manera.az
manera.az

Musiqi magiyası: Günel Eyvazlı yazır... | MANERA.AZ

Musiqi magiyası: Günel Eyvazlı yazır... | MANERA.AZ

Ün, səs...

Musiqi qədər insan psixikasına, könlünə təsir edəcək ikinci nəsnə yoxdur. Musiqi magik quruluşlu yaratımdır.

Biz Yaradanın yaratdıqları arasında da nəğməyə bənzər səsləri eşidə bilərik. Yarpaqların titrəyişi, dənizin ləpələrinin sahilə çırpılması, küləyin vıyıltısı, lap elə sükutun özü. Bir az poetik pafosla əhatələnmiş kimi görünə bilər. Amma musiqinin magik təsiri mövcuddur.

Bəlkə də şüuri oyatımın qarşısının alınması məqsədilə uzun müddət Qədim Şərqi yuxuda saxlamaq üçün radikal din carçıları musiqini haram buyurmuşdu. Qəflət yuxusundan ayılmaq qəliz məsələdir. Mövhümat, xurafat dırnaqarası haram qaydaları ilə insan yaddaşı, dərki ətrafında xəndəkə bənzər çala qazmaqla qaranlıqla zəngin beyni çalaya çəkib aparırdı. Musiqisi yasaqlanmış cəmiyyət depressif ovqata, göz yaşlarına bürünmüşdü.

Deyilənə görə Məhəmməd peyğəmbər Bilalın ifasında Əzanın səslənməsini çox sevərdi. Onun avazından xoşlanardı. Antik filosoflar isə kainatın musiqi ahənginin mövcudluğundan danışardılar. Hətta bu səsi eşitdiklərini söyləyərdilər.

Müasir musiqi anlayışı daha rəngarəngdir. Həm də musiqi seçiminə olduqca həssas yanaşmaq lazımdır. Musiqi ifasının arxasında dayanan qüvvələr bu meditasiyanın gücünün hansı həddə olmasını çox yaxşı bilirlər. Əgər bir musiqi bizi kövrək notlara kökləyirsə, bir başqa musiqi depressiv çalaya salaraq birbaşa intihara sürükləyə bilər. Məxsusi bəstələnmiş psixoloji musiqilər isə radikal və ifrat qəzəb aşılayan mövqeyi ilə özümüzdən biixtiyar hərəkətlərə sövq edə bilər.
Sovet dönəmində senzura qılıncı tək ədəbiyyatın üzərində deyildi. Musiqilərin sərhədləri aşaraq sosialit təfəkkürünə nüfuz edilməsinə də həssas yanaşılardı.

Musiqi həm də zövq nişanəsidir. Hamının əlbisə seçimində zövqləri nə qədər müxtəlifdirsə, elə musiqi seçimində də zövq müxtəlifliyi özünü bəlirtir. Gözəl musiqi duyumu həm də ahəngə, harmoniyaya köklənmək deməkdir.

Azərbaycanın musiqi ənənəsi olduqca qədimdir. Bu ənənə öz başlanğıcını elə laylalardan götürür. Qədim musiqi alətlərinin mövcudluğu musiqiyə olan marağımızdan, musiqinin bu qədim diyarda mövcudluğundan xəbər verir. Qobustandakı qaval daşı isə ritmə həssaslığımızın heykəlidir.



Qara Qarayevin “İldırımlı yollar”ını həyəcansız dinləmək qeyri-mümkündür. Soltan Hacıbəylinin “Karvan”ını dinlədikcə tamamən ayrı bir dünyaya köklənmiş olursan. Üzeyir Hacıbəyov və daha kimlər, kimlər.

Musiqi necə haram ola bilər? Mümkünsüzdür.

Azərbaycan akkordları istənilən musiqi janrı daxilində sezilir. Piano üzərində gəzişən Vaqif Mustafazadə barmaqlarında da Azərbaycanın ecazkar ladları, musiqimiz, bənzərsizliyimiz eşidilir.

Vaqif Mustafazadənin qəbul edilməsi dövrü onun yoxluğundan sonra başlayır. Çox əfsuslar olsun ki, biz dəyərlərimizin qiymətini çox gec bilirik. İndi isə, milli mənsubluğumuzu dərk etdikdən sonra dəyərli sənət əsərlərimizi dünya miqyasına çıxararaq necə qiymətli xəzinəyə malik olduğumuzu dinləyənlərə çatdırmağa çalışırıq. Bəli, musiqi mədəniyyəti dünyaya çıxışımızın və varlığımızın mövcudluğu baxımından olduqca samballı nəsnədir.

Aristotel “Politika”sında musiqinin bir deyil, bir neçə istiqamətə xidmət etməsinin vacibliyini sadalayır. Filosofun fikrincə musiqi həm əxlaqa, həm təmizliyə, həm də vaxt keçirməyə xidmət etməlidir.

Həqəqətdə, əsl musiqi sadalanan hər üç anlayışı özündə daşımağı bacarır.

Çox vaxt düşünürəm ki, hal-hazırda sözdən - ədəbiyyatımızdan daha çox, musiqimiz - səsimiz uzaqlara istiqamət alıb. Tərcüməyə, xüsusi düzümə ehtiyacı olmayan səs öz akustik imkanları vasitəsilə dünya səhnələrinə yol alaraq Azərbaycan adına şərəf gətirir. Müasir “Səs” (The Voice) yarışmalarına yollanan gənclərimizin şərəflə “Mən Azərbaycandan gəlmişəm” söyləməsi insan ürəyini riqqətə gətirir. Və yaxud dünyanı dolaşan İsfar Sarabski bəstələri Azərbaycan adına ucalıq gətirir. Demək ki, musiqinin akustik imkanları sözdən daha tez şüura nüfuz edir. Qanadlı quş kimi sərhədləri asanlıqla aşır.

Musiqinin yaradıcılığa təsiri imkanlarından da ağız dolusu danışmaq mümkündür. Bu magik təsirin istər poetik nümunələrin, nəsr nümunələrinin yaratımında mövqeyini əlinə qələm alan bir çox yazıçılar, şairlər sübut edə bilər.

2005-ci ildə Böyük Britaniya alimləri idmançıların məşq zamanı musiqi dinləmələrinin güclü təsirinin mövcudluğu haqqında açılış etmişdilər. Məlum olmuşdu ki, musiqi dopinq effektinə malikdir. Onun insan psixikasına təsiri nəticəsində idmançılara əlavə güc gəlir.

Klassik musiqilər isə hərtərəfli təsir gücünə malikdir. Deyilənə görə Vivaldinin, Motsardın, Bethovenin, Şubertin, Qriqqin musiqiləri əqli qıcığın yaranmasına səbəb olur. Miqrenin yox olmasına isə Bethoven musiqisinin dinlənilməsi çox gözəl təsir edir.

Hətta ağır cəza həbsxanasından birində təcrübə məqsədilə hər gün səsləndirilən rok musiqisinin qeyri-adi nəticə ilə yekunlaşmasından da söhbət açılır. Deyilənə görə ən ağır şəraitdə cəza çəkən məhbuslar səslənən musiqi nəticəsində daha çox emossional güc, enerji alaraq, daha çox müsbət əhvala köklənərək ümidlə yaşamağa başlamışlar.

Blüz və caz isə depressiv ovqatdan xilas olmaq üçün əla vasitədir.

İlk dəfə musiqinin elmi təsiri haqqında Pifaqor fikir söyləmişdi. Onun teoriyasına görə musiqi insanın daxili orqanlarnın işi ilə sinxronluq təşkil edir. Bu ona görə belə olur ki, bizim daxili orqanlarımızın hər biri enerji, elektromaqnit dalğalarının qəbul etmə mənbəyidir. Musiqi sədaları da səs dalğalarından ibarət olduğundan eynilik təşkil edərək ahəngə gəlmiş olur. Və nəticədə bizim daxili energetik durumumuz dəyişərək yeni düzən alır. Pifaqor xəstələri ruhi və fiziki xəstələrə bölərək xüsusi seçilmiş musiqi kompozisiyaları ilə müalicə edirdi. Öz səhərlərini isə zümzümə ilə açardı. Bu, bütün gün uzunu ona enerji vermiş olurdu. Gecə üçün yaxşı yuxu obyektinə çevrilirdi. O, musiqinin insan psixikasına, orqanizminə, ağlına təsirinin mövcudluğunu qətiyyətlə təsdiq edirdi. Pifaqor ilk dəfə “musiqi meditasiyası” anlayışını gətirib.

Pifaqor yeganə musiqi terapiyası ilə məşğul olan insan deyildi. Qədim papiruslarda xüsusi səslər və musiqi vasitəsilə misirlilərin xəstəliklərdən yaxa qurtarma yolları haqqında bəhs edilir. Müqəddəs mətnlərdə Davud peyğəmbərin arfada ifa etməklə Saul çarını müalicə etməsindən danışılır.
Yunan təbibi Eskulap da radikulitdən əziyyət çəkən xəstələrini nəfəsli alətlərin güclü sədaları altında müalicə edərdi.

Deyilənə görə əfsanəvi musiqi qrupları olan «The Beatles», «Helter Skelter» kimi qrupların musiqilərinin tonallığı elə aralıqda yaradılmışdı ki, ilk baxışdan maraqlı, ecazkar, xoş görünən musiqilər sonradan bəzi insanlarda ağırlaşmalarla əvəzlənə bilirdi. Deyilənə görə bu qrupların bəstələri bəzi insanlarda döş qəfəsində və qarında qeyri adi ağrıların ayaranması ilə nəticələnirdi. Səbəb isə bu bəstələrin insan beyini ilə əlaqəli olan tezliklə musiqi tezliyinin eyniliyi idi.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031