Aqil Abbas haqda dost sözü | MANERA.AZ
![]()
MANERA.AZ xəbər verir ki, bu gün Şöhrət ordenli yazıçı Aqil Abbasın doğum gündür. MANERA.AZ olaraq səbəbkarı təbrik edir və yazıçı-publisist Əbülfət Mədətoğlunun onun haqda yazdığı məqaləni təqdim edirik:
Altmış üçün içərisində otuz altı mənə daha doğmadı
Bu yazını xeyli əvvəl yazmışdım, daha doğrusu, üç il bundan öncə... Üç il ötdü. Həyatımdakı onunla bağlı illərin də sayı üç rəqəm artdı. Belə baxanda sadəcə dəyişən rəqəmdi, amma alt qata enəndə gördüm ki, yox, o dostluğun yaşı da, çəkisi də elə o, üç rəqəmin tutumu qədər artıb, bir o qədər də püxtələşib. Ona görə də o yazıya bir də qayıtdım. Qayıtdım deyəm ki, siz həmin Aqil Abbassınız – otuz altı il öncə dost dediyim! Elə mən də həmin Əbülfətəm – Mədət kişinin oğlu...
...Pəncərə önündə dayanmışam. Elə bilməyin ki, qədim və zaman-zaman təkrarlanan bir bayatını xatırlatmaq istəyirəm. Xeyir. Sadəcə dünyanın bir pəncərə olduğunu və hər kəsin də bu pəncərədən baxıb getdiyini bilə-bilə mən yenə pəncərə önündə dayanmağa üstünlük verdim... Bunun nədən qaynaqlandığını, niyə məhz bu seçimi etdiyimi ilk anda fəhm edə bilmədim. Düzü, bu bir az mənə, loru dildə desəm, çöçün gəldi. Elə bil özüm özümdən sıxıldım. Amma sonra baxdığım pəncərə sanki mənə dayaq oldu, əlimdən tutdu. Bir az da dürüst ifadə etsəm, dirsəkləndim pəncərəyə və...Bunu elə-belə xatırlamadım. Bunun da səbəbi var. Səbəbi də ömrün 36 anıdı...
Bax, pəncərəyə dirsəklənib baxdığım həmin o məqamda mən ömrün 36 anının birinci hissəsini 36 mərtəbənin ilk pilləsini xatırlayıram. 1980-ci il idi. Ordudan qayıdıb dövlət universitetinə daxil olmuşdum. Bir az ordu havası, bir az yazı-pozu havası, bir az da dostluq etdiyim, necə deyərlər, ətraflarında olduğum Nüsrət Kəsəmənlinin, Sabir Rüstəmxanlının və Çingiz Əlioğlunun sayəsində ədəbi mühitə qaynayıb qarışırdım. Mənə elə gəlirdi ki, yanlarında göründüyüm bu adamların aurası yavaş-yavaş mənə də hopur, məni də öz sırasında digərlərinə təqdim edir... Beləcə, 1980-ci ilin təqribən sentyabr ayının ortalarında bir istirahət günü qala divarının yanındakı çayxanada onu gördüm. Öz dostları ilə çılğın, əl-qolla danışan, saçları da az qala çiyinlərinə düşən bu ortaboylu oğlan əvvəllər adını eşitdiyim bugünkü 63 yaşlı yazıçı, millət vəkili idi.
Beləcə, dostlarımın çevrəsində tanıdığım adamların sırasında onunla ilk ünsiyyətim yarandı. Sonra ömrün ikinci anı başladı. Yəni artıq 36-dan başlanan anların ikincisi yaddaşımda təzələndi...
Bir "Sovet kəndi" qəzeti var idi. Bu qəzet daha çox kənddən, onun işıqlı adamlarından, təsərrüfatdan yazsa da, amma qəzetdəki mədəniyyət, ədəbiyyat şöbəsi mərhum jurnalist, gözəl pedaqoq, həyatımda unudulmaz yeri olan, evində çörək kəsdiyim Nəriman Zeynalovun qayğısı ilə demək olar ki, ədəbi ictimaiyyətin diqqətini çəkmişdi. Şöbəyə Vaqif Bəhmənli rəhbərlik edirdi. Məhz "Sovet kəndi" qəzetində həmin o qala divarının dibindən tanıdığım, salamlaşıb hal-xoş etdiyim oğlanla bir az da yaxın münasibətimiz yarandı. İndi artıq qarabağlı kimi, bir bölgənin adamları kimi də yaxınlaşmışdıq. Onun "Ulduz" jurnalında nəşr olunmuş və zamanına görə ədəbi mühitin diqqətini çəkmiş povesti yaşıdlarım arasında geniş müzakirə olunurdu. Necə deyərlər, yaşlı nəslin qarşısına tutarlı, samballı bir əsər qoyulmuşdu. Bununla da yaşlı nəslə sanki bir mesaj verilmişdi:
- Ədəbiyyat var, yaranır və yaranacaq! Heç nə bitib tükənmir, yerində dayanmır!
Daha bir an. Artıq onu söz adamları da, mədəniyyət-ictimaiyyət aləmi də tanıyır... böyük bir qəzetin şöbə müdiridi... öz ətrafı, öz üslubu, necə deyərlər, öz dəst-xətti, öz yolu var. Hətta nəşriyyatın birinci mərtəbəsindəki böyük yeməkxana və burada çalışan yaşlı kassir xanım da onun gəlişinə sevinirdi. Burada hər kəs özü özünə xidmət edirdi. Əlimizdə sini götürdüyümüz yeməklərlə kassaya yaxınlaşanda o bizdən öndə dayanıbsa, mütləq arxaya çönüb özündən sonra növbə gözləyən dostların, tanışların da yeməyinin pulunu ödəyirdi. Özünəməxsus şəkildə kassir xanıma:
- Hamısı mənlikdi! - deyirdi.
Bilmirəm, bu məqamı xatırlamağım, daha doğrusu, dilə gətirməyim nə qədər əxlaqa uyğundu, amma deyir "aşıq gördüyünü çağırar". Mən gördüyümü, şahidi olduğumu, yaddaşıma köçürdüyümü yazmağı özümə borc bildim. Çünki bu həyatımın çox qəribə məqamları ilə bağlıdı. Onun hərəkətləri heç kimə qarşı bir özündən razılıq, özünü göstərmək, özünü reklam etmək təsiri bağışlamırdı. O, sadəcə hər şeyi o qədər səmimi edirdi ki, etiraza yer qalmırdı. Adama elə gəlirdi ki, elə belə də olmalıdı...
Dördüncü an.Artıq Qarabağ göylərini qara buludlar alır... Ölkədə mitinq havası hökm sürür... meydan aşıb-daşır... hər kəs öz bildiyi, öz bacardığı, özünün gücü çatdığı bir şəkildə nəyinsə qulpundan tutmağa, nə isə etməyə çalışır. İndi mən Dağlıq Qarabağda fəaliyyət göstərirəm və elə bilirəm ki, bura qayıtmağımla hər şeyi yerinə qaytarıb qoyacam... Qara buludları "sim-sim" deməklə qovub haqqı, ədaləti bərpa edəcəm. Amma onda bilməsəm də, indi bütün gerçəkliyi ilə anlayıram ki, çox yanılmışam. Hətta o səviyyədə yanılmışam ki, nə torpaq üçün, nə də ailəm üçün heç nə edə bilməmişəm. Yazdıqlarım da, şahidi olduğum hadisələr də, əlimdə tutduğum silah da ən yaxşı halda nə vaxtsa tarix üçündü. Təbii ki, o da ona lazım olsa. Çünki ordudan təxris olunandan sonra yaxınlaşdığım bir məmur gözlərimin içinə baxa-baxa dedi:
- Səni orduya mən göndərməmişəm ki, indi durub mənim üstümə gəlirsən...
Hə, bu da beşinci an...
...Ölkə müstəqillik qazanıb. Doğulduğum kənd işğal olunub, özü də gözlərimin qarşısında yandırılıb, tüstüsü göylərə bülənd olub...
Hə, bax belə bir məqamda üçüncü dəfə qaçqınlığın nə olduğunu yaşamağa başlayanda üz tutdum "Azərbaycan" nəşriyyatına. Dəhlizdə qarşılaşdıq. Yenə həminki qaynarlığı ilə, həminki mehribanlığı ilə görüşdü. İlk kəlməsindən "vəziyyətdən xəbərdaram!" deyib qolumdan tutdu:
- Birlikdə işləyərik!
Elə bil içimdə ümid qığılcımı alışdı... İnanın ki, o ana qədər, o qarşılaşmaya qədər belə bir təklif, belə bir münasibət gözləməmişdim, heç ağlımdan da keçirməmişdim. Ona görə də özümdən asılı olmadan yerimdə quruyub qalmışdım. Bir az təəccüb, bir az heyrət, bir az da tərəddüdlə gözlərinin içinə baxdım. Arxada, yəni sığındıqları uşaq baxçasında məni gözləyən ailəm üçün bundan böyük hədiyyə, bundan böyük müjdə, bundan şirin, bundan şad xəbər ola bilməzdi. Bunları mənə, ailəmə o verdi.
Altıncı an. Bir yerdə işləyirik. Cəbhə müxbiriyəm. Qarabağdan, müharibədən, qaçqınlardan, bir sözlə, özümdən yazıram, öz həyatımdan yazıram. Yeganə məqsədim gördüyüm, yaşadığım gerçəyi yazmaqdı.
Bax, belə məqamların birində o, mənə dedi:
- Sən uşaqlarının qayğısına qal! Qəzetin problemlərini özüm həll edəcəm.
Bəli, mən onu bu dəfə təkcə redaktor, jurnalist kimi yox, həm də qayğıkeş dost, böyük qardaş kimi tanımağa başladım.
Bəlkə bu fikirlər kimlər üçünsə ayrı prizmadan yozuldu, göründü, kimlərsə bunu yarınmaq kimi qiymətləndirdi... Olsun. Mən bu yazını yazmaq qərarına gələndə həmin yozumun, həmin şit təbəssümlərin olacağını göz önünə almışdım. Məhz təkcə mənim yox, övladlarımın da həyatına, yaşamına diqqət ayırdığını təkrar-təkrar mənə deyən, hətta bunu bəzən hökmlə diktə edən baş redaktorun səmimiyyətini bütün ömrüm boyu özümlə, övladlarımla birlikdə illərdən-illərə daşımışıq və daşıyacağıq da.
Yeddinci an. Artıq yenidən Bakıya köçmüşəm. Necə deyərlər, redaksiyada kollektivin içərisindəyəm... İndi daha çox təmasımız olur. Tez-tez birlikdə döyüş bölgəsinə, eləcə də müxtəlif rayonlara səfərlər edirik... yol-yoldaşlığımız zamanı onu daha yaxından tanıyıram. Mənim üçün sirli olan, maraqlı olan neçə-neçə məqamlar ortaya çıxır. Bəzən anlaya bilmədiyim, tərəddüd içərisində qaldığım vaxtlar da olur. Çünki o, dəvət olunduğu məclislərin hamısında məni də özü ilə yanaşı əyləşdirir... öncə məni təqdim edir, mənim yazı - pozumdan danışır. Və mən bu qəribə məqamlarda sıxıldığım kimi, həm də özüm də bilmədən daxilən qürrələnirəm, fərəhlənirəm, mənə olan münasibətin böyüklüyü, səmimiyyəti içərisində özümə yer tapa bilmirəm. Onun ürəyinin genişliyinə, onun vəhylə söylədiklərinə heyran qalıram.
Səkkizinci an. Mən ömrümün 36 anının hər birini yazmaq istəyirəm. Çünki onların hər biri mənim üçün əzizdi, maraqlıdı və həm də onların hər birinin içərisində təkrar yaşamaq istədiyim və istəmədiyim məqamlar var. O anların sayəsində mən də kifayət qədər cəmiyyətdə görünmək imkanını haqq etmişəm. Onun millət vəkili seçilməsi... seçki prossesinin özü, bu prosseslər zamanı baş verən hadisələr, ona yarınan bir çoxlarının "qaynatdığı ağzı qapaqlı qazanlar", ortada çömçə kimi, özü də yuyulmamış çömçə kimi fırlananlar, onun adından, nüfuzundan, eləcə də müəyyən məqamlardakı həlimliyindən istifadə edərək qılığına girib özünə "xal" toplayanlar, daha kimlər, kimlər... nələr, nələr... Hətta məni öz ailəsinə qəbul edib üzümə qapı açması və kimlərinsə (təbii ki, indi ad çəkməyin nə yeridi, nə də məqamı. Heç buna lüzüm da yoxdu - Ə.M) günahı üzündən töhmət almağım da ömrümün həmin o anlarındandı. Və mən bu anlar üçün öncə Allahıma, sonra da ona minnətdaram. Elə bu yazını da həmin o minnətdarlığın kiçik bir ifadəsi kimi yazıram. Yazıram ki, o, özünün 63 yaşında mənə ayırdığı 36 an üçün təəssüflənməsin... Yazıram ki, bu 36 anın ona nə qədər doğma və yaxud yad olduğunu o da bir anlıq düşünsün... Yazıram ki... bugünkü yubilyarımız bilsin ki, mən elə həmin sədaqətlə, həmin səmimiyətlə, həmin inamla qarşıda məni gözləyən anların yolundayam. O anlar mənə ayırsa da, ayırmasa da!..
Bəli, oxucu fikirləşər ki, görəsən yerdə qalan anları niyə kağıza köçürmədim. İndi onun niyəsini deyim. Çünki bir dəfə özünə demişəm, daha doğrusu, söhbət zamanı bildirmişəm ki, Allah ömür versə, təqaüdə çıxa bilsəm, sizin barənizdə ürəyimdə, yaddaşımda olanların hamısını "Xatirələrim"də yazacam.
Tək biz sözü indi demək istəyirəm. düşünürəm ki, yeridi:
- Sizin hər bir əsəriniz başda "Ədalət” olmaqla, söz dünyamızda hadisəsi. Lap açıq desəm, DOLUDU. Həm də "Dolu”du.
63 yaşın mübarək, 36 il bundan əvvəl qazandığım DOST!
Əbülfət MƏDƏTOĞLU