Turan sevdalı yaşam öyküsü

Tofiq Məlikli - 80
“Tarixdә Türk dili Türk millәti qәdәr döyüşkәn olmuşdur”.
Əhmәd Cәfәroğlu
O, türkoloji araşdırmaları ilə dünya filoloji fikrini zənginləşdirməklə qalmamış, bəlkə özü də fərqinə varmadan tarixi zaman sürəcində çeşidli səbəblərdən kökünü, kimliyini, ortaq keçmişini unudaraq yabançı toplumlara çevrilən türk soylarını biri-birinə tanıtmaq kimi ağır missiyaya yüklənmişdir. Haqqında yazılan portret-oçerklərin birində “Türkü türkə tanıdan türkoloq” kimi dəyərləndirilməsi burdan qaynaqlanır.
Milli-etnik mənsubiyyəti ilə Azərbaycana bağlansa da, araşdırmaları Türk Dünyasının sınırlarına sığmayan bir genişliyə sahib olan Tofiq Məlikli, yaradıcılığının elmi tutumu ilə çağdaş dünya türkologiyasının önəmli şəxsiyyətlərindən biridir. Yalnız əsərləri ilə deyil, şəxsiyyəti, xarakter bütövlüyü, keşməkeşli ömürlüyü ilə fərqlənən alim üçün türkoloq olmaq, sadəcə, türk dilini və ədəbiyyatını araşdırmaq, filoloji müstəvidə təhlillər və dəyərləndirmələr aparmaq anlamına gəlmir, bundan daha geniş məzmun daşıyır.
Tofiq Məlikli öz sələflərinin faciə ilə bitən taleyi timsalında rus-sovet mühitində türkoloji araşdırmalarla uğraşmağın nə demək olduğunu anlayan, bu işin ağırlığını, məsuliyyətini yetərincə dərk edərək fəaliyyət göstərən bilim adamıdır. Bu isə təbii olaraq onun alimliklə yanaşı, aydın kimi mövqeyə sahib olduğunun göstəricisidir. Onun araşdırmalarının başqa bir özəlliyi Türk Dünyası ədəbiyyatını ayrıca, təcrid olunmuş şəkildə deyil, dünya ədəbiyyatı ilə əlaqə və vəhdətdə dəyərləndirilməsindədir.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Türk dili və ədəbiyyatı bölümünü bitirmiş, 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunda elmi araşdırmalarını davam etdirmiş, Sovetlər Birliyinin Türkiyə Cümhuriyyəti səfirliyində müşavir olmuş (1976-1978), Venetsiya Universitetinin Şərq bölümündə (1985) və Strasburq Universitetinin türkologiya kafedrasında (1986) mühazirələr oxumuş (1985) alimin elmi-nəzəri araşdırmaları klassik və müasir türk ədəbiyyatının aktual problemlərinə söykənir.
Moskva Dövlət Linqivistika Universitetinin Şərq dilləri bölümündə professor, həmçinin bu tədris ocağının yanında Türk Dili və Kültürü Mərkəzinin başqanı olması onun türkoloji tədqiqatlarına yön vermiş, araşdırmalarının intensivliyini təmin etmişdir.
1988-cı ildə Tofiq Məliklinin təşəbbüsü ilə türkologiyanın problemlərinin daha dərindən öyrənilməsi üçün Sovetlər Birliyi və Türkiyə alimlərinin birgə fəaliyyəti ilə Bakıda Dədə Qorqud Kollokviumu düzənlən məsi, o dönəmlərdə xeyli gənc olmasına baxmayaraq, elmi-mədəni çevrədə ciddi nüfuz qazanmasının göstəricisidir.
Moskvada dönəmin görkəmli alimlərindən Әdhəm Tenişev, Әziz Şərif, Әkbər Babayev, Xaliq Koroğlu, Qəzənfər Әliyev, Saleh Әliyev, Çingiz Hüseynov və başqaları ilə eyni ədəbi-mədəni çevrədə yaşayıb-yaratması, onlarla yaxından əlaqə və ünsiyyətdə olması Tofiq Məliklinin elmi yaradıcılıq dünyasının formalaşmasına ciddi təsir göstərmişdir.
Elmi fəaliyyətində daha çox Türkiyə ədəbiyyatı ilə bağlı araşdırmalara üstünlük verən müəllifin rus və türk dillərində qələmə aldığı “60-cı illərin əvvəli, 70-ci illərin sonunda türk şeiri” (Moskva, 1980), “Nazım Hikmət və Türkiyənin yeni şeiri” (Moskva, 1987), “Türkiyə ədəbiyyatı: kökləri və budaqları” (Moskva, 1998), “Türkoloji araşdırmalar” (Bakı, 2008), “Türkiyə ədəbiyyatı tarixi” (Moskva, 2009), “Nazim Hikmət: poeziya və poetika” (İstanbul, 2014), “Dahinin tənhalığı: Fazil Hüsnü Dağlarca” (Moskva, 2014), “Türkoloji və filoloji probelmlər” (Bakı, 2017) kimi kitabları Rusiya, Türkiyə və Azərbaycan ədəbi-elmi mühitində rəğbətlə qarşılanmışdır. Hazırda müəllif ədəbi-elmi fəaliyyətini doğma vətəni Azərbaycanda davam etdirməkdədir.
Bütövlükdə, Tofiq Məliklinin tənqid və ədəbiyyat tarixi ilə bağlı araş - dırmaları daha çox türkoloji yönümlüdür. O, bir tərəfdən, Türkiyə ədəbiyyatı tarixi ilə bağlı çoxyönlü tədqiqatlar aparmış, digər tərəfdən, XX yüzildə bu ədəbiyyatın çeşidli problemlərini incələyib ümumiləşdirmişdir. Alimin türkoloji araşdırmaları Türkiyə ədəbiyyatının Rusiyada və bütövlükdə dünyada tanıdılmasında önəmli rol oynamaqdadır.
Şərq və Qərb mədəniyyətinə dərindən bələd olan Tofiq Məliklinin araşdırmalarında əski türk yazılı abidələri önəmli yer tutmaqdadır. Bəhs olu nan abidələri bədiilik müstəvisində təhlil obyektinə çevirən tədqiqatçı “epitafik hekayə” kimi səciyyələndirdiyi mətnlərin janr özəlliklərinin ənənəvi qəlib və ölçülərlə dəyərləndirilməsini mümkünsüz hesab edir.
Tofiq Məliklinin “Türkiyə ədəbiyyatı: köklər və budaqlar” adlı tədqiqatında araşdırmaya cəlb olunan tarixi-ədəbi proses məhdud çərçivədə deyil, dünya ədəbiyyatı bağlamında dəyərləndirilir. Onun təhlillərində Türkiyə ədəbiyya - tının bəhrələndiyi, təsirləndiyi qaynaqlar çözülmüş, onun aparıcı xətləri müəyyənləşdirilmişdir.
“Türkiyə ədəbiyyatı tarixi” kitabında müəllif ən qədim dövrlərdən başla - yaraq çağdaş dönəmə qədər bu ədəbiyyatın keçdiyi təkamül yolunu izləmiş, mərhələ təsnifatını vermiş, aparıcı inkişaf təmayüllərini müəy yən ləş dir miş - dir. Tədqiqatçının qədim, orta çağ, klassik dönəm, XIX əsr (Tənzimat və Sərvəti-fünun ədəbiyyatı), XX yüzildə isə yeni türk ədəbiyyatının keçdiyi aşamaları əhatə edən təsnifatı elmi tutumu və nəzəri yanaşma tərzinin orijinallığı ilə seçilir. Araşdırıcı hər bir dövrün tarixi-mədəni mühiti fonunda ədəbi cərəyan və istiqamətlərdən bəhs etmiş, aparıcı şəxsiyyətlərinin yaradıcılığını dəyərləndirmişdir.
Tofiq Məliklinin araşdırmalarında yeni türk poeziyasının aparıcı istiqa - mətləri müəyyənləşdirilmiş, onun başlıca nümayəndələrinin yaradıcılıq yolu sistemli şəkildə çözülmüş, bu sənətkarları biri-birinə bağlayan aparıcı poetik ilmələr incələnmişdir. Tədqiqatçının apardığı qarşılaşdırmalı təhlillər yeni türk poeziyasının ideya-estetik mahiyyətinin aşkarlanmasını və dünya ədəbiy yatındakı yerinin müəyyənləşməsini şərtləndirmişdir.
Müəllifin ümumtürk ədəbiyyatı tarixi konsepsiyasında sovet türkologiya məktəbinin ideoloji yanlışlıqları və birtərəfliliyi tənqid olunmuş, dünya türkoloji fikrinin aparıcı yöntəm və prinsiplərindən bəhrələnilmişdir. Tariximədəni prosesə bu cür fərqli yanaşma tərzi onun araşdırmalarının elminəzəri üfüqlərini xeyli dərəcədə genişləndirmişdir.
Tofiq Məliklinin araşdırmaları vətəndaşlıq amalına köklənən çalarlarla zəngindir. Bu səbəbdən onun türkoloji mülahizələrində elmi qənaətlərlə yanaşı, siyasi mövqe də duyulmaqdadır. Başqa deyimlə, o, bir alim kimi yalnız ayrı-ayrı türk xalqlarının ədəbiyyatını araşdırmaqla qalmamış, həmçinin bu ədəbiyyatın Türk Dünyasının birliyinə, bütövlüyünə aparan məqamlarını önə çəkməklə böyük bir missiyanı gerçəkləşdirmək yönündə çalışmışdır.
Әdəbiyyatşünas alimin yaradıcılığında dünya şöhrətli türk şairi Nazim Hikmətlə (1902-1963) bağlı araşdırmalar önəmli yerlərdən birini tutur. Әkbər Babayev, Radi Fiş, Anar, Aqşin Babayevlə yanaşı, Nazim Hikmət yaradıcılığının tədqiqi və tanıdılmasında onun xidmətləri danılmazdır. Nazim Hikməti yeni türk poeziyasının banisi hesab edən tədqiqatçı Türkiyə şeirinin ideya-məzmun və forma-sənətkarlıq baxımından yeniləşməsində onun yaradıcılığının müstəsna rol oynadığını vurğulamışdır. “Nazim Hikmətin poeziyasında baş verən radikal dəyişmələr, onun durmadan yeni şeirin şəkil və forma axtarışları, nəticədə məntiqi olaraq şairi tamamilə yeni şeir sistemini – sərbəst şeiri yaratmağa yönəldir və bu sistem sayəsində o, xalqın danışıq dilini poetik səviyyəyə yüksəltmiş olur. Nazimin bu “inqilabı” sayəsində sərbəst şeiri çağdaş türk ədəbiyyatında əsas poetik sistemə çevrilmiş olur”.
Araşdırıcının Nazim Hikməti “poeziya inqilabçısı” adlandırması, onun türk şeirinin yolgöstərəni mövqeyinə yüksəlməsini dönə-dönə vurğulaması, yazılarının poetik özəlliklərini ən zərif detallarına qədər incələməsi təsadüfi deyildir. Bu yanaşma, hər şeydən öncə, şairin türk poeziyası tarixində önəmli dəyişikliklərə imza atması, yenilikçi statusu ilə şərtlənir.
Göründüyü kimi, müəllifin Nazim Hikmətlə bağlı araşdırmaları yalnız dahi şairin yaradıcılığının deyil, bütövlükdə sərbəst şeir nəzəriyyəsinin təhlili və dəyərləndirilməsi baxımından önəmlidir. Alimin araşdırma obyektinə bu tərzdə yanaşması Nazim Hikmət yaradıcılığının sərbəst şeir poetikası kontestindən kənarda duyulması və duyurulmasının mümkünsüz oldu - ğundan qaynaqlanır.
Tofiq Məliklinin Nazim Hikmətlə bağlı araşdırmalarında böyük türk şairini Azərbaycana bağlayan məqamlara, özəlliklə milli ədəbiyyatda sərbəst şeirin yaranması və gəlişməsi prosesində bu faktorun önəmli rol oynadığına diqqət yetirilmişdir.
Məşhur Türkiyə şairi Fazil Hüsnü Dağlarca (1914-2008) ilə uzun illər yaxın dostluq münasibətində olan, sıx yaradıcılıq əlaqələri saxlayan müəllifin onunla bağlı araşdırmaları yalnız elmi-nəzəri yönümü ilə deyil, həmçinin canlı təəssüratdan qaynaqlanan bioqrafik özəllikləri ilə şərtlənir. “Çağdaş Türkiyə poeziyasının klassiklərindən olan Fazil Hüsnü Dağlarcanın yaradıcılıq yolu hər zaman özünün təkrarolunmazlığıyla fərqlənmişdir. Çoxsaylı axın və məktəblərdən kənarda qalaraq, bütün ömrü boyu inadla və durmadan poeziyada özünü və özünəxası olanı axtarmışdır. Fazil Hüsnünün məhz özünəməxsusluğa can atması, ədəbiyyatda öz sözünü demək istəyi, milli mədəniyyətdə sırf özünə aid yeri tapmaq cəhdləri Dağlarca yaradıcılığını “tənha məktəb”, “türk poeziyasında başlı-başına bir cərəyan” kimi qiymətləndirməyə əsas vermişdir. Bu təsnifatı inkar etməyərək, əlavə etmək istərdik ki, hər şeyə rəğmən, Fazil Hüsnü yaradıcılığı türk ədəbiyyatı və mədəniyyətilə qırılmaz şəkildə bağlıdır. ...Onun poeziyası çağdaş türk ədəbiyyatının bədii simasının təşəkkülünə sürəkli təsirini göstərmişdir və bu gün də göstərməkdə davam edir”.
Fazil Hüsnü Dağlarca ilə ilk dəfə 1969-cu ildə A.S.Puşkinin Moskvada keçirilən yubileyində tanış olmuş araşdırıcı 2008-ci ilə – şairin vəfatına qədər onunla yaxın dostluq münasibəti saxlamış, görüşmüş, yazışmış, fərqli mövzularda müzakirələr aparmışdır. “Uzun illər İstanbula hər gəlişimdə ilk işim Fazil Hüsnü Dağlarcaya zəng etmək olurdu. Telefonun dəstəyindən tanış səsi eşidilirdi. – Sənsən? Xoş gəldin. Səni “Vaqon”da gözləyirəm.
İstanbulun Asiya yaxasına, Kadıköyə gedən bərəyə minib, Fazil Hüsnünün 70-ci illərdən bəri yaşadığı Mərmərə sahilində yerləşən “Vaqon”a gəlirdim. O, haylı-küylü, qələbəlik Avropa yaxasındakı Aksaraydan buraya köçmüşdü. Burada – havasında ötən əsrlərin əks-sədası duyulan, sakitliyini yalnız ləpələrin ahəngdar, kəsilmək bilməyən səsi pozan Kadıköydə şair rahat nəfəs alır və işləyirdi”.
Tofiq Məliklinin 1974-cü ildə hazırlayaraq yayınladığı müasir Türkiyə şairlərinin şeirlərindən ibarət “Şəhər, axşam və sən” adlı antologiya o dönəmin qapalı sovet siyasi mühitində türk ədəbiyyatı ilə yetərincə tanış olmayan Azərbaycan oxucuları tərəfindən aşırı həssaslıqla qarşılanmışdır.
Türkoloji araşdırmalarla yanaşı, orijinal, bənzərsiz şeirlərin müəllifi kimi də tanınan Tofiq Məliklinin poetik axtarışları və tərcümələri “Duyğuların ən gözəli” (1978), “Ayrılıq heykəli” (2012) kimi şeir kitablarında toplanmışdır. Yazarın müxtəlif illərdə qələmə aldığı “Mavi dünyamız içində mahnımız”, “Zəngli saatın nağılı”, “İkiyə bölünmələr”, “Qovaq ağacı”, “Kimdir, nədir həyatı sevdirən mənə?”, “Ayrılıq heykəli”, “Suçmu sevmək vətəni?”, “Dünyanın ən gözəli”, “Dilim”, “Tək misralı şeir”, “Siz gecəni sevirsınızmi?”, “Şeir oxudun”, “Xahiş” və bir çox digər şeirləri vətən sevgisi, yurd həsrəti, ayrılıq, kədər, həsrət motivləri ilə süslənmiş bədii örnəklər kimi diqqət çəkir.
Tofiq Məliklinin şeir yaradıcılığı, sadəcə, ədəbiyyatın bəlli bir növü ilə uğraşmaq anlamını daşımır, daha çox yaşanılan ömrün, taleyin, duyğuların elmə
sığmayan məqamlarının ifadə edilməsi məqamına söykənir.
Sus, danışma,
sözlərlə adiləşir
duyğuların ən gözəli...
Bu poetik misraların yaratdığı dolğun bədii mənzərə həyatın romantikasını bütün gözəlliyi ilə canlandırmaqdadır. Sözün görünməz dərinliklərində dalğalanan sükut metaforu xatirələr dünyası ilə görünməz ilmələrlə bağlan dığından fərqli bir görüntü yaradır.
Müəllifin bədii axtarışlarında özəl yeri olan “Suçmu sevmək vətəni?” şeiri millətin, yurdun taleyinə biganəliyin, hissizliyin, duyğusuzluğun sərt bir dillə qınandığı poetik lövhədir. O, ölkəni soyub talayanları, toplumu nağıllarla, laylalarla uyudanları durdurmağa, xalqını azad, qürurlu görmək üçün xoşbəxt gələcək qurmağa səsləyir.
Suçmu sevmək vətəni?
Yəni,
Uğurlarına sevinmək
Paylaşmaq acısını, dərdini?
“Bədbin bir axşamda yazılmış qürbət şeiri” ilk baxışda müəllifin vətən həsrətini əks etdirən təsirli poetik lövhə kimi görünsə də, mətnin də - rinliklərində, hecaların məsamələrində gizlənən həzinlik onun fəlsəfi yükünə ağırlıq qatır. Qürbətdə yaranan duyğu seli ilə yüklü bütün şeirlər kimi bu yazının ayrılığa, həsrətə bükülü misraları ağrı, acı, göynərti qoxumaqdadır.
Qürbətdə hər şey böyükdür –
Xəyal da,
Düşüncələr də,
Yuxular da...
Nə hikmətsə,
Qürbətdə xüsusilə böyükdür –
Qəlbləri göynədən göz yaşı
Qəmli gözlərdə.
Fərdi poetik üslubun başlıca parametrlərinin aşkarlandığı “Çətin iş” adlı şeirdə müəllif insan ömrünün təzadları fonunda vətən sevgisinin fərqli çalarlarını əks etdirərək qənaətlərini hökmlərlə tamamlayır. Şeirin into - nasiyası, təkrarsız ritmi söylənən fikirləri adilikdən çıxararaq, bütün bunların arxasında sayrışan həqiqəti görməyə imkan verir.
Çətindir –
Alnı açıq yaşamaq,
Sinə gərmək yalana,
alçaqlığa,
Çətindir qorumaq
gerçəyi, həqiqəti,
ədaləti, sevgini.
Bilirəm,
Çətindir qorumaq
Səni ana südüylə bəsləyən,
Varlığınla sevdiyin
məmləkətini!
Şairin “Ayrılıq heykəli” şeiri həyatının ümumi axarı, ahəngilə səsləşən, ger çək yaşantılardan qaynaqlanmaqla yanaşı, metafizik mənaların sər gi - lən di yi bədii örnəklərdən biridir. Әvvəlki yazılarındakı üslubi keyfiyyətlərin mü kəm məl şəkildə təkrarlandığı mətndə ayrılıq bədii başlanğıc kimi seçilsə də, ger çək anlamdan qoparaq metaforik məna daşıyır, tam fərqli bağlamda sim vol laşır.
Uzaqlaşan qatarın tıqqıltısı,
İxtiyar vağzal saatının paslı əqrəbləri,
Feilin keçmiş zaman şəkilçisi,
Yaradır
Kimsəsiz perronda
Yeni bir
Ayrılıq heykəli.
Müəllifin “Ayrılıq heykəli” kitabına “Bizim də payımıza yazmaq düşüb” adlı ön söz yazmış Nəsib Nəbioğlu öz şair həmkarının yaradıcılıq dünyasının özəlliklərini belə ümumiləşdirir: “Mənə elə gəlir ki, Tofiq Məliklinin şeirlərinin əsas qəhrəmanı elə onun özüdür. Həyatın sınaqlarına dözə-dözə qürbətdə yaşayan şair şeirlərinin hansı uğurlar qazanacağını özü əvvəlcədən bilməsə də, əminliklə deyə bilərəm ki, onun hər misrasında həyata məhəbbət, mü ba riz lik əzmi çırpınmaqdadır”.
Tofiq Məlikli həmçinin Nazim Hikmət, Yaşar Kamal, Fakir Baykurt, Fazil Hüsnü Dağlarca, Orhan Pamuk və başqa Türkiyə yazarlarının əsərlərini rus dilinə çevirərək nəşr etdirmişdir. Özəlliklə, onun ruscaya çevirmələri içərisində Nobel mükafatı laureatı Orhan Pamukun “İstanbul: xatirələr və şəhər” romanı diqqəti çəkməkdədir. İlk nəşrindən sonra qısa sürə içərisində müxtəlif nəşriyyatlarda romanın təkrar-təkrar yayınlanması bir tərcüməçi kimi onun peşəkar fəaliyyətinin göstəricisidir.
Müəllifin “Suyu axtaran adam” (2019) adlı avtobioqrafik romanı onun keçdiyi ömür yolunun, uşaqlıq, yetkinlik və kamillik çağlarının, bütövlükdə yaşam tarixçəsinin görünən və görünməyən səhifələrinə yetərincə işıq tutmaqdadır. Memuar janrının çalarları qabarıq şəkildə duyulan, canlı izlənimlərə, fakt və sənədlərə dayanan, bədii-publisistik üslubun qovu şu - ğun da qələmə alınmış roman yazarın ədəbi portretini canlandıran dolğun yaradıcılıq örnəyidir. Tofiq Məliklini bütün yönlərilə tanımaq və anlamaq üçün bu romanın dərindən incələnməsinə ehtiyac vardır.
Romanda sovet siyasi rejimi dönəmində dəmir pərdə ilə sınırlı ölkənin oxucusu üçün əlçatmazlığın əfsanələşdirdiyi Türkiyə yazarları ilə bağlı səhifələr ilgi çəkməkdədir. Özəlliklə, məşhur türk yazarı Orxan Kamalın “Yad qızı” romanının rusca yayınlanmasından sonra, 1971-ci ildə xanımı ilə birgə Moskvada olarkən metroda qarşılaşdığı bir səhnə maraq doğurur. “Günorta olduğundan vaqonda sərnişin az idi. ...Birdən qarşıda oturan bir gənc qızın Orxan Kamalın romanını oxuduğunu gördüm.
– Orxan bəy, qarşımızda oturan qız Sizin romanınızı oxuyur, – dediyimdə o gülümsəyərək: – Zarafat etmə, – dedi. Mən keçib o qızın yanına oturdum: – Qarşınızda oturan bu incə bığlı adam oxuduğunuz kitabın yazarıdır. İstəyirsiniz, Sizi onunla tanış edim. Gənc qız bir mənə, bir Orxan bəyə baxdı: – Siz, görünür, tanış olmanın orijinal yolunu tapmısınız. – Yox, – dedim. – O adam həqiqətən əlinizdə tutduğunuz kitabın müəllifidir, adı da Orxan Kamaldır, inanmırsınızsa, kitabın arxasındakı şəklə baxın”.
Qız bir şəklə, bir Orxan bəyə baxıb durdu, daha sonra gedib Orxan bəyin yanında oturdu və kitabı imzalamasını xahiş etdi. Orxan Kamal kitabı vərəqlədikdən sonra imzalayıb qıza qaytardı və əsər haqqında onun fikrini öyrənmək istədi. – Çox maraqlı əsərdir. Romanı yalnız mən deyil, çoxları bəyənir və oxuyur. Kitab satılıb qurtardığından, onu oxumaq üçün rayon kitabxanasına getdim, ancaq istəyənlər çox olduğundan iki ay növbə gözləməli oldum. Üç-dörd günə kitabı oxuyub qaytarmalıyam, – dedi. Gənc qız növbəti stansiyada bizə əl edib vaqondan çıxdı. Orxan bəy: – Tofiqciyim, bu sənin qurduğun oyun olmasın, – dediyində mən: – İstəyirsiniz, elə buradan bir rayon kitabxanasına gedək, görək o qız doğrumu deyir? Bu sözdən sonra qonağımızın üzündə bir məmnunluq, təbəssüm peyda oldu. Bəlkə, o gün Orxan Kamal Sovet İttifaqı kimi bir ölkədə məşhur olmanın sevincini, qürurunu yaşayırdı”.
“Suyu axtaran adam” avtobioqrafik romanı həmçinin bəhs olunan dönəmin gerçək mən-zərəsini canlandıran, özəlliklə, sovet siyasi rejiminin bir çox gizlinlərini aşkarlayan mətn kimi dəyər daşımaqdadır. Әsərdə keçmişə dönüşün, onu yenidən, çağdaş baxış sferasında təqdim etməyin təməlində bütün yaşanılanların zəruriliyinin, qaçılmazlığının, örnək ola biləcəyinə inamın dayandığı şübhə doğurmur.
“Su axtarmaq və suyun mənbəyini tapmaq çox zəhmətli bir işdir. Tofiq Məlikli qələmi ilə su axtararkən bizi də özü ilə keçmişə aparır” (Orxan Aras).
Romanda əsasən xronoloji ardıcıllıq gözlənilsə də, yeri gəldikcə keçmişə ekskurs edilişi təsvir olunan hadisə və əhvalatların canlılığının təmini, unudulan məqamların yerinə qoyuluşu baxımından önəmlidir.
İndiyədək Tofiq Məliklinin elmi-nəzəri və bədii irsi haqqında çoxsaylı araşdırmalar aparılmış, bu yazılarda onun ayrı-ayrı əsərləri incələnmiş, yaradıcılıq dünyasının gizlinlərinə baş vurulmuş, ədəbi portretinin yaradılmasına çalışılmışdır.
Sovet Türkologiya Komitəsinin sədri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Әdhəm Tenişev diqqəti yaxın dostu və həmkarının ədəbi-elmi şöhrətinin miqyasına yönəldərək yazır: “Tofiq Məlikli böyük şərqşünas alim kimi türkologiyanın inkişafına mühüm töhfələr vermişdir. Türk ədəbiyyatı və ortaq türk mədəni irsinin araşdırılmasında yeni istiqamətlər onun adı ilə bağlıdır. Tofiq Məlikli daha çox türk milli kültür gələnəklərinin ən ciddi problemlərinə, türk ədəbiyyatları və mədəniyyətlərinə hakim olan varislik məsələlərinə diqqət yetirir. Onun kitablarında və çoxsaylı məqalələrində problemin mahiyyətinin ardıcıl şəkildə aşkarlanmasına cəhd edilmişdir”.
Yazıçı Anar isə, uzun illər dostluq etdiyi “şəxsiyyətində yüksək peşəkarlıq, çalışdığı sahənin kamil uzmanlığıyla bərabər dünyada baş verənlərə biganə qalmamaq, özəlliklə doğma xalqının ictimai, ədəbi problemlərinə həssas münasibət” sərgiləyən Tofiq Məliklinin yaradıcılığını elmi və sosial müstəvidə dəyərləndirir. Tofiq Məlikli fenomenini fərqli baxış bucağından göstərməyə çalışan tənqidçi Südabə Ağabalayevanın qənaətincə, onun “elmi və ictimai fəaliyyəti sanki türkün, türk dilinin, türk mənəviyyatının gücünü, yerini və dəyərini dərk etməyin vacibliyinə inandırmağa köklənmişdir”. Lakin yazılan araşdırmaların içərisində Azərbaycanın görkəmli tənqidçi və ədəbiyyat araşdırıcısı professor Yaşar Qarayevin mülahizələri müəllifin ədəbi şəxsiyyətini daha sərrast şəkildə ifadə etməkdədir: “Tofiq Məlikli hardadırsa – Azərbaycan ordadır”.
Səksən yaşın zirvəsi – hər bir yazar üçün yüksəldiyi ucalıqdan dönüb geriyə boylanmaq, yaşadığı ömrü bütün çılpaqlığı ilə dəyərləndirmək, uğurları, uğursuzluqları, etdikləri, edə bilmədikləri ətrafında düşüncələrə dalmaq fürsətidir. Müəllifin anadan olmasının səksən illik yubileyinə həsr olunmuş “Türkün özü və sözü” adlı kitaba onun haqqında qələmə alınmış tanıtım, esse və portret yazıları, müxtəlif səpkili araşdırmalar, müsahibələr, həmçinin əsərlərindən seçmələr daxil edilmişdir. Әlbəttə, təqdim olunan nəşrin yazarın ədəbi kimliyini bütün genişliyi ilə canlandırdığını düşünmək doğru olmazdı. Çünki bunun üçün daha əhatəli və sistemli araşdırmalara ehtiyac vardır. İndilikdə isə bu kitab müəllifin zəngin yaradıcılıq dünyasının mahiyyəti və istiqamətləri, onun elmi-nəzəri düşüncəsinin üfüqləri haqqında müəyyən təsəvvür oyatmaqdadır.
İnanırıq ki, Tofiq Məlikli elmi və bədii axtarışlarını bundan sonra da davam etdirəcək, Azərbaycan ədəbiyyatına, özəlliklə Türk Dünyası mədəniyyətinə yeni-yeni əsərlər bəxş edəcəkdir.
Vaqif SULTANLI