Kimciyəzlər kimciyəzi
(Yazıçı Günel Natiqin “Gözəl günlər naminə” kitabına hekayə dili ilə sözardı)
Bədənnüma güzgünün qarşısına keçib özünü başdan-ayağa, ayaqdan-başa diqqətlə süzdü: Qarşısındakı orta yaşlı kişinin başının ortası dazlaşmış, saçının çoxu və qaşlarının bəzi tükləri ağarmışdı. Tökülmüş dişlərinin yerinə atılmış keramik körpücüklərin rəngi salamat dişlərindən fərqlənirdi. Alnının qırışı, ətləşmiş uzunsov burnunun qırmızılığı sifətinin fonunda seçilirdi.
Yaşından böyük görünsə də, üzü hələ nurlu təsir bağışlayırdı. Şux qaməti, uzun və nazik əl barmaqlarının təravətli görünüşü, keçmişdə futbolu çox oynamış uzun və düz ayaqlarının üstündə gövdəsini rahat hərəkət etdirməsi onu hələlik qocalar sırasına yazmağa əsas vermirdi.
Ölkə üçün müharibələrlə müşayiət olunan, keşməkeşli ötən son bir qərinə ərzində əhali bir sıra çətinliklərlə üzləşmişdi. Söz yox, fərasətlilər özlərinə xoş güzəran qurmağı bacarmışdılar. Bir çoxları da pis-yaxşı dolanışığın çəmini tapmışdı. Amma o, bir də görmüşdü ki, ömür yarı olub, hələ gənclik illərindən qarşıya qoyduğu hədəflərin heç birinə çatmayıb, hətta heç ailə də qurmayıb.
Uşaq vaxtı onun barəsində “itin dilini bilir” desələr də, böyüyəndən sonra heç adamlarla da düz-əməlli dil tapmağı bacarmamışdı... Bir gecə yuxusunda gördü ki, doğrudan da it dilini bilir və yaxşı məvacib müqabilində varlı-hallı, məşğul bir biznes-ledinin köpəyini gün ərzində iki dəfə gəzintiyə çıxarır. Köpək ona ərsiz sahibəsi ilə çıxardıqları əcaib oyunlardan danışanda paxıllığı tutur. İtin xoşbəxtliyini həzm edə bilmədiyinə işini itirməyi də gözə alır; zavallı heyvan dal ayağının birini qaldırıb ağacın dibinə peşov elədiyi anda xayasına möhkəm bir təpik ilişdirir. Kənardakı adamlar sadəcə zingilti səsi, o isə bu sözləri eşidir: “Mən oğraş köpək deyiləm, o qancıq qəhbədi...”
Bəxtsizlikdən qəhrəmanımız əvvəlki işindən ixtisara düşmüşdü. Qırx beş yaşı adladığına dişsiz at kimi işə götürmək istəmirdilər. Pensiya yaşına isə hələ çox qalmışdı. O vaxta sağ çıxacağına əmin deyildi. Ona görə sağlamlığını qorumaq, zərərli vərdişlərini tərgitmək fikrindən uzaq idi; adam siqaret çəkir, araq içir, ara-sıra təsadüfi qazanclardan əlinə bir az artıq pul düşəndə fahişələrə xərcləyirdi. Tez-tez aldığı lotereya biletləri də udmurdu. Ömrünün qalan günlərini qayğısız yaşamaq üçün varlı qəhbənin sevimli köpəyi olmağa belə hazır idi.
O məşum yuxunu gördüyü gecənin səhəri sosial şəbəkədə bir paylaşım diqqətini çəkdi: “Əsl tənhalığın nə olduğunu həkim qəbuluna yalqız getmək məcburiyyətində olanlar bilir”. Bu sözlər onun ağlına ideya gətirdi: Bəlkə, həkimə gedən tənha xəstələri pul qarşılığında müşayiət eləsin?
Fikrini xeyli götür-qoy elədi. Xəyalında canlanan özü kimi tüfeyli, əyyaş qədəh yoldaşlarının obrazları bədbin proqnozlar verir, hürküdücü xəbərdarlıqlar edirdilər:
– Xəstə yazıq, canının hayındadı. Həkimə pul versin, dərmana çatdırsın, ya sənə?
– Adamı olmayan, demək ki həm də kasıbdı, sənə xeyiri dəyməz.
– Qaynanamı gəzdirəndə görmüşəm. Uzun növbələrdə bezəcəksən, öz dərdlərin də oyanacaq.
– Axırıncı dəfə özün nə vaxt müayinədən keçmisən?
– Yoluxucu xəstəliklər şöbəsinə getməyəsən!
– Ürəyin yumşaqdır, çoxundan heç pul götürməyəcəksən...
Onsuz da başqa seçimi olmadığına görə qərarını verdi. Əlinin yetdiyi sosial platformalarda “kimsəsizlər kimsəsi” niki ilə qeydiyyatdan keçib elan yerləşdirdi. Bu ibarə onun çox xoşuna gəlirdi. Elə əzbər bildiyi tək-tük şeirlərdən biri də məhz Əlişir Nəvainin Uca Yaradanın qüdrətini mədh etdiyi eyni adlı şeiri idi:
Hər kəsin var bir kəsi,
Mən bikəsin yox kimsəsi.
Mən kəsin sənsən kəsi,
Ey Kimsəsizlər Kimsəsi.
Bir neçə gün sonra ilk təkliflər gəlməyə başladı. Qəribə burasıydı ki, zəng edib onun xidmətindən istifadə etmək istəyənlər xəstələr özləri deyil, onların yaxın adamlarıydı. Özlərinin çox məşğul olduqlarını deyən övladlar xəstə valideynlərini bahalı klinikalara aparıb-gətirməyi xahiş edirdilər. Çoxu da ondan şəxsi avtomobilinin olub-olmadığını soruşurdu. Bəzən olurdu ki, oğul atasının “Qocalar Evi”ndən götürülüb həkimə aparılmasını istəyirdi. Onunsa maşını yoxdu deyə imtina etmək zorunda qalırdı.
Bir imkanlı şəxs ailə üzvünü doktora deyil, məhz pişiyini baytara göstərməyi ondan xahiş edəndə pərişan oldu: “Sabah da qabağıma yuxuda gördüyüm it çıxar. Demək, bu işdən də bir şey alınmadı!”. Elanlarını yığışdırmaq, işlətdiyi internet səhifələrini bağlamaq istəyirdi ki, növbəti zəng gəldi. Dəstəyin o başından qadın səsi eşidildi:
– Salam.
– Salam.
– Sizsiniz Kimsəsizlər Kimsəsi?
– Bəli. Bağışlayın, ad bir az gurultulu çıxıb...
Daha əvvəl bir dindar internet istifadəçisi ona əvvəlcə “Kimsəsizlər Kimsəsi o bir olan Allahdır, sənsə kimciyəzlər kimsəsisən” demiş, sonra da dişinin dibindən çıxanı yağdırmışdı. O vaxtdan danışdığı hər kəsə qabaqcadan belə üzrxahlıq eləyirdi.
– Sabah məni xəstəxanaya müşayiət edə bilərsiz?
– Olar. Saat neçədə, harada?
– Saat... Deyim də... On birə on-onbeş dəqiqə qalmış Onkoloji Klinikanın girişində görüşək.
– Yaxşı.
– Pulunuzu qabaqcadan istəyirsiz, yoxsa..?
– Yox, qoy bir işinizə yarıyım da.
– Heç olmasa, avans ödəyim. Arxayın olmaq istəyirəm ki, gələcəksiz.
– Narahat olmayın, mütləq gələcəm.
– Həm də, bəlkə bir az artıq vaxtınızı aldım, göstərdiyiniz məbləğdən çox ödəməli oldum.
– Bir ortaq məxrəcə gələrik...
Ertəsi gün klinikanın həyətində buluşdular. Qarşısında orta boylu, solğun simalı qadın dayanmışdı. Göy rəngli cins şalvar, qırmızı kofta, kapyuşonlu qara dəri gödəkçə geyinmişdi. Papağının altından saçları görünmürdü. Qaş yerində tüklər sezilmirdi. Qalın qara sürmə çəkmişdi.
“Xərçəng xəstəsidir, bu xəmir çox su aparacaq, – Deyə düşündü: – Yarımçıq da qoya bilməyəcəm. İşə düşdük!.. Yazıq kimya terapiyası alır. Necə əzablar çəkib yəqin. Amma canını dişinə tutub şən görünməyə çalışır. Allahın işinə bir bax! Kimi itinə-pişiyinə qulluqçu axtarır, kimi də canı ilə əlləşir”.
Elə ilk müşahidələrindən belə qənaətə gəldi ki, Qadın onun təxmin edə biləcəyindən artıq dərəcədə ünsiyyətli, çox intellektual, zəngin dünyagörüşlü biridir. Şad görünürdü, davranışında xəstəliyindən dolayı ümidsizlik ifadə edən heç nə duyulmurdu.
Nə ilk, nə də sonrakı görüşlərində Qadından şəxsi həyatı ilə bağlı nəsə soruşmağa cəsarət etmirdi. İcad etdiyi məşğuliyyət növü üçün bir növ peşə kodeksi hazırlamışdı: Xidmətdənkənar heç nə!
Qadın isə çox maraqlı həmsöhbət idi. Kişiyə hərdən elə gəlirdi ki, vəzifələrini dəyişiblər: həkim qəbulunda bəzən uzun dəqiqələr çəkən canlı növbələrdə o qadını deyil, qadın onu darıxmağa qoymur. Belə vəziyyətlərdə Kişi düşünürdü ki, aldığı zəhmət haqqının qarşılığında onu sakitcə dinləmək öhdəliyi də götürüb. Qadın da tez-tez söhbət əsnasında hansısa yazıçı rəfiqəsinin əsərlərindən sitatlar gətirirdi: “Küləyə inad, həyata inad, sənin həyatına zorla soxulmuş o amansız fələyə inad...”
...Növbəti görüşü bir gün əvvəl erkən saatlarda qərarlaşdırmışdılar. Lakin axşam qadın mesaj yazıb üzrxahlıq elədi:
“ – Salam. Siz sabah zəhmət çəkməyin. Rəfiqəmlə danışmışıq, onunla gedəcəyəm. Həm də həkimdən ayrılandan sonra başqa işimiz var birlikdə. Ancaq vaxtınızı bron etdiyim üçün kartınıza pul göndərdim”.
“ – Salam. Necə istəyirsiz!.. Pulu isə nahaq göndərmisiz. Mənə sabah üçün hələ də sifarişlər gəlir, seçimi dəyişə bilərəm. Kartınızı deyin, geri ödəniş edim”.
“ – Yox, söz danışıqdan keçər. Artıq pul cibinizi deşirsə, dünyanın sonu deyil, növbəti görüşlərimizdən birində əvəzləşərik”.
“ – Əlbəttə, dünyanın sonu deyil, amma mən istərəm ki, xəstəliyinizin sonu gəlsin”.
“ – Ölüm, canım qurtarsın yəni”.
“ – Əstəğfürullah! Nə danışırsınız, xanım? Mən arzu edirəm ki, birdəfəlik şəfa tapasınız”.
“ – Və... daha görüşməyək, eləmi?”
Belə sualı gözləmirdi. Mesajın sonundakı qəmginlik işarəsi olan smayliki isə əsla. Duruxdu. Xeyli tərəddüddən sonra cavab yazdı:
“ – Niyə ki? Şadlıqlarda görüşək, daha xəstəxanalarda yox”.
Necə oldusa, bir sual daha artıq verdi:
“ – Soruşmaq ayıb olmasın, sabah görüşəcəyiniz rəfiqəniz əcəba o kitab yazan deyil ki? Belə yenə də gələ bilərəm, onu tanımağım pis olmazdı”.
“ – O deyil. Gəlməyinizə lüzum yoxdur, onsuz da o xanım yazıçını tanıyırsınız”.
“ – Hardan tanıyıram? Heç adını da deməmisiniz mənə”.
“ – Tanıyırsınız, tanıyırsınız. Adını da demişdim, yəqin unutmusunuz”.
“ – Ola bilər, bir də deyin”.
Daha cavab gəlmədi.
O gecə gözünə yuxu getmirdi. Dərin bir məyusluq bürümüşdü qəlbini. Tanışlıqlarından ötən müddət ərzində indi, yalnız indi hiss eləmişdi ki, onunla növbəti görüş üçün darıxacaq. Bəlkə elə çoxdan baş qaldırıb bu hiss, sadəcə görüşün təxirə salınması bu qərib duyğunu qabardıb, nə bilsin?!
Qəlbində yaranan qəfil boşluğu doldurmaq üçün internetdə dolaşmağa başladı. Düzü, əvvəlcə nə axtardığını bilmirdi. Barmaqları klaviaturanın üstündə qeyri-ixtiyari olaraq qadından eşitdiyi, yazıçı rəfiqəsinə mənsub sözləri yazmağa başladı: “Bu dünyada tabut ölçüsünə belə şəriət qaydaları var, amma diri insanların haqqını yeyənlər üçün qayda-qanun yoxdur”. Həmin ibarələri dəqiq deyil, təxmini xatırladığından, təxmin etdikləri də orijinal variantdan az-çox fərqləndiyi üçün ilk əvvəl axtarış cəhdləri dürüst informasiya mənbəyinə aparıb çıxarmırdı.
Tədricən, natamam ifadələrin yerini fəhmlə doldura-doldura axır ki, bir uyğun nəticə tapdı. Yazıçı xanımın ona məlum olan sözləri saytların birinə verdiyi müsahibədə sərlövhəyə çıxarılmışdı. Yazıçının adı tanış gəldi, deyəsən nə vaxtsa Qadın söhbətində bu adı çəkmişdi. Növbəti addımda yazıçının adı ilə axtarış apardı. Tapdığı ünvan onu çox təəccübləndirdi – Qadının şəklini görəndə gözlərinə inanmadı. Sən demə, “yazıçı rəfiqə” elə onun özü imiş, ədəbi cameədə rəsmi adı-soyadı ilə deyil, təxəllüs ilə çıxış edirmiş!
Bu sürprizə sevinsə də, rast gəldiyi növbəti informasiyalar onu şoka saldı. Son günlərdə xanım yazarın üzv olduğu ədəbi təşkilatlardan biri onun xəstəliyinin şiddətləndiyi, təcili aparılması gərəkən əməliyyat üçün xeyli miqdarda pula ehtiyacı olduğu barədə məlumat yaymışdı. Məlumatda kömək üçün ictimaiyyətə çağırış edilmiş, bank kartının nömrəsi paylaşılmışdı.
Gecə uzunu onun nihilist ovqatlı hekayələrini oxudu. Əksər hekayələrinin qəhrəmanlarının ağır xəstəliklə mübarizədə göstərdikləri iradəyə heyran oldu. Onun qəhrəmanları yağış altında gəzməyi, pişik balalarını, poeziyanı, insanlığa dair hər şeyi sevirdilər. Eşitdiyi sitatlara da rast gəldi: “Danışmasaq belə, bir-birimizi sadəcə sükutla başa düşürdük. Sükutun bu qədər gözəl ola biləcəyini heç düşünməzdik”; “Bəzən adi bir anlaşılmazlıq bütün həyatımızı idarə edir. Halbuki bircə gözəl söz taleyimizi dəyişə bilər. Biz insanlar hər şeyi necə də mürəkkəbləşdiririk...”
Səhəri diri gözlü açdı. Qadına zəng etməyə cəsarəti çatmadı. Guya danışsaydı, nə təklif edəcəkdi ki?! Biixtiyar lotereya biletləri satılan məntəqəyə getdi. Cibindəki elə də çox olmayan pulların hamısını lotereyaya verdi. Evə gəldi, soyuducuda qalan yarımçıq şüşədəki arağı götürüb başına çəkdi. Biletləri bir-bir pozmağa başladı. Rəqəmləri yoxladıqca uğursuz biletləri cırıb külqabıya atırdı. Axırıncı biletə əl atanda çoxdan inamını itirdiyi Allaha yalvardı...
Qadın əməliyyata götürüləndə narkoz qəbul etməzdən əvvəl beynində dolaşan axırıncı fikir çox nikbin idi; sanki əmin idi ki, bundan sonra görəcəyi günlər daha gözəl olacaq. Hətta qayıdacağı yeni həyatda ilk görəcəyi işi də müəyyənləşdirmişdi – Bank hesabına köçürülmüş, başqalarından müqayisəolunmaz dərəcədə böyük olan, tibbi xərcin yarısından çoxunu qarşılayan məbləği məhz kimin göndərdiyini hər vəchlə olur-olsun öyrənmək!..
Pünhan ŞÜKÜR