manera.az
manera.az

Vecsiz çağlarım - Yeni hekayə

Vecsiz çağlarım - Yeni hekayə
MANERA.AZ Günel Musanın yeni hekayəsini təqdim edir.

Göy üzündə alov topuna dönən günəş düşərgənin sovetdən qalma asfaltına od ələyirdi. Həmin yay o qədər isti keçirdi ki, blokların önündə sıra ilə düzülən şırmayı çəlləklərdəki su buxarlanıb yox olurdu. Günortadan xeyli keçsə də günəş alovdan mizrablarını yerdən çəkmirdi.Yer ayağımın altında od tutub yanırdı sanki. Yavaş-yavaş ayaqlarıma keçirtdiyim rezin tərliyin yumşaldığını hiss edirdim.

Həmişə bu saatlarda düşərgənin həyətinə cansıxıcı bir sükut çökürdü. Bəzi vaxtlar həyətin boşluğuna gumbultu ilə düşən nərd şaqqıltısı arabir Muxtar kişinin xırıltılı səsi ilə birləşib səssizlik simfoniyasını pozurdu. Saatlarla davam edən nərdtaxta çempionatı çox vaxt Muxtar kişinin qələbəsi ilə başa çatırdı. Böyük şövqlə “Marsssdı a kişi!” – deyib sonra da vaxt itirmədən nərdtaxtanı rəqibinin qoltuğuna verib dəmir aftafasını götürüb gedirdi “istirahət mərkəzinə”. Ora bu adı özü qoymuşdu. Deyirdi, bu dünyada yeganə rahat olduğum yerdi. Nə hikmətdirsə, gedən başı məni görməyən Muxtar kişi ayaqyolundan qayıdanda hökmən saçıma sığal çəkir, “A bala, nəəəzirsən bu havada çöldə? İti quyruğundan bağlasan durmaz” – deyib ürəyimi ağzıma gətirirdi.

Doğrudan da düşərgənin acından qarnı belinə yapışan sallaqqulaq itləri ortalıqda gözə dəymirdi. Hərdən anam başını pəncərədən çıxarıb qışqırırdı:

– Barı günün altında dayanma. Gün vurar səni! – cavab gözləmədən pəncərədə yoxa çıxırdı.

Göz işlədikcə genişlənən həyətdə bir dənə də olsun ağac qalmamışdı. Düşərgə sakinləri zeytun ağaclarının nəslini keçən il kəsmişdi. Uzun qış gecələrində körpələri soyuqdan donmaqdan xilas edən ağacların indi yalnız kötükləri qalmışdı.

Qəfil düşən istilər onsuz da tərpənəndə ət-ətə dəydiyimiz, rütubət iyinin baş çatlatdığı darısqal otaqları və dəhlizi cəhənnəmə çevirmişdi. Ona görə də səhər yuxudan durub qarnımı olan-olmazla doyurub özümü atırdım həyətə. Başım günün altında qazan kimi qaynasa da, o qaranlıq, kif iyi verən dəhlizə qayıtmağı düşünmürdüm.

Düşərgənin həyəti də siz deyən ideal məkan sayılmazdı. Həyətin bir hissəsi tualet “şəhərciyinə” çevrilmişdi. Yardım paketlərindən çıxan mənşəyi naməlum bitki yağları yay aylarında düşərgə camaatına çətin anlar yaşadırdı. Qapı yerinə köhnə döşək üzlərinin pərdə niyyətinə asıldığı tualetlərdən ətrafa yayılan üfunət qoxusu və bu qoxuya toplaşan milçəklər həyəti bürümüşdü. Bu boyda həyətdə haradan baxsan görünən bircə ağac qalmışdı, o da düşərgənin girişindəki yaşlı çinar idi. Çinarın altında Səməni xalanın bir gözlü vaqon evi vardı. Zalımın qızı o ərazidə muxtariyyətini elan etmişdi, bir it küçüyün də həndəvərinə buraxmırdı.

İsti havalarda həyətdə danadişi, ilan, kərtənkələ – hər növ zəhərli həşəratlar onsuz da çətin olan həyatımızı bir az da çətinləşdirirdi. Düşərgənin kefqomu və qaçqın məktəbinin müəlliməsi Dilşad müəllimə həmişə yarıciddi, yarızarafat “A bala, dədəniz-nənəniz sizi odun-alovun içindən çıxarıb gətirib, burdakı onurğasızların güdazına getməyin, şərait də yoxdu yeni istehsalata” deyib uşaqları təhlükəli ərazilərdən uzaqlaşdırardı. Düşərgədə bu işə əsasən Dilşad müəllimə ilə Qanboy müəllim baxırdı. Bir-biri ilə yola getməsələr də, əl-ələ verib bütün uşaqları yola verirdilər.

Müharibə vaxtı hər şeyin sehri pozulmuşdu. Daha heç bir uşaq müəllimin məktəbdə yaşadığına, yemək yemədiyinə, ayaqyoluna getmədiyinə inanmırdı. Çünki müəllimləri ilə birlikdə su daşıyır, hətta eyni ayaqyoludan, eyni hamamdan istifadə edirdilər. Səhər məktəbdə müəllimimiz olan adamlar günortadan sonra xalamız, əmimiz, qonşumuz olurdu. Eyni dəhlizdə qulaq-qulağa yaşayırdıq. Necə deyərlər, müəllimlərimiz bizə bir nəfəs qədər yaxın olurdu. O qədər yaxın ki, bizim üçün artıq onlarla bağlı pünhan heç nə qalmırdı.

Müharibə insanların yaradıcı ruhunu ortaya çıxartmışdı.

Hamam məsələsi ciddi məsələ idi. Ona görə də dəhlizin yuxarı hissəsini pərdə ilə kəsib hamam etmişdik. Bura bir dəhlizdə yaşayan beş ailənin ümumi hamamı idi. Uşaqların çimmək saatı adətən səhər və günorta vaxtlarına salınırdı. Gecələr əl-ayaq çəkiləndən sonra kişilərlə qadınların ixtiyarına verilirdi. Həmin gecələrin birində ayaqyoluna getmək üçün dəhlizə çıxmışdım. Gözlərimi ovuşdura-ovuşdura sərsəm addımlarla dəhlizin başına tərəf irəlilədim. Taxta döşəmə ayağımın altında cırıldayıb gecənin səssizliyini pozurdu. Mən pərdəyə yaxınlaşdıqca döşəmə cırıltısına başqa səslər də qarışırdı. Dəhlizin nəfəsliyindən içəri sızan ay işığı pərdə arxasındakı iri kişi gövdəsini açıq-aydın göstərirdi. Çox keçmədi pərdədə ikinci kölgə də göründü. Kölgələr gah ayrılır, gah da birləşirdi. Kəsik-kəsik səslər qulaq pərdələrimə süzüldükdə qəfil səndələyib yıxıldım. Bu dəfə döşəmə daha möhkəm səsləndi və kölgələrin hərəkəti dayandı.

– Kimsə var orda, dayan görək. Biabır olarıq – həyəcanlı, bir az da yorğun qadın səsi mənə çox tanış gəlsə də, o an kimə məxsus olduğunu aydınlaşdıra bilmədim.

– Səyləmə, bu saatda dalından xəbəri yoxdu heç kimin. İşində ol! – Qadının səsini aydınlaşdıra bilməsəm də, Qanboy müəllimin yoğun səs tonu onu ələ verdi. Ancaq uzun saçlı, dolu bədənli qadının kölgəsindən onun Qanboy müəllimin arvadı Tükəz olmadığını bilirdim. Çünki Tükəzin saçları “oğlanfason”, bədən quruluşu da döşəmə taxtası kimi dümdüz idi.

Qanboy müəllim qadını əmin etmək üçün pırpız başını pərdənin arxasından çıxarıb dəhlizə göz gəzdirdi. Cəld davranıb dəhlizdəki su çəlləyinin arxasında çömbəldim. Qanboy müəllim ətrafda heç kimin olmadığından əmin olandan sonra işinin başına döndü. Pərdənin arxasında kölgələr yenə hərəkətə gəldi. Qanboy müəllimin əlləri kölgə qadının bədənində rəqs etdikcə pıçıltıları, qadının iniltisinə qarışdı. O an ayaqlarımın boşaldığını hiss etdim və iti addımlarla özümü otağa atdım. Yorğanın altına girib başımı yastığın altına soxdum. Pis iş görən adamlar kimi özümü gizlətməyə çalışırdım.

O hadisədən sonra bir daha gecələr ayaqyoluna qalxmadım.

Qanboy müəllim bir balaca şorgöz olsa da uşaqlar onu çox istəyirdi.

Dilşad müəllimə ilə məzəli deyişmələri həyatımızı az da olsa rəngləndirirdi.

Dilşad müəllimə balacaboy, girdəsifət, qırmızıyanaq, şən-şaqraq qadın idi. Alt-üst dişləri qızıldan olduğu üçün Qanboy müəllim həmişə zarafatla “Dilşad ağzında sərvət daşıyır” deyirdi. Dilşad müəllimə də əlini ətli yançaqlarında gəzdirib “Bu sərvəti pol taxtasına dəyişməsəydin, indi satıb altına bir “QAZ-24” qoymuşdum” deyər, sonra qəşş edib özündən gedərdi. Özü də hiss edirdi ki, şit atmacasına özündən başqa heç kimin gülmür. Qanboy müəllim də yanlardan azca dən düşən qara, sıx saçlarını kötük barmaqları ilə geri sığallayıb nisgilli baxışlarını Dilşad müəllimədən yayındırardı.

Dilşad müəllimənin yaşı doxsanı haqlamış anasından başqa heç kimi yox idi. Düşərgədə ona “Sonsuz Dilşad” deyirdilər. Lap sonralar öyrəndim ki, Qanboy müəllimlə aralarında 15 yaş fərq olsa da, cavanlıqda dillərə dastan məhəbbət yaşayıblar. Evləniblər də. Amma övladları olmayıb. Qanboy müəllimin anası biləndə ki, Dilşad sonsuzdur, qanını qaşığa qoyub boşatdırıb onu. Qanboy da gedib dayısı qızı Tükəzi alıb. Tükəz Qanboy müəllim üçün beş uşaq doğub. Dilşad müəllimə isə heç vaxt ərə getməyib.

Tükəz Allahın yazığı idi. Ağzı vardı, dili yox. Koğa kimi əyri ayaqlarını aralı qoya-qoya dünyanın işini görər, bir dəfə də gileylənməzdi. Kişilər həyətdə tualet, toyuq damı tikəndə Tükəz tumanının balağını əlinə büküb, çəpərləri aşıb, sahibsiz bağ evlərindən dartıb gətirdiyi taxta şalbanla özü tikmişdi tualeti. Deyirdi, Qanboy müəllim oxumuş adamdı, gedib taxta-şalban daşımaq ona yaraşmaz! Üzündə sərhədləri bəlli olmayan əzab xəritəsi gəzdirən Tükəz Qanboy müəllimin bütün ərköyünlüyünü, yaramazlıqlarını müəllimliyinə bağışlayırdı. Onun dünyasında Qanboy müəllim deputat olmalı adam idi.

Qanboy müəllim isə bütün fədakarlıqlarına baxmayaraq Tükəzi qadını kimi saymırdı. Çağıranda da xalaqızı deyib səsləyərdi. Hərdən də zarafata salıb lağa da qoyardı Tükəzi. Yazıq Tükəz isə dodağının altında qımışıb başını aşağı salardı.

Günümüz beləcə böyüklərin dialoqlarına, atmacalı söhbətlərini dinləməklə keçərdi. Hərdən evcik-evcik oynayanda hərəmiz birinin roluna girirdik. Başqa kimi görürdük ki...

Həyətdə oynamaq bizim üçün müşkül idi. Oğlan uşaqları yaxınlıqdakı bağ evlərinin həyətlərinə, yol qırağına, dəniz sahilinə üz tutub oynasalar da, qız uşaqlarının işi çətin idi. Bizə düşərgənin darvazasından kənara çıxmaq qadağan olunmuşdu. Bəzi qızlar analarının onlara yüklədiyi ev işlərini görə-görə, özlərindən kiçik bacı-qardaşlarına baxıcılıq edə-edə balaca yaşda arvadlaşmışdılar. Oynamağa həvəsləri, darıxmağa vaxtları qalmırdı. Təkcə mən idim darıxan. Fürsət tapan kim düşərgənin barısından qonşuluqdakı bağ evlərinin həyətinə boylanırdım. Orda şəhərdən istirahətə gələn gödək yupkalı, qısa şortlu qızların yelləncəkdə yellənmələrinə tamaşa edirdim. Çox möhkəm yellənirdilər. Hərdən elə bilirdim ayaqları buludlara dəyib qayıdır. Bir gün mən də düşərgənin rəngi nə vaxtsa mavi olan darvazasının paslı barmaqlıqlarından yapışıb özümü havaya fırlatdım. Küləklə boğuşmaq mənə xoş gəlmişdi. O gündən sonra hər dəfə darıxanda gəlib dəmirləri əyilmiş, üzü üzlər görmüş darvaza tayına dırmaşıb yellənirdim. Amma xoşbəxt dəqiqələrimin ömrü uzun olmurdu. Hər dəfə Səməni xala qatı açılmayan söyüşləri ilə həvəsimi qursağımda qoyurdu.

Səməni xala vaqonun içində yox, çölündə yaşayırdı. Günəş buludların arasından sıyrılıb çıxandan düz gecəyə qədər üstü həsir örtüklü balaca kətildə oturub ya yun didir, ya da nə isə toxuyurdu. Barmaqlarının arasındakı milçəni ustalıqla çevirən bu qaraqabaq, acıdil qadın düşərgənin səs-küylü atmosferində həm hamı ilə iç-içə, həm də hamıdan uzaqda yaşayırdı.

İlin on iki ayı iki qaşının arasının qırışığı açılmazdı Səməni xalanın. Bəlkə də müharibə düşəndən bəri daraq dəyməyən gümüşü saçları həmişə dağınıq olardı. Deyinməyə, söyməyə mütləq nə isə tapırdı. Lap möhkəm hirslənəndə tanımadığım adamların adlarını çəkib var-yoxunu sıraya düzər, sonra divarın dibində çömbəlib damağına qoyduğu siqareti sümürərdi. Azca irəli çıxan çənəsi bir az da qabağa sürüşər, qara xırda gözləri barmaqların arasından burula-burula havaya qalxan tüstüdən qıyılıb daha dərinə batardı. Bu baxışlardan hirslə birlikdə o vaxt səbəbini bilmədiyim dərin kədər və ümidsizlik də boylanırdı.

Düşərgədə uşaqlarla, cavanların Səməni xaladan xoşu gəlmirdi. Elə mənim də zəndeyi-zəhləm gedirdi bu adamayovuşmaz, deyingən, söyüşcül qarıdan. Həmişə anamdan Səməni xalanın niyə belə hirsli, söyüşcül olduğunu soruşanda, dərindən ah çəkib “Onun dərdi kimdə olsa, havalanar” deyirdi. Sonra da gözlərini mənə bərəldib şəhadət barmağını yellədirdi: “Birdən o arvada artıq söz-zad deyərsən ha!”

Uşaqlar Səməni xalanın qorxusundan o tərəflərə üzükməzdi. Bircə mən qurd ürəyi yemişdim: gündə iki dəfə gəlib düz qapısının ağzında oynayırdım. Adamın Allahı var, darvazaya çıxmasam, mənimlə işi olmurdu. Di gəl darvazanın cırıltısını eşidəndə Səməni xala dönüb olurdu əzrail. Söyüşün birini bir qəpikdən döşəyirdi canıma. Darvazanın səsi gələndə qartal kimi üstümə şığıyırdı arvad.

– Döşün baş yarır, sənin tayların ərə gedir, sən də hər gün gəlib bu darvazaya kərkinirsən!

Mən də hər dəfə ora-bura boylanıb gizlicə əlimi dümdüz sinəmdə gəzdirib döşlərimi yoxlayırdım. Heç qoz boyda da deyildilər. O vaxt “kərkinmək” ifadəsinin mənasını bilməsəm də, bizdən bir neçə addım aralıda dayanan cavan oğlanların qımışdığını görəndə biədəb söz olduğunu anlayırdım. O an yanaqlarım isinməyə başlayırdı. İçimdə sanki vulkan püskürür, istiliyi əvvəl qarın boşluğuma, sonra ayaqlarıma yayılırdı. Ürəyimin qulaqlarımda çırpınmağa başladığı o an bütün qəlbimlə Səməni xalanın ölməyini arzulayırdım.

Bu mənzərə, demək olar, hər gün baş verirdi.

Səməni xala isə ölmürdü.

Ağlım kəsəndən onu tək görmüşəm. Heç evinə gəlib-gedəni də olmurdu. Amma hər səhər zivədən beş-altı kişi şalvar-köynəyi sərərdi. Hər səhər eyni paltarları qapısının ağzındakı paslı çəlləyin içində yuyar, axşam quruyanda yığar, ertəsi gün yenə eyni şeyi təkrar edərdi. Paltarları çitələyəndə yüksək səslə bu bayatını oxuyardı:

Buludlar qaraldı gəl,
Dağları qar aldı gəl.
Yolunu gözləməkdən,
Gözlərim saraldı, gəl.

Sonra başını ağır-ağır qaldırıb həyətdəki çinar ağacının ən hündür budağından asdığı radioya qulaq verirdi. Radioda gənc diktor xanım hava haqqında məlumatı oxuyurdu: “Kəlbəcər, Laçında gecə 15, gündüz 22, Qubadlı, Zəngilanda gecə 18, gündüz 25 dərəcə isti olacaq”.

Səməni xalanın radiosu günün bütün saatlarında açıq olardı. Gecənin hansı vədəsində oyansaq, həyətdən səsi gəlirdi. Radio tezliklərində proqram bitsə, fasilələr olsa da, radio sönmürdü. Bəzən dalğalar qarışır, xışıltı səsi düşərgənin kontuziyalı kişilərinin qatı açılmayan söyüşlərinə qarışardı. Üst qonşumuz – müharibədə bir ayağını itirən Əbli əminin hirsindən döşəməyə çırpdığı çəlik səsi beynimizin içində əks-səda verirdi. Amma heç kim Səməni xalanın üzünə güldən ağır söz deməyə ürək eləməzdi. Beləcə Səməni xalanın radiosunun səsi ilə düşərgə sakinləri arasındakı soyuq müharibə səhərə kimi davam edirdi. Deyinə-deyinə yuxuya gedənləri səhər yenə radionun səsi oyadırdı: “Diqqət! Diqqət! Danışır Azərbaycan radiosu”.

Cəbhə xəbərləri səslənəndə düşərgəyə sükut çökürdü.

Mən taleyimizi kökündən dəyişən hadisələri hələ tam dərk etmədiyim bir yaşda idim. Ömrümün ən vecsiz çağlarını yaşayırdım. Qəribə səslənsə də, o vaxtlar mənim ən böyük dərdim bit düşdüyü üçün keçəl olan başım və oynamağa bir yeri tapmamağım idi.

Səməni xala haradan biləydi ki, küləkli havalarda o darvazada yellənmək necə möhtəşəm bir duyğudur!

O gün nədənsə Səməni xala pəncərədə görünmədi. Fürsətdən istifadə edib darvazaya dırmaşdım. Səhərin qüsursuz səssizliyini diktorun yorğun səsi, bir də darvazanın cırıltısı pozdu. Dünya o an vecimə deyildi. Gözlərimi yumub başımı geriyə atdım. Külək mənə inanılmaz həssaslıqla toxunur, sinəmi, boynumu, göz qapaqlarımı oxşayırdı. Burada yaşadığımız hər şeyi – atamın yoxluğunu, Qanboy müəllimin hamamdan gələn hənirtisini, Səməni xalanı, keçəl başımı, müharibəni unutmağa çalışırdım.

Qəfil yumşaq yerimdə bir yanğı hiss etdim və gözlərimi açdım. Səməni xala əlindəki yun çubuğunu çoxdan yanıma ilişdirmişdi.

– Qancığ! Yorulmadın keçi kimi bu dəmir-dümürə dırmaşmaqdan?!

Bu dəfə qaçmadım. Səməni xalaya meydan oxudum:

– Allah səni öldürsün!

Qəfil ağlamaq tutdu məni və gözümün yaşını hikkə ilə silib yenidən darvazaya dırmaşdım. Onu var gücümlə yerindən tərpətdim. Səməni xalanın əvvəl özü yoxa çıxdı, sonra qulağımda uğuldayan səsi... Ondan sonrasını xatırlamıram. Gözlərimi açanda qolumu və çənəmi hiss etmirdim. Anam başımın üstündə için-için ağlayırdı.

Axşam yenə Səməni xalanın radiosunun səsi düşərgəni lərzəyə gətirdi. Qədir

Rüstəmov “Sona bülbüllər” oxuyurdu. Ağrıkəsicinin təsiri və musiqinin həzin ritmi məni dərin yuxuya qərq elədi. Səhər düşərgə həmişəkindən daha səssiz idi. Təkcə tay darvazanın cırıltısı eşidilirdi. Qəribədir, düşərgəyə gəldiyimiz gündən bəri ilk dəfə səhərimiz Səməni xalanın radiosunun səsi ilə açılmırdı. Birdən düşərgə təcili yardım maşınının qulaqbatıran həyəcan siqnalına büründü. Anam təlaşla içəri girib paltarlarımızı yığdığı həsir zənbili yerə tökdü, paltarların arasında xeyli eşələnəndən sonra qara bir yaylıq tapıb başına örtdü və tələsik otaqdan çıxdı. Mən də axsaya-axsaya anamın dalınca özümü dəhlizə çıxdım. Dəhlizin sınıq şüşəsindən həyətə boylandım. Hərbi maşınlar və çoxlu əsgər vardı. Səməni xalanın vaqonunun qabağında qiyamət qopmuşdu. Səndələyə-səndələyə otağa qayıtdım. Evin hər küncünə çökən səssizliyin qoluna girib on beş kvadratmetrlik otağın içində aşağı-yuxarı gedib-gəlməyə başladım. Bir neçə saatdan sonra dəhlizdən səs gəldi:

– Ay Səməni, ta gözün yollardan yığılar!

Qanboy müəllimin arvadı Tükəz idi. Halva üçün ləyən götürməyə gəlmişdi. Özümü dəhlizə atdım:

– Tükəz xala, Səməni arvada ölüb?

Tükəz xala yaylığının bir ucu ilə gözlərinin yaşını sildi:

– Yox başına dönüm, Səməni ölməyib, Səməninin tifağı dağılıb!

Səməni xalan dörd ildir gecə-gündüz gözlədiyi xəbəri gecə almışdı: müharibədə itkin düşən oğlunun nəşini tapıb gətirmişdilər. Elə gecəylə də radiosunu söndürüb çinarın budağından aşağı endirmişdi.

yeniyaz.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031