manera.az
manera.az

Nüsrət Kəsəmənli - 80: Biri vardı, biri yox..

Nüsrət Kəsəmənli - 80:  Biri vardı, biri yox..
Nüsrət Kəsəmənli - 80

Getmək istəyirsən...

Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin, saxta sənədtək
Nə vaxtsa üstündə tutulacaqdır...

Yollartək döşənib ayaqlarına
Sənə yalvarımmı?..
Bu mümkün deyil.
Qoymaram qəlbimtək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil...

Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm, qalıbdır əlacım sənə.
Nə sondə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə.

Getmək istəyirsən,
nə danış, nə din,
Yox ol xəyal kimi dumanda, çəndə.
Nəyimi sevmişdin,
deyə bilmədin,
İndisə yüz eyib görürsən məndə...

Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...

Biri vardı, biri yox

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardi, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Ürəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən.
Məclislərdə can deyib, can eşidən
Dostlarımın biri vardı, biri yox.

Mən orduya nələr görüb getmişdim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...

Uzaq gəzdi əmi, dayı, bibilər.
Sözarası mənə "evlən" dedilər,
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək, bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən,
Vaxt gələcək, sən özün deyəcəksən,
Deyəcəksən: "Biri vardı, biri yox!"

Səni unutsam...

Mən səni unuda bilmirəm, axı
Unutsam nələri unudam gərək
Göylərə baxmışıq aylı gecədə
Unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları?
Xatirən yadımdan çıxaydı barı
Payızda xəzanı, qışdasa qarı
Baharda gülləri unudam gərək!

De, necə unudum mən səni, necə?
Sevgi durna deyil payızda köçə
Yuxuma gəlirsən mənim hər gecə
Ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan
Adındır hər saat qarşıma çıxan
Qarışıb şəklinə gözümdən axan
Yağışı, selləri unudam gərək!

Sinəmdə peşiman ürəyim qaldı
Uçdun əllərimdə lələyin qaldı
Nələri itirib, bax nəyim qal
Nələri, nələri unudam gərək!

Sən demə, təzədən sevmək olarmış

Sən demə, təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman gələ bilərmiş.

Ürək bulud kimi boşalırsa da
Demək, bulud kimi təzədən dolur,
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.

Sən demə, təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilər.

Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?!

Sən demə, təzədən sevmək olarmış,
Sevgi fursət deyil quş kimi uça.
Nə də kölgədir ki,
qaçasan qova,
Ya da sən qovasan,
o səndən qaça...

Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.

İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...

Mən ki, görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir, bir dəfə sevilir insan,
Sən demə, təzədən sevmək olarmış...

İkimizin yerinə...

Sevdiyimiz bir nəğmə var...

Bu sevgidən sən qorxursan
eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir ğün
dara çəksələr
Mən gedərəm ikimizin yerinə...

Min əzabdır sənsiz keçən
hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə.

Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün tanrı yazan şeirəm,
Dodaqların inciməsin deyirəm,
-Mən ölərəm ikimizin yerinə...

Taleyimdə son açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə,
Bu sevginin sonu əgər ölümsə
Mən ölərəm ikimizin yerinə.

Əllərin nə yaman soyuqdur, gülüm

Əllərin nə yaman soyuqdur, gülüm.
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.

Biz ki, cənubluyuq
bu soyuq hardan?
Gərək külümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq,
Gərək əlimiz də soyuq olmasın...

Oddan yoğrulmuşuq,
atəşik axı,
Qəlbimiz -
duyğular tonqalı kimi.
Yanağın
Ele bil alov dilimi,
Əllərin bir taxta yonqarı kimi...

Əllərin nə yaman soyuqdur, gülüm,
Niyə bu soyuğu indi duymuşam?
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?!

Ay üzü baharlı,
əli qış sonam!
Gileyim gülməli gəlməsin mənim.
Qorxuram
sevgidə soyumağın da
Əlindən başlaya,
əlindən sənin;
Əllərin nə yaman soyuqdur, gülüm...

Bir sevda ağlayır...

Gəl dedim, koksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.

Qədri bilinmədi,
Ömrü qırıldı,
Həsrət boyun bükdü,
hicran yoruldu.
O hər gün incildi,
hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.

Min gül solduranlar
min gül dərdilər,
Yüngül çiçəkləri
yüngül dərdilər,
Mən ürək açanda
baxıb gördülər
Bir sevda ağlayır içimdə mənim...

Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim.

Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla,
Mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.

Mənəm daş daşıyan o məhəbbətə,
İtmiş qaş-daşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim.

Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də
Üzümə baxmayın,
mən güləndə də
Bir sevda ağlayır içimdə mənim...

Bu, sən deyilsən...

Qayıdıb gəlibsən gözləri yaşlı,
Deyirsən, bir daha küsən deyilsən.
Hanı o vüqarın, o saymazlığın;
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsən vaxt keçir, zaman gözləmir,
Dilin dediyini, ürəyin demir.
Bu yalvaran gözəl sənə bənzəmir,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Getdiyim hər yeri güdən sən idin,
Küsəndə aylarla itən sən idin,
Çırpıb qapıları gedən sən idin,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsən küsənlər barışar yenə,
Nə tez boyun əydin beş gunlük qəmə?
Özündən razılıq yaraşır sənə
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Dərdlisən, dərdini get danış suya,
Əl açma, alçalma mən verən paya,
Elə bil dilənçi gəlib qapıya
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Qayıt

Sən getdin ömrümdən ilk bahar kimi.
Çiçəklər çəmənə çıxanda qayıt!
Həsrətin leysanı tükənməz daha,
Buludlar gözünü sıxanda qayıt,

Bir sevgi görmədim qəmsiz, cəfasız,
Hicranın ağırdı, dərdin dəvasız,
Bilmədin qədrimi, sən ay vəfasiz,
Həsrətin sonuma çıxanda qayıt!

Boylandım arxanca mən sözlü-sözlü,
Gah aşkar ağladım, gah da ki gizli,
Yerini boş görüb, bir mələküzlü
Sevgiylə üzümə baxanda qayıt!

Uyma, hər nadannın sözünə, uyma,
Apar ürəyimi kəs qıyma-qıyma.
Məni yurdsuz qoyma, yuvasız qoyma,
Ayrılıq evimi yıxanda qayıt.

Adım ki, adınla qoşadır sənin,
Bilməzdim ürəyin daşdandır sənin,
Hələ ki, ümidlər yaşadır məni,
Tənhalıq qəlbimi sıxanda qayıt.

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 919 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031