlidir. Belələrinə misal olaraq Səməd Vurğunun ''Komsomol poeması''nın qəhrəmanı Gəray bəyi, Mikayıl Müşfiqin ''Mənim dostum'' poemasının qəhrəmanı Sadayı və başqalarını göstərə bilərik.

Müsbət obrazların çoxunun quru, sxematik çıxmasının əsas səbəblərindən biri də onları nöqsansız göstərmək, yersiz şəkildə beynəlmiləlləşdirmək cəhdi olmuşdur. Hətta rus, ukrayın, belorus, özbək, qazax… poemaları arasında da bir məzmun, daha doğrusu mövzu eyniyyəti var ki, bu da milli zəmindən, xalq psixologiyasından, təfəkkür tərzindən uzaqlaşıb ''sosialist məzmun'' kəsb etmək tələbinin qanunauyğun nəticəsi idi. Müsbət qəhrəmanlar mütləq zərbəçi, qabaqcıl əmək adamı, inqilabçı, dinin düşməni, beynəlmiləlçi olmalı idi.


Həpsi əməkçidir, həpsi zərbəçi,
Həpsinin maraqla çalxanır içi.

(M. Müşfiq. ''Buruq adamı'')

Parlaq zərbəçidir mədəndə Cəbi.

(M. Müşfiq''Fontan'')

Firəngiz klubun müdirəsidir,
Sərvinaz pioner sərkərdəsidir.

(M. Müşfiq.''Yüksəliş'')

Bir qədər həvəslə çalışsaydınız,
Qırmızı lövhəyə düşüb adınız,
Sizə verilərdi keçici bayraq.

(M. Müşfiq. ''Buruqlar arasında'')

Hətta Gülpəri də Həsəndən çıxdı,
Onun sirlərini verdi Eldara,
Ağır zərbə vurdu qolçomaqlara.
Nəhayət, irişib arzularına,
Gülpəri qovuşdu öz Eldarına.
Yarışa çağırır indi elləri,
Iclasda Gülpəri, işdə Gülpəri.

(M. Müşfiq.''Dağlar faciəsi'')

Əli iş vaxtı görünməz, itidir,
Iş onun varlığıdır, dövlətidir.
Pambığın bağrını yarmışdır o,
Çox böyük şöhrətə varmışdır o.

(S. Rüstəm. ''Yaxşı yoldaş'')

Traktor çaparaq dövrələr vurur,
Gülzarın alnında parlayır qürur.

(S. Vurğun. ''Kənd səhəri'')

Yenilik tələb edir
Partiya, dövlət, həyat.
Maaş güdməyirəm heç,
Gözləmirəm mükafat.


(M. Rahim. ''Abşeron torpağında'')

Ey şanlı oktyabr, sən nələr etdin, nələr?
Bir gün baxdım ki, böyük Stalinlə bərabər
Oturarkən Bəstinin çıxarılmış şəkili,
Demə bizim Bəsti də bir kolxozun vəkili.
On beş ilin içində nə böyüdün, Bəsti, sən.
Kəsər dünya səsini bir dəfə sən kəs desən.

(Ə. Cavad. ''Moskva'')


Təəssüf ki, bu cür misraların sayını istədiyimiz qədər artıra bilərik. Müasir dövr şairlərinin əsərlərindən də buna bənzər nümunələr gətirmək problem deyil.

Səməd Vurğunun ''Komsomol poeması''nın qəhrəmanlarından birinin – Bəxtiyarın dediyi ''Məhəbbət yararmı heç komsomola?'' sözü ilə Mikayıl Müşfiqin ''Buruqlar arasında'' əsərindəki qəhrəmanlardan birinin düşüncə tərzi bir-birinə nə qədər yaxındır:



Şura məktəbində sevişmək olmaz,

Doğru komsomolçu eşqə tutulmaz.



Bu və buna bənzər eyniyyət, inkubator cücələrinə bənzəyən müsbət qəhrəman ülgüsünün əvvəlcədən hazırlanıb sənətkarlara verilməsi ədəbiyyatımıza çox böyük ziyanlar vurmuşdur.

M. Müşfiqin ''Buruqlar arasında'' poemasında belə bir misra var: ''Onlarda komsomol əxlaqı yoxdur.'' Görəsən nədir bu komsomol əxlaqı? Yadıma el arasında gəzən məşhur bir lətifə, daha doğrusu, olmuş əhvalat düşür. Ağdamda Məşədi Abbas adlı məşhur, hörmətli bir kişi var imiş. Mircəfər Bağırov da onun xətrini çox istəyirmiş. Məşədi Abbas Bakıya gəlirmiş. Yol boyu yeməkxanaların yanında maşını saxladar, içəri girib hal-əhval tutar, soruşarmış:

- Bala, aranızda komsomol varmı?

Tələsik, sevinclə cavab verərlərmiş:

- Bəli, Məşədi Abbas əmi, bizə nə qulluğun?
- Heç, bala, yaxşı işləmək lazımdı, işinizdə sayıq olun!
Təxminən beş-altı yerdə eynilə bu məzmunda söhbət olur. Nəhayət, kababxanalardan birinə çatanda Məşədi Abbas yenə soruşur:

- A bala, aranızda komsomol varmı?
Işçilər narahatçılıqla, günahkarcasına deyirlər ki, xeyir, yoxdur. Elə bil Məşədi Abbasın çiynindən ağır dağ götürülür. Dərindən nəfəs alıb yoldaşlarına deyir:

- Ə, düşün aşağı, arxayınca çörəyimizi yeyək!
Bu ibrətamiz hadisənin arxasında çox şey gizlənir. Hər işə burnunu soxan, çuğulluq eləyən komsomol camaata arxayınca çörək yeməyə belə imkan vermirmiş.

Otuzuncu illərdə yazılan Azərbaycan poemalarını oxu­yanda komsomol əxlaqı haqqında çox şey öyrənirik:



Yoxdur məhəbbətdən nişanə məndə.


(''Əfşan'')

Nə qədər komsomol olsan da yenə,
Gərək sataşmayaq Allah evinə.

(''Komsomol poeması'').

Bir də komsomolçu deyil xuliqan.

(''Komsomol poeması'').

O bir komsomolçu olandan bəri,
Varlığı, mənliyi bərkiyib işdə.


(''Muradxan'').


Bu tipli misraların sayını artırmaq o qədər də çətin deyildir.

Qabilin 1962-ci ildə yazdığı ''Tramvay parka gedir'' poe­masının qəhrəmanları da gənclərdir. Onlardan biri – Baləmi tramvay sürücüsü, digəri – Münəvvər isə konduktordur. Sərnişinlər gedəndən sonra onların arasında gedən söhbət də o dövrün qəhrəmanlarının xarakterini, düşüncə tərzini açmaq baxımından ibrətamizdir:


Gör bizim tramvaya nə yazılıb, Münəvvər,
''Komsomola hədiyyə'' - əntiqədir bu sözlər.
Hər vaqonun böyrünə yazılmayır belə şey,
''Komsomola hədiyyə'' böyük şan-şöhrətdir ey!
- Əlbəttə, çox böyükdür, buna nə söz, nə söhbət,
Bu vaqonda işləmək səadətdir, səadət.

Gəldiyimiz ümumi nəticə budur ki, inqilab övladı komsomol təbiətin, düşmənin üstünə hücumlar çəkən, keçmiş adət-ən’ənələri söküb dağıdan, yalnız iş üçün, inqilabi mübarizə üçün yetişdirilən gəncliyin böyük bir dəstəsidir.

Şairlərimiz dövrün tələbi ilə komsomolçularda bu və ya buna bənzər digər cəhətləri təsvir edəndə obraz çox quru, sxematik çıxırdı. Lakin S. Vurğun kimi qüdrətli qələm sahibləri bütün bu zahiri cizgiləri verməyə məcbur olsalar da, qəhrəmanların xarakterini açmağa, bitkin insan surətləri yaratmağa nail olurdular. Uzaq getməyək, ''Komsomol poeması''ndakı Bəxtiyar, Cəlal, Humay obrazları öz fərdi xüsusiyyətləri ilə bir-birindən seçilən otuzuncu illər gəncliyinin nümayəndələridir.

Ədəbiyyatda Lenin mövzusuna müraciət etmək də o dövrün tələblərindən biri idi. Saysız-hesabsız şeirlər, poe­malar, nəsr əsərləri yazılmış, dahi rəhbərin şöhrəti göylərə qaldırılmışdı. Hətta çox zaman kitabların Leninə həsr olunmuş əsərlə açılması sərt tələbə çevrilmişdi. Bəzən şairlər öz aralarında zarafatla de­yirdilər ki, şeir qatarını öz ardınca çəkib aparan lokomotiv – Lenin şeiri lazımdır, ya yox?

Yeri gəlmişkən bir məsələni də xatırlatmaq istəyirəm. Azərbaycan yazıçılarının 1X qurultayında X. Rzanın çıxışı məni bir ədəbiyyat tarixi ilə məşğul olan tədqiqatçı kimi narahat elədi. X.Rza Süleyman Rüstəmin ''Ömrüm-günüm, səadətim oktyabr yaşındadır, partbiletim sol cibimdə, ürəyimin başındadır'' misralarını nümunə gətirəndən sonra elə bir cümlə işlətdi ki, yazıya almağa belə adam utanır. Həmin qurultayda Türkiyədən, Irandan, Özbəkistandan və başqa ölkələrdən də qonaqlar gəlmişdi. Cavad Heyət çıxışında dedi ki, Xəlil Rza bir təpik özgəyə vuranda, ikisini özümüzə vurur.

X. Rzanın sözləri məni də düşündürdü. Fikirləşdim: ''Lenin'' poemasını yazıb SSRI Dövlət Mükafatı alan Rəsul Rzadır, bəs Xəlil Rza onun adını niyə çəkmədi? Lenin haqqında, partiya haqqında Səməd Vurğundan çox yazan yoxdur, bəs Xəlil Rza onun adını niyə çəkmədi? ''Leninlə söhbət'' poemasını yazıb Azərbaycan Dövlət Mükafatı alan Bəxtiyar Vahabzadədir, Xəlil Rza niyə onun adını çəkmədi?…

Əlbəttə, bu siyahını istənilən qədər uzada bilərdik. Ancaq buna heç lüzum da görmürük. Çünki Əli Kərim kimi gözəl, siyasətdən uzaq Azərbaycan şairi də Leninə məhəbbətlə əsər yazıbsa, deməli, məsələnin başqa bir tərəfi də var. ''Yest takaya partiya'' şeirini yazan Xəlil Rzanın ''günahı'' Süleyman Rüstəmin ''günah''ından az deyil. Ona görə ki, Süleyman Rüstəm yuxarıdakı misranı otuzuncu, Xəlil Rza isə Leninə həsr etdiyi şeirləri yetmiş, səksəninci illərdə yazıb. ''Insanlığın atası anama oğul olub'', ''O mənim varlığımda yaşayır məslək kimi'' - deyən Xəlil Rza əgər öz şe’rini də xatırladıb, ədəbiyyatımızın ümumi nöqsanlarından danışsaydı, cəllad pəncəsinin altında yaranan gözəl sənət əsərlərindən söhbət açsaydı, onu yalnız alqışlayardıq.

Səməd Vurğunun ''Leninin kitabı'', ''Zamanın bayraqdarı'', Mikayıl Müşfiqin ''Azadlıq dastanı'', Rəsul Rzanın ''Lenin'', Bəxtiyar Vahabzadənin ''Leninlə söhbət'' poemaları mövzu, mündəricə baxımından bu gün bizi qane etməsə də, onlar bədii sənətkarlıq baxımından qiymətli sənət nümunələridir. Həmin əsərlərin qəhrəmanları idealdır, humanistdir. Ancaq sonradan biz gördük ki, bolşeviklərin əlinə keçməsə Bakının yandırılmasını əmr edən əsl Leninin siması ilə həmin əsərlərdə təsvir olunan xeyirxah, müdrik insanın arasında zəmin-asiman fərq varmış. Bu poemalar əslində Lenin yox, ideal insan haqqında düşüncələrdir.

Iş elə gətirmişdi ki, həyatdakı bütün müvəffəqiyyətlər yeni quruluş və onun me’marının adı ilə bağlanırdı. Səməd Vurğun sırf ailə-məişət məsələlərindən bəhs edən son dərəcə gözəl əsərində – ''Aygün''də belə Lenini xatırlamaya bilmirdi, daha doğrusu, buna məcbur idi. Poemanın bir parçasına nəzər salsaq, hər şey oxucuya aydın olar:


Axır sorağını mən Əmirxanın
Lenin sovxozundan axtarıb aldım.

Belə çıxır ki, insanın ucalması, yüksəlməsi üçün onun yalnız və yalnız Lenin sovxozunda işləməsi vacib imiş. Hətta şair Aygünün bədii portretini yaradarkən ən vacib cizgi kimi onun döşündə rəhbərin əksi olan nişan parlamasını göstərməli imiş:


Aygünün qəlbində gün tək alışan
Bir dünya duyuram göylərdən dərin.
Yanır sağ döşündə qızıl bir nişan,
Üstündə əksi var bizim rəhbərin.

Ancaq S. Vurğunun bütün bu ehtiyatkarlığına baxmayaraq, əsər və onun müəllifi kəskin tənqidə mə’ruz qalmışdı.

Şairlər çox vaxt Lenin mövzusundan bir zireh, özlərini qoruma vasitəsi kimi də istifadə etmişlər. Amansız təqiblər vaxtı Xəlil Rzanın yazdığı ''Lenin'' şeirləri buna misaldır.

Bir dəfə, 1982-ci ildə Nizami adına Ədəbiyyat Institutunda Xəlil Rzaya onun ''Gənc qvardiya''çılardan bəhs edən ''Krasnodon qartalları'' poemasının çox təbii, canlı çıxmasından danışdım. Dedim ki, bu əsər Sizin bu vaxtadək yazdığınız poemaların ən yaxşısıdır. Şair özünəməxsus bir tərzdə dedi ki, igid, görünür o poemanı yazan zaman faşizm qədər dəhşətli olan sovet faşizmi məni sıxdığından əsər bu qədər təbii alınıb.

Həmin poemada da şair ara-sıra azadlıq eşqiylə közərən sətirlərini partiyaya sədaqətini göstərən misralarla ört-basdır etməyə məcbur idi. ''Gənc qvardiya'' təşkilatının rəhbəri Flipp Petroviçə bir növ hesabat verən şair deyir ki, sənin üzvü olduğun partiyaya mən də keçmişəm:


And olsun Rayanın əziz canına,
Sənin o yeganə yadigarına,
Mənim Təbrizimin, mənim Rzamın
Bülbül təranəli dodaqlarına,
Sənin qanın düşən bu al bileti
Döyüşə silah tək aparacağam.
Yer üzündən bütün fənalıqları
Diş-dırnağım ilə qoparacağam.

Həyatda olduğu kimi, ədəbiyyatda da oğulun, qızın ataya, bacıoğlunun əmiyə, dayıya, arvadın ərə düşmən kəsilməsi əqidə, məslək qəhrəmanlığı kimi qiymətləndirilirdi. Çingiz Aytmatovun ''Qiyamət'' əsərində partkomun dediyi aşağıdakı sözlər sovet dövrü təbliğatı üçün son dərəcə xarakterik idi: ''Deməli, kütləvi təbliğat işi bizdə pis aparılır, gənclərə bir daha Pavlik Morozovu, onun qırğız əməkdaşı Kıçan Cakınovu nümunə gətirməliyik.''

Mikayıl Müşfiqin ''Şölə'' poemasının qəhrəmanı Şölə dayısını vicdansız, atasını məlun adlandırıb onları tutdurur. Pavlik Morozovların atalarını satması təqdir edildiyi bir vaxtda hadisələrin bu cür qoyuluşu aktual səslənsə də, bu gün həmin anları mə’nəviyyat tariximizin şərəfsiz səhifəsi hesab edirik. Yaxud, Gəray bəyin qızı Humay atasının qanını komsomolçu Bəxtiyara halal edir və i. a.

Şairlərimiz çadra əleyhinə, qadını qul edən köhnə adət-ənənələr əleyhinə çox yazıblar. Düz də eləyiblər. Bu, mənəvi-əxlaqi tərəqqi uğrunda mübarizə kimi qiymətləndirilməlidir. O dövrdə yazılan əsərlərin hamısına ucdantutma pis damğası yapışdıra, çadranı təbliğ eləyə bilmərik. Indi zaman başqadır. Tarixin təkərini geri döndərmək olmaz.

Şairlərimiz fırıldaqçı din xadimlərini də tənqid atəşinə tutublar, düz də eləyiblər. Ancaq heç cür ''Xəbərdar eyləyin Ərəbistanı, ocaqda yandırdı anam Quranı'' misralarının müəllifinin səmimiyyətinə inana bilmirik. Lakin Səməd Vur­ğunun ayrı çıxış yolu yox idi. Bu və ya buna bənzər nöqsanlara görə onun adını hətta ədəbiyyat tariximizdən silmək cəhdi gülünc görünür. Anar demişkən: ''Bu günkü rüsxətli cəsarət mövqeyindən keçmişin etiraz səslərini lağa qoyanlar başa düşmürlər, ya başa düşmək istəmirlər ki, tariximizin böyük bir dövründə ən namuslu şairlərimiz, yazıçılarımız əsərlərini yalnız Azərbaycan dilində deyil, həm də ezop dilində yazmağa məcbur idilər.''

Həqiqi sənət əsəri, sənətkar şəxsiyyəti aysberqi xatırladır. Onun görünən tərəfindən çox görünməyən tərəfləri var. Təəssüf ki, adi oxucu, kütlə əsərə əsasən görünən tərəfə görə qiymət verir. Belələrini sənətkarlıq məsələləri heç düşündürmür də.

Məlumdur ki, klassik poeziyamızda şairlərimiz öz əsərlərini Allahın, Peyğəmbərin tərifi ilə başlayırdılar. Sovet dövründə heç kəs bu cəsarəti edə bilməzdi. Ancaq S.Vurğun kimi qüdrətli bir nəfəsə malik şair öz sözünü həmişə sətiraltı da olsa deyə bilirdi. Özü də sənətin yüksək vüsəti ilə. ''Vaqif'' dramını xatırla­yaq. Müəllifin əsəri Vidadinin aşağıdakı sözləri ilə başlamasını təsadüfi hesab etmək olarmı?


Xudaya! Insanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır!
Mənası varmıdır min təriqətin,
Aç, aç qapısını sən həqiqətin…

Yaxud, S. Vurğunun ''Oktyabr'' şeirinə nəzər salaq. Əsəri oxuduqca S. Vurğun qələminin e’cazkar gücü adamı heyrətə gətirir. Bizə irad tutarlar ki, şair oktyabrı tərənnüm edib. Xeyir, şair arzuladığı bir cəmiyyətdən söhbət açır. Şeirin bir yerində də oktyabr sözü yoxdur. Istəyirsən şeirin sərlövhəsini dəyişib ''28 May'' qoyaq və Ə. Cavad da daxil olmaqla müasir şairlərimizin üç­rəngli bayrağımıza, müstəqilliyimizə həsr etdikləri şe’rlərlə onu müqayisə edək. Bu, şeirin zahiri tərəfini görənlərə sərf eləməz.

''Lenin'' poemasını yazan Rəsul Rza görəsən nə üçün bu misranı qələmə alıbmış: ''Aydındır şeirin dili, nadan min il oxuya, yenə bir şey anlamaz''?! ''Lenin'' poemasını gözə soxanlar ''Bağları sarı qum basdı'' sözünün sətiraltı mə’nasını anlamırlar, ''Qızıl gül olmayaydı'' poemasının üstündən sükutla keçirlər, ''Pəncərə'' şe’rindəki simvolik obrazları görə bilmirlər…

XX əsr Azərbaycan poemasında bir nəfər də olsun müsbət din xadimi obrazı yoxdur. Hüseyn Cavidin ''Azər'' əsərində Şeyx, Səməd Vurğunun ''Komsomol poeması''nda Axund Şirəli, Mikayıl Müşfiqin ''Dağlar faciəsi'' poemasında Molla Səfər, ''Sındırılan saz''da Molla Nəcəf və başqa bu kimi surətlər birtərəfli təsvir olunmuş, yalnız onların mənfi cəhətlərindən söhbət açılmışdır. Elə buna görə də həmin surətlər canlı insan xarakterləri səviyyəsinə yüksələ bilməmişdir. Bu məsələnin bədii həllində də şairlər dövrün diqtəsi ilə hərəkət etməyə məcbur olmuşlar. ''Azər'' poemasının ''Məsciddə'' adlı bölmə­sində dini ayini yerinə yetirən dindarları müəllif ''ipsiz dəlilər'' adlandırır. ''Səni kim doyursa tanrın odur'' qənaəti də bu gün üçün məqbul sayıla bilməz.

Həmişə belə bir fikir olub ki, din elmin düşmənidir, onun inkişafına əngəldir. Ancaq dini kitabları oxuyanda bunun tamamilə əksini görürük. Həzrəti Mühəmməd Əleyhissəlamın elm haqqında söylədiyi fikirlər insanları elmə, təhsilə həvəsləndirən son dərəcə qiymətli hədislərdir. Konkret nümunələrə müraciət edək: ''Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar.'' ''Elmi beşikdən qəbrədək öyrənin.'' ''Qiyamət günü şəhidlərin qanı alimlərin mürəkkəbi ilə bərabər tərəziyə qoyular və alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələr.'' ''Bir saat elm öyrənmək altmış illik ibadətdən xeyirlidir.''

Bu ibrətamiz fikirləri oxuyandan sonra əsl həqiqət üzə çıxır. Bəzi din xadimləri elmin inkişafına maneçilik törədiblərsə, bunların hamısını dinin ayağına yazmaq insafsızlıq olardı.

Məlumdur ki, elmi biliklərin öyrənilməsində kitabxanaların, məktəblərin xidməti əvəzsizdir. Elm və təhsil ocaqları tikmək, onları istifadəyə vermək günün vacib məsələlərindən biridir. Ancaq bütün bunları müqəddəs məbədlərin hesabına etmək nə dərəcədə doğrudur? ''Peyğəmbər'' əsərinə görə sıxma-boğmaya salınan, günahının nədən ibarət olduğunu belə başa düşməyən Hüseyn Cavid dövrün tələbini nəzərə alaraq dini tənqid etməli, ''Azər'' poemasının qəhrəmanlarının dili ilə Şeyxə aşağıdakı sözləri deməli idi:

Mütəvəkkil duran şu məbədlər
Həp kütübxanə, məktəb olmalıdır.

Elm və texnikanın nailiyyətlərinin istehsalata tətbiqi çox mühüm məsələdir. Əsərlərimizdə traktor, buldozer, ekskavator, pambıqyığan maşın və s. bu kimi texnika növləri məhz yeni cəmiyyətin – sovetlər quruluşunun atributları kimi təqdim edilib. Sonralar bilmişik ki, bu sahədə də sovetlər ölkəsi ən zəif kapitalist ölkələrindən belə çox-çox geridə qalırmış.

Xəzər dənizində boğulan üç uşağı xilas edəndən sonra özü dəryada qərq olan Tofiq Hüseynov, doğrudan da, əsl qəhrəmanlıq göstərmişdir. S. Rüstəmin ''Xilaskar'' poeması da onun xatirəsinə həsr olunmuşdur, Əsər pis tə’sir də bağışlamır. Ancaq adamı narahat edən budur ki, müəllif bu qəhrəmanlığın səbəbini də ictimai quruluşda axtarır:


Bir od oğluydu oğlan, bir sovet balasıydı,
Qəlbi qüvvət almışdı Lenin komsomolundan.
Vətəni qəhrəmanlar, qartallar yuvasıydı,
O, son nəfəsində də dönmədi öz yolundan.


M. Müşfiqin ''Dezertir'' poemasında isə oxuyuruq:


Budur mö’cüzəsi bolşeviklərin,
Düşüncələr dərin, qayələr dərin.

Qumral Sadıqzadənin atası Seyid Hüseynə həsr etdiyi sənədli əsərdən bir parçaya fikir verək: ''Seyid Hüseyn iclasdan Yusif Vəzirlə bir yerdə çıxdı. Hər ikisi iclasın gedişindən narazı idi. Yusif Vəzir dedi:

- Gör mənə nə deyirlər: plenum axırıncı dəfə xəbərdarlıq verməklə səni ittifaqda saxlayıb. De görək plenumdan sonra özünçün nə nəticə çıxartmısan? Yaradıcılığında nə kimi yenidən qurulma işləri görmüsən? Deyin görək, ay camaat, plenumdan cəmi beşcə gün keçib, bu beş gün ərzində necə özümü yenidən qura bilərəm? Bir möhlət verin də… Bir də mən heç başa düşə bilmirəm ki, özümü yenidən necə quracağam, bunun üçün neyləməliyəm, nə yazmalıyam?''

Sitat gətirdiyimiz bu parça o zaman yazıçıların düşdüyü çıxılmaz vəziyyəti anlamaq baxımından maraq doğurur. Ədəbiyyatımızın tarixindən danışanda bütün bunların hamısını nəzərə almalı, yaddan çıxarmamalıyıq ki, Süleyman Rüstəmə ''Sus tar, sus, tar, razı deyil proletar, səndə çalınsın qatar'' dedirdən də zəmanə idi, Mikayıl Müşfiqə ''Budur, şirin-şirin patefon çalır, se­gahdan usanıb, çarliston çalır'' misralarını yazdıran da. Hətta ceyrandan, xalçadan danışmaq belə gerilik əlaməti sayılırdı. Məsələn, Müşfiqin ''Mənim dostum'' poemasında Sadayın harınlığını, onun ''mə’nəvi eybəcərliyini'' göstərmək üçün ''xalı''dan bir bədii detal kimi istifadə edilir:


Girdim içəri,
Salmış qəhrəmanım hər yana xalı,
Bir o qalmış vursun tavana xalı.
-Mübarəkdir,- dedim.
-Sağ ol!
Yepyeni
Bir divan üstündə oturtdu məni.

Burada hətta divanın yeniliyi, rahatlığı da sinfi düşmənin simasını açmaq üçün istifadə edilmiş poetik ayırıntıya çevrilir. Poe­manı oxuduqca müəllifin mənfi obraz kimi təqdim etdiyi Saday canlı bir insan kimi göz önündə canlanır. Müəllif özü Sadayın mənfi cəhətlərindən ümumi sözlərlə çox danışsa da, ancaq təsvirlər tamamilə başqa söz deyir. Ədəbi tənqid də Sadayı heç vaxt müsbət qəhrəman hesab etməyib.

Bəs nədir Sadayın mənfi cəhətləri? O, yaşadığı sovet dövründə müəllimliyin hanballıq olduğunu, onun əməyinin göyə sovrulduğunu söyləyir. Keçmişdə müəllimin böyük hörmətindən, yaxşı yaşamasından danışır.

Polşanın müharibədən sonrakı prezidenti Beleslov Berutun iş kabinetindən tapılmış Sovet Ittifaqı xüsusi xidmət idarəsinin təlimatının doqquzuncu bəndində oxuyuruq: «Elə bir şərait yaradılmalıdır ki, dövlət qulluqçularının məvacibi, xüsusi xidmət idarəsi və hərbi sənaye işçilərindən savayı, az olsun. Bu, ilk növbədə səhiyyə, məhkəmə və məktəb işçilərinə, həmçinin bütün rəhbər işçilərə aiddir».

Zaman göstərdi ki, Müşfiqin ''mənfi'' qəhrəmanı öz mühakiməsində nə qədər haqlı imiş. Sadayın tələbəsinə dəlicəsinə vurulması, dərs deyərkən məhəbbətin tə’sirindən ürəyinin getməsi, adamların biədəb, bisavad olmasından gileylənməsi, ovçuluğa meyil salması, təbiət gözəlliklərindən zövq alması da onun xarakterinin zəif cəhətləri kimi təqdim olunur. Sən demə qəhrəmanın qırqovulplov yeməsi də onun yaramaz cəhətlərindən biri imiş.

Düşmənin xidmətlərini kiçiltmək, öz adi işini isə şişirtmək, milçəyi üfürüb filə döndərmək sovet ədəbiyyatının ən naqis cəhətlərindən olmuşdur. Məsələn, Süleyman Rüstəmin ''Qafurun ürəyi'' poemasında belə bir misra var: ''Bizdən ölən birdisə, düşmənlərdən əllidir.''

Müharibədən bəhs edən hansı əsəri oxuyursansa, filmə baxırsansa, sovet əsgəri faşistləri qırıb çatır. Ancaq faktlar isə tamamilə başqa şey deyir. Sovetlərin minimum 22 milyon itkisi ilə almanların 3 milyonluq itkisini müqayisə etdikdə adamın üzünə istər-istəməz acı bir təbəssüm qonur.

Şe’rlərimizdə, poemalarımızda sovet əsgəri son dərəcə humanist, xeyirxah insan kimi təqdim olunur. Ancaq bu ''xeyirxah'' ordunun əsl simasını yalnız 20 yanvar 1990-cı ildə gördük. Qızıl ordunun şərəfinə ucaldılmış abidə kimi onu tə’rifləyən əsərlər də tarixin sınağından çıxa bilmədi.

Həyatda özünü doğrultmayan kollektivləşmənin təbliğinə həsr edilmiş poemalar da az deyil. Ancaq bu mövzuda yazılmış əsərlər arasında da sənət incisi səviyyəsinə qalxa bilən poema yoxdur. Son dərəcə ilhamlı şairimiz Mikayıl Müşfiqin ''Dağlar faciəsi'' poemasının bir yerində onun kollektivləşməni necə ürəksiz, ilhamsız, quru və sxematik bir dillə tərənnüm etməsi də müəllif mövqeyi haqqında az söz demir:


Hamı başdan-başa girmiş kolxoza,
Səyini, gücünü vermiş kolxoza.
Bütün köhnəliyi yıxırlar indi,
Elliklə ağ günə çıxırlar indi.

Bu sözləri Əhməd Cavadın ''Pambıq dastanı'' əsərindəki aşağıdakı misralara da aid edə bilərik:


Pambığın feyzindəndir sarsıldı köhnə həyat,
Dünyaya örnək oldu kollektiv təsərrüfat.

Sosialist realizminin ədəbiyyatımıza qoyduğu ən yararsız miraslardan biri də şüarçılıqdır:



Oğlum, qurulacaq orda da şura,
Hər yandan qopacaq bir qızıl ura.

(M. Müşfiq. ''Yüksəliş'')

Şəhərlər yarışında birincidir Moskva,
Şuralar sərgisində bir incidir Moskva.

(Ə. Cavad. ''Moskva'')

Kommunistlər kimi sən can-başla,
Çalışıb qur işini, eşqə bu başdan başla.

(S. Rüstəm. ''Yaxşı yoldaş'')

Ey sovet pasportlu bizim analar,
Sizdən işıq alır xəstəxanalar.

(S. Vurğun. ''Bəsti'')


Iş o yerə gəlmişdi ki, müəlliflərin özü kimi onların qəhrəmanları da şüarlarla danışırdılar. ''Muğan'' poemasında Manya Sarvanın sosializm yarışında qalib gəlməsini sevinclə qarşılayır:



Şadam, sevinirəm ürəkdən buna,
Eşq olsun vətənin igid oğluna.

''Bakının dastanı'' poemasında isə Səməd Vurğun şəhərin ekologiyasını korlayan sosializm tüstüsünü tə’rifləməyə belə məcbur idi:

Göy üzündə burulduqca o tüstülür,
Nəfəs gəldi bu gecənin ahənginə.
Ürək kimi dayanmayır bizim şəhər.
Qara tüstü! Qara tüstü! Ucal göyə!
Çünki insan qüdrətindən yarandın sən.

Sosializmin ədəbiyyata qoyduğu ən pis miraslardan biri də millətin mənafeyini müdafiə edən, onun təəssübkeşi olan, xasiyyətində, davranışında milli xüsusiyyətləri saxlayan, milli təfəkkür tərzinə malik insanların hamısına «millətçi» damğası vurulmasıdır.

Az. KBP X111 qurultayındakı mə’ruzəsində Mircəfər Bağırov deyirdi: ''Bir çox kultur müəssisələrimizdə xalqın qəddar düşmənləri Ruhulla Axundov, Əli Kərimov, Qrinç, Əli Nazim, Talıblı, Tağı Şahbazi, Dubinski və başqaları uzun zaman bildiklərini etmişlər. Yazıçılar Ittifaqının bu gün belə öz sıralarını Salman Mümtaz, Yusif Vəzir, Sanılı, Seyid Hüseyn, Hüseyn Cavid və başqaları kimi qəddar burjua millətçilərindən təmizləmədiyi faktdır.''

Bəli, Azərbaycan yazıçıları məhz belə bir çətin vəziyyətdə, təzyiqlər altında yaşayıb-yaratmağa məcbur idilər.

M. Müşfiqin 1935-ci ildə yazdığı ''Yüksəliş'' poemasında oxuyuruq:


Onda ki, inqilab ölkəni sardı,
Bir çox tələbələr xaricdə lakin
Daşıyıb ruhunda millətçi bir kin,
El deyib, nə yazıq, elə dönmədi,
Qəlblərində yanan ocaq sönmədi.
Oxuyub işçinin almas tərilə,
Köhnə bir dünyanın əməllərilə
Yaşayıb bizlərə düşmən oldular,
Özgənin dərdinə dərman oldular.

Tarix göstərdi ki, rus imperiyasının dərbədər saldığı milli ruhlu Azərbaycan ziyalıları düzgün iş görüblər. Əgər həmin insanlar vətənə dönsəydilər, onları da Müşfiqlərin, Cavidlərin taleyi gözləmirdimi?!

M. Müşfiqi zorla beynəlmiləl nikahı təbliğ etməyə, Qur­genlə Güləndamın məhəbbətindən söhbət açmağa, aşağıdakı misraları yazmağa məcbur edən də zəmanə idi:



Biz milli davadan əl çəkməliyiz,
Sinif döyüşündə qan tökməliyiz.

Mübarizənin bu istiqamətdə getməsi xalqımızın tarixinə çox ağır zərbələr vurmuş, inkişafın təbii axarını zorla ayrı məcraya yönəltmişdi.

Səməd Vurğun ''Böyük sənət məsələləri'' adlı məqaləsində milli xarakter yaratmağın vacibliyindən söhbət açır, milli xüsusiyyətləri yalnız milli dillər arasındakı fərqlərə aparıb çıxarmaq meylini pisləyir, ''sosialist beynəlmiləlçiliyi'' ülgüsünü çox ehti­yatkarlıqla kəsib doğramağa çalışırdı: ''Məgər bir rus kommunist olmuşsa, bu halda o öz rusluğundan çıxırmı? Əksinə, o, bir rus kimi daha güclü olur.''

Bu illərdə yaranan ədəbiyyat nümunələrinin milli formada yazılması onun uğurunu tə’min edirsə, ''Məzmunca sosialist'' ülgüsü ədəbiyyatımızın yetmiş illik tarixinə yeknəsəqlikdən başqa heç nə gətirməmişdir. Müşfiqlərin, Cavidlərin, Cavadların… faciəsi təkcə onların fiziki cəhətdən məhv edilməsi yox, həm də ürəkləri istəməyən məzmunda əsərlər yazmağa məcbur edilmələri idi. Əslində sosializm quruluşu sənətkarları sosialist realizmi deyilən ədəbi üslubda əsərlər yazmağa təhrik etməklə onları mə’nən öldürür, ədəbiyyatımızın təbii inkişaf meyllərini ayrı məcraya döndərməyə çalışırdı.

Sovet ədəbiyyatının əsas yaradıcılıq metodu sayılan sosialist realizminin əsas tələbi həyatı doğru, düzgün, inqilabi inkişafda əks etdirmək, tipik şəraitdə tipik xarakterlər yaratmaq olsa da, əslində o, yazıçı qələminə vurulmuş qandal rolu oynayırdı.

Sosialist realizmində inqilabi romantikanın vacibliyini ortaya atan S. Vurğun bəlkə də həmin yaradıcılıq metodunun yazıçı imkanlarının çərçivəyə salınmasına işarə edirmiş? Bəlkə də, o, dolayı yolla ədəbiyyatı bu qandallardan, trafaretlərdən xilas etmək cəhdi göstərirmiş? Onu da deyək ki, şairin əsərlərini tədqiqatçı gözü ilə dönə-dönə oxuyandan sonra bu qənaətə gəlmişik və bizə elə gəlir ki, mövzusundan asılı olmayaraq Səməd Vurğunun, eləcə də onun qələm dostlarının əsərlərini oxucuya sevdirən də sosialist realizminin qatı buludlarını doğrayan, biçən – şimşək, romantika olmuşdur.

MANERA.AZ


Baxış sayı - 2 674 | Yüklənmə tarixi: 07.11.2016 17:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031