Susuz səhralarda gül açdıran eşq - İlham İnam yazır

MANERA.AZ şair-publisist İlham İnamın Aləmzər Əlizadə yaradıcılığı haqqında yazısını təqdim edir.
Aləmzər xanımı demək olar ki, gənclik illərimdən tanıyıram. Gəncə şəhəri bizə yaxın olduğu üçün onunla ədəbi -bədii tədbirlərdə həmsöhbət olmuşuq.
Aləmzər xanım çox sadə, təvəzökar, sakittəbiətli bir insandır. Eyni zamanda həssas, duyumlu, diqqətcil xarakterlərə də malikdir.
Adətən ədəbi ictimaiyyət A.Əlizadəni uşaq ədəbiyyatının nümayəndəsi kimi tanıyır. Eyni zamanda Aləmzər xanımın böyüklər, o cümlədən gənclər üçün də maraq kəsb edən şeirləri yetərincədir. Mən onun bu səpkidən olan şeirlərinə müraciət etmək istərdim.
Şairənin "Necə gözləmişdim " şeiri ilk baxışdan oxucuda poetik təəssürat yaradır. Sevən bir insanın ilk sevgi görüşünə getməzdən öncə keçirdiyi həyəcan hissləri, ürək çırpıntıları bu şeirin ilk misralarından müsbət enerji yaradır:
Necə gözləmişdim bu görüşü mən,
Dodağım səyridi, dilim titrədi.
Ürəyimin "Gup-gup " - döyüntüsündən,
Nə salam eşitdim, nə salam verdim.
Bəli, sevənlərə xas olan utancaqlıq, çəkincənlik hissləri təbii və səmimi ifadələrlə oxucunun diqqətinə çatdırılır.
Ruhla eşq arasında gedən daxili təbəddülat onların yaşadıqları gərgin anların bədii təzahürü kimi meydana çıxır.
"İstəyin qəlbdə aram olmaması" sevənlərin nə danışdıqlarına deyil ürəklərinin səsinə qulaq asmalarını diqtə edir.
Alıb qayğıların əlindən bizi,
Xəyalım göyləri dolaşdırırdı.
Haraya çağırıb çayı, dənizi,
Susuz səhralarda gül açdırırdı.
Lirik qəhrəmanın düşüncələri əslində bütün sevənlərin düşüncəsidir. Bu düşüncələrdə bir saflıq, bir paklıq, bir qutsallıq hökm sürür.
Sevənləri qayğıların əlindən alan xəyallar onları masmavi səmalarda dolaşdırır. Eyni zamanda bu qutsal eşq dənizləri, çayları haraya çağıraraq susuz səhralarda gül açdırmaq əzminə qadirdir.
Yeni çağrışın dalınca uçan kəpənəyin qanadlarının aranı kəsməsi, ağla - qaranı ayırd etmək məqamında şirin duyğuların uçquna düşməsi kimi hisslər sevənlərə ağlı-qaralı, asanlı-çətinli bir dünyanın başlanmasının işarətləridir.
Yaralı ürəyim bərk aşınmışdı,
Mən bir də özümə gələ bilmərəm.
Mən o məhəbbəti tək yaşamışdım,
Mən bu iztirabı bölə bilmərəm - deyir sevən insan. Sevgidən yaralanan bir qəlbin mənəvi aşınmalara məruz qalması , bu səbəbdən sevən kəsin bir daha özünə gələ bilməməsi, bu məhəbbəti illərlə ürəyində tək yaşadan insanın bu şirin iztirabı heç kəslə bölə bilməməsi fədəkarlığı sevəni oxucu gözündə ucaldaraq onun sevgisinə oxucu rəğbəti, oxucu ehtiramı formalaşdırır. Hər şey o ilk görüşdən başlayaraq bir ömür insan üçün yaddançıxmaz notlara köklənir.
Aləmzər xanımın "Sevgi dualarım qəbul olunmur " şeiri də diqqətçəkən məqamlarla zəngindir. Şairə bu səpkili şeirlərində oxucu ruhunu tutmaqla yanaşı onların yaşantılarını poetik boyalarla təsvir və tərənnüm etməyi sənətkarcasına uzlaşdırır.
De niyə başlandı bu dəli oyun?
Gündüzüm qaranlıq görünmür boyun.
Xəbərin varmı ki, a bəxti yeyin,
Sevgi dualarım qəbul olunmur.
A.Əlizadənin məhəbbət mövzulu şeirlərindən biri də bu şeiridir. Sevgini " dəli oyun" adlandıran lirik qəhrəman bəlkə də fikirlərində haqlıdır. Çünki sevgi yarımdəlilik kimi bir hissdir. Digər bir tərəfdən gündüzün də qaranlıq kimi görsənməsi təzadı sevənlərin boy-buxununun da görünə-görünə görünməməsi anlamına gəlir.
Bu "dəli sevgi oyunu" inkarın təsdiqi və yaxud təsdiqin inkarı kimi oxucunu nəticə çıxartmağa çağırır. Şeirdə qəribə bir müraciət forması da var. Sevən sevdiyinə "a bəxti yeyin " - deyə, xitab edir. Belə nəticəyə gəlmək olur ki, qarşılıqlı sevginin özündə də bir qəribə təzad var.
Belə ki, sevənlərdən birinin bəxti yeyindirsə, digərinin sevgi duaları niyə qəbul olunmur sualı oxucunu dərindən düşünməyə vadar edir. "Yüz cür çiçəkləyib, yüz cür gül açsa"da "sevgi dualarının qəbul olunmaması " gerçəkliyi ilə üzləşən sevgi adamı bunu taleyin işi kimi qəbul etmək məcburiyyətindədir .
Aləmzər xanımın "Bir ürək tutumu" şeiri də düşüncəmizə hakim kəsilən fikirlərlə zəngindir.
Gecələr gündüzə açılan kimi,
İki gül üz - üzə açılan kimi.
Sirli bir möcüzə açılan kimi,
Ürəyim kimsəyə açılmayacaq.
Bu şeirdəki fikirlərin özü də sirli, sehrli, möcüzəli düşüncələrin məhsuludur. Gecəylə gündüzün, iki gülün, sirli bir möcüzənin açılan məqamında ürəyin açılmaması fikri oxucu nigarançılığını artırır. Bir növ A.ƏIizadənin bu şeiri qıfılbənd təsiri bağışlayır.
Hər bir şeyin açılıb açığa, aydlnlığa çıxdığı bir anda ürəyin açılmaması və qıfılına açar olmaması fikri ilə üz - üzə qalırıq. Şairəyə görə ürəyin niyə açılmamasının sirrini, möcüzəsini həssas oxucu özü anlayıb tapmalıdır.
Yazımın sonunda Aləmzər xanıma can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
23.07.2025