manera.az
manera.az

Ömər Seyfəddin: "Qara kürü" - HEKAYƏ | MANERA.AZ

📅 12.10.2016 12:30

Ömər Seyfəddin: "Qara kürü"  - HEKAYƏ | MANERA.AZ
Manera.az Ömər Seyfəddinin "Qara kürü" hekayəsini təqdim edir:

Həmdunə xanım şeyxin dul xanımı idi. Yaşı altmışı ötmüşdü. Amma hələ də canısuluydu, üzündə bir dənə də olsun qırış görməzdin. Əri doxsan doqquz yaşında dünyasını dəyişəndən sonra özü kimi dolu, gözəgəlimli, yetkin qızıyla tək qalmışdı. Malı, mülkü, at-arabası, xidmətçiləri vardı. Amma bu evdə sahiblik edəcək bir kişi xeylağı yox idi. İşi belə görəndə Həmdunə xanım qollarını çırmalayıb kürəkən axtarışına çıxdı. Soruşana da “Qız kimi utancaq, abırlı bir oğlan axtarıram”, deyirdi. Tacirləri, vəkilləri, katibləri, həkimləri, mühəndisləri – heç birini bəyənmədi. Bu cür kürəkən namizədlər ortaya çıxanda “Belələrinin nə yuvanın quşu olduğunu bilirəm”, deyib imtina edərdi.

– Qoy kasıb olsun, amma namuslu, dürüst, tərbiyəli oğlan olsun,– deyə sağa-sola xəbər yollayırdı.

Axtaran tapar, deyiblər. Nəhayət Topqapı sarayına yaxın bir məhəllədə Hüsam adlı bir gəncə rast gəldi. İyirmi yaşına təzəcə girmiş bu oğlan o qədər utancaq idi ki, salam versələr qız kimi utanıb başını aşağı salardı. İçki, tütün, gəzəyənlik nədi, bilməzdi. Heç yaşadığı ərazini bir dəfə də olsun tərk etməmişdi. Yoxsul bir dindar olan mərhum sufi atasından qalma borc kimi gündə beş dəfədən də artıq qəza namazlarını qılar, Ramazan ayı bitdikdən sonra da oruc tutardı. Qonşular ona hörmət edir, haqqında danışarkən “Gələcəkdə, şübhəsiz ki, övliya olacaq”, deyirdilər. Həmdunə xanım bu gəncin ədəb-ərkanına, davranışına, dindarlığına heyran qalmışdı. O qədər bəyənmişdi ki, iri, yastı burnuna, sarıya çalan yağlı dərisinə, qısıq boynuna, əyri ayaqlarına fikir vermədi.

– Kişi xeylağı üçün nə gözəllik! – deyə özünə haqq qazandırırdı.

Amma bu deyim Hüsamın çirkinliyini müdafiə etməkdə aciz idi. Çünki son dərəcə çirkin olmaqla bərabər həm də həddindən artıq yoxsul idi. Həmdunə xanım bu çatışmazlığa da əhəmiyyət vermədi.

– Allah bizə kifayət qədər var-dövlət verib. Heç nəyə ehtiyacımız yoxdur, – deyirdi.

Hüsamı hamamdan gəlin aparırmış kimi əynindəki tək bir paltarda evinə gətirdi. Nikahla toyu bir gündə etdirdi. Ağappaq, maya kimi dolu bədənli qızını onun yatağına göndərdi. Qız o qədər ağbəniz idi ki, qonşular ona “Qaymaq xanım” deyə ləqəb qoymuşdular. Hamama girəndə gənc qadınlar paxıllıqdan çatlar, yaşlılar isə “Maşallah, Allah saxlasın”, deyə dua edərdilər. Bu qaymaq vücudu Hüsam əfəndi düz iyirmi il qoynuna aldı.
Həmdunə xanım kürəkənindən çox razı idi. Bu iyirmi ildə bir dəfə də olsun əyər-əskiyini görməmişdi.

– Qırx yaşına gəldi, saç-saqqalı ağardı, amma hələ də qız kimi utancaqdı. Üzünə baxanda qıpqırmızı olur! – deyə fəxrlə onu tərifləyərdi.

Amma bu müharibə... Hər şeyi alt-üst etdiyi kimi Hüsamı da qaymaq kimi arvadının qoynunda, qayınanasının dizinin dibində rahat buraxmadı. Yaşı qırxı ötsə də əsgər apardılar. Amma orda kimə, necə yol tapdısa canını qurtarıb tərxis olundu. Buna baxmayaraq, Erenköy camaatı onu indiyədək göstərdiyi fövqəladə iffət və əməli-salehliyinə mükafat olaraq bir kooperativ şirkətinə müdir təyin etdirdilər. Bu günə qədər qayınanasının hesabına rahat yaşamış Hüsama birdən-birə ticarət həvəsi gəldi. Beş yüz lirə sərmayə ilə min, daha sonra iki min lirə qazanıb gəlirini artırandan sonra müdirliyin daşını atıb tamamilə ticarətlə məşğul olmağa başladı. Getdikcə daha pulgir olur, gözü doymurdu. Əvvəllər yüzdə əlli qazanırdısa, indi yüzdə yüz mənfəət götürmək üçün ağlagəlməz üzsüzlüklər edirdi. Pulun çoxluğundan necə qudurdusa “vaxtım yoxdu”, deyə namazı da buraxdı. Əvvəlki utancaq, başıaşağı adamdan əsər-əlamət qalmamışdı. Şit-şit zarafatlar edir, gülüşü pəncərələri cingildədirdi.

Kürəkəninin bu vəziyyəti Həmdunə xanımı çox narahat edirdi. Üzülür, sıxıntı çəkir, deyinirdi:

– Aman Allah! Bu adama nə oldu belə? Qırxından sonra müdrikləşməkdənsə, bambılı oldu...

Əvvəllər “bəli, xeyir, baş üstə” sözlərindən başqa söz bilməyən Hüsam indi rastına çıxanla vır-vır danışıb dəng eləyir, başqalarını ələ salır, qeybət edir, hətta açıq-saçıq lətifələr danışırdı. Öz dediyinə özü qulaq asıb çürük dişlərini göstərən qəhqəhə ilə arsız-arsız gülürdü. Arvadı, qayınanası onun bu dəyişikliyinə dözüb hələ ki səslərini çıxartmırdılar. Bunu görən Hüsam cızığından çıxdı, dil ədəbsizliyinə əl ədəbsizliyini də qatdı. Evdəki xidmətçilərə sataşmağa başladı. Həmdunə xanımın qırx yaşlarında Sərvinur adlı ərəb qulluqçusu vardı. Bu, kömür kimi qapqara, amma gözəl əndamlı, gənc qız kimi hündürboylu, incə bədənli bir Sudan qızıydı. Hüsam hər dəfə fürsət düşdükcə bu qadını xəlvətə çəkərək öpüb əlləşdirirdi. Qovulacağından qorxan biçarə Sərvinur səsini çıxarıb etiraz da edə bilmirdi. Bundan daha da azğınlaşan Hüsam artıq gecələri xidmətçinin otağına soxulmağa başladı. Bu abırsızlığa Həmdunə xanım dözə bilmədi, bir səhər kürəkənini qapıdan çıxarkən yaxaladı:
– Hüsam, oğlum, bəri gəl, səninlə söhbətim var, – dedi.

– Əlbəttə, baş üstə anacan! – deyə yarızarafat, yarıgerçək nəzakətlilik göstərdi. – Buyurun əfəndim! Siz mənim anamsınız, başımın ağası, hər şeyimsiniz. Siz mənim...

– Əstəğfürullah! Keçək salona, – deyə qadın onun yaltaq, ikibaşlı sözlərini kəsməli oldu.

Qayınana yerə baxdı, öskürdü, acıqlı bir səslə sözə başladı:
– Oğlum, səninlə ciddi danışmaq istəyirəm.
– Əlbəttə ciddi! Heç sizinlə zarafat edərəm? Nə həddim var ki, sizə...
Həmdunə xanım yenə də sırtıq kürəkəninin sözünü kəsdi:
– Xahiş edirəm, suallarıma qısa cavab ver!
– Baş üstə, əfəndim.
– Neçə ildir mənim kürəkənimsən?
– İyirmi ildir.
– Bundan məmnunsanmı?
– Son dərəcə məmnunam!
– Bəs arvadından?
– Allah ondan razı olsun! Heç şikayətim yoxdur.
Həmdunə xanım kök vücudunu divanda qımıldatdı. Yaşıl rəngli örpəyini düzəltdi. Son zərbəsini endirəcək bir döyüşçü kimi özünü cəmlədi. Sanki sinəsini nəfəslə doldurub kəlmələri ayrı-ayrı söyləyərək soruşdu:
– Elə isə qaymaq kimi xanımın ola-ola, gedib Allahın zənci ərəbinə niyə sataşırsan?
Hüsam üzünü turşutdu, bir an düşündü. İri, yastı burnunu qaşıyıb qaşlarını çatdı. Çürük dişlərinin arasından tüpürcək saça-saça arsız bir ədayla dedi:
– Anacan, iyirmi ildir ki, qaymaq yeməkdən bezmişəm. İndi də könlümə kürü düşüb. Qara kürü!
Həmdunə xanımın əli ağzında qaldı, deməyə söz tapmadı...

Azərbaycan dilinə uyğunlaşdırdı: Şəfiqə Şəfa
Manera.az




Baxış sayı - 4 020 | Yüklənmə tarixi: 12.10.2016 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031