manera.az
manera.az

Badam çiçəkləmişdi - Nazilə Gültacın yeni hekayəsi

Badam çiçəkləmişdi - Nazilə Gültacın yeni hekayəsi
Zərrin çiçəkləyən badam ağacının önündə donub qalmışdı. Badam ağacı şahanə duruşu, bəyaz çiçəkləri ilə göz oxşayırdı. Onu Rəhman əkmişdi. Sevgisinə dəyər vermədiyi, sevgisini çəkdiyi rəsmlərdə ona anlatmaq istəyən Rəhman. Necə oldu ki, heç bunu duyub, hiss etmədim, - deyə özünü qınadı. Hələ o məktub- oxumadığı, heç əlində tuta bilmədiyi məktub. Bəlkə də onu açıb oxusaydı, çox şey dəyişə bilərdi. Kaş, kaş......

…Sinfə səssizlik çökmüşdü, şagirdlər inşa yazırdı. İnşanı hamıdan tez yazıb bitirən Rəhman onunla eyni sırada oturan Zərrinin alnına tökülmüş, ona yaraşıq verən qıvrım tellərinə, allanmış yanaqlarına sehrlənmiş kimi oğrun- oğrun baxırdı. Ona elə gəlirdi ki, bircə gün Zərrini görməsə, nəfəsi dayanar. Gülərkən yanaqlarının qəmzəsi, şirin təbəssümü, gülümsəyən dodaqları, hirslənəndə sağ qaşını qaldırması, səsindəki məlahət, dərs danışarkən gözlərini məchulluğa dikməsi, bir sözlə, qızın hər cizgisi, hərəkəti Rəhman üçün doğma idi. Zərrinin varlığı bütün nəcibliyi, zərifliyiylə onun ruhuna hopmuşdu elə bil.

Zəngə az qalmış inşasını bitirən Natiq başını qaldıranda Rəhmanın Zərrinə heyran- heyran baxdığını gördü, qanı qaraldı. Onun da qızdan xoşu gəlirdi. Zərrin ilə eyni məhəllədə yaşayırdı. Həmişə dərsə birlikdə gedib gəlirdilər.

Rəhmangilin evləri uzaqda olsa da, hər səhər məktəbə tez gəlir, pəncərənin önündə oturub gözlərini yola dikir, Zərrinin gəlişini gözləyirdi. Şairin “Mən də dərsdən qaçardım, sən dərsə gəlməyəndə” məşhur misrasını əzbər bilən Rəhman Zərrin məktəbə gəlməyəndə dərsdən qaçmasa da, həmin gün çox kədərlənir, bütün dərslər darıxdırıcı gəlirdi ona. Elə ki, onu görürdü, sevinir, ürəyi həyəcandan sinəsinə sığmır, hər şey gözəlləşirdi gözündə.

…. Xeyli tərəddütdən sonra Rəhman bir gün qəti qərara gəlib Zərrinə məktub yazdı. Məktubda gecələr onların evlərinin önündən keçməsindən tutmuş, onunla bağlı xəyalında yaratdığı dünyasına qədər hər şeyi, ona qarşı olan hissin eşqmi, sevdamı olduğunu bilmədiyini, amma Zərrinin onunçün nə qədər əziz olduğunu yazdı. Çəkdiyi rəsmini də məktubun arasına qoydu. Onda baharın ilk çağıydı, mart ayı yenicə girmişdi, havada qış sazağı hiss olunurdu. Baş verənlər Zərrinin gözünün önündə kino lenti kimi canlandı. Yadındadır, bərk yağış yağırdı. Zərrinin sinifdən tez çıxdığını görən

Rəhman arxasınca gedərək, onu səslədi:

-Zəri ( hamı onu belə çağırırdı), sənə sözüm var.

Zərrin Rəhmanın ona tərəf gəldiyini görüb, məktəbin bağçasında dayandı. Rəhman heç kimin görmədiyinə arxayın olub, əlləri əsə- əsə dörd qatlanmış bir vərəqi qıza uzatdı.

Zərrin təəcüblə soruşdu:

-Bu nədir?

Rəhman həyəcanla dilləndi:

- -Məktubdur, sənə yazmışam.

Zərrin bir əlindəki məktuba, bir də Rəhmanın pörtmüş üzünə baxıb, hər şeyi anladı. Demək, Rəhmanın da ondan xoşu gəlirmiş. Onun Rəhmana böyük hörməti vardı, xatirini dünyalarca istəyirdi. Fikirləri haçalandı, həmin an Natiq gəlib gözünün önündə dayandı. Hiss etdi ki, ürəyi Natiq üçün vurur. Məktub sanki od olub əlini yandırdı, anidən onu gölməçəyə atdı. Hər hansı bir sözüylə Rəhmanın qəlbini qıracağından ehtiyat edən Zərrin bu hərəkətiylə fikrini ona bildirmək istəmişdi. Bütün bunları xatırlayan Zərrin Rəhmanın küskün baxışlarını öz üzərində hiss edirmiş kimi oldu.

Yadındadır, Rəhman bütün sinif yoldaşlarının rəsmini çəkib onlara hədiyyə etmişdi. Rəhman onun da rəsmini çəkmişdi, rəsmdən boylanan həm Zərrin idi, həm də yox. O, xəyalındakı, görmək istədiyi Zərrini çəkmişdi. Rəsmdəki saçlarını çiyninə tökmüş, bəbəklərində nur sayrışan Zərrin gülümsəyərək, həyatda həmişə saçlarını iki hörük edən Zərrinə baxırdı. Rəsmi çox bəyənmişdi, evə aparanda yolda Natiqin rəsmi onun əlindən alıb cırıb atmasını təəssüf və peşimançılıq hissi ilə xatırladı. Natiqin şirin dili, şən zarafatları onun gözünü bağlayıbmış, Natiq hər addımda onun yanında idi, son vaxtlar yaman dilli- dilavər olmuşdu, ona gizlində xoş sözlər söyləyirdi.

Rəhman, Natiq, Zərrin – hər üçü dərs əlaçısıydı. Qısqanc və xudpəsənd olan Natiq Rəhmanla nə qədər yaxınlıq etsə də, onun daha çox qabiliyyətli olmasına daxilən paxıllıq edirdi. O, ən çox qızlarla dostluq edir, onların yanında üstün cəhətlərini nümayiş etdirməkdən zövq alırdı. Rəhmanın Zərrinə olan xüsusi diqqətini hiss edən Natiq son vaxtlar dərsdən sonra hər dəfə bir bəhanə ilə Zərringilə gəlir, həyət qapısından Zərrini səsləyirdi:

- Zərri( Natiq hamı kimi Zəri demirdi, fərqlənmək üçün Zərri deyirdi.) evdəsənmi? Gəldim dərsi bir yerdə hazırlayaq, məsələlərdə də həll edə blmədiyim yerlər var.

- Gəl, gəl, evdəyəm, dərsimi oxuyuram, - deyə Zərrin gülə- gülə eyvana çıxıb, onu qarşılayırdı.

Bir axşam birlikdə fizikadan məsələ həll edərkən, Natiq əlini bilərəkdən Zərrinin əlinə toxundurdu, həyəcanlanan Zərrin tez əlini çəkərək,- bu günlük bu qədər, qalsın, gerisini sinifdə həll edərik,- deyib yerindən qalxdı.

Səhər sinifə girən kimi Zərrinin gözləri Rəhmanı axtardı. Zərrinin ona yaxınlaşdığını görən Rəhman baxışlarını dolandırıb, qarşı dağları seyr etməyə başladı. O, əslən Kəlbəcərdən idi, səkkizinci sinifdən oxuyurdu bu məktəbdə. Onun daxilində başı qarlı, dumanlı dağlara qarşısıalınmaz bir istək, həsrət vardı. Hamı ilə deyib gülən Zərrin Rəhmandan çəkinir, onun işıqlı və mərd baxışlarına tab gətirə bilmir, qəlbi sürətlə vururdu. Zərrinin Rəhmana qarşı dərin rəğbət bəslədiyini görən Natiq son vaxtlar qızda özünə qarşı maraq oyatmağa çalışır, onu bir addım da gözündən uzağa buraxmırdı. Onun bu hərəkətlərini Rəhman hiss edir, məktəbdə dedi- qodu düşəcəyindən, Zərrinin adının hallanacağından ehtiyat edərək, susurdu.

Hər zaman sinif yoldaşlarına, dərslərini yaxşı mənimsəyə bilməyən digər şagirdlərə göstərdiyi köməyə görə Rəhman məktəbdə hamının rəğbətini qazanmışdı.

Zərrin yavaş addımlarla ona yaxınlaşdı:

- Rəhman, fizika məsələsini həll etmisənmi?

Rəhman onun üzünə gülümsədi:

- Hə, yazmışam. İstəsən başa salaram.

Zərrin tez dilləndi:

- Dünən Natiqlə məsələni axıracan həll edə bilmədik.

Bunu deyərkən yanaqları allandı. Bu Rəhmanın gözündən yayınmadı, içindən bir təlatüm keçdi . Natiq adının çəkildiyinii eşitcək, tez onlara yaxınlaşdı. Digər sinif yoldaşları da Rəhmandan məsələni yazı taxtasında izah etməsini xahiş etdilər. Dərsin başlamasına beş dəqiqə qalırdı. Rəhman yazı taxtasında məsələni izah edə- edə həll edib qurtarmışdı ki, zəng vuruldu. O, yazı taxtasını tez silib yerinə keçdi. Tərlan müəllim həmişə dərsi birinci əlaçılardan soruşurdu ki, zəif oxuyanlar ona qədər fürsət tapıb təkrarlaya bilsinlər. Bu dəfə Natiqi çağırdı, O, dərsi danışıb evə verilən məsələni də həll etdiyini bildirdi. Müəllim dedi:

- Hə, afərin, izah edə- edə yaz.

Natiq məsələni axıracan yazdı.

Müəllim, onu tərifləyib, üzünü sinifə tutdu, - daha kimlər həll edib evdə?- deyə soruşdu. Elə bu an Natiqin gözləri Zərrinin sərt baxışlarıyla toqquşdu. Onun niyə acıqlı olmasını anladı, pərt oldu, özünü oğurluq edən adam kimi hiss etdi. Zərrinin ondan uzaqlaşacağından narahat olan Natiq tez dilləndi:

-Müəllim, Bu məsələni təkcə Rəhman axıra qədər həll edib, biz də ondan öyrəndik .

Sözü deyə- deyə Zərrinin üzünə baxdı, gördü ki, qızın çöhrəsi işıqlandı, baxışları mülayimləşdi. Rahat nəfəs aldı. Bir sıfır xeyirinə həll olmuşdu məsələ - Zərrinin və digər sinif yoldaşlarının gözündə böyümüşdü Natiq.

Rəhmanın çəkdiyi rəsmlərə heyranlıqla baxan Zərrin deyirdi ki, Rəhman, sənin gələcəyin parlaqdır, sən dahi rəssam olacaqsan. Rəhman isə qızı sevgi dolu baxışlarla süzür, nəsə demək istəyirdi. Bunu görən Natiq həmin an məzəli lətifələr danışaraq, uşaqları başına yığırdı. İstər- istəməz Zərrin də onlara qoşulur, deyib- gülürdü. Belə anlarda Rəhman kədərlə qızın arxasınca baxır, köks ötürürdü.

Məktəbi bitirmələrinə az qalmışdı. Dərslərini oxuduqdan sonra axşamlar özü də bilmədən ayaqları onu Zərringilin küçəsinə gətirirdi. Uzaqdan bir xeyli onların pəncərəsinə baxır, Rəhman Zərrinin görünən kölgəsini gözlərinə yığırdı. Qızın yaşadığı evin daşı- divarı, hətta onların qapısı önündəki ağacın qurumuş budaqları belə əziz idi ona. Zərrin də hər gecə bu gizli gələni otağının işığını söndürərək, pərdənin arxasından ürək döyüntüsü ilə seyr edir, sonra yatağına uzanır, güllü yorğanındakı güllər canlıymış kimi ətrini ciyərlərinə çəkirdi. Rəhman isə ürəyində ona şirin yuxu arzulayıb, asta adımlarla evlərinə yollanırdı.

Zərrin bu gələnin Natiq olduğunu zənn edirdi. Çünki o gecədən sonra Natiqin onlara gəlişini qadağan etmişdi. Natiqin bu qədər sevməsini, romantik olmasını düşündükcə, onda Natiqə qarşı qəribə duyğular yaranırdı. Zərrinin heç ağlına da gəlməzdi ki, bu Rəhman olar, çünki onu ciddi və ancaq elmlə maraqlanan bir sinif yoldaşı kimi tanıyırdı. Rəhmanın atası birinci Qarabağ savaşında yaralanmışdı. Uzun illər müalicə alsa da faydası olmamış, böyrək çatmamazlığından dünyasını dəyişmişdi. Üç il olardı vəfat etdiyi. Rəhman evin tək oğluydu. Atasının vaxtsız ölümü onu çox sarsıtmış, ciddiləşdirmişdi. Zərrin Natiqə gecələr onların evinin həndəvərində gəzişməsindən xəbərdar olduğunu söyləmək istəmiş, amma utanmışdı. Fikirləşmişdi ki, qoy özü desin, onsuz da əvvəl- axır deyəcəkdi, çünki son vaxtlar Natiq ona çox diqqət göstərirdi.

Rəhmana qarşı etdiyi hərəkəti özünə bağışlaya bilməyən Zərrin badam ağacının yanından uzaqlaşa bilmirdi. Rəhmanın pərt olaraq, əyilib palçığa bulaşmiş məktubu götürərək, sürətlə uzaqlaşması sanki dünən olmuşdu. Həqiqətən də o an Rəhman ağlamaq istəmişdi, qəlbi yaralanmış, ilk sevgisi ayaqlar altına atılmış, qüruru sınmışdı.

Bir neçə gün gözə dəyməyən Rəhman əlində badam ştili iməcliyə qatılmışdı, bət- bənizi solmuş, sınıxmışdı. Badam ağacını gətirib həmin gölməçə olan yerə basdırıb, məktubu da qazıb onun dibinə gömmüşdü. Bunu görən Zərrin Rəhmanın nələr çəkdiyini hiss etməsə də, nədənsə, badam ağacının basdırıldığı yerdən bir xeyli gözlərini çəkə bilməmişdi.

Rəhman son zəng şənliyinə qatılmadı, hamı onda olan dəyişikliyə məəttəl qalmışdı. Axı, Rəhmanın yaxşı saz çalmağı da vardı. Bunun səbəbini ikisi bildi - Zərrin və Rəhman.

İmtahanı verib, məktəblə sağollaşdılar. Rəhman Tibb Universitetinə, Natiqlə Zərrin isə Bakı Dövlət Universitetinə daxil oldular. Bir dəfə Rəhman Zərrini görmək üçün onun oxuduğu universitetin yaxınlığından keçdi. Tələbələrin dərsdən çıxan vaxtıydı. Gözləri qızlar arasında Zərrini aradı. Onu uzaqdan görən Natiq Zərrinin qolundan tutdu. Onun bu hərəkəti Rəhmanın qanını qaraltdı, bir daha o tərəflərə getmədi.

İllər sürətlə bir- birini qovurdu, artıq dördüncü kursda oxuyurdular. Zərrinlə Natiqin nişanlandığını eşidən Rəhman sanki dərin bir boşluğa düşdü, bir müddət özünə gələ bilmədi. Amma nə qədər çalışsa da, Zərrinə olan eşqini qəlbindən çıxarıb ata bilmədi.

***

İkinci Qarabağ müharibəsi başlamışdı. Xain düşmən yenidən baş qaldıraraq, daha çox ərazi tutmaq iddiası ilə hücuma keçmişdi. Rəhman müharibəyə getmək üçün ərizə yazdı, anası ilə sağəllaşmaq üçün rayona yola düşdü. Ayaqları onu məktəbə sarı apardı. Badam ağacı böyümüşdü, sanki onu tanıyırmış kimi budaqlarını yellətdi. Rəhman kövrəldi, Zərrini xatırladı, qəlbinin başı göynədi. Bir xeyli ağacla dərdləşdi:

-Mən cəbhəyə gedirəm, bəlkə, bir də görüşmədik. Sən mənim sevgi ağacımsan. Əgər bir gün Zərrin buralara gəlsə, onu çox sevdiyimi söylə. De ki, ona olan sevgim əbədidir. Havamdır, suyumdur, torpağımdır, günəşimdir ona olan sevgim. Mütləq de, sağlıqla qal! Fəsillər dəyişsə də, hər zaman
könlümdə çiçəkləyəcən!

Rəhman bunları deyib, dərindən köks ötürdü, ağır addımlarla məktəbdən uzaqlaşdı. Onun ərizəsini qəbul etmişdilər, döyüş bölgəsinə yollandı. Rəhman müharibənin odlu- alovlu yerlərində həm döyüşdü, həm də neçə- neçə yaralı əsgərlərə yardım etdi. Ağır döyüşlərin birində çiynindən və ayağından bərk yaralansa da, bir təhər sürünərək, döyüş meydanında ağır yaralanmış, çoxlu qan itirən onlarla yaralı əsgərin yarasını sarıyıb, ərazidən çıxara bildi. Çoxlu qan itirdiyndən taqəti tükənən Rəhman yarğanın yanında ayağının birini itirmiş əsgərin ağər vəziyyətinı görüb, son gücünü toplayaraq, irəli atıldı, elə bu zaman düşmən snayperinə tuş gəldi, cansız bədəni yaralı əsgərin yanına düşdü. Şəhidlik zirvəsinə ucalan Rəhmanın ölüm xəbəri onu tanıyanları, ən çox da Zərrini üzdü. Rəhmanın siması bir müddət gözü önündən çəkilmədi, istedadlı bir gəncin, ləyaqətli bir sinif yoldaşının yarımçıq arzuları üçün göz yaşı axıtdı. Fikirləşdi ki, Rəhman sağ olsaydı, necə savadlı bir həkim olardı, neçə- neçə insanlara şəfa verə bilərdi. Heyf səndən və sənin kimi şəhid olan gənclərimizdən, Rəhman, - deyərək, acı- acı ağlamışdı.

***

Zərrin Natiqlə evlənmiş, bir qızları dünyaya gəlmişdi. Zərrin analıq məzuniyyətinə çıxıb, qızına baxmalı oldu. Universiteti bitirəndən sonra Natiq elmi fəaliyyətini davam etdirmək üçün kafedrada qaldı. Günlər geçdikcə, başqalaşan Natiqin xarakterindəki yekəxanalıq, xudbinlik Zərrini ondan soyudurdu. Natiq ona qarşı çox laqeyd və kobud olmuşdu, gecələr evə gec gəlir, bəzən də başqa yerdə gecələyir, - dostlarımla gəzməyə gedirəm, - deyib, onu başından edirdi. Zərrinin hər sözünə məna verir, onunla sərt danışırdı. Onun bu rəftarını görən Zərrin bir gün dilləndi:

- Niyə belə dəyişmisən? Hər gecə evimizin həndəvərindən keçən sən deyildinmi, hanı, bəs, o romantik sevgin?

Natiq gülərək dilləndi:

- Hər gecə küçənizdən keçən Rəhman idi, səni dəlicəsinə sevirdi. Mən də onun acığına səninlə evləndim.

Bunu eşidən Zərrin Natiqə nifrətlə baxdı, əllərini üzünə tutub, hönkürtüylə ağladı. Nə qədər yanıldığını, xəyali bir məhəbbətə aldandığını anlayaraq, Natiqdən ayrılmaq, yeni bir həyata başlamaq üçün düşündü. Lakin Zərrinin qızına yazığı gəldi, onu bağrına basıb, qədərinə boyun əydi.

Bir gecə Natiqin telefonuna mesaj gəldi, o, yatmışdı. Hansısa bir qadın ona xoş sözlər yazaraq, şirin yuxu arzulayıdı. Demək, o, Zərrinə xəyanət edirdi. Onun bu hərəkəti Zərrinin səbri üçü son damla oldu. Onun hər rəftarını bağışlayan Zərrin xəyanəti bağışlaya bilmədi. Natiq səhər durub işə gedəndən sonra ona yazdığı məktubu yemək otağındakı masanın üstünə qoyub, qızını da götürərək, rayona atasıgilə getdi.

Oxuduğu məktəbə qədəm qoyan Zərrini ilk qarşılayan Rəhmanın girişdə asılmış rəsmi və bağçada çiçəkləyən badam ağacı oldu. Onun mərdlik yağan gözlərindəki məhəbbətin dərinliyini, əbədiliyini, saflığını görən Zərrin çox kövrəldi.

Bəli, badam ağacı çiçəkləmişdi, o bəyaz çiçəklər bəlkə də Rəhmanın məktubundakı sevgi sözləri idi. Gözləri dolub -daşan Zərrin yaxınlaşıb, dodaqlarını ehmalca badam çiçəklərinə toxundurdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031