manera.az
manera.az

Sənə gəlsəm, payız ömrüm yaz olar - Şeirlər

Sənə gəlsəm, payız ömrüm yaz olar - Şeirlər
MANERA.AZ laçınlı şair Mehriban Mərdanədən şeirlər təqdim edir.

EHTİYACIM YOXDU Kİ

İncə-incə toxunmağa tel də var,
Gah kükrəyən, gah dayanan sel də var.
Gümüş kəmər dar gələsi bel də var,
Mənim sənə ehtiyacım yoxdu ki.

Sis-dumanı dağıtmağa yel də var,
Sarı simdə toxunmağa tel də var.
Bu Leylini qınamağa el də var,
Mənim sənə ehtiyacım yoxdu ki.

Möcüzədir, daş üstündə gül də var,
Tül bədənə geyiləsi tül də var.
Alışmadan ocağımda kül də var,
Mənim sənə ehtiyacım yoxdu ki.

Dərdlərimi söyləməyə dil də var,
Qubarları toxumağa mil də var.
Mehribanam, göz yaşımdan Nil də var,
Mənim sənə ehtiyacım yoxdu ki...

LAÇIN

Dağlarında duman olum, çən olum,
Sənsizlikdən dönüb yenə sən olum,
Ay mənim sağ yanım, ay mənim solum,
Dilimdə ən şirin sözümsən, Laçın.

Sənə gəlsəm, payız ömrüm yaz olar,
Qəmli könlüm dönüb xoşavaz olar,
Hər nə desəm mən şəninə, az olar,
Qayğıya, müşkülə çözümsən, Laçın.

İcazə ver, gəlim sənlə tən olum,
Lalələrtək daşında bitən olum,
Bölünmüşdüm, bütöv bir vətən olum,
Sınaqdan ağ çıxan üzümsən, Laçın.

Ayrılığın ürəyimin dağıdır,
Hicran getdi, artıq vüsal çağıdır.
Mehribanın ürəyinin yağıdır,
Gördüyüm, sevdiyim, özümsən, Laçın.

TEL ÜSTÜNDƏYƏM

Hərdən dəniz kimi coşub-daşıram,
Şıltaqlıq edirəm, uşaqlaşıram,
Dönüb dərdlərimlə qucaqlaşıram,
Kamana köklənmiş tel üstündəyəm.

Gah düşürəm lalərin sehrinə,
Açan gülün, şux bülbülün sehri nə?
Bu dünyanın, bu yığvalın sirri nə?
Xəzanı qovlayan yel üstündəyəm.

Baş açmıram heç özüm də özümdən,
İlahidən mənə gələn dözümdən.
Qızınmıram hey alışan közümdən,
Günbəgün ağaran tel üstündəyəm..

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031