Sekel türkünün hekayəsi: Azadlıq quşu - Yeni tərcümə

Sekellər (Sekeylər) Macarıstan imperatorluğunun tərkibində olmuş, hazırda isə Rumıniya ərazisində yerləşən Transilvaniya (Erdeldə) əhalisindən ibarət bir topluluqdur. Təxmini hesablamalara görə, həmin ərazidə 800 min nəfərə yaxın Sekel Türkü yaşayır.
Sekel yazıçı Aron Tamaşi (mac. Aron Tamasi, əsl adı Tamas Yanos, 1897, 20 sentyabr – 1966, 26 may) – Udvarhey medyesində (indiki Lupeni, Hargita medyesi) Farkaşlakada sekel ailəsində anadan olub, orada orta məktəbi bitirib, Babeş-Boyyai Universitetində hüquq və kommersiya ixtisası üzrə təhsil alıb. O, 1923-cü ildə ABŞ-a köçəndən az sonra Transilvaniya Rumıniyanın tərkib hissəsinə çevrilib. 1926-cı ildə evinə qayıdıb, 1944-cü ilədək Transilvaniyada yaşayıb, 1944-cü ildə Budapeştə köçüb, ömrünü də orada başa vurub.
A.Tamaşinin macar dilində qələmə aldığı ilk romanları ABŞ-da yaşadğı dövrün məhsuludur. Vətəni Transilvaniyada və Macarıstanda isə əsl Sekel tərzində yazdığı hekayələrinə görə məşhurdur. Ən məşhur əsərlərindən biri Harqita dağlarında tək yaşayan sekel oğlan, gənc meşəbəyi Abelin macəraları barədə roman trilogiyasıdır. “Abel qalın meşədə” (1932), “Abel öz ölkəsində” (1934), “Abel Amerikada” (1936), adlı trilogiya, eyni zamanda, “Nəğməkar quş” (1934), “Buzlağı sındıran Matyaş” (1936), “Ulduz bərq vurur” (1937), “Aldadıcı göyqurşağı” (1942), “Beşik və Bayquş” (1942), “Vətən güzgüsü” (1953) romanları və hekayələri onu rumın ədəbiyyatının ən sanballı nümayəndələrindən biri kimi tanıdıb.
A.Tamaşi doğma Sekelistanda - vətəni Transilvaniyada və Macarıstanda əsl Sekel tərzində yazdığı hekayələrinə görə məşhurdur.
MANERA.AZ Sekel türkü Aron Tamaşinin "Azadlıq quşu" hekayəsini təqdim edir.
Səkkiz yaşımda getdiyim kiçik Sekel şəhərciyi doğma kəndimin yaxınlığında yerləşirdi. Daha dəqiq hesablasaq, arada on iki kilometr məsafə vardı.
Düzdü, hərdən, xüsusilə də Milad və Pasxa bayramlarında bu yol həddən uzaq görünürdü. Aydın məsələdi ki, bizi tətilə buraxırdılar, mən də piyada ora gedib qayıtmalıydım. Milad bayramında canavarların dolaşdıqları qarlı, Pasxa bayramında isə keçilməz bataqlıq olan yolla gedib-gəlməliydim.
Yayda isə məni uzunmüddətli tətil üçün evimizə həmişə arabayla gətirirdilər..
Amma çox tezliklə hər cür səfəri və başqa ağayana işləri unutmaq lazım gəlirdi, çünki məni evdə iş səbirsizliklə gözləyirdi. Üstəlik, elə işləməliydim ki, sanki bütün qışı heç də elm öyrənmək üçün yox, ancaq təsərrüfatla məşğul olmaq üçün hazırlaşmışdım.
Mən də başımı qaldırmağa ümid bəsləmədən işləyirdim. Dördüncü sinfə getməyə getməyə çalışanda, bütün ümidlərim qəfildən alt-üst oldu. Axı həmin yay ilk böyük müharibə başladı, bu da çiyinlərimə o qədər iş yüklədi ki, heç ağlıma gətirə bilməzdim. Nəfəs dərmədən işləyirdim, çünki otuz iki yaşınacan bütün kişiləri orduya aparmışdılar, yalnız biz – qocalar, bir də uşaqlar – qalmışdıq.
Bax, elə onda da on beş yaşlı əllərim və belim kərəntiyə əməlli-başlı öyrəşdi, tezliklə bu böyük bacarıq sahibi oldum. Kənd əhli bu vəziyyətdən xəbər tutdu, artıq yayın ortalarında təkcə qohumlarımız Allaha and verib yardım göstərməyim üçün yalvarmırdılar, yadlar da evimizin kandarını yağır eləyir, sanballı məbləğ vədi verirdilər. Belə hallarda təmkinlə xahişləri dinləyir, cavabımı bildirməyə tələsmirdim. Axırda da, adətən, anam səsini çıxarırdı:
-Axı macal tapmazsan, ay oğul, elə deyil?
-Heç cür macal tapmayacağam, - elə kədərlə cavab verirdim ki, sanki ürəyim parçalanırdı.
Amma Lyörins Hadnad dayı gələndə, aydın məsələdi ki, dərhal başqa cür danışdım.
Çünki Lyörins dayıdan hamını cəlb eləyən şənlik saçılırdı, üstəlik də ağzından elə sözlər çıxarırdı ki, o kəlmələri eşidəndə təxəyyülüm qanad açıb uçurdu. Həm də nə barədə danışır-danışsın, yalnız yalnız həqiqəti söyləmirdi, onun danışığında qoxular çiçək ətri verir, hərarət insana alov dilləriylə nəvaziş göstərirdi.
Ümumiyyətlə, o, həqiqini gerçəyə çevirirdi.
Bu xasiyyətinə görə sevdiyim üçün onunla birgə ot biçməyə sevinclə razılıq verirdim. Hətta yanaşı cərgələri bir-birinin böyrünə düzdüyümüz gül-çiçəklə dolu günləri indiyəcən xatırlayıram.
Bir gün xüsusilə yadımdadı.
Düzünü deyim, o da günortaya yaxın, demək olar, bütün qalan biçinçilər kimi heydən düşürdü. Səhər obaşdan şehli otu biçirdik, ətrafda isə həşaratlar vızıldaşır, cırıldayırdılar; şeh quruyanda aralarında qanad çalan kəpənəkləri də doğrayırdıq. Daim qocanın arxasınca əldən düçmüş bir çalağan qıy çəkir, mənim əvəzimdə isə ağacdələn iki ağac arasında körpü yaradıb səs çıxarırdı.
Amma günorta Lyörins dayı Günəşə sarı baxıb mənalı-mənalı deyirdi:
-Bir ora bax, düz qulağımızın dibini yandırır!
Dərhal da qollu-budaqlı bir palıd ağacı seçirdi, həmin ağaca doğru yollanırdıq ki, kölgəsində nahar eləyək. Yediyimiz müddətdə yalnız çalağanlar qıy vurur, daha kiçik quşlar cikkildəşirdilər, amma axırda Lyörins əminin səsi eşidilirdi:
-Hə, məktəbi bitirəndən sonra nə işlə məşğul olacaqsan? – O, soruşurdu.
-Hələ o barədə düşünmək vaxtı deyil, - cavab verdim.
-Necə yəni, vaxtı deyil, - qoca əl çəkmədi, - bir halda ki, oxumağa pul xərcləyirsən, hər şeyi əvvəlcədən götür-qoy eləmək lazımdı.
Dərhal özümü ələ alıb sərin kölgəlikdə götür-qoy eləməyə cəhd göstərdim, amma axırda müəyyən bir nəticəyə gələ bilməyib soruşdu:
-Bəs, sən necə fikirləşirsən, Lyörins dayı, nə olmalıyam?
-Cəsur və namuslu adam olmalısan! – Qoca cavab verdi.
Cəsur və namuslu adam olmaqdan xoşum gəldi, bununla belə, onun ağzından çıxan sözlər mənə həddən artıq ümumi göründü. Üstəlik də o sözlər nə qədər görməyə çalışsam da yenə axıb gedən buludlar kimi aldadıcı idilər. Bax, qocanın kəlamları da o buludlar sayaq axıb gedirlər, əbəs yerə ağlımla onlardan yapışmağa çalışır, amma gün işığında əriyir, səmada gözdən itirlər.
-Yaxşı, - başımı tərpətdim, - bəs, cəsur adam necə adamdı axı?
-Özünü yaxşı da, pis də hiss eləsə, həmişə insan kimi qalan adamdı, - qoca cavab verdi.
-Bəs, namuslu adam?
-Namuslu adam – bütün həyatını ömrünün son saatı kimi yaşayan adamdı.
Bu müdrik cavabı eşidib söylənlənlərin ədalətliliyini ağlımla, gözəlliyini isə qəlbimlə duydum. Kimi cəsur və namuslu adam saymaq mümkün olduğu barədə düşünüb yenə soruşdum:
-Bəs, hər halda, nə işlə məşğul olmalıyam?
-Bunun o qədər də əhəmiyyəti yoxdu, - Lyörins əmi cavab verdi, mehriban təbssümlə üzümə baxıb sözünə davam elədi. – Cavanlara məsləhət vermək ciddi məsələdi, amma həqiqətən, müəyyən bir işlə çörəkpulu qazanmaq lazımdı, buna görə də bəzi şeylər deməliyəm. Sənə keşiş olmağı məsləhət görmürəm, bəzilərinin fikrincə, keşişlərin cənnətə düşməyə adi Allah bəndələrindən daha çox imkanları var. Əzablarımızı yüngülləşdirsələr də, hökm, ədalət əllərində olsa da, hakim olmağını məsləhət görmürəm. Demək istəyirəm ki, yaxşısı budu, eyni zamanda həm keçişliyi, həm həkimliyi, həm də hakimliyi bacaran insan ol. Şair ol!
Bu kəlmələr qocanın ağzından çıxan kimi, qəlbimi elə həyəcan bürüdü ki, hətta yerimdən belə dik atıldım. Əməlli-başlı havalanmağımda da təəccüblü heç nə yox idi, axı bu vaxtacan kənddə heç kəs mənə şair olmağı məsləhət görməmişdi.
-Bəs, necə şair olum?
-Petefi kimi! – Qoca cavab verdi.
Həm də bu sözləri elə söylədi ki, elə bil, Petefinin necə şair olduğunu, həqiqətən, bilirdi. Sanki onu görmüşdü, söhbət eləmişdi, hətta birgə, elə mənimlə yanaşı ətirli, şehli ot belə biçmişdi.
-Bəyəm, onu tanıyırdınız? – Gözlərim bərələ qaldı.
-Hə, tanıyırdım!
Bir neçə an heyrət içində onu gözdən keçirdim, çünki mənə elə gəlirdi, həmkəndlilərimin hamısını tanıyıram; amma bir buna bax, sən demə, hətta Lyörins Hadnad dayının Şandor Petefiylə tanış olduğunu da heç eşitməmişəm.
-Onu görmüsünüz? – Qocadan soruşdum.
Qoca nəzərlərini boşluğa dikib fikri uzaqlarda cövlan eləyən adam kimi köks ötürdü. O yerlərdə həqiqətlə təxəyyül bir bütöv halında çulğaşırdı. Sonra biçilmiş ot xotmasının yanında arxası üstə uzanıb əllərini başının altına qoydu, nəzərlərini budaqların arasında gəzdirə-gəzdirə danışmağa başladı:
-Qırx doqquzuncu ildə, yurdumuz göz yaşları axıdanda əsgər olmaq üçün evdən qaçdım. Yayın cırhacırıydı, camaatın da qanı coşmuşdu, nəğmələr sərsəri küləklər kimi dağları, dərələri dolaşırdı.
-Bəs, neçə yaşınız vardı? – Sual verdim.
Amma dərhal da söhbətə müdaxilə elədiyimə görə peşman oldum, çünki qoca nəzərlərini mənə çevirdi, gözlənilməz tənəylə donquldandı ki, doğum
şəhadətnaməm evdə qalıb.
-Hə, bəs, sonra nə oldu? – Marağımı gizlədə bilmədim.
-Sonra yorulub-usanmadan qarşıma çıxanları sorğu-suala tutdum, tezliklə də öyrəndim ki, general Bemin1 ordusu, güman ki, Şegeşvar2 bölgəsindədi.
Hə, ora yollandım, deyilən yerə çatan kimi, məni böyük sərkərdənin mübarək hüzuruna apardılar. O da dərhal əmr elədi ki, kefim harda istəyir, döyüşə bilərəm. Mənsə onsuz da ön cəbhəyə can atırdım, digər könüllülərlə birgə dərhal ora yollandım. Feyeryedxazi kəndinin kənarına çatdıq, yolu kəsən ön xətt ordan keçirdi. Düşdüym yer təpəlik idi, ətrafda çöllər və biçənəklər uzanıb gedirdi. Həmin yerdə də zabitlər və əsgərlər birgə gözətçi düşərgəsi qurduq. Amma mahnı oxumaq, ümumiyyətlə, səs-küy salmaq qadağan olunmuşdu, çünki lap yaxınlıqda olan düşmən bizi görə bilərdi. Hə, hündür qarğıdalıların arxasında sakitcə oturmuşduq. Amma aramızda bir nəfər vardı, heç cür bir yerdə duruş gətirə bilmir, ora-bura qaçırdı. O, sarı atını da arxa tərəfimizdə ağaca bərk-bərk bağlamışdı. Özü isə bir dəri, bir sümük idi, hərbi forma geyinməmişdi, yeri gəlmişkən, heç qılıncı da yox idi. Onu görən kimi, beynimdən keçirdim ki, çox ütələk adamdı.
Ürəyim əməlli-başlı çırpınmağa başladı.
-O, Petefi idi, hə? – Qocadan soruşdum.
Lyörins əmi hətta cavab belə vermədi, amma mənzərəni sözbəsöz yaratmağa başladı.
-Gan bir-iki misra şeir oxuyur, gah da qəfildən gülürdü. Aənsə artıq onun kimi olduğunu bilirdim, amma gözlərimi çəkmir, fözdən itirmək istəmirdim.
Necə deyim, onu indi də sanki canlı görürəm: kürəyini qoca armud ağacının gövdəsinə söykəyib oturmuşdu. Sumkasının üstündə tələm-tələsik nəsə yazır, arabir düşüncələrə dalır, gözlərisə alışıb-yanırdı. Onun həmin qoca ağacın altında oturduğu məqamda qəfildən üzbəüz tərəfdəki qovağın başında bir quş cəhcəh vurdu. Həm də elə gözəl oxuyurdu ki, elə bil, bu dünyanın bütün dərd-qəmini özüylə götürüb aydın səmaya aparmaq istəyirdi. Quşun məğməsini dinlədiyimiz vaxtda şair birdən heyrət dolu görkəmlə yerindən qalxdı, nəzərlərini qovaq ağacına dikdi. Biz də o nadir quşu görmək üçün irəli getdik, görəndəsə daha da heyrətləndik, çünki quşun sinəsi qırmızı, qanadları ağ, ayaqları yaşıl rəngdəydi. Şair belə bir möcüzəyə böyük heyrət içində tamaşa tamaşa eləyə-eləyə qəfildən səsləndi: “Bu, bizim azadlıq quşumuzdu!”
Bu yerdə qoca susdu, sonra sözünə davam elədi:
-Şair bu sözləri deyib asta-asta ağaca yaxınlaşdı, quşu tutmaq üşün yuxarı dırmaşmağa başladı. Get-gedə daha da yuxarı qalxırdı, düşmən də, yəqin ki,
onu görmüşdü, çünki dərhal qoşununu ayağa qaldırdı. Biz dərhal daha əlverişli mövqeyə çəkimək barədə əmr aldığımıza görə, kimsə şairə qışqırdı ki,
düşmən hücuma keçib! O isə düşməni heç vecinə də almadığını söylədi!
Lyörins dayı söhbətini bitirdi, qəfildən qalxıb oturdu, nəzərlərini bir anlığa üzərimdə saxladı.
-Hə, bəs, sonra Petefinin başına nə gəldi? – Mən soruşdum.
-Məncə, elə ordan da uçub getdi, - qoca dilləndi.
Bu məqamda bir qoza palıddan düşüb əhvalata nöqtə qoydu.
________________________________________
1.Yuzef Bem (1794–1850) – polyak siyasi və hərbi xadimi, general. 1848-1849-cu illər inqilabı zamanı Ş.Petefi onun kimandanlığı altında döyüşüb.
2.İndiki Rumıniyanın Siqişoara bölgəsi. Ş.Petefi oradakı döyüşdə həlak olub.
Tərcümə: Nəriman Əbdülrəhmanlı