manera.az
manera.az

Müfəttiş - Fakir Baykurtun hekayəsi

📅 20.08.2025 11:46

Müfəttiş - Fakir Baykurtun hekayəsi
Fakir Baykurt (əsl adı Tahirdir, 1929, 15 iyun – 1999, 11 oktrabr) – nasir, şair, publisist

F.Baykurt Türkiyədə, Burdurun Yaşılova ilçəsinin Akçaköy kəndində anadan olub. Kəndində orta məktəbi, Gönən Köy İnstitutunu bitirib (1948). Bir müddət müəllim işlədikdən sonra təhsilini Ankara Qazi Egitim İnstitutunda tamamlayıb (1955), müəllim, məktəblər müfəttişi kimi çalışıb. 1962-ci ildə ABŞ-da kurs keçib, qayıdandan sonra Türkiyə Müəllimlər Sindikatında işləyib, Türkiyə Müəllim Dərnəkləri Milli Federasiyasının baş katibi olub. 1969-cu ildə sərəncama alınıb, 1971-ci ildə istefa verib, fövqəladə vəziyyət şəraitində həbs edilib, bəraət alandan sonra Almaniyaya köçüb, Duysburq şəhərində yaşayıb.

F.Baykurt yaradıcılığa şeirlə başlayıb, 1950-ci ildən hekayə və romanlar qələmə alıb. “İlanların öcü” (1954), “İrazcanın güzəranı” (1961), “Onuncu kənd” (1961), “Amerikan sargısı” (1967), “Tırpan” (1970), “Kəndköçürən” (1973), “Kəklik” (1975), “Qara Əhməd dastanı” (1977), “Yayla” (1977), “Hündür fırınlar” (1983), “Yekəpər Ren” (1986), “Yarım çörək” (1997), “Tısbağalar” (1980) romanlarını, hekayələrini, cəmiyyət və maariflə bağlı məqalələrini, uşaq kitablarını qələmə alıb. Əsərləri bir çox dillərdə nəşr olunub.

F.Baykurt Yunus Nadi roman (1958), TRT Sənət (1970), Türk dil Qurumu roman (1971), Səid Faiq hekayə (1974), Orxan Kamal roman (1978), Berlin Senatı (1984), Alman Sənaye Birliyi (BDİ, 1985), Sədat Simavi roman (1998), Pir Sultan Abdal Dərnəyi (1999) mükafatlarına layiq görülüb.


MANERA.AZ Nəriman Əbdülrəhmanlının tərcüməsində Fakir Baykurtun "Müfəttiş" hekayəsini təqdim edir.

İyirmiyədək uşaqda bit tapıldı. Bu da olmasaydı, təftişi uğurla başa vurmuş sayılacaqdım. Onda müfəttiş qaşqabağını sallamayacaqdı. Qaşları çatılmayacaqdı. Sinfin ortasında belə qışqırıb-bağırmayacaqdı.

Əsgərlikdən qalma vərdişlə başımı aşağı salıb susdum.

“Əllərimi sabunla yuyub dincəlmək istəyirəm”, - dedi.

Deməli, yarımca saatın ərzində yoruldu.

Babat bir kilim, iki nazik döşəkçədən başqa bir şeyi olmayan subay otağıma dəvət eləməyə məcbur oldum.

Bayırda əllərini yudu, içəri girdik. Otağa qəribə tərzdə göz gəzdirdi. Döşəkçəni göstərdim ki, bəlkə, oturdu. Burnunu qırışdırdı:

“Bu masanın yanına kətil gətirsən, daha məmnun olaram!” – dedi.

Gedib kətil gətirdim. Oturdu. Əsəbiydi. Yandırdığı siqareti iki qüllabla çəkdi. O, eləcə əsəbi halda oturmuşdu, mən ayaq üstdə gözləyirdim. Biq qədər sonra başını qaldırıb soruşdu:

“Yaxşı, bu bit məsələsi necə olacaq?”

“Əlimdən gələni eləyirəm. Başa salıram, öyrədirəm, amma yenə də bitli gəlirlər”.

Mənə çəmkirdi:

-Ola bilməz, əfəndim, - dedi, - bitli gələ bilməzlər. Bura bəy axuru deyil, cümhuriyyət məktəbidi! Cümhuriyyət məktəbinə bitli gələ bilməzlər...”

Səbir-qərarım kəsildi:

“Bunlar da Cümhuriyyət övladlarıdı, möhtərəm bəyim, - dedim, - amma görürsünüz ki, gəlirlər!”

Bu dəfə əməlli-başlı hirsləndi:

“Deyirəm ki, gələ bilməzlər, həm də qadağan eləyirəm! Dəftərinə yaz: Bundan sonra məktəbə bitlə gəlmək olmaz! Tədbir görəcəksən! Bütün kökünü qazıyacaqsan. Dediklərimi başa düşürsən? Əvvəlcə bit! Bütün problemlərdən əvvəl bit problemini həll eləmək lazımdı! Bit problemi həll olunmadan heç bir problem həll edilliş sayıla bilməz, başa düşürsən, gənc həmkarım? Biu ən böyük ayıbdı...”

“Hər uşağa ayrıca otaq lazımdı. Odun lazımdı. Sabun lazımdı, pul lazımdı...”

“Mənim belə şeylərdən başım çıxmır. Atalarına de, lazım olanı tapsınlar. Bitli gəlməkdə inad eləyərlərsə, cəzalandır! Heç rəhmin gəlməsin, kimdə bit tapılsa, ağzına at! Gör dərhal necə təmizlənir!..”

Ayaqlarımı bir-birinə vurdum:

“Baş üstə!” – dedim.

Deyəsən, daha deməli sözü qalmamışdı:

“Bax, belə, - dedi, - bu problemi də bu cür həll elədik...”

Masamım üstündəki açıq kitab gözünə dəydi:

“Deməli, arabir kitab da oxuyursan?”

“Bəli! Tapanda oxuyuram...”

Kitabı götürdü, vərəqləməyə başladı:

““İnsanları sevməlisən”, hə? Bunu kim yazıb? – Səhifələməyə ara verdi, kirabın titul vərəqinə qayıtdı, hələ də əsəbiydi. – Aaa! – qəfildən qışqırdl.

Remarkın əsəridi. Erix Maria Remarkındı! – Gözlərinə qan sağaldı. – Bu, solçudu!”

Yanımızda kəndçilərdən Dəligöz Ali vardı, bilmirəm sağı-solu başa düşürdü, ya yox. Müfəttiş od almış kimi kükrədi:

“Bunu necə oxuya bilərsən? Necə, necə, necə?”

“Əfəndim, bu yazıçı almandı!” – dedim.

Amma sakitləşənə oxşamırdı.

“Nə olur-olsun! Solçudu! Mən bunu bilir, deyirəm! Kitabları qadağan olunub. Hələ iki ay əvvəl bir sənəd imzalamışam: şagirddə, müəllimdə - kimdə görsək, müsadirə eləmək borcumuzdu”.

“Sənət dəyəri yüksək olan əsərdi, əfəndim!”

“İndi bu məsələ baradə mübahisəyə girə bilmərəm! Mən yalnız aldığım əmr üzrə hərəkət eləyən adamam. O əmri olduğu kimi yerinə yetirirəm. Bir hərfini belə güzəştə getmərəm!..”

Nə desəm, beləcə kəsib atırdı.

“O solçu, bu solçu, bəs, bu məmləkətdə kimin əsərini oxuyacağıq?”

“Cənabı oxu, Ömər Seyfəddini oxu, Mehmet Raufu oxu... Ədəbiyyatımızda yazıçı yoxdu, bəyəm?”

“Onları oxuyanda darıxıram, - dedim, - havasına görə çağımızla heç bir əlaqəsi olmayan kitablardı... O əsərləri xoşlamıram...”

“Onda ingilis yazıçıları oxu, heç bir qadağa yoxdu. Amerika yazıçılarını oxu. Gen-bol tırcümə edilirlər...”

“Onları da solçu adlandırırlar. Keçən həftə Gəzici gəldi, Steynbekin kitabını əlimdən aldı!”

“Steynbekin kitabını aldı? Bu nə deməkdi? Steynbek necə solçu ola bilər? O, hər şeydən əvvəl, amerikalıdı. Bütün əsərlərini oxumuşam, çox yaxşı tanıyıram, çox gözəl əsərlərdi...”

“Hamısını oxumusunuz? “Sonsuz çarpışma”nı, “Qəzəb salxımları”nı da, hə?”

“Əlbəttə oxumuşam... Üstəlik, “Tütün yolu”nu, “Qoca balıqçı”nı da oxumuşam...”

Güldüm! Birdən gözlərimdə işıq bərq vurdu. Ürəyim küt-küt döyünürdü. Səfehliyi açıq-aşkar məlum olan bu adamla məzələnmək istəyir, amma cəsarət eləyə bilmirdim.

“Hə, bax, belə, gənc həmkarım! – dedi. – O damğalı yazıçılardan əl çək, çox gözəl, çox təmiz əsərlər var, onları oxu. Bax, kəndin də yol üstündə yerləşir.

Mən bir söz deməsəm də, sabah bir də gördün, vali gəldi. Gəlməz, amma gələ bilər. Dəniz od tutub yana bilər? Yanmaq ehtimalı var. Ona görə də valinin gəlməsi də mümkündü. Yaxud qayməqam, ya millət vəkili gələr... Bu kitabları əlində görərlər, başına iş açarsan. Həyatını məhv eləyərsən. Ömrün boyu həbsxanalarda çürüyərsən. Bilirəm, təmiz adamsan. Ziyalısan. Amma təkcə ziyalı olmaq, yalnız təmiz olmaq bəs eləmir. Təmiz olduğunu göstərməlisən.

Göstərməsən, hökumət təmiz olduğunu hardan biləcək? Təmiz adamı təmiz olmayan adamdan necə ayırd eləyəcək? Rəml atmayacaq ki? Təmiz adam hökumətin tapşırdığı işləri görər, tapşırmadığı işləri görməz. Bax, məsələn, mən təmizəm, həm də beləyəm: tapşırdığı işi görürəm, tapşırmadığı işləri, atam qəbirdən qalxıb üstümə gəlsə, görmürəm. Hökumət çünki... çünki...”

Bu yemək, həzm eləmək mümkün olmayan nəsihətləri tər tökə-tökə dinləyirdim.

“Oldu, əfəndim! – dedim. – Necə də olsa, məndən böyüksünüz, başınız da yaxşı işləyir. Bundan sonra bu solçu alçağın kitablarını oxumayacağam!”

“Hətta evində də saxlama, yandır!”

“Yandıracağam...”

“Dediyim yazıçıları oxu! Məsələn, Steynbek, həqiqətən, heyrətamizdi. Mən onun bütün əsərlərini oxumuşam: “Zənglər kimin üçün çalınır?” əsərini də,
“Allaha həsr olunmuş torpaq” əsərini də...”

Qəlbimdə onu ələ salmaq istəyi oyanırdı:

“”Qərb cəbhəsində təbəddülat yoxdur” əsərini də oxumusunuz, əfəndim?

“Sənə nə deyirəm? Bütün kitablarını oxumuşam. O da gözəldi! Amma xeyli əvvəl oxumuşam. Deyəsən, Pedaqoji İnstitutda oxuyurdum. Tapsam, bir daha oxuyaram...”

Yavaş-yavaş toruma yaxınlaşırdı. “Qərb cəbhəsində təbəddülat yoxdur” əsəri kitabxanamda vardı. Üzünə qəzet çəkmişdim. Kitabı götürüb dilləndim:

“Buyurun!”

Həddən artıq coşğunluqla dilləndi:

“Təşəkkürlər! Təşəkkürlər!”

“Aparıb oxuyarsınız, - dedim, - mən ilçəyə enəndə götürərəm”.

Bitləri, bitli uşaqları unutmuşdu.

“Əskik olma, - dedi, - təşəkkür eləyirəm. Steynbek çox gözəl yazıçıdı. Çox sevirəm...”

“Ən gözəl əsəri budu”, - dedim.

“Bəli... Bir daha oxuyacağıma görə sevinirəm. Müharibə adlanan şeyi onun qədər realistcəsinə təsvir eləyənyazıçı xatırlamıram...”

Kitabı əlində yelləyə-yelləyə danışırdı. Təki üz qabığını aça, titul vərəqinı baxaydı!..

“Hələ ilk cümləsi çox gözəldi, əfəndim...” – dedim.

“O cümləni oxuyaq!” – dedi.

Qapağı qaldırdı, üçüncü səhifə açıldı, döşünə yatmadı.

“Ansaq tərcüməsi yaxşı deyil. Həm də çox köhnədi...”

“Neçənci ildə çap olunub? Tarixinə baxaq...”

Titul vərəqini açanda sifəti dəyişdi:

A!.. A!.. Remark!.. Bu da Remarkın əsəridi? Bəlkə, bir səhv var?”

“Bəli, müfəttiş bəy, “Qərb cəbhəsində təbəddülat yoxdur” əsəri də Remarkındı...”, - ehtiyatla dilləndim.

Kitab əlindən düşdü. Yerindən dik atıldı:

“Bəli... Bəli, gənc həmkarım, - dedi. – Bəli, sizdən bit probleminə dərhal son qoymağınızı tələb eləyirəm. Hər şeydən əvvəl, bunu aradan qaldırın! Bu dəfə fəaliyyətinizi məlumatımda zəif göstərəcəyəm. Oxuduğunu kitablarla bağlı da diqqətli olmağınızı tövsiyə eləyirəm”.

Bu dəfə baş əymədən dilləndim:

“Necə istəyirsiniz, o cür eləyin, məncə, bunun əhəmiyyəti yoxdu, möhtərəm bəyim”, - dedim.

Çevirən: Nəriman Əbdülrəhmanlı


Baxış sayı - 326 | Yüklənmə tarixi: 20.08.2025 11:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031