İsaxan Aşurov: Dünyanın ən nikbin insanı

MANERA.AZ Nəriman Əbdülrəhmanlının yeni yazısını təqdim edir.
Xatırlatma
İsaxan Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini, 1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1977-1981-ci illərdə Qazax Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-1989-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi, 1989-1991-ci illər ərzində Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsi rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib.
1996-cı ildən vəkil kimi çalışıb. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olub.
2012-ci il iyunun 22-də müalicə üçün getdiyi ABŞ-da vəfat edib, doğma Faxralı kəndində dəfn edilib.
Sülh və Demokratiya İnstitutu (SDİ) 2012-ci ildən insan hüquqları, demokratiya uğrunda mübarizə aparanlara “İsaxan Aşurov” mükafatı verir.
1. Ruhuma doğma adam
Çox vaxt ruhuna doğma adamla şəxsi tanışlığın tarixini xatırlamaq olmur. Sənə elə gəlir ki, onu ən azı, dünyaya gələndən tanıyırsan...
Hər dəfə unudulmaz insan, bənzərsiz ziyalı İsaxan Aşurov haqqında düşünəndə beynimdən məhz bu fikirlər keçir və hər dəfə də duyğularımın məni aldatmadığına səmimi-qəlbdən inanıram.
Amma o yadımdadı ki, tanışlığımız 1990-cı illərin əvvəllərində, təntənəsiz-filansız, “bir köynək yaxın” adamlara xas tərzdə, bir qədər də ərkyana olub. Onda İsaxan Aşurov hüquq-mühafizə orqanlarındakı işindən yenicə ayrılmışdı, ictimai həyatda fəal iştirak edirdi, ölkənin ən adlı-sanlı hüquqşünaslarından idi, çətin məhkəmə proseslərindən uğurla çıxırdı, üstəlik də hüquq müdafiəsi sahəsində nüfuzu hər kəsə bəlliydi, Beynəlxalq miqyasda tanınırdı.
Elə ilk söhbətimizdəcə ədəbiyyata və sənətə bələdliyini görüb əməlli-başlı təəccüblənmişdim...
2. Xalqla nəfəs-nəfəsə
İsaxan haqqında tələbəlik illərində eşitmişdim, ortaq tanışlarımız xarakteri barədə dönə-dönə söz açmışdılar.
Çox-çox sonralar – 80-ci ilərin axırı-90-cı ilin əvvəllərində isə sorağını Tovuzdan, Göyçaydan, Qazaxdan aldım. Xüsusilə onun Qazaxdakı fəaliyyəti haqqında yerli camaat xüsusilə ağızdolusu danışır, ədalətli, qətiyyətli, insaflı və vətənpərvər oduğunu deyirdilər. Həmin vaxtlar Azərbaycanda yaranmış ağır şəraitdə İsaxan Aşurov kimi millətsevər və torpaqsevər adamlara ehtiyac həddən artıq çox idi. Şəxsən tanıyandan sonra sezdiyim kimi, İsaxan da həmişə fəaliyyətinə daha artıq ehtiyac duyulduğu yerdə olmağa üstünlük verir, bu məsələdə isə heç vaxt yanılmırdı.
90-cı illərin əvvəllərində Qazax rayon Daxili İşlər Şöbəsinin rəisi olan polkovnik İsaxan Aşurov, sözün əsl mənasında, Azərbaycanın bütöv bir bölgəsini həm cinayətkarlardan və möhtəkirlərdən, həm də erməni təcavüzkarların basqınlarından qorumaq üçün silahdaşları ilə birgə böyük fədakarlıq göstərirdi.
Həmin vaxt hərbi xidmətdəydim, Müdafiə Nazirliyinin tele-kinostudiyasında baş redaktor işləyirdim. Cəbhə bolgəsində çəkiliş aparmaq üçün Qazağa gedəndə camaatın ümidinin yerli vətənpərvərlərə arxalanan İsaxan Aşurov və o vaxt Qazax briqadasının komandanlığının olduğunu hiss elədim. Azərbaycan üçün ən çətin dövrdə onlar əsl mərdlik və dəyanət göstərib məsul olduqları ərazidə asayişi qorumağı, torpaqlarımızı düşməndən qorumağı bacardılar. Bu isə torpağn müdafiəçilərinə böyük mənəvi güc bahasına başa gəldi.
Onda İsaxan Aşurov haqsız ittihamlarla üzləşsə, mənəvi əzablara düçar olsa da bütün çətinliklərə mətanətlə sinə gərdi, əqidəsindən dönmədi...
3. İnsanlarda həyata sevgi oyadırdı...
Yaxın tanışlığımız İsaxan Bakıya qayıdandan, müstəqil vəkillik fəaliyyətinə başlayandan sonra baş verdi. Bunun üçün də elə bir xüsusi şərait yaranmamışdı, hər şey öz-özünə və təbii şəkildə olmuşdu. Həm doğulduğumuz torpaq, bir neçə ortaq dostumuz bizi bir köynək yaxınlaşıdırmışdı, həm də dünyabaxışımızdakı oxşarlıqlar ünsiyyət üçün başqa səbəblər axtarmağa qoymamışdı. Təbiətinə görə çox istiqanlı və insansevər oan İsaxan səmimi münasibətimiz üçün aradakı bütün maneələri asanlıqla qaldırmışdı.
Boynuma alım ki, məni İsaxanda ən çox heyrətləndirən cəhət onun indiyədək tanıdığımız və alışdığımız hüquq-mühafizə orqanı əməkdaşı tipinə heç də uyğun gəlməməsi idi. Qəddi-qamətindəki əzəməti tamamlayan nəzakət, səmimiyyət, nikbinlik istər-istəməz insana müsbət təsir göstərirdi.
İsaxanın yanında ölgün, bədbin, hər şeydən narazı olmaq mümkün deyildi. O adamlarda həyata sevgi oyatmağı bacarır, bunu da üzə vurmadan, həm də böyük ustalıqla yerinə yetirirdi. Bircə təbəssümü və bənzərsiz gülüşü bəs idi ki, dünyaya başqa gözlə baxa, müvəqqəti də olsa, dərd-sərini unuda, insanları yenidən sevəsən.
Bu mənada onu elə indi, fiziki yoxluğundan sonra da dünyanın ən nikbin adamı sayıram. Çünki İsaxanın simasını gözlərim önünə gətirən kimi, qəlbimdə nikbinliyin bərqərar olduğunu duyuram.
4. Ziyalılığın canlı təcəssümü
İlk görüşümüzdəncə təəccübümə səbəb olan başqa bir məqam da İsaxan Aşurovun daxili zənginliyi, erudisiyası, geniş mütaliəsi idi. Daim təkcə peşəsi üçün gərəkli olan hüquq ədəbiyyatını yox, elmi və bədii əsərləri oxumağı da sevirdi. Ən çox sevdiyi də böyük şəxsiyyətlərin həyatından bəhs edən memuarlar, onların düşüncələri idi. Mustafa Kamal Atatürk, Avraam Linkoln, Corc Vaşinqton, Mahatma Qandi... haqqında saatlarla danışa, fikirlərini şərh eləyə bilərdi. Buna görə də İsaxanla tarix, ədəbiyyat, mədəniyyət mövzularında məzmunlu söhbət eləmək olur, bu da hamıya zövq verirdi.
Müşahidələrimdən şahidəm ki, İsaxan mətbuatı, ünsiyyəti oldu-olmadı, bir çox qələm adamlarının yaradıcılığını diqqətlə izləyirdi. Hər bir yazımdan sonra ya zəng vurar, ya da rastlaşanda fikrini bildirir, bəyəndiyini deməklə yanaşı, razılaşmadığı məqamları gizlətmir, ancaq bunu həddən artıq mədəni şəkilə ifadə eləyirdi. Hər yeni kitabım işıq üzü görəndə təbrikini çatdırır, oxuyandan sonra mütləq düşüncələrini çox dəqiq formada çatdırırdı.
Həm də fikirləri o qədər məntiqli və sanballı olurdu ki, adama elə gəlirdi, İsaxan əgər hüquqşünaslığın ardınca getməsəydi, yəqin, ya jurnalist, ya alim-tədqiqtçı, ya da yazıçı olardı...
5. Bütöv və bitib-tükənməz sevgi
İsaxan Aşurov həddən artıq təəssübkeş insan idi. Onun qəlbində insan, torpaq və millət sevgisi bütöv və bitib-tükənməz idi...
Şübhəsiz, həyatı və mübarizəsi Azərbaycanın dövlətçiliyi, xalqımızın xoşbəxt gələcəyilə bağlıydı, buna görə də İsaxandan ötrü iqtidar və müxalifət ayrımçılığı yerli-dibli yox idi. Belə hesab eləyirdi ki, başlıcası milli dövlətin mövcudluğu və təhlükəsizliyidi, iqtidar-müxalifət mübarizəsi isə təbii haldı, yalnız və yalnız dövlətçiliyin möhkəmləndirilməsinə xidmət eləməlidi. İsaxan hər iki cəbhənin ümummilli məsələlərdə dil tapmasına və həmrəy olmasına xüsusi əhəmiyyət verirdi. Bu mənada, onun mövqeyi həmişə öz konstruktivliyi ilə fərqlənirdi.
İsaxan Aşurovun yurd sevgisi sonsuz idi. Bunu xüsusilə Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə bağlı məsələlərə münasibətində daha aydın hiss eləmək olurdu. O Borçalı adlandırdığımız mənəvi ərazidə baş verənlərə biganə qalmağı heç cür bacarmırdı, ən çətin vaxtlarda belə dövlətin, ictimaiyyətin və ziyalıların diqqətini bu səmtə yönəltmək üçün bütün imkanlarından istifadə eləyirdi. Hətta, “Borçalı” cəmiyyətinin fəaliyyət imkanlarının məhdud olduğu dövrlərdə belə öz köməyini əsirgəmədi, cəmiyyət üzvlərinin rəhbərlik etdiyi təşkilatın ofisində toplaşması, müəyyən faydalı işlər görməsi üçün əlindən gələni elədi.
Bu, əlbəttə, onun şəxsi fəaliyyəti üçün bir sıra çətinliklər törədirdi. Amma o təəssübkeş ziyalı kimi, şəxsi mənafeyini ümumi mənafeyə qurban verməyi bacarırdı, bunu da özünəməxsus comərdliklə edirdi.
6. Yorulmaz təşkilatçı, fədakar insan
Həmin dövrdə İsaxan Aşurovla Borçalıda keçirilən bir neçə tədbirdə iştirak elədik. Hər dəfə də onun bütün xarakter cizgiləri ilə yanaşı, böyük təşkilatçılıq
qabiliyyətinin şahidi oldum. O adamları inandırmağı, öz arxasınca aparmağı, fərdlər arasında səmimi münasibət yaratmağı, hamını ümumi iş ətrafında birləşdirməyi bacarırdı. Həmin səfərlərdə İsaxanın əvəzsiz yol yoldaşı, gözəl məclis adamı, etibarlı yoldaş kimi, gözəl mənəvi keyfiyyətlərini də kəşf elədim. Nəzakətli davranışı ilə yanaşı, hazırcavablığı, şirin söhbətləri və duzlu yumoru az müddət ərzində onu diqqət mərkəzinə salır, nəticədə yanındakılar yolun yorğunluğunu dərhal unudurdu.
İsaxan təbiətə, ilkinliyə, saflığa həddən artıq bağlı insan idi. Borçalıya, doğulub boya-başa çatdığı Faxralıya hər səfərini elə müfəssəl və elə gözəl təsvir eləyirdi ki, istər-istəməz qəlbində o yerləri görmək arzusu oyanırdı. Əli Borçalıya, Faxralıya, ya da qəlbən bağlı olduğu Tovuza və Qazağa çatmayanda yurd istəyini Bakıya yaxın yerlərdə ovudurdu.
Bir neçə dəfə bu istəklə Şamaxı və Altıağac səfərində yol yoldaşı olduq. Onda onun bəzən insan tünlüyündən qaçmaq, təbiətlə təkbətək qalmaq ehtiyacı duyduğunu hiss elədim. Deyirdi, bu dağlara, dərələrə, meşələrə, düzlərə baxanda insanın kainat qarşısında nə qədər kiçik olduğunu hiss eləyirsən, başa düşürsən ki, hər şey ötüb-keçəridi, ömrünü mənasız mübarizələrə həsr eləməkdənsə, təbiətin qoynunda sərbəst yaşamaq daha gözəldi...
7. Unudulmaz xatirəsi qaldı...
Mərdlik, dəyanət, əqidəlilik kimi xüsusiyyətləri ilə yanaşı sədaqət və xeyirxahlıq da İsaxanın xaraqkter cizgilərindən idi. Onun qəlbən bağlı olduğu insanlarla bağlı fikirlərini heç bir qüvvə dəyişdirə bilməzdi. Ən çətin vaxtlarında da, ən xoşbəxt günlərində də həmin insanlarında olmağı özünə borc sayırdı. Hər hansı işlə əlaqədar üstünə gələn adama yardım göstərmək üçün bütün imkanlarını səfərbərliyə alır, bunu da minnət kimi yox, o qədər təbii şəkildə eləyirdi ki, heyran qalırdın. Bəlkə, elə buna görədi ki, indiyədək onun haqqında yalnız müsbət fikirlər eşidirəm.
Xəstəlikdən əziyyət çəkdiyini bilirdik. Dəmir kimi möhkəm iradəsi hesabına bunu üzə vurmasa da müalicəyə ciddi ehtiyacı olduğu hamıya gün kimi aydın idi. 2012-ci ildə bu məqsədlə ABŞ-a üz gedəndə nikbin idik, kəmfürsət mərəzi yenəcəyini tam əmin idik.
Amma iyunun 22-də o məşum xəbəri aldıq, çətin də olsa, fiziki yoxluğu ilə barışmaq məcburiyyətində qaldıq...
Bircə təsəllimiz var ki, İsaxan Aşurov əsl ZİYLI və VƏTƏNDAŞ kimi MƏNALI, həm də İŞIQLI ÖMÜR yaşadı, yaddaşlarda da DÜNYANIN ƏN NİKBİN ADAMI kimi qaldı...
2025, avqust