Ankarada "Zafər Günü"ə həsr olunmuş filmin premyerası olub - Fotolar

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi və Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin dəstəyi ilə Ankaralılar və Ankaraya Xidmət Edənlər Dərnəyi tərəfindən təşkil olunan "Qarabağ Zəfərinin 4-cü İldönümü Anısına" hazırlanan "Köhnə çamadanlar" filminin qala gecəsi Ankarada böyük coşqu ilə keçirildi.
Noyabrın 6-da Ankaradakı “CSO Ada” mərkəzində Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına həsr olunmuş və türk dilinə dublyaj edilmiş “Köhnə çamadanlar” filminin premyerası olub.
Manera.az xəbər verir ki, bu ekran əsərinin nümayişi Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunub.
Tədbir Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin milli himnlərinin səsləndirilməsi ilə başlayıb.
Proqramın aparıcısı, tədqiqatçı-yazar və Qazi Universitetinin doktorantı Şəhla Aslan çıxışında, rejissor Saida Haqverdiyevanın "Köhnə çamadanlar" filminin İkinci Qarabağ Müharibəsində yaşanmış, iz qoymuş hekayələrə əsaslandığını vurğulayıb.
Şəhla Aslan filmin müharibənin dərin yaralarını və Azərbaycan qadınlarının əzmkarlığını ürəklərə təsir edən bir güclə əks etdirdiyini bildirib: "Bu film, Azərbaycanın cəsur qadınlarının müharibənin amansız ağrılarına qarşı nümayiş etdirdikləri gücü, səbr və iradəni nümayiş etdirir. Film, məhrumiyyətlərə sinə gərən, həyatın hər üzünə şahidlik etmiş qadınların qəlbindəki döyüş ruhunu canlı saxlayır və tamaşaçını həmin o dəmir iradə ilə tanış edir."
Tədbirdə protokol çıxışları çərçivəsində Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Prof. Dr. Aygün Attar, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Sanem Arıkan, Ankara Ticarət Odasının sədri Gürsel Baran, MHP sədr müavini Prof. Dr. Mevlüt Karakaya, AK Partiyanın İstanbul millət vəkili Serkan Bayram, Qazi Universitetinin prorektoru Prof. Dr. Hasan Tezer və Ankaralılar və Ankaraya Xidmət Edənlər Dərnəyinin başqanı Hilmi Yaman kimi tanınmış şəxslər iştirak etdilər. Onlar çıxışlarında Türkiyə və Azərbaycan arasında qardaşlıq bağlarının əhəmiyyətini vurğulayıb, Qarabağ mübarizəsinin zəfər simvolu olan bu filmin mənasını dilə gətiriblər.
Tədbirdə həmçinin "Qadın, Sülh, Zəfəri" adlı rəsm və ebru sərgisi sənətsevərlərə təqdim olundu. Sərgidə əsərləri ilə iştirak edən sənətkarlar Ayşəgül Akyürek, Aynur Emre, Fuat Öndin, Muzaffer Ünver və Sultan Karaağaç tamaşaçılardan böyük alqış qazanıblar.
Gecədə Azərbaycan Dövlət Artisti Prof. Məmməd Səfa, aktrisalar Gülüzar Qurbanova və Zümrüd Qasımova, görüntü rejissoru Şahmar Səfəroğlu, prodüser Kemalə Nəhmətova və ssenarist Saida Haqverdiyeva kimi şəxslərə təşəkkür plaketləri təqdim edildi. Bu mükafatlar, sənətin iki qardaş ölkə arasındakı mənəvi bağları möhkəmləndirməsindəki rolunu bir daha ön plana çıxarıb.
Film nümayişində tamaşaçılar Azərbaycan qadınlarının müharibənin izləri ilə mübarizəsinə şahid oldular. "Köhnə çamadanlar" Bavullar" filmi, Birinci və İkinci Qarabağ müharibəsinin təsirini güclü bir tərzdə əks etdirərək, Azərbaycan ordusunun zəfəri və xalqının dözümlülüyünü təsvir edən final səhnələri ilə tamaşaçılar tərəfindən böyük rəğbət qazandı.
Gecənin sonunda "Köhnə çamadanlar"ın rejissoru Saida Haqverdiyeva, tamaşaçılara və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.






