manera.az
manera.az

Səpilsin yoluma təbəssümlərin - Nadir Məmmədlinin şeirləri

📅 20.07.2024 18:14

Səpilsin yoluma təbəssümlərin - Nadir Məmmədlinin şeirləri
MANERA.AZ Nadir Məmmədlinin şeirlərini təqdim edir.

Gəldi

Yenə bir el gördüm, qisməti qarğış,
Köhnə dərdlərimin saqisi gəldi.
Koroğlu zindanda qolları bağlı,
Gəldi, ovqatımın yağısı gəldi.

Neçə pərvanələr döndülər külə,
Neçəsi atəşdə qovrulur hələ.
Zahid Kərəm oldu, Məhəbbət lələ
Qürbətə vətənin ağısı gəldi.

Ümid yağışları yağdı, səngidi
Ta ürək yoruldu, nəfəs təngidi.
Yenə vüsalımın köçü ləngidi,
Yenə yaddaşımın ağrısı gəldi.


****
Mən bir xəyalpərəst, sən də utancaq,
Əsir ürəyimdən bir qəm rüzgarı.
Min il də beləcə gözlərdim, ancaq
Həyat bağışlamır utancaqları.

Günlər qanad açıb uçur bir, iki
Çox da aldatmasın bizi xoş güman.
Bir gün də ayılıb görəcəyik ki,
Ayrılıq nəğməsi oxuyur zaman.

Sükut qaranlıqdır, zülmət nəğməsi,
Susdurub qəlbini durma, danış, din.
Təbəssüm məhəbbət müqəddiməsi
Səpilsin yoluma təbəssümlərin.


***
Bir də eşidəsən köçüb karvanım-
Yaddaşında açan səhərin olum.
Ahının ucunda adım göynəsin,.
"Eyvah"ına dönüm , qəhərin olum.

Ruhum tufansonu kirimiş dəniz,
Xatirəm sahilə çırpılan qayıq...
Küləklə danışan bir sərsərini
Bəs kim ağlayacaq? Qayıt, sən qayıt!

Bir nağıl danış ki yatsın uşaqlar-
Zamanın yelləri acı qəhqəhə.
Denən biri vardı, birisi yoxdu...
Sonra da dərdləri tök bir qədəhə.


***
Yaddaşımın məzarlığında
uyuyan dostlar!
Yorulub yolda qalanınız da,
Ömrün baharında solanınız da,
Güzəran davasında həlak olanınız da-
Bir daha keçəməyəcəyim yollar,
Gəlişimə açılmayacaq qollar.
Ömrün bu başından Salamlar sizə...
Sevgimin göylərinə
hərəniz adına bir ulduz taxdım,
Yalqizlığın qaranlığından baxdım,
baxdım...
Ömrüm kimi uzun imiş
səbrim də.
O ulduzlar...
O ulduzlar uyuyacaq qəbrimdə.

Yalqız qadın

O ay camalına ey mələksima,
Hansı ehtiyacın düşüb kölgəsi?
Yalqız ürəyinə min aləm fəda!
Səni də qul etdi qullar ölkəsi...

Yoluna daş atdı hansı duyğusuz?
Hansı qayğılara saçın süpürgə?
O gözəl gözlərin çoxmu uyğusuz?
Baxaram, baxaram, könlüm üşürgər.

Səfalət mülkünə çevrilən vətən.
Burda dələduzlar haram qatdıyır!
Ey zərif çiçəyim, neyniyəsən sən -
Burda kişilərin bağrı çatdıyır.

Burda pula gedir vəfa, etibar,
Bura insanlığın bazar yeridir.
Gəl də bu girdabdan özünü qurtar..
Bura ləyaqətin məzar yeridir.


***
Başımda bir dəli sevda olub çağlar ötən günlər.
Ömürdə dəfn olub sonra xəyalımda bitən günlər.

Ürəklə öylə bağlaşdı, anırkən duyğum ağlaşdı.
Göz üfqündən uzaqlaşdı uzaqlarda itən günlər.

O tozlu aynadan hər dəm əl eylər qəlbə yüz həmdəm...
Necə xoşdur, necə məhrəm hər anı ömrə tən günlər.

Kəsildi çox əziz başlar, qocaldı yarü yoldaşlar,
Salam, köhnə vətəndaşlar, Salam olsun vətən günlər.

Soluxdu güllərim rəngi, önümdə bir qış ahəngi,
Qalıb, Nadir,əcəl zəngi, təəssüflə bitən günlər...

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 1 110 | Yüklənmə tarixi: 20.07.2024 18:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031