manera.az
manera.az

Çiqler soyadlı birisi - Yeni tərcümə

Çiqler soyadlı birisi - Yeni tərcümə
1946-cı ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı;

MANERA.AZ Herman Hessenin "Çiqler soyadlı birisi" hekayəsini təqdim edir.

Bir vaxtlar şəhərin Brauerqass dalanında Çiqler soyadlı cavan bir oğlan yaşayırdı. O, hər gün küçədə addımbaşı rastlaşdığımız insanlardan əsla seçilmirdi: belələrini biz kütlədən biri kimi qəbul elədiyimiz üçün, adətən sir-sifətləri də heç cür yadımızda qalmır.

Hə, Çiqler hər barədə adi insan idi, bütün məşğuliyyəti də başqalarınınkından zərrəcə fərqlənmirdi. İstedadlı biri olmasa da, bacarıqsız insan da deyildi, pulu, kef-səfa sürməyi, zövqlə geyinməyi də sevirdi. İnsanların böyük əksəriyyəti kimi, o da qorxaq idi: həyat tərzi hansısa cəhdlər və məqsədlər üzərində yox, sırf qadağalar və cəzalanma qorxusu üzərində qurulmuşdu.

Bütün sadalananlarla yanaşı, bu cavan oğlan xoşagələn cəhətlərdən də xali deyildi və ümumilikdə götürəndə, adama xeyli dərəcədə normal insan təəssüratı bağışlayırdı, hətta şəxsi özəlliklərindən özünün hədsiz dərəcədə razılıq duyduğu, bunlara böyük önəm verdiyi də sezilirdi. Hər insanoğlu kimi, o da özünü əsl şəxsiyyət sanırdı, halbuki sıradan bir insan idi, üstəlik, o, istənilən insan övladı kimi dünyanın gedişatının öz taleyində əks olunduğundan da əmin idi. Heçcə nəyə şübhə bəsləməz, mövcud şərtlər onun düşüncələrinə zidd gələndə isə, narazı halda üzünü başqa bir səmtə tutardı.

Müasir dövrün insanı kimi o, puldan savayı, başqa bir güc mənbəyinə, yəni elmə də sonsuz sayğı duyurdu. Elmin məğzinin nədən ibarət olduğunu açıqlamaqda isə çətinlik çəkirdi, onun statistikadan və qismən də bakteriologiyadan ibarət bir şey olduğu qənaətindəydi, ancaq dövlətin elmi axtarışlara yüksək dəyər verməsindən və ona xeyli vəsait ayırmasından da hərtərəfli agah idi. Atası xərçəng xəstəliyindən vəfat etdiyi üçün o, bu illəti araşdıran alimlərə xüsusilə dərin rəğbət duyurdu. Üstəlik, Çiqler əmin idi ki, ötən dövrdə görünməmiş zirvələr fəth edən elm onun da aqibətinin, nə vaxtsa eyni sonluqla bitməsinə əsla yol verməz.

Öz imkanları ilə müqayisədə Çiqlerin daha zövqlü geyinməyə çalışdığı elə ilk baxışdan diqqəti çəkirdi və cari ilin dəbindən o, heç cür geri qalmazdı. Hər rübün və ayın modasıyla ayaqlaşmaq onun qazancına görə bir zövq deyildi və o, bunu "əsl meymunluq" adlandırır, belə davrananlara isə aşkar nifrət bəsləyirdi. Özünü ciddi insan saydığı üçün orda-burda hökuməti və öz müdiriyyətini söyməkdən əsla çəkinməzdi, yetərdi ki, özükimilərinin əhatəsində olsun və özünü tam güvəndə hiss eləsin. Deyəsən, mən onun təsvirinə hədsiz aludə oldum axı.

Hər şeyə rəğmən, bu Çiqler, həqiqətən də, xoş bir cavan oğlan idi və onun sıralarımızı tərk eləməsi bizlərdən ötrü ciddi bir zərbəyə çevriləcəkdi. Çünki gənc yaşda başına gələn o qəribə hadisə onun bütün planlarının və qəlbində bəslədiyi ümidlərin üstündən qalın bir xətt çəkəcəkdi.

Bizim şəhərdə məskunlaşandan az sonra, Çiqler xoş bir bazar günü keçirmək niyyətinə düşür. Həmin vaxtlar o, bizlərə hələ isinişməmişdi və şəhərimizdəki heç bir icmaya qaynayıb-qarışmağa da cürət göstərmirdi. Bəlkə onun bədbəxtliyi də elə bundan irəli gəlirdi. İnsanın yalqızlığa məhkumluğu yaxşı bir şey sayılmır axı.

Beləcə, ixtiyarında şəhərimizin görməli yerləriylə tanışlıqdan başqa hər hansı məşğuliyyət qalmadığından, o da bunlarla bağlı məlumatlara maraq salır. Ciddi götür-qoydan sonra Tarix muzeyi ilə Heyvanat parkına getməyə qərar verir. Bazar günü səhər saatlarında muzeyə giriş pulsuz idi, günortadan sonra isə Heyvanat parkına girişdə endirimlər tətbiq edilirdi.

Düymələri parça ilə üzlənmiş sevimli kostyumunu əyninə taxan Çiqler bazar günü Tarix muzeyinə yollanır. Əlində də zərifliyi ilə gözoxşayan, tinli və səthi qırmızı lakla örtülən bir əsa tutubmuş: ancaq öz zahiri görkəminə kübarlıq və incəlik qazandıran bu aksessuarı o, binanın girişindəki qapıçıya təhvil verməyə məcbur qalır.

Geniş zallarda baxılası əşyaların sayı-hesabı yox imiş. Vitrinlərin üzərinə səliqə ilə vurulmuş lövhəciklərlə tanış olan Çiqler belə qənaətə gəlir ki, hər şeyə qadir elmin qazandığı danılmaz nailiyyətlərə şahid olan xoşniyyət ziyarətçinin qəlbində bu sahəyə istər-istəməz dərin bir rəğbət hissi oyanar.

İlk baxışda tör-töküntüyə bənzəyən, ağır, paslı açar topası, yaşıl muncuqları ətrafa dağılan boyunbağı və bu kimi əşyalar həmin o lövhəciklər sayəsində heyrətamiz maraq doğururdular onda. Qəribədir ki, elmin araşdırmadığı heç bir sahə qalmayıbmış: necə də hər şeyə vaxt tapır, bunca işin öhdəsindən gəlirdi alimlər - hə, belə getsə, yaxın vaxtda elmin nəinki xərçəngə, hətta ölümə də bir çarə tapacağına hər hansı şübhə yeri ola bilməzdi.

İkinci zalda qarşısına çıxan şüşə şkafın qapısında özünün aşkar əks olunduğunu görüncə, onun diqqəti bir dəqiqəliyə öz görkəminə cəmləndi: kostyumuna, saç düzümünə, yaxalığına, şalvarının ütü qatına və qalstukuna diqqət yetirdi ki, görsün hər şey könülaçandır, ya yox.

Sonra isə məmnun halda köks ötürüb, öz yoluna davam elədi və bu səfər qədim oymaçıların bir neçə əl işi diqqətini çəkdi. Özündənrazı halda: "Bunları yaradanlar məharətli olsalar da, əcəb avam imişlər ha", - deyə düşündü. Hər saatın tamamında fil sümüyündən yonulmuş fiqurları menuet rəqsi ifa edən qədim otaq saatına o, bir xeyli tamaşa elədi və bunu da bəyəndi.

Daha sonra bu məşğuliyyət onu qismən bezdirməyə başladı, gah əsnədi, gah da şəstlə cibindən çıxardığı saata göz atdı: bu qızıl saat Çiqlerə atasından yadigar qalmışdı.

Nahara hələ xeyli vaxt qaldığını anlayınca, ani təəssüf hissi keçirsə də, qədəm qoyduğu növbəti zal onun həvəsini yenidən körüklədi. Burada orta əsrlərin mövhumatına dair eksponatlar, sehr kitabları, gözmuncuğular, cadugər xələtləri sərgilənirdi. Bir küncdə isə bütöv bir əlkimya laboratoriyası qurulmuşdu: körük, həvəngdəstə, iri şüşə qablar, namnazik qurğuşun lövhələr, xəzlər və bənzər əşyalar gözə dəyirdi. Zalın bu qismi digərlərindən xüsusi kəndirlə ayrılmışdı, lövhəcikdəki xəbərdarlıq yazısı isə əşyalara toxunmağı yasaqlayırdı. Ancaq bu cür qadağalara kim idi ey, məhəl qoyan?! Həm də axı o zalda Çiqler tamamilə yalqız idi.

Budur, o, sırf maraq xatirinə əlini uzatmaqla, bu qəribə əşyalardan bəzilərinə toxundu. Orta əsrlərə aid bütün bu əndirəbadi inanclar barədə dəfələrlə eşitmiş və oxumuşdu, ancaq insanların bu cür sarsaq şeylərə inanması heç cür ağlına sığışmırdı və anlamırdı ki, bütün bu cadu-pitikli fırıldaqları və bunlara bənzər batil inancları qadağan edəcək birisi niyə indiyə qədər tarix meydanına atılmayıb?! Əlkimya isə, əksinə, hər cür rəğbətə layiq idi, çünki ən faydalı elm sayılan kimya məhz elə onun sayəsində meydana çıxmışdı. İlahi, deməli, qızıl əldə etməyə can atan əlkimyaçıların bu odadavamlı şüşə qabları da, cadugərlərin yararlandığı bu mənasız əşyalar da əsla faydasız-filan deyilmiş, çünki onlarsız bugünkü aspirin və bayıldıcı hücum qazları da mövcud olmazmış!

O, dalğın halda kiçik və tünd rəngli, quruduğu üçün bir həb qədər yüngül olan kürəni ovcuna aldı, barmaqları arasında fırlatdıqdan sonra onu təkrar yerinə qoymaq istəyəndə arxadan ayaq səsləri eşitdi. Geri qanrılınca, başqa bir ziyarətçinin gəldiyini gördü. Lövhəcikdə yazılan qadağanı az əvvəl oxumasına baxmayaraq, kürəciyi əlinə alan Çiqler qəfil narahatlığa qapıldı. Buna görə də kürəciyi sıxan ovcunu cibinə salaraq, həmin binadan çıxdı.

Küçədə gedərkən həmin kürəbiçimli həb təkrar yadına düşdü. Çıxarıb, yerə atmazdan əvvəl onu burnuna tərəf aparıb qoxladı. Həbdən zəif və xoş bir qətran qoxusu gəlirdi deyə, onu təzədən qaytarıb cibinə qoydu.

Sonra yolunu restorandan saldı, yemək sifariş verdi, maraqlı nə yazırlar deyə, gündəlik qəzetləri vərəqlədi, qalstukunu düzəltməklə, geyim-keçimlərindən asılı olaraq, ətrafındakı müştəriləri gah sayğıyla, gah da yekəxana tərzdə süzməyə başladı. Yemək süfrəyə gec gətirildiyindən, Çiqler muzeydən oğurladığı və indi cibində duran əlkimya həbini çıxarıb iyləməyə başladı. Sonra o, işarət barmağının dırnağıyla həbin səthini qazıdı və ən nəhayət, əsl uşaq marağıyla onu ağzına atdı. Tezliklə ağzında əriyən həbin dadı da sən deyən fəna sayılmazdı və Çiqler onun üstündən bir qurtum pivə içdi. Elə həmin dəm yemək də süfrəyə gətirildi.

Saat ikidə bizim cavan oğlan tramvayın pilləkənindən yerə sıçradı, az sonra isə Heyvanat parkının vestibülünə qədəm qoydu və bazar günü qiymətiylə özünə bilet aldı.

Xoş bir təbəssümlə meymunlar saxlanan bölümə girib, şimpanzenin qəfəsi önündə ayaq saxladı. Gözlərini ona zilləyən iri meymun salamlaşırmış kimi, başını tərpətdi və bəm bir səslə soruşdu:

- İş-güc necədir, qardaşım?

İzaholunmaz dəhşət və çiyrinmə hissi keçirən Çiqler ani geri çəkildi və ta o bölümdən aralanana qədər həmin meymunun ona ünvanladığı bu qınaqları eşitdi:

- Buna bir bax, əcəb də ədalıdır! Yastıpəncəli sarsaq!

Çiqler bu dəfə adi meymunların saxlandığı bölümə üz tutdu. O nadinclər də ora-bura hoppanaraq, elə hey çığırırdılar:

- Dostum, qənd versənə, mənə!

Biləndə ki, bu "dostları"nda qənd-zad yoxdur, onlar möhkəm qəzəbləndilər, sırf cırnatmaqdan ötrü "acından ölən hərif" adlandırmaqla, ona dişlərini ağartdılar. Buna heç cür qatlaşa bilməyəcəyi üçün o, çaşqın və fikirli halda bayıra çıxdı, nisbətən xoş münasibət umduğu maral və ceyranlar saxlanan bölümə tərəf yönəldi.

İri və əzəmətli bir sığır oradakı məhəccərin kənarında durub, ziyarətçiləri süzürdü. Həmin dəm qorxu hissindən Çiqlerin az qaldı ürəyi dura. Belə çıxırdı ki, qədimdənqalma sehrli həbi udduğu andan etibarən o, heyvanların dilini anlamağa başlayıbmış. Bu sığır isə onunla, sadəcə, özünün dilsiz baxışlarıyla, iri və palıdı rəngli gözləriylə təmas qurmağa üstünlük verirdi. Daha öncə onun lal baxışlarından əzəmət, itaət və qüssə ifadəsi yağırdı, indi qarşısında dayanan insana münasibətdə isə bu baxışlarda, sadəcə, yekəxanalıq, ciddiyyət və dəhşət qarışıq bir nifrət hissi donmuşdu. Bu sığırın səssiz və əzəmətli baxışlarından yağan məna bir kitab səhifəsindəki mətn qədər Çiqlerə bəlli idi: indi o, özünün şlyapası, əl ağacı, cib saatı və səliqəli kostyumu ilə bu sığırın nəzərində bir tör-töküntü, gülünc və iyrənc bir varlıq sayılırdı.

Sığırdan uzaqlaşan Çiqler, əvvəlcə, dağ keçisinin, sonra adi keçilərin, lamanın, qaban və ayıların ziyarətinə yollandı. Təhqirə gərək duymayan bu heyvanlar da ona hamılıqla nifrət bəsləyirdilər. Aralarında gedən söhbətlərə qulaq verməklə, Çiqler onların insanlar haqda nələr düşündüyünü öyrəndi. Bu rəylərdən dəhşətə gəldi. Sərbəst dolaşmaq haqqının məhz bu təlxək geyimli, iyrənc, iylənmiş və ləyaqətsiz ikiayaqlılara tanınmasından heyvanlar hədsiz dərəcədə narazı imişlər.

Pumanın öz balasıyla nələrdən danışdığına da bir ara qulaq verdi: ləyaqət və təcrübi müdriklik barədəki bu söhbətə, hətta insanlar arasında da nadir rast gəlinərdi. Bazar günü Heyvanat parkında dolaşan böyük insan kütləsi barədə panterin də qısa, dəqiq və kübarca açıqladığı fikirlərə qulaq verdi. Uzun yala malik aslanın gözlərinə baxarkən o, qəfəslərdən və insanlardan uzaqdakı bu yırtıcı heyvanlar aləminin necə geniş və heyrətamiz olduğunun fərqinə vardı. Qurumuş budağın üstə qüssəli halda, amma vüqarla oturan şahin quşunun tükənməz dərdinə şərik oldu, qəfəsdə əsir tutulan zığ-zığ quşlarının bu əsarətə məğrurcasına, aşkar soyuqqanlılıq, hətta məzə ilə qatlaşdıqlarını gördü.

Fikirlərinin alışılmamış məcrasından qopan, basqıya qapılan Çiqler çarəsiz halda, təkrar insanların arasına döndü. İndi o, hər yanda az əvvəl yaşadığı sarsıntını və dəhşəti paylaşacaq birisini axtarırdı, danışılanlara qulaq verirdi ki, bəlkə təsəlliverici, ağlabatan, könülaçan nə isə eşidə, davranışlarında hansısa ləyaqət, təbiilik, nəciblik, təmkinli bir əzəmət görməkdən ötrü ziyarətçilərə göz qoyurdu. Ancaq ümidləri heç doğrulmadı. Səslərə, sözlərə qulaq verdi, hərəkətlərə, jest və baxışlara diqqət yetirdi, ancaq indi öz ətrafına bir növ heyvana xas gözlərlə baxdığından qarşısında başdan-ayağa öz zatından qopan, min bir cildə girən, saxtakar, cürbəcür heyvanlara xas cəhətləri özündə cəmləşdirməklə, heyvanabənzər məxluqlardan ibarət iyrənc bir cəmiyyət həyatı gördü.

Özünün insan məğzindən dərin xəcalətə qapılan Çiqler artıq çarəsiz bir ovqatla dolaşırdı. Tinli əsasını, onun ardınca isə əlcəklərini o, çoxdan kolluğa tulazlamışdı. Şlyapasını çıxarıb, çəkmələrini soyunandan və qalstukunu açandan sonra isə o, başını sığırın qəfəsinə söykəyərək hönkürməyə başladı.

İnsan axınının rahat hərəkətinə maneçilik törətdiyi üçün Çiqleri dərhal yaxalayıb, psixiatriya müəssisəsinə göndərdilər. /edebiyyatqazeti.az/

Tərcümə: Azad YaşarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031