manera.az
manera.az

Söz adamlarının bir uydurması var... |MANERA.AZ

📅 25.07.2016 17:00

Söz adamlarının bir uydurması var... |MANERA.AZ
MANERA.AZ

ÖZÜMDƏN ÖZÜMƏ

Məni tanıyanlar oxumaya da bilər


Hərdən fikirləşirəm yaxşı ki, yazıb-pozmağı, arada bir uydurmağı bacarıram. Yoxsa, bu dünyadan heç baş açmazdım. Və bir də yaxşı ki, bu günlərdən nə qədər baş açdığımı bir özüm bilirəm, bir də Allahım... Və bir də Allahımın bildiyi həmin o sirrimi mən də hərdənbir namərdlik edib dədəmin qulağına pıçıldayıram. Və beləcə iki nəfərin bildiyi artıq sirr olmaqdan canını qurtarır...

Söz adamlarının bir uydurması var. Məndən heç kim inciməsin. Ola bilsin ki, həqiqətən də kimlərinsə ilham pəriləri var. Amma mən də az-çox sözdən anlayışım olduğu üçün fərdi, əlahiddə hansısa bir ilham pərisinin olduğunu nə düşünmüşəm, nə görmüşəm, nə də onu mənə göstərən olub. Hər anının özündə bir pıçıltı, hər anının özündə bir gözəllik, hər anının özündə bir kədər, nisgil, qayğı, dərd və digər əllə toxunmaq mümkün olmayan zərif duyğuların yaşandığı həmin o anın özü mənim üçün bir ilham çeşməsinə, ilham pərisinə çevrilir. Ona görə də:

Görüşdük...
gözlərimiz salamlaşdı...
qısaca hal-xoş etdik...
sözlərimiz salamlaşdı...
sonra...
yanaşı addım atdıq...
izlərimiz salamlaşdı...
bir də...

- bax, bu duyğular bilmirəm ilham pərisinə xidmət edir, yoxsa Allahın vergisidir. Amma onu bilirəm ki, özü də yüzə-yüz əminəm ki, bu nə İlahi bir pıçıltıdı, nə qarşımdan ötüb keçən hər hansısa bir gözəlin naz-qəmzəsi və yaxud da qaş-qabaq tökməsi... istər təbəssümlə, istər əsəblə bir qıyğacı göz atması ilə... Amma bütün bunlar şeirə çevrilib ruha oxşaya bilər. Və yaxud qayadan qopan bir çınqı, sınmış ağac budağından daman bir damcı "göz yaşı"... Əslində bu da elə həmin o ilham pərisidi. Öz sığalıyla, öz yaraşığıyla, öz duruşu, öz baxışıyla.
Bütün bunları sözgəlişi demirəm. Şairlərə, ümumiyyətlə, söz və mənəviyyat adamına nədənsə bir az qəribə baxırlar. Lap çılpaq desəm, onları Don Juan sayanlar da var, gözəllik əsiri hesab edənlər də, hələ bakılılar barələrində demiş, alayı cür düşünənlər də var. Olsun. Müəyyən mənada fərq etməz. Düşünüb münasibət bildirmək hər kəsin öz əlindədir. Elə mən özüm də ürəyimlə tək qalanda deyirəm:

Ürək
yumruq boyda
daş tək
asılıb sinəmdən...
həyatım
cəhənnəmə dönübdü -
ürəyimin
gərəksiz olduğunu
biləndən...

Bu da öz yerində. Gələk indi sevgi məsələsinə. Burda da bir qəribəlik var. Kimi orta məktəbin 3-cü sinfində sevib, kimi ali məktəbin son kursunda, kimi əsgərlikdə, kimi metroda, kimi marşrutda, kimi də lap elə nəşriyyatın özündə və s. və ilaxır. Əsas odur ki, sevib və bu gün də sevir. Ancaq burada bir məqam var. Kimdən soruşursan dərhal dərin bir xəyala dalıb filosof görkəmi alır və ilk məhəbbətini xatırlayır. İstər ona qovuşsun, istər yox. O görkəmi kənardan müşahidə edəndə adamı həm gülmək tutur, həm də elə bil içində nə isə qırılır. Şəxsən mən bu mənzərəni seyr etdiyim anlarda son dərəcə fağırlaşıram, yazıq oluram. Sevgiyə də yazığım gəlir. Adamların əzab çəkməsi məni üzür. Başa düşə bilmirəm, bu ilk sevgi deyilən niyə insanlara mübarizlik, döyüşkənlik, ona qovuşmaq əzmi bəxş eləməyib, amma sıxıntı gətirib, üzüntü gətirib, fağırlıq, yetimlik, ürək ağrısı, daha nələr, nələr bəxş edibdir. Anlaya bilmirəm ki, Məcnun sevgisini, Leyli məhəbbətini niyə göz yaşı sayırlar. Bu günümüzün Məhəbbətini niyə ancaq ölümlə, ayrılıqla, göz yaşıyla müqayisə edib bərabər tuturlar. Axı, əsl həqiqət tamam başqadır.

Füzuli Məcnun məhəbbətiylə böyük bir ədəbiyyat, böyük bir məktəb yaratdı - Sevgi məktəbi. O məktəbdə oxumaq, o məktəbdən keçmək dözümlü olmaq deməkdir, sona qədər sədaqət nümayiş etdirməkdir. Amma bizlər bunun əksinə ilk məhəbbətin acı xatirəsini, göz yaşını elə qabardırıq, solmuş məktubları başımızın üstündə elə dalğalandırırıq ki, elə bil hansısa bir qəhrəmanlıq etmişik. Düşünmürük ki, ortada bir ürək sınıb, qürür ayaq altında qalıb, tale alt-üst olub. Kimlərinsə Allahdan gələn haqqı gülünc yerinə çevrilib...

... Darıxdım
və yığdım nömrəni
telefonun
şəbəkə xidməti
xaricindədir...
bəs özün hardasan?

- bu sual bəlkə heç cavab tələb etmir. Çünki bir az havadan asılı qalıb. Söhbət birinci, sonuncu sevgidən getmir. Və ümumiyyətlə, sevgi birinci və sonuncu olmur. Sevgi böyük yazılır və insanı ifadə edən də elə Sevgidir. Gəlir və səninlə birlikdə yaşayır, xeyirdən, şərdən, ağrıdan, acıdan - bir sözlə, sənin keçdiyin hər bir məqamdan, hər bir andan o da səninlə birlikdə keçir, yaşa dolur və səninlə də ruhuna qoşulub mələklərin hüzuruna təşrif aparır...

Bəlkə də burda bir anlıq dayanmaq yerinə düşərdi. Ona görə ki, kimlərsə etiraz edə bilərlər. Əvvəlcədən hiss eləyirəm bu etirazı, amma kimliyindən asılı olmayaraq, hətta əstəğfürullah, Qurandan don geyinsələr də, mən Sevginin ilk, son olduğunu heç vaxt qəbul etməmişəm və etmirəm də. Sevgi - əvvəldə dediyim kimi mənim üçün bütöv, tam bir ömürdür. Qoca bir Çinar, nəhəng bir Palıd ağacıdır. Öz qol-budağıyla. Pöhrə verir, zamanla vuruşur, özü də yaşayır. Və ən vacibi odur ki, mənim üçün Sevgi insanı Allahla, mələklərlə danışdıran gözə görünməyən, amma hər bir hüceyrəsi yerində olan bir varlıqdı. Mən ona səcdə edirəm.

... Bilmirəm dünyanın
hansı üzüydü...
qalmışdım ortada...
başımın üstündə
səma yox idi,
ayağımın altında
torpaq...
nə quş səsi eşidilirdi,
nə yağış səsi,
nə də yarpaq...
bilmirəm
dünyanın o üzünə
necə gəlib
çıxmışdı səsin?!
indi ki, yolun bilirsən
hərdən dəyiş -
baş daşının
qibləsin!
dalğalar qarışmasın...

Bu misraları pıçıldayanda, daha sonra kağıza köçürəndə içimdən bir hiss də gəlib keçdi, onu da demək istəyirəm. Belə ki, mənə görə duyğusallıq həm də hardasa sevgiylə, məhəbbətlə də bağlıdı. Bunu blmək, görmək üçün alim olmağa ehtiyac yoxdur. Sadəcə, bir anlıq düşünmək, diqqət yetirmək lazımdı. Onda mənimlə razılaşacaqsınız. Görəcəksiniz ki, vücudunda sevgi, məhəbbət daşıyan hər bir Allah bəndəsi təkcə sevdiyinə deyil, həm də onun çevrəsinə diqqətli, sayqılı olur. Sevdiyinin və onun çevrəsinin hər bir halını o da öz içindən keçirir, o da yaşayır. Deməli bax, burdan qaynaqlanır o duyqusallıq...

Hə, bütün hallarda insan fərd doğulub, fərd olduğu üçün də sevgisi də fərdi olur. Deməli, yer üzündəki insanların sayı qədər sevgilər var. İnsanların bənzərliyi sevgilərin də bənzərliyidir. Doğrudur, bəzən bu bənzərliklər kimlərsə tərəfindən yamsılamaya da çevrilə bilir, yəni kimsə özünü Məcnun sifətinə salır, kimsə də Sənan. Hətta Kərəm olanlar da var. Bu məşuqlar barəsində yazmıram. Aşiqlərin cəfası elə məşuqların da təqdimatıdır. Elə bilməyin ki, Leylinin və yaxud özünü Arpa çayına atan Saranın və yaxud digər xanım məşuqlar barəsində bilgim yoxdur, xeyr. Sadəcə Leyli ilə Məcnun mənim üçün bütövlükdü. Onlar bir-birinin içindədir, bir-birini tamamlayır. Və dünyaya yarını tamamlamaq üçün, yar olmaq üçün gəliblər və bunu ruhən tamamlayıblar. Deməli, mən də öz yarımı, yaxud da sən öz yarını tamamlamaq üçün Allahın dünyaya göndərdiyi sevgi təmsilçisi, sevgi daşıyıcısısan. Ona görə də boyuna biçilən, boyuna düşən yükdən qaça bilməzsən. Məhz bu hisslərin diktəsiylə xəyalən sənlə üz-üzə dayanıb, sənə bu misraları oxuyuram.
Sənə
görə mən
bir ömürlük
məsafədəyəm
səndən...…
mənə
görə sən
həmin məsafəni
çoxdan
ötüb keçmisən
birlikdə
mənnən...…
görəsən
bizi tamamlayan
başqa bir kimsə
varmı
bu dünyada
səndən
məndən?!

Bəli, bunlar heç də elə-belə misralar deyil. Əslində özümün özümə baxışımın bir bucaq altıdı. O, elə bir bucağın altıdı ki, onu ancaq məni özün kim duysan görə bilərsən. Duymaq üçün isə ürəyində qor olmalıdı. Elə bir qor ki, o, misralara mayaq olsun və pıçıldasın.
Masamın üstündə solmuş bir yarpaq
Sarısı üzümə, gözümə düşür...
Dibçək həyatından bezib qoparaq
Ayrılır, nəfəsi sözümə düşür.

Hər gün görüşdüyüm, hər gün gördüyüm
Ürəklə başına dönüb - döndüyüm
Tumurcuq vədəsi şeirə hördüyüm
O yarpaq damla tək üzümə düşür.

Seyr etdim doymadan yaşıl çağını
Həvəslə oxşadım hər budağını...…
Dünən bəzəyirdi iş otağımı -
Bu gün xəzan olub izimə düşür!..

Bütün bunlar da elə əvvəldə pıçıldadıqlarımın başqa bir notu idi. Axı, hər notun öz mahnısı olur. Bu misralar da həmin notların sahibləri üçündü.

Son olaraq mən bütün sevənlərə və sevilənlərə BİRinci və SONuncu sevgi, məhəbbət yox, bütöv məhəbbət arzu edirəm, hər kəsi yaşamağa, sevməyə çağıran MƏHƏBBƏT!!!

MANERA.AZ


Baxış sayı - 1 693 | Yüklənmə tarixi: 25.07.2016 17:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031