manera.az
manera.az

Çörək - Alman yazıçının hekayəsi

Çörək - Alman yazıçının hekayəsi
MANERA.AZ alman yazıçı Volfqanq Borxertin "Çörək" hekayəsini təqdim edir:

Qadın qəfildən oyandı, amma nə səbəbdən ayıldığını dərhal anla­madı. Gecə saat üçün yarısına az qalmışdı. Bu vaxt kimsə mətbəxdə stula ilişdi. Qadın astaca diqqət verib, sonra əlini qonşu çarpayıya uzatdı. Çarpayı boş idi. Hə, yə­qin buna görə otağa qeyri-adi səssizlik çökmüşdü – kişinin xırıltı­sı gəlmirdi.

Qadın yataqdan qalxıb qaran­lıqda əlhavasına mətbəxə keçdi. Qarşılaşdılar. Əqrəblər düz saat üçün yarısını göstərirdi. Şka­fın böyründə nəsə ağarırdı. İşığı yandırdı. İndi onlar alt paltarında üz-üzə dayanmışdılar. Gecə saat üçün yarısında. Mətbəxdə.

Gözü çörəkqabına sataşanda qa­dın o saat yəqin elədi ki, kişi özünə çörək kəsib. Bıçaq hələ də çörəkqabının yanında idi, örtüyün üs­tündə isə qırıntılar vardı. Yatmaz­dan qabaq qadın örtüyü həmişə çırpardı, ancaq indi onun üstündə qırıntılar vardı. Qadın gözlərini yayındırmağa ça­lışdı və hiss elədi ki, soyuq ayaqları boyunca yavaş-yavaş yu­xarı qalxır. Bu zaman kişi ətrafa boylana-boylana:

– Səs gəldi, elə bildim, bur­da kimsə var, – dedi.

– Mən də səs eşitdim, – qadın cavab verdi və gecənin bu vədəsi alt paltarında dayanmış bu kişinin xeyli ahıl gö­ründüyünün fərqinə vardı. İndi altmış üç yaşlı bu kişiyə öz yaşından az verməzdin. Halbuki gündüzlər kifayət qədər cavan görünürdü.

Kişi də öz aləmində fikirləşdi ki, ar­vad əməlli-başlı düşüb – hər halda, ge­cə köynəyində belə görünürdü. Hə, arvad gözgörəsi qocalmışdı. Amma bu, aldadıcı da ola bilərdi, çünki adətən qadınlar gecələr saçla­rını daramırlar, bu səbəbdən də çox vaxt yaşlarından qoca görünürlər.

– Heç olmasa, ayağına bir şey keçi­rəydin. Görmürsən yer necə soyuqdu? Bircə o qalmışdı ki, naxoşlayasan...

Qadın kişinin üzünə baxmadı, çünki onun yalanını çıxartmaq istə­mirdi. Zarafat deyil, otuz doqquz ildi bir damın altında ömür çürü­dürdülər və indi bu kişi bu qadı­na yalan danışırdı.

– Mənə elə gəldi, burda kimsə var, - kişi təkrar eləyib yenə məqsəd­siz halda ətrafa göz gəzdirdi.

– Qu­lağıma nəsə səs gəldi, dedim yəqin burda kimsə var.

– Mən də elə düşündüm. Amma boş şeydir, – qadın çörəkqabını yı­ğışdırıb örtüyü çırpdı.

– Hə, yəqin, sən deyəndi - ki­şi zorla mızıldandı və qadın başa düşdü ki, onun dadına çatmaq lazımdır.

– Gedək, – dedi, – gedək yataq. Küçənin səs-küyüdür, bənd olma. Döşəmə buz kimidir, yenə soyuq­layarsan ha...

– Hə, yəqin kimsə küçədə hay- küy salıb, – kişi pəncərəyə baxdı.

– Mən də elə bildim, səs burdan gəlir.

Qadın işığı keçirmək üçün əlini düyməyə sarı uzadanda düşün­dü: "İşığı elə bu dəqiqə sön­dürməliyəm, yoxsa birdən özümü saxlaya bilməyib çörəkqabına baxaram".

Və işığı söndürüb dedi:

– Gedək. Səs küçədən gəlib. Külək əsəndə həmişə damdakı na­valçanı divara döyəcləyir. Yəqin navalçanın səsidir.

Yalın ayaqlarını soyuq döşəmə­də sürüyə-sürüyə əlhavasına qa­ranlıq dəhlizdən ötüb yataq otağı­na keçdilər. Kişi dilləndi:

– Bayırda yaman külək əsir, bütün gecəni ara verməyib.

– Hə, bütün gecəni ara verməyib. Navalça da dınqıldayır, – yatağa uzanandan sonra qadın kişinin de­diyini təsdiqlədi.

– Mən də elə bildim səs mətbəx­dən gəlir.

Kişi bu sözləri elə tələffüz etdi ki, guya artıq yuxulayırdı. Ancaq qadın səsin necə qeyri-təbii çıx­dığını hiss etdi. Çünki kişi yalan danışırdı. Odur ki, yüngülcə əsnəyib:

– Soyuqdur, – dedi, – mən yor­ğanın altına girəsi oldum. Gecən xeyirə qalsın.

– Xeyirə qarşı.

Otağa səssizlik çök­dü. Xeyli vaxtdan sonra qadın hiss etdi ki, kişi yor­ğanın altında nəfəsini qısa-qı­sa nəsə çeynəyir. Çalışdı ki, onun oyaq oldu­ğunu duymasın. Kişi də öz növbəsin­də elə yeknəsəq ahənglə gövşəyirdi ki, qadın qulaq asa-asa axırda həqiqətən yu­xuya getdi.

Sabahısı axşam kişi evə dönən­də qadın onun qabağına dörd di­lim çörək qoydu – əvvəllər payına üç dilim düşərdi. Qadın lampanın yanından aralana-aralana dedi:

– Dördü də sənindir. On­suz da mənə ağırlıq eləyir, yaxşı həzm eləmirəm. Artıq dilimi sən yesən yaxşıdır.

Kişinin boşqaba tərəf necə əyildiyi qadının gözündən yayın­madı. O, qadına baxmırdı. Qadı­nın isə bu zaman ona əməlli-başlı yazığı gəldi. Kişi başını dikəltmə- dən dilləndi:

– Belə yaramaz axı, sənə ikicə di­lim qalır...

– Nə olsun? Onsuz da yatar qa­rına mənə ziyandır.

Qadın təzədən masa arxasında oturana qədər bir xeyli vaxt keçdi.

Çevirən: Mahir N. QarayevБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031