Brodskinin Nobel nitqi - Orxan Uravellinin tərcüməsində

Orxan Uravelli (Türkiyə vətəndaşlığına keçənə qədər Möhübbi Əhmədov). 1957-ci ildə Özbəkistanın Namanqan vilayətinə sürgün edilmiş Axısxalı türk ailəsində doğulmuş, 1961-ci ildə ailəsiylə bərabər Azərbaycanın Xaçmaz rayonuna köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra 1974-cü ildə ADU Şərqşünaslıq fakültəsinin Türk Dili və Ədəbiyyatı şöbəsinə daxil olmuş, 1979-cu ildə məzun olduqdan sonra Azərbaycan Elmlər Akademiyasının Şərqşnaslıq İnstitutunda Türkiyə Tarixi şöbəsində 1990-cı ilə qədər elmi işçi olmuşdur. 1980-1983-cü illər arasında Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunda staj keçmişdir. 1990-cı ildə Ankarada Türk Tarix Qurultayında Axısxalı türklər haqqında məruzə ilə çıxış etmişdir. Eyni ildə Türkiyə'yə mühacirət etmiş, 2019-cu ilədək Ankarada yaşamışdır. Burada tərcüməçi işləmiş, Rus dilindən bir çox kitab və məqaləni türk dilinə tərcümə etmişdir.
Oçerk və tədqiqatları kitab halında nəşr olunmuşdur. Rus dilində yazdığı hekayələr Amerikada çap olunub. İosif Brodskinin ''İstanbul səyahəti'' qeydlərini və Aleksandr Blokun şeirlərini, eləcə də L. Tolstoy ve Dostoyevskinin kiçik həcmli əsərlərini Türk dilinə tərcümə etmişdir. Türk dilinden Rus dilinə tərcümə etdiyi roman Rusiyada dərc edilib; Uravellinin Azərbaycan dilinə tərcümələri də var.
O.Uravelli 2019-cu ildən Bursada yaşayır, Axısxa türklərinin ictimai fəaliyyətlərine qoşulur, cəmiyyətlərin fəal üzvüdür, tərcümə və yaradıcılıq işinə davam edir.
* * *
İOSİF BRODSKİ
NOBEL MÜKAFATI MӘRASİMİNDӘ NİTQ
10 dekabr 1987-ci il
I
Despotluqda әzabkeş olmaqdansa ya da fikirlәrә hökm etmәkdәnsә, demokratiyada әn axırıncı yerdә olmaq daha yaxşıdır, ona görә dә fәrdiyyәt olan vә bu fәrdiyyәti ömrü boyu hәr hansı bir ictimai roldan üstün tutan bir insan üçün, bu seçimindә xeyli irәli getmiş, әlalxüsus vәtәnindәn uzaq düşmüş bir insan üçün gözlәnilmәdәn bu tribunaya çıxmaq böyük sınaqdır vә onu çaş-baş salır. Bu duyğu mәndәn qabaq burada duranlar haqqında düşündüklәrimdәn daha çox, belә bir şәrәfә nail ola bilmәmiş, necә deyәrlәr, ‘urbi et orbi’ bu tribunadan sәslәnә bilmәmiş vә ümumәn sәssizliklәri sanki içәrimizdә qalmış olanların xatirәsi üzündәn dәrinlәşir.
Bu cür vәziyyәtlә sizi tәkcә belә bir sadә mülahizә barışdıra bilәr ki, hәr şeydәn әvvәl üslub baxımından yazıçı yazıçının adından, xüsusilә dә şair şarin adından danışa bilmәz, yәni Osip Mandelştam, Marina Tsvetayeva, Robert Frost, Anna Axmatova, Uinston Oden bu tribunada olsaydılar, onlar istәr-istәmәz özlәrinin adından danışardılar vә bәlkә dә bir az çaş-baş qalardılar.
Bu kölgәlәr mәni hәmişә pәrt edirlәr ve bu gün dә tәşvişә salırlar. Nә olursa olsun, onlar mәni gözәl danışmağa sövq etmirlәr. Әn yaxşı halımda belә özüm özümü sanki onların cәmi kimi görürәm, lakin bu cәm ayrılıqda onların hәr birindәn daima daha kiçikdir. Çünki kağız üstündә onlardan daha yaxşı olmaq mümkün deyil, hәyatda da onlardan yaxşı ola bilmәrәm vә nә qәdәr faciәvi ve acı olsa da, mәhz onların hәyatı tez-tez, hәr alda gәrәyindәn daha çox mәni zamanın axıb keçmәsinә yanıb yaxılmağa vadar edir.
Әgәr o biri dünya varsa, - axı onların әbәdi olaraq yaşayacaqlarını inkar etmәk onların bu dünyada var olduqlarını unutmaqdan mәnim üçün daha çәtindir, - әgәr o biri dünya varsa, onda ümid edirәm ki, onlar demәyә hazırlaşdıqlarımın keyfiyyәtini dә bağışlayacaqlar; intәhası, axı bizim peşәmizin dәyәri tribunadakı davranışla ölçülmür.
Mәn ancaq beşinin – yaradıcılıqları ve talelәri mәnim üçün qiymәtli olanların adlarını çәkdim - әn azından ona görә ki, onlar olmasaydılar, mәnim insan vә şair olaraq çox da dәyәrim olmazdı vә hәr halda bu gün burada durmazdım. Onlar, bu kölgәlәr, - yoxsa çıraq ya da ulduz desәm, daha yaxşı mı olar? – әlbәttә, beşdәn daha çox idilәr vә hәr biri insanı lallığa mәhkum etmәyә qadirdir. Şüurlu hәr әdәbiyyatçının hәyatında onların sayı çoxdur; mәnә gәlincә, taleyin hökmüylә mәnsub olduğum iki mәdәniyyәt sayәsindә bu say iki qat artır. Bu hәr iki mәdәniyyәtә mәxsus müasirlәrim ve qәlәm qardaşlarımı, istedadlarını özümünkündәn çox qiymәtlәndirdiyim şair vә nasirlәri yada salmaq da işimi asanlaşdırmır – onlar bu tribunada olsaydılar, artıq çoxdan işә başlamış olardılar, çünki onların dünyaya mәndәn çox deyәcәklәri vardı.
Buna görә dә, mәn bәzi qeydlәri özümә rәva görürәm vә bunlar bәlkә dә qeyri-müntәzәm, sәbatsızdır vә rabitәsizliyi ilә sizi mәyus edәcәkdir. Lakin güman edirәm ki, fikirlәrimi cәmlәşdirmәk üçün mәnә verilәn vaxt vә öz peşәm sayәsindә xaotik çıxışıma irad tutanlar qarşısında qismәn dә olsa, vәziyyәtdәn çıxacağam. Mәnim peşәmin insanı nadir hallarda sistematik düşüncә iddәasında olur, әn pis halda isә o, sistem iddәasına düşür. Lakin bu, bir qayda olaraq, sonradan sirayәt edir– mühitdәn, ictimai quruluşdan, zәrif yaşda fәlsәfә mәşğәlәlәrindәn götürülür. Bu vә ya başqa mәqsәd üçün – hәtta daimi bir mәramına çatmaq üçün istifadә etdiyi vasitәlәrin tәsadüfi olduğuna sәnәtkarı elә öz işi inadırır. Onu yaradıcılıq prosesindәn, yazıb yaratmaqdan çox heç nә buna inandıra bilmәz. Axmatovanın dediyi kimi, şeirlәr hәqiqәtәn zibilin içindәn bitir, nәsrin köklәri dә ondan daha nәcib deyil.
II
İncәsәnәt (birinci növbәdә sәnәtkara) әgәr bir şey öyrәdirsә, o halda mәhz insanın varlığının әlahiddә olduğunu öyrәdir. Xüsusi sahibkarlığın әn qәdim – vә әn birbaşa forması olduğu üçün incәsәnәt insanın istәr-istәmәz mәhz fәrdiyyәt, misilsizlik, ayrı olma duyğusunu tәşviq edir – onu ictimai canlıdan şәxsiyyәtә çevirir. Çox şeyi bölüşmәk olar – çörәyi, yatağı, әqidәlәri, sevgiliyi, lakin, mәsәlәn, Rayner Mariya Rilkenin şeirini bölüşmәk imkansızdır. Xüsusәn incәsәnәt, әdәbiyyat әsәri, ayrı halda şeir insanla araçı olmadan, birbaşa münasibәtlәr quraraq ona üzbәüz müraciәt edir. Ümumi rifahın havadarları, kütlәlәrә hökm edәnlәr, tarixi zәrurәt carçıları elә buna görә dә incәsәnәti ümumiyyәtlә xoşlamırlar, xüsusәn әdәbiyyatı, ayrı halda poeziyanı elә dә sevmirlәr. Çünki onlar incәsәnәtin keçdiyi yerdә, şeir oxunan yerdә gözlәnәn razılıq vә hәmrәylik әvәzinә biganәlik vә çox sәslilik görürlәr, hәrәkәtә başlamaq әvәzinә diqqәtsizlik vә ikrahla qarşılaşırlar. Başqa sözlә, ümumi rifah havadarları vә kütlәlәrin hökmdarlarının işlәtmәk istәdiklәri sıfırlara incәsәnәt ‘nöqtә-nöqtә-mәnfi vergül’ әlavә edir, hәr sıfıra hәmişә cazibәdar olmasa da, insan çöhrәsi bәxş edir.
Öz İlham pәrisindәn danışanda böyük Baratınski onu ‘ümumi olmayan ifadәyә sahib sima’ kimi sәciyyәlәndirir. Fәrdi var olmağın mәnası, görünür, elә bu cür ümumi olmayan ifadәni әldә etmәkdir, çünki biz belә qeyri-ümumiliyә sanki artıq genetik olaraq hazırıq. Yazıçı ya da oxucu olmasından asılı olmayaraq, insanın vәzifәsi hәtta әn nәcib imiş kimi görünsә dә, kәnardan calanmış ya da tәyin edilmiş hәyatı deyil, öz hәyatını yaşamaqdır. Çünki hәr birimizin tәkcә bir hәyatı var vә bütün bunların nә ilә qurtardığını yaxşı bilirik. Bu yeganә fürsәti başqasına bәnzәmәk üçün, başqasının tәcrübәsini tәkrarlamaq üçün, tavtalogiya üçün ziyan etmәk acınacaqlı olardı, hәm dә dәrd çoxu ondadır ki, insanı şirniklәndirib bu tavtalogiyaya razı salan tarixi zәrurәt carçıları onunla birlikdә tabuta uzanmaycaqlar vә tәşәkkür etmәyәcәklәr.
Dil vә, zәnnimcә, әdәbiyyat ictimai tәşikilatın hәr bir formasından daha qәdim, qaçınılmaz vә uzun ömürlüdür. Dövlәtә münasibәtdә әdәbiyyatın ifadә etdiyi qәzәb, kinayә vә biganәlik әslindә daimi olanın – daha yaxşı desәk, sonsuz olanın müvәqqәti olana, zamanla mәhdud olana qarşı reaksiyasıdır. Son hesabda dövlәt әdәbiyyatın işinә qarışmağı özünә rәva gördüyü müddәtcә әdәbiyyatın da dövlәtin işilәrinә qarışmağa haqqı vardır. Siyasi sistem, ictimai quruluş forması ümumiyyәtlә hәr sistem kimi adından da mәlumdur ki, özünü indiki zamana (çox vaxt da gәlәcәyә) calamaq istәyәn keçmiş zaman formasıdır vә peşәsi dil olan insan bunu unutmağa haqqı olan son insandır. Yazıçı üçün әsl tәhlükә sadәcә yazdıqları üçün dövlәt tәrәfindәn tәqib olunma ehtimalı (çox vaxt da gerçәyi) deyildir, әsas tәhlükә dövlәtin daha yaxşı yöndә dәyişәn, ancaq hәmişә ötәri olan nәhәngliyi qarşısında yazıçının hipnoz olmasıdır.
Dövlәtin fәlsәfәsi, estetikasından heç danışmayaq, onun etikası, daima “dünәn” demәkdir, dil vә әdәbiyyat isә daima ‘bu gündür’ vә xüsusәn dә bu vә
ya başqa sistem ortodoks olduğu hallarda hәtta ‘sabah’ demәkdir. Әdәbiyyatın xidmәtlәrindәn biri budur ki, o, insanın var olduğu zamanәni dәqiqlәşdirmәsinә, hәm sәlәflәri, hәm dә özü kimilәrinin kütlәsi içәrisindә özünü fәrqlәnidirmәsinә, tavtologiyadan, yәni, başqa sözlә, ‘tarixin qurbanı’ kimi fәxri ad verilәn taledәn qaçınmasına kömәk edir. Ümumәn incәsәnәt vә xüsusәn әdәbiyyat ona görә diqqәtә layiqdir ki, ona görә hәyatdan fәrqlidir ki, daima tәkrardan qaçır. Alışılmış hәyatda siz eyni lәtifәni üç dәfә tәkrar edib hamını güldürә bilәrsiniz, insanların sevimlisi ola bilәrsiniz. İncәsәnәtdә isә buna ’qәlib, (klişe)’ deyirlәr. İncәsәnәt geri vurmayan silahdır, onun inkişafı sәnәtkarın fәrdiyyәti ilә yox, materialın öz dinamikası ve mәntiği ilә müәyyәn olunur, çünki әvvәlki vasitәlәrin tarixi hәr dәfә keyfiyyәtcә yeni estetik hәll yolu tapmağı tәlәb edir. Öz geneologiyası, dinamikası, mәntiği vә gәlәcәyi olan incәsәnәt tarixin sinonimi deyildir, әn yaxşı halda ona paraleldir vә onun varlıq üsulu hәr dәfә yeni estetik gerçәklik yaratmaqdır. Elә bu sәbәblә incәsәnәt çox vaxt ‘tәrәqqini qabaqlayır’, tarixi qabaqlayır, çünki axı tarixin әsas alәti – Marksı dәqiqlәşdirmәyәk mi? – mәhz qәlibdir, klişedir.
İndi son dәrәcәdә çox yayılmış belә bir müddәa var ki güya yazıçı, xüsusәn dә şair öz әsәrlәrindә küçәnin dilindәn, kütlәnin dilindәn istifadә etmәlidir.
Demokratik görünsә dә vә şair üçün açığı nә qәdәr faydalı olsa da, bu müddәa cәfәngiyyatdır vә bu halda incәsәnәti, әdәbiyyatı tarixә tabe etdirmә cәhdidir. Biz әgәr qәrar versәk ki, insanın öz inkişafını dayandırmasının vaxtı gәlib, ancaq o vaxt әdәbiyyat xalqın dilindә danışmalıdır. Hәr bir estetik reallıq insan üçün әxlaqi reallığı dәqiqlәşdirir. Çünki estetika etikanın anasıdır – ‘yaxşı’vә ‘pis’ anlayışı hәr şeydәn әvvәl estetik kategoriyalardır vә ‘xeyir’ ilә ‘şәr’ kategoriyaları sonra gәlir. Etikada ‘hәr şeyә icazә’ verilmir, çünki estetikada ‘hәr şeyә icazә verilmir’, çünki spektrdәki rәnglәrin sayı mәhduddur. Tanımadığı adamdan ağlayaraq üz döndәrәn, daha ağlı kәsmәyәn körpә ya da bunun әksinә, tanımadığına can atan körpәnin seçimi hәr iki halda instinktiv olaraq mәnәvi yox, estetikdir.
Estetik seçim daima fәrdidir vә estetik olaraq әsәri yaşamaq hәmişә xüsusi duyğulardır. Hәr estetik reallıq onu yaşayan insanı daha xüsusi şәxsiyyәtә çevirir ve bu bәzi hallarda әdәbi (ya da başqa) zövq forması kәsb edәn bu xüsuyyәt insanın özünün kölәlәşmәkdәn qorunması üçün garantiya olmasa da, heç olmasa bir vasitә olur. Çünki zövqü, xüsusәn әdәbi zövqü olan insan siyasi demgogiyanın hәr formasına xas olan tәkrarlar vә ritmik әfsunları mәnmsәmәkdәn uzaq durur. Mәsәlә onda deyil ki, xeyirxahlıq şedevrin garantisaysı olmur, mәsәlә daha çox ondadır ki, şәr, xüsusәn siyasi şәrrin üslubu hәmişә çirkindir. Fәrdin estetik tәcürübәsi nә qәdәr zәngin isә, onun mәnәvi seçimi dә o qәdәr sambalıdır, bәlkә daha xoşbәxt olmur, ancaq daha azad olur.
Dostoyveskinin “Gözәllik dünyanı xilas edәcәk” ya da Metyu Arnoldun ‘Bizi poeziya xilas edәcәk’ sözünü, platonik yox, daha çox mәhz bu tәtbiqi mәnada başa düşmәk lazımdır. Dünyanı, ehtimal ki, artıq xilas etmәk mümkün deyil, amma ayrı götürlmüş bir insanı hәmişә xilas etmәk olar. İnsanda estetik sezgi çox sürәtlә inkişaf edir, çünki nә olduğu vә doğrudan da ona nә lazım olduğu haqqında özünә tam hesabat verә bimәsә dә o, nәdәn xoşlanmadığını ve nәyin ona sәrf elәmәdiyini instinktiv olaraq anlayır. Antoropolojik mәnada tәkrar deyirәm ki, insan әxlaqi varlıq olmaqdan әvvәl estetik varlıqdır. Ona görә dә incәsәnәt, xüsuilә dә әdәbiyyat insanın növ olaraq inkişaf etmәsinin yanaşı mәhsulu deyildir, tamamilә әksinә, birbaşa nailiyyәtidir. Bizi digәr canlılardan fәrqlәndirәn әsas şey dildirsә, onda әdәbiyyat vә ayrılılıqda poeziya söz sәnәtinin ali forması olaraq kobud surәtdә desәk, növün inkişafının әsas mәramıdır.
Mәn hamıya şeir yazmaq vә inşa öyrәtmәk ideyasından uzağam, lakin yenә dә insanları ziyalılar vә digәrlәri olmaq üzrә ikiyә ayırmaq, mәnim fikrimcә, qәbul edilmәzdir. Mәnәvi cәhәtdәn insanları bu cür bölmәk cәmiyyәti varlılar vә kasıblar olarak iki yerә bölmәk kimidir; amma sosial bәrabәrsizliyi bir növ sırf fiziki, maddi sәbәblәrlә әsaslandırmaq olar, lakin intellektual bәrabәrsizlik üçün bu düşünülmәzdir. Axı hәr şeyi bir tәrәfә qoysaq, bu mәnada bәrabәrliyi tәbiәtin özü tәmin etmişdir. Söhbәt tәhsildәn getmir, mәsәlә dili öyrәnmәkdir, çünki bu işdә cüzi bir әksiklik insan hәyatında saxta seçimә gәtirib çıxarır. Әdәbiyyatın mövcudluğu sadәcә әdәbiyyat sәviyyәsindә mövcud olmaq demәkdir, hәm dә tәkcә mәnәvi olaraq yox, eyni zamanda leksik olaraq. Musiqi әsәri insana passiv dinlәyici rolu vә aktiv ifaçı rolundan birini seçmәk imkanı verdiyi halda, Montalenin dediyi kimi, әdәbiyyat ümidisiz semantik xaraker daşıdığı üçün әdәbi әsәr insanı tәkcә ifaçı roluna mәhkum edir.
Mәnә elә gәlir ki, insan hәr hansı başqa roldan daha çox bu rolda çıxış etmәlidir. Üstәlik, zәnnimcә, nәhәng әhali artışı vә bununla әlaqәdar olaraq cәmiyyәtdә artan atomlaşma, yәni fәrdin getdikcә daha çox tәcrid olması nәticәsindә bu rol daha da qaçınılmaz olur. Mәnim yaşımda olan hәr hansı bir adamdan hәyat haqqında daha çox şey bildiyimi düşünmürәm, lakin mәnә elә gәlir ki, hәmsöhbәt olaraq kitab dost ya da seviglidәn daha etibarlıdır.
Roman ve yaxud şeir monolog deyildir, amma yazıçının oxucuyla söhbәti tәkrar edirәm ki, olduqca xüsusi haldir vә başqaları istisna olunurlar, qarşılıqlı surәtdә dünyadan tәcrid olunurlar – istәyirsәniz, belә dә deyә bilәrik. Vә bu söhbәt әsnasında yazıçı böyük yazıçı olsun olmasın oxucuyla eynidir ki, bunun әksi dә doğrudur. Bu bәrabәrlik şüur bәrabәrliydir vә yerindә olsa da, olmasa da, fәrdin davranışını müәyyәn edir. İfaçının rolundan danışanda mәn elә bunu nәzәrdә tuturam, axı roman ya da şeir yazanla oxuyanın qarşılıqlı olaraq tәk başına qalmalarının bәhrәsidir.
Növümüzün tarixindә, “sapiens” (insan) tarixindә kitab antropolojik fenomendir, mahiyyәtcә tәkәrin ixtira edilmәsiylә eynidir. Bizim mәnşәyimizdәn daha çox bizim insan olaraq nәlәrә qadir olduğumuzu tәsәvvür edә bilmәk üçün ortaya çıxan kitab tәcrübәnin mәkandakı yerini sәhifәni çevridiyimiz sürәtlә dәyişdirmә vasitәsidir. Bu yer dәyişdirmә öz növbәsindә ümumi mәxrәcdәn qaçmağa çevrilir, bu mәxrәcin әvvәl beldәn yuxarı çıxmayan xәttini ürәyimizә, şüurumuza, xәyalımıza calamaq cәhdindәn qaçmağa imkan verir. Bu qaçış şәxsin mәkanda yerini umumi olmayan yolla ifadә etmә tәrzinә, kәsirin mәxrәcindәn surәtinә, şәxsiyyәt tәrәfinә, әlahiddә varlıq tәrәfinә qaçmasıdır. Bizim kimin simasına görә vә kimә bәnzәdilib yaradıldığımıza baxmayaraq, biz artıq beş milyardıq vә insanın incәsәnәtin müәyyәn etdiyindәn başqa bir gәlәcәyi yoxdur. Әks halda bizi keçmiş gözlәyir, hәr şeydәn әvvәl bütün o qәşәng polis şuxluğu ilә siyasi keçmiş gözlәyir.
Hәr halda incәsәnәt ve xüsusәn әdәbiyyat azlığın malı (imtiyazı) olduğu şәraiti mәn naxoş vә tәhlükәli hesab edirәm. Mәn dövlәti kitabxana ilә әvәz etmәyә çağırmıram - bu fikir dәfәlәrlә ağlıma gәlib – ancaq şübhәm yoxdur ki, әgәr biz hökmdarlarımızı onların siyasi programlarına yox, onların oxuculuq tәcrübәsinә görә seçsәydik, yer üzündә әzablar daha az olardı. Düşünürәm ki, bizim taleyimizә hökm edәnlәrә xarici siyasәt xәttini necә tәsәvvür etdiklәrini yox, Stendala, Dikkensә, Dostoyevskiyә necә yanaşdıqlarını soruşmaq lazımdır. Heç olmasa bircә ona görә ki, әdәbiyyatın qarnını doyuran mәhz insanın çox cәhәtli vә әcaib sәciyyәsidir vә әdәbiyyat insanın varlıq problemlәrinin hәllinә total vә kütlәvi yanaşmaya qarşı, mәlum niyyәtlәrә vә gәlәcәkdә ola bilәcәk bu cür cәhdlәrә qarşı etibarlı әlacdır.
Әn azından mәnәvi sığorta sistemi olaraq әdәbiyyat bu yaxud başqa etiqad ya da fәlsәfi doktrinadan xeyli tәsirlidir. Çünki bizi özümüzdәn qoruyan qanunlar ola bilmәz, heç bir cinayәt mәcәllәsi әdәbiyyat әleyhinә cinayәt üçün cәza nәzәrdә tutmur. Vә bu cinayәtlәrin әn ağırı senzura vә buna bәnzәr mәhdudiyyәtlәr, kitabları tongala atmaq deyil. Daha ağır cinayәt var – kitablara biganә qalmaq, onları oxumamaq. Bu cinayәt üzündәn insan bütün hәyatıyla cәzasını ödәyir, әgәr bu cinayәtә millәt yol verirsә, onda bunun cәzasını öz tarixi ilә ödәyir. Yaşadığım ölkәdә güzәran keçirәrәrkәn insanın maddi rifahı ilә onun әdәbiyyat sahәsindә naşılığı arasında bir növ tәnasüb olduğuna haradasa inanmaq üzrәydim; amma doğulub böyüdüyüm ölkәnin tarixi mәni bu fikrimdәn döndәrir. Çünki sәbәb-nәticә minimumuna, kobud düstura endirilmәmiş halıyla rus faciәsi mәhz cәmiyyәtin faciәsidir vә orada әdәbiyyat azlığın – mәşhur rus ziyalılarının imtiyazı olub.
Mәn bu mövzudan әtraflı danıçmaq istәmirәm, milyonlarla insanın elә özünün mәhv etdiyi on milyonlarla insanın hәyatı haqqında fikirlәrlә bu axşama qәm-kәdәr qarışdırmaq istәmirәm, çünki XX әsrin birinci yarısında Rusiyada baş verәnlәr odlu avtomat silahların yayılmasından qabaq olub vә elә bir siyasi doktrinanın tәntәnәsi üçün edilib ki, onun baş tutmayacağı mәhz insanların qurban edilmәsini tәlәb elәdiyi üçün mümkün deyildi. Tәcrübәylә yox, heyif ki, nәzәri cәhәtdәn sadәcә onu deyәcәyәm ki, Diikensi oxumuş adamın hansısa ideya üçün özü kimi bir adama atәş açması, Diikkensi oxumamış adama nisbәtәn, mәncә, daha çәtin olardı. Bir dә axı mәn mәhz Diikens, Stendal, Dostoyevski, Flober, Balzak, Melvill vә başqalarını oxumaqdan danışıram, yәni әdәbiyyatı oxumağı nәzәrdә tuturam, savadlılıq vә tәhsildәn danışmıram. Savadlı, tәhsil almış adam bu yaxud da başqa siyasi traktatı oxuyub özü kimi birini çox asanlıqla öldürә bilәr vә bu әsnada әqidәsindәn feyz dә ala bilәr. Lenin çox oxumuşdu, Staln savadlıydı, Hitler dә savadlı idi,
Mao Tze-Dun şeir belә yazırdı, amma onların qurbanlarının siyahısı oxuduqlarının siyahısından müqayisә edilmәz dәrәcәdә uzundur.
Lakin poeziyaya keçmәdәn onu әlavә etmәk istәrdim ki, rus tәcrübәsini xәbәrdarlıq olaraq nәzәrә almaq ağla uyğundur; әn azından elә ona görә ki, Qәrbin sosial strukturu ümümәn indiyә qәdәr 1917-ci ilәcәn Rusiyada olduğu kimidir. (Yeri gәlmişkәn Qәrbdә rus psixolojik romanının populayarlığı vә buna nisbәtәn müasir rus nәsrinә rәğbәt olmaması elә mәhz bununla izah olunur. XX әsrdә Rusiyada yaranmış ictimai münasibәtlәr, görünür, oxucuya obrazların adlarından daha әcaib tәsir bağışlayır.) 1917-ci ildә Rusiyada sadәcә siyasi partiyaların sayı indi ABŞ ya da Böyük Britaniyada mövcud olan partiyaların sayından az deyildi. Başqa sözlә, ehtirasalardan uzaq adam deyә bilәr ki, Qәrbdә XIX әsr hәlә davam edir. Rusiyada bu, sona çatıb vә bunun faciә ilә sonlandığını deyirәmsә, hәr şeydәn qabaq ona görә deyirәm ki, arxasından gәlәn sosial ve xronolojik dәyişiklik ucbatından saysız insan qurban gedib. Әsl faciәdә qәhrәman yox, xor mәhv olur.
III
Ana dili rusca olan insan üçün siyasi şәr haqqında söhbәtlәr qidanı hәzm etmәk qәdәr tәbiidir vә indi mәn mövzunu dәyişdirmәk istәyirәm. Gözlә görülәnlәr haqqında danışılanların çatışmayan cәhәti ondadır ki, bunlar asan olduğu üçün, asanlıqla haqlı olma duyğusu verdiyi üçün şüuru pozur. Bu söhbәtlәrin yoldan çıxaran şirniklәndirci tәrәfi budur vә bu şәri doğuran sosial islahatçının şirniklәndirici tәrәfi tәbitәcә onunla eynidir. Bu şirniklәndirici cәhәti dәrk etmәk vә müәyyәn dәrәcәdә bundan uzaqlaşmaq müasrilәrimin çoxunun taleyi üçün mәsuliyyәt daşımaq demәkdir vә mәn qәlәm qardaşlarımdan heç danışmıram, çünki onlar öz qәlәmlәrindәn çıxan әdәbiyyat üçün mәsuliyyәt daşıyırlar. Bu әdәbiyyat tarixdәn qaçmaq deyildi vә kәnardan görünә bilәcәyi kimi yaddaşı susdurmaq deyildi. Alman әsir düşәrgәsini nәzәrdә tutan Adorno soruşur: ‘Auşvitsdәn sonra necә musqi bәstәlәmәk olar?’ Rus tarixini bilәn adam düşәrgәnin adını dәyişdirib eyni sualı tәkrar edә bilәr, üstәlik sözün düzünü desәk, bu sualı tәkrar etmәkdә daha haqlıdır, çünki Stalin düşәrgәlәrindә yox edilmiş insan sayı Alman düşәrgәlәrindә ölәnlәrdәn xeyli çoxdur. Amerikalı şair Mark Strend bununla әlaqәdar olaraq belә sual verib: ‘Bәs Auşvitsdәn sonra axşam yemәyi ziyafәti olar mı?’
Mәnim mәnsub olduğum nәsil hәr halda bu musqini bәstәlәmәyi bacardı. Bu nәsil Auşvits krematoriyaları bütün gücüylә işlәdiyi vaxt doğulub, elә vә o vaxt Stalin tanrı kimiydi, sanki tәbiәtin özünün buyurduğu mütlәq hakimiyyәtin zirvәsindә idi. Bütövlükdә götürәndә bu nәsil ona görә dünyaya gәlmişdi ki, öldürülәnlәrin işini davam etdirsin, çünkü onlardan qalan miras o krematoriyalarda vә Stalin arxipelagının adsız ümumi mәzarlarında nәzәri cәhәtdәn sona çatmalıydı. Әn azından Rusiyada bu proses sona çatmayaraq davam edibsә, bu fakt xeyli miqyasda mәnim nәslimin xidmәtidir vә mәn bu nәsildәn olduğum üçün fәxr edirәm vә bu duyğu indi burada durduğum üçün keçridiyim iftixar hissindәn geri qalmır. İndi burada durmuşam vә bu fakt nәslimin mәdәniyyәt qarşısındakı xidmәtlәrinin etirafıdır, Mandelştamı xatırlayanda buna dünya mәdәniyyәtinә xidmәt dә deyә bilәrik. Dönüb geri baxanda onu deyә bilәrәm ki, biz boşluqda sıfırdan başlamışdıq, daha doğrusu, viran qoyulmuş qorxunc yerdәn başalmışdıq vә şüurla yox, daha çox intuisiya ilә çalışırdıq ki, mәdәniyyәtin vәrәsәlik effektini canlandıraq, biz onun forma vә bәdii vasitәlәrini canlandrımaq, onun az da olsa, qalmış vә çox vaxt etibarsızlaşdırılmış formalarını özümüzün yeni ya da müasir saydığımız mәzmunla doldurmaq istәyirdik.
Ehtimal ki, başqa yol – bundan sonra da davam edәcәk olan deformasiya, qırıntılar vә xarabalar poetikası, minimallıq, kәsilmiş tәnәffüs yolu da vardı. Әgәr biz bu yolu inkar etdiksә, әsla ona görә belә elәmәdik ki, bu yolun özümüzü dramatik vәziyyәtә salacağını sanırdıq. Mәfkurәmiz baxımından insan lәyaqәtinin forması ilә eyni dәyәrdә olan bildiyimiz mәdәniyyәt formalarının irsi nәcabәtini qorumaq fikri bizi son dәrәcәdә ruhlandırsa da, sәbәbi bu deyildi. Biz bu yoldan ona görә daşındıq ki, bunu özümüz seçmәmişdik, bu mәdәniyyәtin seçimi idi vә mәnәvi yox, estetik seçimdi. Әlbәttә, insan özü haqqında mühakimә yürüdәndә, özünü mәdәniyyәtin vasitәsi yox, onun yaradıcısı vә qoruycusu sayır. Lakin bu gün mәn bunun әksini iddәa edirәmsә, ona görә deyil ki, XX әsr başa çatarkәn Plotin, Lord Şeftsberi, Şellng ya da Novalisin sözlәrini yeni formada söylәmәnin müәyyәn әfsunkarlığı var. Ona görә belә deyirәm ki, kim, kim, amma şair hәmişә bilir ki, adi danışıqda İlham pәrisinin sәsi deyilәn şey әslindә dilin diktә etmәsi demәkdir; yәni dil onun alәti deyil, şair dilin yaşaması üçün bir vasitәdir. Әgәr dili canlı varlıq kimi tәsәvvür etsәk belә (bunun sadәcә xeyri olardı), dil әxlaqi seçim edә bilmәz.
İnsan fәrqli düşüncәlәrlә şeir yazmağa başlayır: sevgilisinin qәlbini fәth etmәk üçün, özünün әtrafındakı reallığa münasibәtini ifadә etmәk üçün (bu, mәnzәrә ya da dövlәt dә ola bilәr), indiki anda әhval-ruhiyyәsini әks etdirmәk üçün, yer üzündә (o anda düşündüyü kimi) iz buraxmaq üçün. O bu formaya – şeirә daha çox şüur xaricindә mimetik (tәqlid sayağı) mülahizәlәrlә әl atır. Çünki ağ kağız vәrәqi üstündә şәquli vәziyyәtdә söz yığını (şeir sütunu) ona özünün dünyadakı vәziyyәtini xatırladır, mәkanın onu bәdәni ilә mütәnasibliyini xatrıladır. Amma hansı sәbәblә qәlәmi әlinә aldığından asılı olmayaraq vә onun qәlәmindәn - çox olsun ya da az olsun - çıxanların, öz aduitoryasında yaratdığı tәsirdәn asılı olmayaraq, şairin gördüğü iş onunla nәticilәnir ki, elә o anda dil ilә tәmas, әlaqә duyğusu oyanır, elә o dәqiqә dildәn, bu dildә artıq deyilmiş, yazılmış, icra edilmiş olanın hamısından asılı olduğunun fәrqinә varır.
Bu asılılıq mütlәqdir, despotikdir, ancaq yenә o, azadlıq gәtirir. Çünki şairdәn daima yaşlı olan dilin bir dә axı nәhәng mәrkәzәqaç enerjisi var vә dildә bunu tәmin edәn onun zaman potensialı, yәni qabaqdakı bütün zamandır. Bu potensial o dildә danışan millәtin әhalisinin sayından (bunun da rolu var) çox, bu dildә yazılan şeirin keyfiyyәti ilә müәyyәn olunur. Antik yunan ve ya Roma müәlliflәrni xatırlamaq kifayәtdir, Danteni yada salmaq kifayәtdir. Misal üçün, bu gün Rus ya da İngilis dilindә yaradılan әsәrlәr bu dillәrin sonraki min il dә yaşayacağına zәmanәt verir. Tәkrar edirәm ki, şair dilin varlıq vasitәsidir. Ya da böyük Odenin dediyi kimi, dil şairlә yaşayır. Bu sәtirlәri yazan mәn qalmayacağam, bunları oxuyan siz dә qalmayacaqsınız, bu sәtirlәrin yazıldığı ve oxunduğu dil qalacaqdır vә bunun sәbәbi dilin insandan daha uzun ömürlü olması deyildir, sadәcә – ona görә belәdir ki, dil mutasiyaya daha yaxşı uyğunlaşıb.
Amma şeir yazan bircә ona görә yazmır ki, ölümdәn sonra mәşhur olsun, lakin yenә dә çox vaxt ümid edir ki, onun şeiri uzun müddәt olmasa da, ondan çox yaşayacaqdır. Şeiri yazan ona görә yazır ki, dil sonraki misranı onun qulağına deyir ya da elәcә diktә edir. Şeirә başlayanda şair bir qayda olaraq onun necә vә nәylә qurtaracağını bilmir vә bәzәn yazdığının nәticәsi onu çox tәәccüblәndirir, çünki çox vaxt onun tәxmin etdiyindәn dә yaxşı alınır, çox vaxt fikir onun hesab etdiyindәn dә qabağa gedir. Dilin gәlәcәyinin indiki zamana müdaxilә anı elә budur.
Bildiyimiz kimi, idrakın üç metodu var: analitik, intuitiv vә Tövrat peyğәmbәrlәrinin istifadә etdiklәri metod – vәhy metodu. Poeziyanın digәr әdәbiyyat formalarından fәrqi ondadır ki, şeirdә bu metodların üçü dә eyni vaxtda istifadә olunur (vә әksәr hallarda ikinci vә üçüncüyә meyl olunur), çünki üçü dә dildә verilmişdir. Belә ki, şeiri yazan bәzәn tәk bir söz, tәk bir qafiyә sayәsindә elә bir yerә gedib çatır ki, o vaxta qәdәr heç kim orada olmayıb vә hәtta özünün istәdiyindәn dә uzaqlara gedib çıxır. Şeir yazan hәr şeydәn әvvәl ona görә yazır ki şeir şüuru, tәfәkkürü vә dünya duyumunu möhtәşәm dәrәcәdә sürәtlәndirir. Bir dәfә bu sürәtlәnmә anını yaşayan insan narkotik ya da alkogola mübtәla olanlar kimi bu prosesdәn asılı vәziyyәtә düşür. Zәnnimcә, dildәn bu cür asılı vәziyyәtә düşәn insana elә şair deyilir.
Rus dilindәn tәrcümә edәn:
Orxan Uravelli