manera.az
manera.az

Göy deyəni yazan oldum - Sərraf Talıbın şeirləri

Göy deyəni yazan oldum - Sərraf Talıbın şeirləri
MANERA.AZ Sərraf Talıbın şeirlərini təqdim edir.

GÖYLƏR SÜKUTƏ DALIB...

Göylər sükutə dalıb,
Nə vaxtdır yağa bilmir.
Yazdan hamilə göylər,
Payızdı, doğa bilmir.

Yağlı bir tikə kimi,
Sular göyəmi çıxıb?
Yerdənmi küsüb göylər?
Çöllərə düşüb yanğı.

Otların rəngi sarı,
Dünya xəstəyə bənzər.
Su axtaran qaranquş,
Girmək istəyər gözə.

Hanı xəzri küləyi,
Yağış gələ qoşuntək.
Yandırır hava bizi,
Ərimiş qurğuşuntək.

Harda günah eylədik,
Qəlbinə dəydik kimin?
Qurban kəsək, bəlkə də
Babalarımız kimi.

Bir duman gəldi bəlkə,
Şehrinə düşdük onun.
Saralan umidimiz,
Bəlkə göyərdi bir gün.

Göy üzündə buludlar,
Neyləyək, haqqa gəlsin.
Günlər belə alışıb,
Dünya belə qarışıb,
Çətin ki, yağa bilsin!

BİR DAŞ DA MƏNDƏN GƏLDİ

Biri sağdan, biri soldan,
Bir daş da öndən gəldi.
Yerə baxdım, göyə baxdım,
Bir daş da gendən gəldi.

Biri ağdır, biri qara,
Düzəlmir ki, qəlbi qara!
Nə olsun ki, dəyir hara,
Bir daş da cindən gəldi.

Sığalladım qara daşı,
Dünya müdrik, mənsə naşı,
Daşmı oldun, daş, qardaşım,
Görən, bu daş kimdən gəldi?

Əl uzatdım əlim boşda,
Söz ürəkdə, dilim dişdə.
Üz döndərdi məndən daş da,
Bir daş da səndən gəldi.

İllər keçdi, susdum mən də,
Bu daşlara dözdüm mən də.
Allah, axır bezdim mən də,
Bir daş da məndən gəldi.

DURDUĞUMUZ YER

Dünyaya göz açandan,
Ayağımız altında yırğalanır,
torpaq.
Torpaq kətil,
Ağac kətil,
Daş kətil!

Tərpəndimi
ayağımız altında
Bahar kətil,
Yay kətil,
Payız kətil,
Qış kətil,

Bilinər onda,
Boğazımız niyə sıxılmış,
Bilinər onda,
Durduğumuz yer
torpaq deyilmiş,
daş deyilmiş,
Kətil imiş,
Adicə
ağac kətil…

VARİASİYA

Çiçəklər açır...
Cürbəcür...
Nə sənindir, nə mənim-,
Bizdən uzaqda,
Çiçəklər açır qışın oğlan çağında.
Sayıram günləri və gözləyirəm,
Çiçəklər açır odun içində,
Özgəsinin böyük məhəbbətində!
Qızlar çiçək kimi,
Sözlər çiçək kimi,
Qışın qoxusu gəlir bu çiçəklərdən...
Hanı o küçə?
Hanı o dumanlı gecə?
Bircə sən qalmısan o günlərdən,
Sənin dodaqlarının istisi...
Zəng çalınır...
Görəsən, kimdir?
Axı, heç kimi gözləmirdim?
Deyəsən, bu,
sonuncu zəngdir...

MƏN SARALMIŞ BİR YARPAQ...

O.Henriyə

Mən sapsarı bir yarpaq,
Asılmışam cansız bir saplaqdan.
Payız çoxdan keçib,
Qış da arxada qalıb,-
Mənsə ikiəlli tutmuşam,
Məndən can qurtarmağa çalışan
bir budaqdan.

Torpaq göyərir,
Köçəri quşlar da qayıdır bir-bir,
İkiəlli yapışdığım budaq da şişir-
Hamilədir deyən
yepyeni bakirə yarpaqlara.
Mən isə saralıb-bozarmış bir yarpaq,
Hələ də yapışmışam yad bir dünyadan,-
kimlərinsə ümidini qırmamaq üçün...

AĞLA MƏNI ÖZÜN, ALLAH

İçimdə bir söz pətəyi,
Dilsiz qalıb ağzım, Allah!
Gözüm də görmür heç nəyi,
Aydın olsun gözün, Allah!

Bu sel hara axacaq ki,
Gözlərimə çıxacaq ki…
Məni yerə yıxacaq ki,
Demədiyim sözüm, Allah!

O qədər sıxdım boynumu,
Aça bilmədim eynimi.
Quş tək uçurtdum beynimi,
Hara dönsün üzüm, Allah!

Bir nadanın sözü məni,
Qəlpə kimi sökür məni!
Ağ kəfənə bükür məni,
Ağla məni özün, Allah!

GÖY DEYƏNİ YAZAN OLDUM

Bir yol tutdum heç azmadım,
Mən tanrıdan əl üzmədim.
Öz sözümü mən yazmadım,-
Göy deyəni yazan oldum.

Xəstə yatdım neçə gecə,
Yuxu gördüm keçən gecə-
Aydan işıq içən gecə,
Təzə aydan sözə qaldım.

Mələk məni naxışladı,
Kimsə məni alqışladı…
Tanrı məni bağışlasın,
Mən də bəzən üzə qaldım.

Vallah, məndən adam olmaz,
Yandırmağa odun olmaz.
O ürəkdə adım qalmaz,
Bəlkə bircə sözdə qaldm.

Tural Adışirinin təqdimatında...


Baxış sayı - 486 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031