Naqəfil alver - Aliq Nağıoğlunun hekayəsi

(Hekayə Mir Cəlal adına IV Beynəlxalq Hekayə Müsabiqəsində III yerə layiq görülüb.)
Canpoladın cöngəsi iki gündü xəstələnmişdi. İki gündə yetmiş manatlıq iynə vurulub, sistem köçürülsə də, heyvanda bir irəliləyiş yox idi. Düzdü, uzanılı halda olsa da, dünən axşama kimi həyətin sarmaşığından, ayrıqotundan, tut ağacının yarpağından az-az yeyirdi, amma bu həyət belə vəziyyətdən ayağa duran ikinci bir heyvan görməmişdi.
Odur ki, Canpoladın qanı bərk qara idi. Xasiyyətini bildiyindən arvadı sözünün başına ip salmırdı, gördüyü işlərə fikir vermirdi. İndi də deyinə-deyinə su şlanqını qapının ağzına çəkirdi: növbəti dəfə dəmir darvazanın ağzını o baş-bu başa isladacaqdı.
Belə baxanda, toztorpaq yatsın deyə, sulamaq başa düşüləndi, ancaq nasos işləyirdi; indiki imkansız vaxtda bu da pul deməkdi. Avqustun istisinə neylə yəcəkdi, burdan isladırsan, ordan quruyur, di gəl, bir söz demək-danışmaq olmurdu.
Canpolad qorabişirən ayın anormal qızmar istisi altında heç nəyi vecinə almadan qapının kandarını sulayırdı. Bu dəm yoldan ötən hündür banlı ağ maşın qəfildən dayandı, içindən dörd nəfər canıhövlü düşdü. İçərilərində ən yaşlısı, ağ saçlı, ağ köynəkli, qalstuklu birisi salam verib əlini irəli uzatdı:
– Sənə qurban, o şlanqı bəri ver görüm, quyu suyudur yəqin, bir sə - rinlənək, – deməyi ilə şlanqı Canpoladın əlindən alıb aşağı əyildi, soyuq sudan ağ tüklü əllərinə axıtdı, üzünə vurdu. O, tanımadığı adamların dördünün də komanda şəklində cəld maşından düşüb iş başına keç mə - lə rindən hiss elədi ki, onlar elə-belə, adi adamlar deyillər. Nisbətən ca - va nı, şişman qarınlısı:
– Haradasa oxumuşam ki, nemeslər vaxtı ilə küçələri dayı kimi yu yur - muş lar, – deyə irişdi.
– O küçələr abırlı-başlı bir şey idi, oğul, daşlarla hörülmüşdü, bizimki tozlu-torpaqlı yoldur; üç ildir asfalt örtüyü dağılıb. Evimizin bütün avadanlığı toz içindədir. İynəni yorğan-döşəyin arasında gizlətsən, bala, toza bulaşacaq, inan haa, – Canpolad nəsə fəhmlə duymuşdu ki, bu tipli adamlar yol üstə olduqlarından, çox ayaq saxlamazlar, ona görə hər dəfə sulama işini görəndə beynində öyürüb-çevirdiklərini istər-istəməz dilinə gətirdi.
– Mən hər yerdə deyirəm də, bizimkilər çox fərasətlidir: sən onları dolaşığa sal, gör necə ordan baş çıxarırlar, – bayaqdan fınxıra-fınxıra yuyunan yoldaşını gözləyən qarayanız bəstəboy adam dilə gəldi.
– Rəis, qarabala ağzına yiyəlik eləmir ha, yenə başladı... Sokraşeniyadan canını təzə qurtarıbsan, qadası, ancaq düzəlmirsən də, tut görüm, – dazbaş kürən qıyqacı böyüyünə boylandı.
Canpolad araya söz qatdı:
– Görürəm, uzaq yol gələnə oxşayırsınız, bir stəkan çayıma qonaq olardınız.
– Sağ ol, ağsaqqal, Allah razı olsun, xeyir işinə çağırarsan, gələrik. Yol adamıyıq, tələsirik, qonşu kəndə hüzrə gedirik, – ağ saçlı ciddi görkəm aldı,
– dünən televizorda göstərilən, şəhərdə iş başında dünyasını dəyişən yol polisi bizim əməkdaşımız idi...
– Hə-ə, qonşu kənddəndi rəhmətlik, qabaqdan sağa, sonra da düz axıra kimi gedəcəksiniz, – Canpolad əlini irəli uzadıb duruxdu.
– Tamahının badına getdi, insanda pula nə qədər sevgi vardı, ilahi, yatmırdı ki, gecə-gündüz vurnuxurdu, rəis onun toyuna da gəlmişdi... – qarayanız bəstəboy yenə dilini dinc qoymadı.
– Atası kassir idi, kassir Kərim adı ilə tanınırdı, gözünü açıb rəhmətlik evdə pul görmüşdü, neynəsin, – Canpolad da bildiklərini nümayiş etdirdi.
– Burda yaxşı ev-eşik salmışdı, içinə girməyə ömür vəfa qılmadı...
– Həyət quyusu olsa da, su şirindir, – bayaqdan dinib-danışmayan dördüncü qonaq da, nəhayət ki, söhbətə qoşuldu.
– Ancaq bizim tərəflərin suyuna çatmaz, gedib görəcəksiniz, inşallah...
– Allah qoysa, dayını o yerlərə aparmaq mənnikdir, – qarayanız bəstəboy əlüstü söhbəti tamamladı.
– Bəsdirin, doluşun maşınlara, elə gedək, obedə düşməyək, – rəis səsini qaldırdı. Canpoladla ikilikdə qalanda astadan:
– Çox sağ ol, ağsaqqal, o saat bilinir, böyük ürəyin var, mərhəmətlisən, birdən nəyəsə ehtiyacın olar, çəkinmə, deginən, – ehmalca soruşdu.
– Sən nədən nigaransan, rəis?! – o, səsini elə ucaltdı ki, özü də diksindi.
– Üz-gözündən yorğunluq yağır, həm də narahat görünürsən, – yaxın adam kimi qoluna girdi.
– Sözün düzü, xəstə var, onunçün yuxusuzam. Elə bilərsiz adamdır, yooox, bir cöngəm var, iki gündü azarlayıb, üstünüzə sağlıq. Amma bekara
şeydi, müalicə etdirirəm, ayağa durasıdı...
– Canpolad rəisin məhrəmliyindən kövrəlmişdi, odur ki, bir az da ürəkləndi:
– Qalxacaq ee, rəis! – Uşaq olanda mən bu hissləri çox yaşamışam. Atam altı uşağı malqoyunla böyüdüb, oxudub, yerbəyer edib. Yaxşı yadımdadır, heyvan xəstələnəndə özünə yer tapa bilmirdi, qanı it qanına dönürdü. Qorxumuzdan cınqırımız çıxmırdı. Günlərlə ətini tökən heyvan murdar olanda elə vaysınırdı ki... İndi sən də, cöngə nə qədər çəkisini itirməyib, münasib qiymətə ver getsin. Canın sağ olsun, deyir: malın ağı gedər, qarası gələr... Ağsaqqal, bir şey də soruşum, ancaq düzünü söylə: möcüzəyə, bəxtəzada inanırsan?
– Allah kömək olmuş, yüz biletin doxsan doqquzu uduşlu olsa, o, bir uduşsuz – mənim qismətimdir. Ömürdü yaşayırıq də-ə… – axırıncı sözləri Canpolad elə ümidsiz söylədi ki, su şlanqı biixtiyar əlindən sürüşüb rəisin ayaqqabılarını islatdı.
– Di hələlik, biz gedək, sağlıqla qal, ağsaqqal, – rəis cəld çönüb maşına tərəf yeridi.
Quyunun suyu qurtarmaq üzrə idi. Ona görə şlanqı yığışdırıb qapıdan içəri çəkdi, nasosu cərəyandan ayırdı. Cöngəyə baxmaq üçün saraya gəldi; heyvan əvvəlki qaydada uzanmışdı, başını sola əyib göz qırpmadan məchul bir nöqtəyə baxırdı. Canpolad divarın dibində üstünə nimdaş qadın xalatı sərilmiş ağac kötüyünün üstündə oturdu.
İndi hiss elədi ki, soyuq su ayaqlarına dəydiyindən damarları daralıb, ağrılar əmələ gəlib. Ancaq heyvanın indiki durumu ona hər şeyi unutdurmuşdu. Çünki bu həyətdə bin tutandan Canpolad çox mal-qara saxlamışdı, onlardan müxtəlif xəstəliklərdən tələf olanı az olmamışdı.
Vaxt vardı, Canpolad xəstə heyvanın azarı ilə sona qədər yaşamışdı, gecələri dirigözlü açmışdı, amma başı bıçağa gəlməmişdi. Kəsilib dəyər-dəyməzinə imansız qəssablara verildiyi hallar ondan da çox idi. Bütün hallarda Canpolad azarlı heyvanların vəziyyətini anbaan izlədiyindən, deyə bilərdi ki, məsələn, cöngə indiki kimi başını sola əyib göz qırpmadan bir nöqtəyə baxırsa, yüzdə-yüz bir neçə saata getməlidir. Yoox, Canpoladın indiki halında cöngə ölməməli idi, ona görə ki, bütün ümidləri satılacaq heyvanla gerçəkləşəcəkdi: qalan üç başın yem pulu, üstəgəl ailənin qış azuqəsi, hələ payızlıq əkinin toxum kirəsi...
Hər üçü də ceyran belinə qalxmışdı. Ot iki ildi qiymətdən düşmürdü, builki quraqlıq taxılın qiymətini də əlçatmaz eləmişdi. “İndi gəl, ay yazıq kəndçi, dolan görüm necə dolanırsan, ölmürsən də canın əzabdan birdəfəlik qurtarsın. Nə danışırsan, ölmək olmazdı, ölənin dalının altında bəd ayaqda, heç olmasa, beş-altı mini olmalıdır. Odur ki, onu yaddan çıxart! Ya rəbbim, sən özün cöngəyə bu səfər səbəb sal, ayağa dursun, görürsən ki nə haldayam?! Heç zaman sənə əl qaldırıb belə yalvarmamışam, hər işinə “özün bilən məsləhətdi” demişəm, ancaq indi vəziyyət tamam alayı cürdür, başına dönüm, mən heç bu bədbəxtin dava-dərman, müalicə pulunu verməmişəm...”
– A kişi, orda kimnən danışırsan elə?… – Arvadı idi, sarayın qabağında dayansa da, görünmürdü. – Dünəndən ağzına bir şey almamısan, barı, şirin çay qayırım, içərdin... – Səs çıxmadığını görüb yubanmadı, sakit gəldiyi kimi səssiz-səmirsiz çəkildi.
Canpolad indi xatırladı ki, işə bax ha, cöngənin bu vəziyyətində qəssablardan hər hansı birinə xəbər verməyib, nədən ki, heyvana bıçaq dəyməmiş, ayaqüstə yenə babat pul verən olur. Qan çıxandan sonra, sanki atırsan hamara. Lakin kimə deyəsən, hamısı sözləşiblərmiş kimi, təxminən eyni qiymət oxuyacaqdılar, o da ancaq dava-dərmanın, həkimin pulunu güclə ödəyirdi.
İndiki hava şəraitində kəsilmiş heyvan səhərəcən iylənər. Bu boyda cəmdəyi yerləşdirməyə soyuducu hardaydı. Belini daş divara söykəyib çarəsiz tanış qəssabları fikrində canlandırmağa çalışsa da, insaflısını xatırlaya bilmirdi. Əksinə, yadına düşənlər birbirindən kəmfürsət, tamahgir idi.
Cöngə isə həyatla ölüm arasında çarəsiz çarpışırdı, heyvanın ağzından köpüklü selik axaraq torpağa damcılayırdı. Canpolad onun başını özünə tərəf düzəltməyə cəhd etsə də, boyun yenə sola əyilib qaxaclaşdı. Şəhadət barmağı ilə alnını taqqıldatdı, əlini gözləri qarşısında yellədi, sonra yumruğunu düyünləyib zərblə qatlanmış ayağına çırpsa da, cöngə heç bir reaksiya vermədən donuq gözlərini məchul nöqtədən ayırmadı. Canpolad güclə eşidiləcək batıq səslə:
– Sənə nə oldu, ay bədbəxt!.. – deyə inildədi. Bu anda cöngənin durumu olduqca ürəkdağlayan idi, sanki imdad diləyirdi ki, heç olmasa son macalda narahat edilməsin...
Dəmir qapı açıldı, bağlananda bərk səs saldığından Canpolad hiss etdi ki, gələn hər kimsə yad adamdır. Aman çəkmədi, cır səs aləmi başına
götürdü:
– Ağsaqqal, hardasan? – addım səsləri düz saraya tərəf yaxınlaşırdı. İstər-istəməz ayağa durdu, çevriləndə qəssablığa az müddət əvvəl başlamış, ancaq bu işdə xeyli qabağa getmiş balacaboy, şüvərək cavanla üz-üzə qaldı. – Düz deyiblər hamısını, mal da hazırdır, lakin nə qədər ölməyib, maşına mindirməliyik, qalanı mənlikdir. Qoşqunu bura rahat vermək olacaq. Ağsaqqal, yeri gəlmişkən, yadında olaram, bir dəfə səndən mal götürmüşəm.
Canpolad, hər halda, gələni ilk baxışdan tanımışdı, bilirdi ki, doğma anasının əmcəyini kəsəndi, gəl ki, yaman zirəkdi, yatmaq nə olduğunu bilmirdi, gecəsi-gündüzü yoxdu. Amma o, özü qəssab çağırmamışdı axı... Qəssab çağırmağı indi götür-qoy edirdi.
Zərrəcə danışmağa heyi-hərəkəti, həvəsi qalmamışdı; elə bil canı ilə əlləşməkdə olan cöngə yox, özü idi.
Birinci dəfə idi ki, Canpolad mal satarkən karıxaraq, lal-dinməz durub baxırdı. Cavan qəssab cibindən bir dəstə pul çıxarıb əlində oynadırdı: hamısı da yüz manatlıq əskinaslar:
– Ağsaqqal, səni sevindirəcəm, bu gün əlim yuxarıdır. Babam rəhmətlik həmişə deyərdi ki, səhər sübhdən duranın ruzusunu Allah verir, mənsə dörd ildir yatmıram, özün şahidsən, çöllərdəyəm. Burda on dənədir, azdırsa, əlavə edim. İnsafən, cöngə xəstələnsə də, kökdür, hələ ətini tökməyib.
Deyim köməkçi maşını versin bura, canı çıxmamış yerinə çatdıraq, – deyib ərkyana darvazanı açmağa tələsdi.
Canpolad hələ də lal-kar dayanıb onun hərəkətinə göz qoyurdu: qəssabın gələcəyi parlaqdı, bunu danmaq olmazdı. Cöngəni qoşquya atmaq da çətinlik yaratmadı, köməkçi əldən qıvraq idi.
– Ağsaqqal, düzünü de, məndən narazılığın olmadı ki? – Cavab gözləmədən əlini uzatdı:
– Halallıq dilə...
Canpolad baş verənlərə sanki inanmayaraq maşın darvazadan çıxandan sonra da, yerində dayanıb irəlidəki döngədə gözdən itənədək arxasınca baxdı. Ancaq indi içərisində sevincə oxşar nəsə tərpəndi, geri qanrılıb tələsik darvazadan həyətə adlamaq istədi. Amma üzbəüz sürətlə şütüyən hündür banlı ağ maşını görüb ayaq saxladı: bu dəfə sürücünün yanında oturacağa yayxanmış rəis iki əli ilə dəsmalı üzünə sıxsa da, çiyinlərinin aramsız titrədiyi aşkarca görünürdü...