manera.az
manera.az

Sözlər də oyanıb - Belçika şairinin şeirləri

📅 18.07.2024 09:19

Sözlər də oyanıb - Belçika şairinin şeirləri
Jermen Drugenbrudt - Tanınmış Belçika şairi, tərcüməçi; 1944-cü ildə Belçikada doğulub və 1987-ci ildə İspaniyaya köçüb; Altı dil bilir və 30-dan çox şeir kitabını alman, italyan, ispan, ingilis, fransız dillərindən niderland dilinə tərcümə edib; “POINT Editions” (POetry INTernational) Belçika nəşriyyat evinin yaradıcısı və baş redaktorudur; İspaniyada bir neçə beynəlxalq poeziya festivalının təşkilatçısıdır; “Divarda qırx”, “Bu ölkəni tanıyırsınız?”, “Komo gölündə düşüncələr”, “Müğənni oyanır” kimi kitabların müəllifidir; 2017-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub.

Oyanış

Gecənin qaranlığından
görünməyə başlayır
qırmızı Günəşin ilk şəfəqləri.
Mavi səmada
bəyaz, şəffaf buludlar
gözə görünmədən ilğımtək üzür.
Sözlər də oyanıb
işığa uzanan bu qısa yolda
özünə sığınacaq gəzir.

Soruş

Üfüqün üzərində
ən qəribə naxışlarını çəkir
sübh çağı.
Gecə gördüyün hansı yuxu
bu işığa dözə biləcək?
Mavi səmada
bəyaz, şəffaf buludlar
gah yığılır, gah dağılıb
ilğımtək üzür...
Amma bilən yoxdur hara.

Şair

Bəlkə, yağış yağacaq,
bəlkə, külək olacaq,
bəlkə, Günəş doğacaq,
ya da göy gurultusu
bir tufan qoparacaq.
Beləcə,
hər gün
sözləriniz hörümçək toru kimi
lövbər salıb ümidlərin dibində
bir şeir axtaracaq...

İspan dilindən sətri tərcümə müəllifi – Aysel Əliyeva,
bədii tərcümə müəllifi – Mahir N.Qarayev


Baxış sayı - 371 | Yüklənmə tarixi: 18.07.2024 09:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031