manera.az
manera.az

Nəzakət Məmmədli: Öyülməyə, sevilməyə layiq qadın

📅 05.06.2025 22:38

Nəzakət Məmmədli: Öyülməyə, sevilməyə layiq qadın
Adın şərəflidir sənin ey qadın
S. Vurğun


Sözü-sözə, bayramı bayrama qatan May ayı tədbirlərin bolluğu (festival, kitab sərgisi və təqdimatları və s.), gözəlliyi və ruhuma bayram havası çiləyən özəlliyi ilə yadda qaldı. Hər bir kitab təqdimatı ayrı-ayrılıqda bayram ovqatlı, unudulmaz, yaddaqalandı. Şairə-publisist Nəzakət xanım Məmmədlinin “Köhnəlməyən xiffət” və “Yurt hasreti” kitablarının AYB-ın Natəvan klubundakı təqdimatı kimi…

Gözəl günlərdən biri idi. Nəzakət sevərlər onun ətrafına toplaşmışdı. Hamının Nəzakət xanımın şəxsiyyətindən, ədəbiyyatda, publisistikada və cəmiyyətdəki yerindən danışmağa sözü vardı. Yazıçı-dramaturq, Prezident mükafatçısı, filologiya üzrə fəlsəfə doktoru, “Qobustan” dərgisinin baş redaktoru, Azərbaycan Pedaqoji Universitetinin müəllimi Pərvin xanımın aparıcılığı, təmkinli, pedaqoq səriştəsi ilə ortamı ələ alması tədbirə xüsusi bir gözəlik qatmışdı. Öncədən dəyirmi stolun ətrafında oturan bütün dəvətlilərə müəllifin kitablarının və redaktoru olduğu “Yada düşdü…” jurnalının qoyulması da təqdir olunan idi.

Tədbir başlayanadək kitabları və dərgini gözdən keçirdim. Diqqətimi “Köhnəlməyən xiffət” kitabının üz qabığında müəllifin adının soyadsız yazılması çəkir, Nəzakət. Düşünürəm, nə qədər doğru bir seçim.… Nəzakət adını oxuyanda sanki gözümün önündə onun təbəssüm dolu gözəl siması canlanır. Bir ad insana bu qədərmi yaraşar? Bir insan (Nəzakət) sözün, adının mənasını bu qədərmi özündə, üzündə, işində, əməlində əks etdirər? Nəzakət xanımın bütün fəaliyyətində, işində, əməlində, insanlarla ünsiyyətində bu cizgi, bu harmoniya: tərbiyə, mərifət, incəlik, zəriflik bir an da olsun pozulmur. Onun bütün fəaliyyəti, işi, əməli, insanlarla ünsiyyəti “Ahəng qanunu”nda olduğu kimi, harmoniya təşkil edir: tərbiyə, mərifət, incəlik, zəriflik.

Nəzakət xanım Məmmədli ilə tanışlığımın tarixi çox uzun olmasa da, mənə elə gəlir ki, biz çoxdan bir-birimizi tanıyırıq, lap çoxdan… Şeirlərini oxuyuram, nə qədər dogma hisslər, dogma duyğulardır. Bu qədər zərif, gözəl bir qadın olmaqla yanaşı, Nəzakət xanım uğurlu lider, istedadlı jurnalist, ən əsası isə cəmiyyətimizə bir-birindən dəyərli övladlar bəxş etmiş, adını böyük iftixar və şərəflə çəkəcəyimiz zabitlər anasıdır.

Səməd Vurğunun “Adın şərəflidir, sənin ey qadın, / Dahilər anası çağrılır adın!” -misraları sanki cəmiyyətdə “Zabitlər anası” kimi tanınan Nəzakət xanım üçün yazılıb. O, haqlı olaraq bu adla qürur duyur:

Şükür, sənin yanında alnım açıqdır, Vətən.
Bir cəsur, bir qəhrəman oğul böyütmüşəm mən.
Bir qarış torpaq üçün canını fəda edən,
Bayrağına, himninə, şərəfinə and içən
Zabit anasıyam mən!


Bu tədbirdə çıxış edənlər tərəfindən də dəfələrlə vurğulanır, vurğulanmalıdır da… Nəzakət xanım vətənpərvərlikdən bir şüar kimi istifadə etmir, öz nümunəsində əsl vətənpərvərin neçə olduğunu təqdim edir. Onun dodaqlarından silinməyən təbəssümünün arxasında nə qədər yuxusuz gecələr, nigarançılıq, həsrət, nisgil gizlənir. Bəzən mənə elə gəlir ki, şeirləri Nəzakət xanım yazmır, şeirlər Nəzakət xanımı yazır. Yaşadıqları, xatirələrində yaşatdıqları yazır.

Atasını erkən itirən Nəzakət xanım təqdimatda keçmişdən, ailəsindən, bu günədək qəlbində yaşatdığı atasından, daha doğrusu atasızlığından danışdı, “İndiyə qədər onun çörəyini yeyirəm”, – sözləri məni əməlli-başlı kövrəltdi.

Qürurum, vüqarım, həm güvənc yerim,
Əlçatmaz zirvəsən, bir qarlı dağsan.
Sən mənim ən ali həyat məktəbim,
Ata, ölməmisən, qəlbimdə sağsan.


Şairə duyğularını,Vişnyovkada keçən uşaqlıq illərinin ən şirin, ən unudulmaz anlarını, külək döyən çardağa qalxıb ordan elektrik qatarını izləməsini, yorğun-arğın işdən dönən anasını gözləməsini şeirlərinə pıçıldayır:

Uşaqlıq illərimin ən şirin,
ən unudulmaz anları-
Vişnovka bağları.
Niyə görən qum yollara
döşəyiblər asfaltları,
hörüblər daş hasarları?
Əncir, üzüm ağacların
kəsib, küknar əkibdilər.
Bu günümlə dünənimin arasına
görünməz sədd çəkibdilər.
Boylanıram dünənimə yana-yana.
Hər nə varsa mənə yaxın, mənə doğma.
Təkcə məndən ayrı düşən,
xatirimdən, gözlərimdən silinməyən
uşaqlıqdır, bir də əziz ata, ana.


Şeiri oxuduqca kövrəlirəm, atamı mən də çox erkən itirmişəm. Anam bizi böyüdə-böyüdə şam kimi əriyib. Ömrüboyu atasızlığımız daş kimi yaxamızdan asılıb. Biz də işdən yorğun-arğın dönən anamızın yolunu həsrətlə gözləyərdik. Fərqli-fərqli şəhərlərdə, eyni taleyi yaşayan və eyni duyğularla yaşayan iki insan…

Bakılılar üçün bağ mövsümünün ayrı bir gözəlliyi və özəlliyi var. Yay mövsümü başlayanda şəhər kəndə köçür sanki. Biz tərəfdə bağlara yox, dağlara, yaylaqlara (Batabata) gedərdik. Yaylaqdan qayıdanda böyük bir boğça ilə dönərdik, “Xatirə boğçası”. Nəzakət xanımın “Bağ” şeiri də bu xatirələrin inikasıdır. Alın yazısı kimi, yaddaşa yazılanları da pozmaq olmur. İnsan get-gedə daha çox yaddaşa, “yaddaş kitabxanası”na qayıdır, təsnifləndirdiyi kataloqlara baş vurur. Uşaqlıq, gənclik, tələbəlik, atalı – analı günlər, atasız günlər və s. Hamısı bir-birindən dəyərli, çözələndikcə çözələnən xatirələr, hər yanda önünə çıxan, “bacısının ağaran telindən”, “anasının qəbrindən boylanan payız” və s.

Düşüb yol gedirəm tale boyunca,
Hər yanda önümə çıxır bu payız.
Bacımın ağaran telindən düşür,
Anamın qəbrindən baxır bu payız.


Payız bir fəslin adını daşısa da, poeziyada tez-tez və fərqli-fərqli anlamlarda işlədilir. Bəzən yaşlanmaq yerinə ömrün payızı, qışı da deyirlər. Xəzərin payızı da varmış və Xəzərin payızı bir başqaymış. Bir Payız günündə çırpınan Xəzərlə şairənin qəlbində çağlayan duyğuları eynidir. “Xatirələr üşüyür, həsrət ürəyi dağlayır, dənizin üzünə qəriblik çöküb, Xəzərin dalğaları hönkürür, suları ağlayır, yuvatək boşalan sahillər üçün tənhalıq nəğməsi oxuyur”, çünki dənizin üzərinə Payız saçlarını sərib:

Sənli xatirələr üşüyür burda,
Yenə ürəyimi həsrət dağlayır.
Dənizin üzünə qəriblik hopub,
Dalğalar hönkürür, sular ağlayır.

Payız saçlarını sərib dənizə,
Ayrılıq havası qoxuyur sular.
Yuvatək boşalan sahillər üçün,
Tənhalıq nəğməsi oxuyur sular…


İnsanın beyni müasir dillə desək onun “hard disk”i, “yaddaş kitabxanasıdır. “Yaddaş kitabxanadası”nda nələr var, nələr… Bu kitabxanada sevinclə kədər, əzizlərinin intizarı, vətən sevgisi, el, ailə-məişət qayğısı, Şuşa həsrəti (şükürlər olsun, bu həsrət son yetdi), Zəfər arzusu, Zəfər sevinci, vətən önündə başını dik tutan övladlarının qüruru qolboyundur.

Elə bil səngərtək qazılıb sinəm,
Qəlbimdə duyğular barıt qoxulu.
Uğrunda ölməyə hazıram, Vətən,
Hər misram döyüşən bir əsgər yolu.

Boylanır yaddaşın binələrindən,
Bir ovuc bayatı, bir yarpaq ağı.
Vətən ağrısını duymayan ömrü
Heç vədə isitməz Vətən torpağı.


“Könül dəftərinə “ana” adını nəqş elədiyi” üçün Allaha minnətdar olan Nəzakət xanım cəmiyyətdə lider qadın, evdə qayğıkeş, yol gözləyən, övladlarını vətən eşqiylə, vətən sevgisi ilə böyüdən anadır. Bütövlükdə o, bu missiyanı yalnız evində deyil, cəmiyyətdə də öz üzərinə götürüb. “Ruhumun gözü” adlandırdığı Vətənin dərdi dərdi, sevinci sevincidir:

Dünyaya açılan qapımsan mənim,
Ruhumun gözüsən, sən, Azərbaycan!
Mayası səndədir müqəddəsliyin,
İlahi qüdrətim - can Azərbaycan!


Hər bir vətandaş doğulduğu, böyüdüyü torpağı, vətəni sevməlidir. Vətən sevmək imandandır. Vətən müqəddəs olduğu kimi, vətəni sevmək də müqəddəs işdir. Deyirlər ki, “Dərvişin fikri nədirsə, zikri də odur”. Nəzakət xanım Məmmədli milli şüura, milli ruha malik olan ziyalılarımızdandır. Onun fikri də, zikri də vətəndir, Azərbaycandır. Şairənin poeziyasına otuz illik Qarabağ savaşımızın ağrı-acısı, harayı, fəryadı səpələnib. O, bir an olsun Qarabağ dərdini unutmayıb, könlünə Qarabağ düşəndə duyğularını misralara pıçıldayıb:

Könlünə Qarabağ düşüb,
Baxmaqdan gözə ağ düşüb.
Ümiddən yüz yarpaq düşüb,
Payızı, qışı doğmadı.


Bir şeirində haqlı olaraq yaddaşımızı, daha doğrusu yaddaşsızlığımızı, əlhəd daşına dəysə də, ayılmayan başımızı qınayır.Vətəni sevmək azdır, vətəni qorumaq gərəkdir. XX əsrin sonlarında dünəni unutmağımızın faciəsini bütün ağırlığı ilə yaşadıq.:

Yaddaşına bir ox dəyib,
Qeyrətinə bir “yox” dəyib.
əlhəd daşına çox dəyib,
qan axan başı doğmadı.


Bu gün dünəndən yarandığı kimi, sabah da bu gündən yaranacaq. Hər bir şeydə, hər bir hadisədə keçmişin qalıqları, indinin əsasları, gələcəyin isə rüşeymləri olur. Tarix və müasirlik bir-birinə qırılmaz tellərlə bağlıdır. Babalarımızdan bizə əmanət qalan torpaqı vətən bilmək, vətəni qorumaq bu torpağın üzərində yaşayanların borcudur. Bu Nəzakət xanımın poeziyasında qırmızı xəttlə keçir:

Torpaq deyil, Vətəndi bu,
Çınqıllı, daşı doğmadı.
Atamdan, babamdan qalıb,
Alın qırışı doğmadı.


Cəmiyyətdə baş verən hadisələrə bir an olsun biganə qalmayan Nəzakət xanım poeziyasında ciddi məsələlərə toxunur, oxucunu düşündürür, vətən məhəbbəti, yurd sevgisi aşılayır. 44 günlük Vətən savaşımızın zəfərlə bitməsinin sevinci, qüruru, iftixarı da şeirlərinin əsas mövzusuna çevrilir. Şəhidlərimiz etiramla anılır, şəhid olaraq “yurd yaddaşında heykəlləşən” oğul və qızlarımız, şəhid analarımız da sıralanıb əbədiləşir.

Vətən əsgərinin kirpiklərindən
Gecə ulduz-ulduz asir özunü.
Tətikdə dayanan barmağı üstə
Alagöz səhərlər açır gözünü...


Və ya

Çiçək-çiçək şəhid qanı
Üzündə xaldımı, Vətən?!
Sevib-sevib ölənlərin
Yadında qaldımı, Vətən?!


Türk divan ədəbiyyatının sufi şairi Şeyx Qalib yazır: “Durmayıp ney gibi inler gönlüm, / Hep dönüp kendini dinler gönlüm”. Nəzakət xanımın şeirləri də
ney kimi inləyən könlünün pıçıltısıdır, vərəqlərlə söhbətidir, ovunmasıdır:

Bu payız gecəsi yuxuma gəldin,
Ana, ətirlidir bu gecə yuxum.
Bir cənnət quşutək uçub da getdin,
Əbədi ruhuma hopubdu qoxun.


Nəzakət xanımın özü bir dünya, sözü bir dünyadır. Ruhu ruhuma, kədəri kədərimə, sevgisi, sevinci sevgimə, sevincimə doğmadır. Bəzən şeirlərimizin adı, bəzən ruhu, dadı eynidir. “Avtoportret” şeirim, Nəzakət xanımın “Bağ” şeiri ilə eyni ruhda, "Payız", "Qar yağır" adlı şeirlərim eyni adda qələmə alınıb. Nə xoş təsadüf və nə xoş bənzərlik.

“Rəssam, mənim şəklimi çək”, - şeirində özü öz portretini çəkən şairə şeirlərində “həyatın hər üzünü”, “yaddaşında qalanların”, “ümidini qıranların”, “doğma yadların”, yad doğmaların sözlə şəklini çəkir. Rəssam müraciətlə çəkəcəyi şəkildə nələri anlatacağını bir-bir sadalayaraq, ilk öncə özü öz rəsmini çəkir:

Atamı çək, anamı, çək
Uzaqlardan sənə baxan uşağı çək
Gözündəki işığı çək, qəlbindəki ümidi çək,
Məni çəkmə uşağı çək,

Yaddaşında qalanları
Ümidlni qıranları
Həyatın hər üzünü çək.
Unutma çək yaddan-yadın
doğmalığın
Damarında qanı axan doğmaların
yadlığını
O, uşağın bu yaşadək axtardığın
Həqiqəti, ədaləti, tapmadığı
Bu günədək itirdiyi varlıqları
Axtardığı yoxluqları
Sən məni çək...


Əzizim, Nəzakət xanım, mübaliğəsiz deyə bilərəm ki, Siz bir şeirdə həyatın hər üzünü rəsm etmisiniz. Bu şeirdə həyatın sərt üzünü, doğmaların yadlığını, yadların doğmalığını görən bir oxucu olaraq mən, öz portretimi görürəm, sanki. Ruhunuza, qələminizə əhsən!!!

Hələ də Sizin kitablarınızın təqdimatının günündə, saatındayam. Bütün gözəl sözləri Sizə ünvanlamaq istəyirəm. Aşağıdakı sözlər necə də yerinə düşür:

“Bu xanım (şair!) öyülməyə layiqdir.
Sevilməyə layiqdir!”

Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru


Baxış sayı - 707 | Yüklənmə tarixi: 05.06.2025 22:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031