Superstar - Abdul Salih Pakın hekayəsi
İranlı türkmən şair, nasir, araşdırıcı Abdul Salih Pak (1962, 29 mart) Türkmənsəhranın Bəndər bögəsində, Qaraqaşlı obasında dünyaya gəlib. İbtidai təhsilini doğma obasında, liseyi Bəndər şəhərində bitirib. Atası şair olduğuna görə, uşaq yaşlarından poeziyanı sevib, poetik ölçüləri öyrənib, sonralar bütün həyatını yaradıcılığa həsr edib.
A.S.Pak ədəbi yaradıcılığa erkən yaşlarından şeirlər qələmə almaqla başlayıb, anasından eşitdiyi nağıllar, əfsanələr, dastanlar onun formalaşmasında böyük rol oynayıb. Uşaq intellektual mərkəzində hekayə yazmağın sirlərini mənimsəyəndən sonra isə nəsr əsərləri qələmə almaqla yanaşı, kəndbəkənd dolaşıb türkmən ağız ədəbiyyatı nümunələrini qələmə alıb, “Qırx yalan” adı altında toplu nəşr etdirib. “Sonsuz yol”, “Taxta qız”, “Xəyal hasarının o tərəfində”, “Şirin gecə”, “Sərçənin nəğmə dolu zənbili” və s. roman və nəsr toplularının müəllifidir. Əsərləri ərəb və türkmən dillərində nəşr edilib.
A.S.Pakın əsərləri nəşriyyatların və jurnalların keçirdikləri ədəbi müsabiqələrdə mükafatlara layiq görülüb, o cümlədən, “Xəyal hasarının o tərəfində” romanı Şahid Həbib Qənipur adına “İlin kitabı” diplomunu qazanıb.
MANERA.AZ Abdul Salih Pakın "Superstar" hekayəsini təqdim edir.
Günəş batırdı, yüngül meh əsir, ağacların yarpaqlarını tərpədirdi.
Gözlərinin isindiyini və ağırlaşdığını hiss elədi, ayağa durub qatarın pəncərəsindən bayıra baxdı, qatara nəyə görə, necə və nə vaxt mindiyini xatırlaya bilmədi, beynindən keçirdi ki, təyyarəylə səfərə çıxmaq daha rahatdı. Ağaclar və adamlar sürətlə güri qaçırdılar. Tarladakı kişilər, qadınlar və uşaqlar qatarı görən kimi, qəddlərini düzəldib ona xoşbəxt görkəmlə əl yellədilər, o da cavabında onların sifətlərindəki ifadəyə və duyğuya əl eləyib gülümsədi.
Az sonra əyləci kəskin səs çıxaran qatar dayandı. Proqram rəhbəri kupeyə girib dillənd:
- Çatdıq.
Çamaaatın alqış sədalarını eşidib kupedən çıxdı. Qatarın pilləkəninə çatanda izdihamı və müxbirləri görüb heyrətləndi. Cəld yüzlərlə televiziya kamerası üzünə tuşlandı. Proqram rəhbəri dilləndi:
- Sizin pərəstişkarlarınızdı, imza və şəkil istəyirlər. – Sonra rəhbər bir qədər narahat halda sözünə davam elədi. – Əlbəttə, bir qədər vaxtımız var, müəyyən miqdarda imzalaya bilərsiniz. Sonra başqa bir vaxt davam etdirərik.
Sözünü bitirib gülümsədi.
Superstar razı olmadı:
- Yox! Hamıya imza verib, şəkil çəkdirmək istəyirəm. O adamların bizim üzərimizdə çox haqqı var. Ümumiyyətlə, sənət insanlar üçündü, biz yalnız üzərimizə düşən vəzifəni yerinə yetiririk. Amma camaat həyatlarını və vaxtlarını buna sərf eləyirlər.
Sonra qələmini götürdü, hər bir kameraya imza atmağa və gülümsəməyə başladı. İmza və şəkil mərasimiylə birgə iri salona girib məxsusi qoyulmuş kresloda oturdu. Köynəyinin yaxasını düzəltdi, saatına baxdı, axırda izdihama gülümsəyib müxbirlərin suallarını gözlədi.
Biri soruşdu:
- Sənət haqqında nə düşünürsən?
Məşhur ulduz dilləndi:
- Sənət od kimi bir şeydi, sənətkar yanıb kül olur. Bunula belə, sənət saf və gözəldi.
Bir digəri suaql verdi:
- Ən çox hansı rolu sevirsən?
İzdihamın içində bəyirti eşidildi. Super ulduz keçi rolu oynadığını xatırladı. Sonra mələrti eşidildi. Qoyun obrazı yaratdığını da xatırladı. Ardınca it hürdü, at kişnədi.
Superstar bütün rollarını beynində saf-çürük eləyib dilləndi:
- Heyvanxananı da sevirəm, bütün rollarımı da bəyənirəm.
Adamlar qızğıncasına alqışlamağa başladılar.
Biri soruşdu:
- Daha nə qədər çıxış eləyəcəksiniz?
Cavab verdi:
- Ürəyim sinəmdə döyündüyü qədər. Sənətçi sənətiylə yaşamalı, sənətiylə xalqa xidmət eləməli, sənətiylə məzara getməlidi...”
Camaat ətrafını bürümüşdü, izdiham vardı.
...Qəfildən boynunun ardından zərbə aldı. Qəribə yanğı hiss elədi. Qorxudan gözlərini açdı. Usta hiddətli görkəmlə qarşısında dayanmışdı, qışqırırdı:
-Nə səfehləyirsən?!. Nə başqa sənət?!. Get, qoyunları yığ!!!
Çevirən: Nəriman Əbdülrəhmanlı