Sözü də özü kimi dəyərli şair

Ağasəfa - 80
25 avqust 2022 –ci il tarixidir. Saat 14:30-u göstərir. İş masamın kənarında əyləşib beynimdəki xatirələrin içində qurdalanır, olan-keçənləri xatırlamağa çalışıram.
İlk tanışlığımız haradan başladı, neçənci ildə baş verdi, Ağasəfa müəllimi mənə sevdirən nə oldu və s. sırsıra suallar... Deyəsən tapmışam...
1999-cu il idi. Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin 8-ci sinfində oxuyurdum. Azərbaycan dili və ədəbiyyat müəllimim rəhmətlik Adil müəllim ( o da şair idi, “Küskün” təxəllüsü ilə şeirlər yazırdı.) dərslərimizin birində rayonumuzun şairləri haqqında böyük şövqlə söhbət edəndə, Ağasəfa müəllimin yaradıcılığı üzərində dayanıb üzünü bizə tutaraq dedi: “Uşaqlar, Ağasəfa böyük şairdir. Hazırda Qarabulaq kəndində yaşayır. Onun ikicə misrası bəs edər ki, Ağasəfanın necə şair olduğunu biləsiniz.”
Müəllimimi elə maraqla dinləyirdim ki, söhbətin bu yerində özümdən ixtiyarsız səsləndim: “Müəllim, hansı misralar?”
Rəhmətlik Adil müəllim özünəməxsus təmkinlə həmin misraları səsləndirdi:
Adam var– işləyir, tər içindədir,
Adam var– işləmir, zər içindədir.
Yerində deyilmiş, cəmi iki misradan ibarət olan şeirdə nələr yox idi...
Mən Ağasəfa müəllimi belə sevdim. Onun yaradıcılığına marağım buradan başladı. Bu işə vəsilə olduğuna görə Adil müəllimə uca Allahdan dönə-dönə rəhmət diləyirəm.
***
Ağasəfa müəllimi ilk dəfə canlı olaraq Sayadlar kəndində dahi şairimiz Mikayıl Müşfiqin ev muzeyində görmüşəm. Bəlkə də ilini dəqiq xatırlamazdım. Amma Şairin “ Ürəyim saplaqdan asılı qalıb...” kitabının təqdimatının da keçirildiyi dəqiq yadımdadır. Kitab hazırda masamın üzərində olduğundan dərc edildiyi tarixə baxıb 2001-ci il olduğunu dəqiqləşdirə bildim...
Açıq etiraf edim ki, Ağasəfa müəllim o zaman mənə çox əlçatmaz görünürdü. Üstəlik Gülhüseyn Hüseynoğlu kimi tanınmış Müşfiqşünas alim və Azərbaycanın tanınmış ziyalıları ilə birgə ölməz Mikayıl Müşfiq haqqında fikirlər səsləndirməsi onu daha da əlçatmaz kimi göstərirdi mənə. Eyni zamanda yeni kitabının təqdimatı... Təbii ki, bu, o zaman üçün bir şagird təfəkkürü idi.
O da yaxşı yadımdadır ki, Ağasəfa müəllimin yeni kitabı Müşfiqin ziyarətinə gələnlərə hədiyyə ediləndən sonra çaparaq kitabı vərəqləyənlərə də rast gəldim. Hətta tədbir iştirakçılarından biri söz alarkən kitabda dərc olunan “Müşfiq ölməyib ki...” şeirini ucadan səsləndirdi. Sonuncu bənddən sonra üzünü tədbir iştirakçılarına tutaraq: “Müşfiqi qoruya bilmədik, heç olmasa, bu kişini qoruyaq, layiqli qiymətini verək”- dedi.
İndi də düşünürəm: Biz Ağasəfa müəllimin layiqli qiymətini verə bilmişikmi?
***
Universitetdə oxuduğum zaman Ağasəfa müəllimin şeirlərini tez-tez rəhmətlik Balaş Abbaszadənin redaktoru olduğu “Sirdaş” qəzetindən oxuyurdum. İstər Balaş müəllim, istərsə də digər “sirdaş”çılar Ağasəfa müəllimi çox sevir, yeni şeirlərini səbirsizliklə gözləyirdilər...
***
2006-cı il idi. Rəhmətlik Adil müəllimlə görüşəndə, Ağasəfa müəllimin mənim üçün kitab hədiyyə etdiyini və evlərində olduğunu söylədi. Kitabı götürdüm. Həmin kitab “Çaşıoğlu” nəşriyyatında işıq üzü görmüş 224 səhifəlik “Başımda dağ havası” idi. İmzalanmışdı da: “Adil müəllimin istedadlı, istəkli şagirdi Vüsal! Novruz bayramın mübarək! Ağasəfa. 24.03.2006. Giləzi.”
Gözdən uzaq dağ kəndində vaxtaşırı kasıb komasının qapısını açan, ondan nigaran qaldığını bildirən, Azərbaycan xalqının qəlbində əbədiləşən Cabir Novruzun xatirəsinə həsr olunmuş
“Başımda dağ havası”nda doğma ata-baba torpağı ilə bağlı, yurd, ocaq məhəbbəti ilə, ululara ehtiramla, gələcək yeni nəsillərə inamla yazılmış şeirlər və lirik poemalar toplanmışdı.
Adil müəllimdən xahiş etdim ki, dəyərli hədiyyəyə görə Şairə təşəkkürlərimi çatdırsın. Düzü, gözlənilməz bir hədiyyə idi. Axı Ağasəfa müəllimlə o zamana qədər şəxsi tanışlığım yox idi. Onda anladım ki, ara-sıra mətbuatda dərc olunan cızma-qaralarımı izləyir. Və... Kitabını hədiyyə göndərməklə mənəvi dəstəyini göstərir.
***
Nəhayət ki, ilk görüşümüz 2007-ci ildə baş tutdu. O zaman tələbə idim... Cızma-qaralarımı yığıb Qarabulaq kəndinə Şairin yanına getmişdim. Kiçik bir kitab dərc etdirmək niyyətində idim. Ağasəfa müəllim dəyərli məsləhətlərini məndən əsirgəmədi. Kitab dərc etdirmək üçün tələsməməyimi tövsiyyə etdi.
Sonradan hərbidə olmağım, iş həyatımda müəyyən problemlər yaşamağım və s. görüşlərimizdə fasilələr yaratdı.
2012-ci ildən yenidən mütəmadi görüşlərimiz oldu.
2015-ci ilin Novruz bayramı günlərində bir araya gəlib xeyli söhbətləşdik, şəkil də çəkdirdik. O gün xoş bir xatirə tək indi də yaddaşımdadır. Ürəyi saplaqdan asılı qalan şairlə həmsöhbət olmaq insanı başqa bir dünyaya aparır, mənəvi rahatlıq tapırsan.
2017-ci il yaddaqalan il oldu. Ağasəfa müəllimin redaktorluğu altında ilk kitabım işıq üzü gördü. 2018-ci ildə Onun redaktorluğu ilə ikinci kitabım dərc olundu. Hazırda nəşrə hazır olan üçüncü kitabımın redakoru da Ağasəfa müəllimdir. Hər üç kitabın ön sözünün də müəllifidir. Böyük Şairdən xeyir-dua almaq, onunla həmsöhbət olmaq, fikir bölüşmək kimin arzusu deyil ki?
***
Saf duyğuların tərənnümçüsü, sözü zamana möhtac olmayan, əbədiyyət çeşməsindən qaynayan bulaq kimi sərin, ürəklərə məlhəm olan şair Ağasəfa, mayası saflıq olan ali SÖZ sənətinin işığına insanları toplamağı bacarır. Onun ən böyük mükafatı yaratdığı əsərlər, oxucu sevgisi, kitablarıdır.
Yazılarını az-çox mütaliə etdiyim bir adam kimi Ağasəfa müəllimin yaradıcılığını bir neçə şaxəyə bölə bilərəm: 1.Vətən, yurd, ana sevgisi; 2.Sevgi şeirləri; 3. Satira; 4.Uşaq şeirləri; 5. Nəsr və publisistika; 6. Tərcüməçilik fəaliyyəti. Bunların hər birində Şairin uğurları göz qarşısındadır.
Doğulduğu torpaqdakı hər daşı-kəsəyi əzizləyən şair “Biz cənnətdən qovulmuşlarıq” başlıqlı yazısında ata-baba ocağı Qarabulağa qayıdışını aşağıdakı kimi təsvir edir: “1942-ci ildə doğulduğum komanın özülünü arıtladım. Başladım daşları divara düzməyə. Gillə, palçıqla... Xala xətrinə:
—Kömək lazımdırmı?- soranları yaxın buraxmadım.
Tənhalığa alışmağa, daşlarla danışmağa, pıçıldaşmağa başladım.
Daşların da qəlbi döyünürdü...
Bu torpağın hər daşında açılmamış sirr,
Nəsillərdən nəsillərə çatan səs, soraq...
Bu torpağın daşları da ürək kimidir,
Qoy əlini, daş qəlbində döyüntüyə bax...”
Budur Vətən sevgisi, vətəndaşlıq, yurd sevgisi, ocaq sevgisi...
“Qarabulaqda səhər duası” adlı şeirində əlləri Tanrının ətəyində olan Şairin Vətən üçün etdiyi duaya baxaq:
... Gülsün üzümüzə torpağın, daşın ,
Mahala, tayfaya bölünməz olsun.
Tutulsa göylərin, sərt gəlsə qışın
Əyni yalınların kürkü xəz olsun .
Dua oxuyuram ana dilində :
Ana sözlərimiz kökdən düşməsin.
Yersiz görünməsin bir vergülün də,
Var olsun dilimin söz birləşməsi...
Nə gözəl duadır... Bu şeiri oxuyanda dərhal beynimdə “Ana duaları” şeiri canlandı. Həmin şeirdən iki bəndi nəzərdən keçirək:
Ağzı dualıydı anam həmişə,
Hamıya pay vardı dualarında.
Ana duasıyla gedirdik işə
Yayın bürküsündə, qışın qarında.
Ağzı dualıydı... Üzü gülürdü...
Düşür ürəyimə əksi anamın.
Bütün duaları əzbər bilirdi,
Dua kitabıydı köksü anamın.
Şairin öz anasından əxz etdiyi duaları bu gün öz doğma torpağı, Vətəni üçün səsləndirməsi Onun öz kökünə bağlılığının, təmizlik və dürüstlüyünün göstəricisidir.
Vətən, Ana, Çörək bizlər üçün həmişə müqəddəs sayılıb, and yerimiz olub. Şairin “Dağlı çörəyi” şeirini oxuyanda həmin çörəyin ətri gəlir insan burnuna:
...Dadı özgə, tamı özgə, ləzzəti ayrı ,
Gərək onu göz üstünə öpüb qoyasan .
Al təndirdən, ətri tutsun çölü, bayırı ,
Kəs əlinlə, ye doyunca, çətin doyasan .
Onda ana əllərinin odu, göynəyi ,
Üstünə bax, xaşxaşlıdır, naxış – naxışdır .
Əldən ələ ötürülən dağlı çörəyi
Harda olsa, birincidir, süfrədə başdır...
Həyatın mənasını halallıqda görən, ömrü boyu bu amalla yaşayan Şair “Bir parça çörək” şeirində həyatının qayəsini anladır oxucusuna:
...Qoy gəlib evimdə duz-çörək yesin
Məndən narazı da, məndən razı da.
Özündən beş desə, məndən də desin,
Halaldır süfrəmin qırıntısı da...
Ağasəfa müəllimi tanıyan hər bir kəs yaxşı bilir ki, o, həyatını halallıq üzərində quran, qapısını hər kəsin üzünə açan bir insandır. Hər bir adamla öz dilində danışmağı bacarır. Ən əsası dəyərli ağsaqqal, böyükdür...
Şairin kitabları dəbdəbədən, təmtəraqdan uzaqdır. Forma etibarilə kiçik, ( belə kitablara “Yolçu yolda gərək”, “Yaşat məni”, “Fikir dünyası”, “Odla oynayaram”, “Müşfiq tufanı”, “Hər bostana bir daş”, “Bizim yerdən gəlirsən” və s. misal göstərə bilərəm) məzmunca böyük məna kəsb edən kitablardır.
“Müşfiq tufanı” adlı kitabında Şairin Mikayıl Müşfiqə həsr etdiyi şeirlər və “Qanlı imza” adlı poeması toplanıb. Onun Müşfiq şəxsiyyətinə, Müşfiq yaradıcılığına verdiyi qiyməti sezməmək mümkünsüzdür:
Qəlbi odlandıqca şeir deyərdi,
Hər şeiri şehliydi, təzəydi, tərdi.
Daşın qulağına dedim şeirini,
Daşdan ot göyərdi, çiçək göyərdi.
O, Müşfiqin son şəklinin önündə dəhşətə gəlir, heyrətini gizlədə bilmir:
...Bu şəklə baxanlar min dərdi anlar,
Müşfiqin qəlbini al qan aparır.
Nə dəhşət qurubsa Qriqoriyanlar,
Müşfiqin gözləri tufan qoparır...
Müşfiq dərdini, Müşfiq faicəsini öz faciəsi kimi qəbul edir:
Yuxumda görürəm bağrıqan onu,
Tükənmir qəzəbim, bitmir savaşım.
Böhtan yarasıdır ağrıdan onu,
Ağrın mənə gəlsin Müşfiq qardaşım.
Bu gün Xızının Sayadlar kəndində yerləşən, ildə iki dəfə Müşfiqsevərlərin sevgiylə, ehtiramla ziyarət etdiyi Müşfiq ocağının salınmasının ideya müəllifi də məhz Ağasəfa müəllimdir.
İnternet əsrində yaşayırıq. Dünyanın o başında yaşayan insanları belə virtual olaraq evimizin içərisinə gətirmək imkanımız var. Təəssüflər olsun ki, Qarabulaq kəndinə hələ internet verilməyib. Bəzən dostlar şəxsimə yazaraq Ağasəfa müəllimin müəyyən şeirlərini istəyirlər. Bilgiyazarımın (onun “kompüter” sözündən xoşu gəlmir) yaddaşında olanları dərhal paylaşıram. Bəzən elə şeirlər də olur ki, Şairə zəng edərək göndərməsini xahiş edirəm. Belə yazılar birdirmi, ikidirmi, üçdürmü...
Qırx ildən artıqdır ki, toylarımızda hamımızın istəkli musiqisinə çevrilmiş, sevərək sifariş verdiyimiz “Gülüşünə qoşulmuşam”ın sözlərinin Ağasəfa müəllimə aid olduğunu bilirdinizmi?
Yaxşı yadımdadır, dostlardan biri bir neçə il bundan öncə “Qədim küçə...Köhnə ünvan... Tanış ev” şeirini istədi məndən... Zəng etdim, şair telefonla həmin şeiri səsləndirdi, mən də qələmə aldım və paylaşdım. 1979-cu ildə yazılmış bu şeiri az qala mənimlə həmyaşıd olan bir dostum haradan duymuşdu? Bir daha əmin oldum ki, onu nəinki həmyaşıdları, eyni zamanda gənclər də oxuyur, bəhrələnir:
Qədim küçə...Köhnə ünvan... Tanış ev,
Necə baxım, divarına,daşına.
Yan ürəyim! Pıçılda hey, danış hey,
Qoy desinlər, hava gəlib başına.
Nə bilsinlər, bu yol necə ağırmış,
Hər keçəndə ürəyimdə dağ artıb.
Deyərdilər, bu saqqalı ağarmış
Küçəmizin yollarını ağardıb.
... Eşqim mənə bu küçədə tor qurub
Ərimədi heç bəxtimin buzları.
Mən keçəndə pıçıldaşıb, göz vurub
Niyə gülmür bu küçənin qızları?...–
kimi bəndlər olan həmin şeirdə tərənnüm olunan hisslər məncə, hər birimizə tanışdır. Şair də böyük ustalıqla həmin hissləri ağ vərəq üzərində göyərdib, nəzmə çəkə bilib.
Yaxud “Qırxikilər” şeiri... Bu ki Ağasəfa müəllimin “Yolçu yolda gərək” adlı 1966-cı ildə işıq üzü görmüş ilk kitabının ilk şeiridir. Böyük Vətən müharibəsinin ağrı-acılarını özündə əks etdirən bu şeiri həyəcansız oxumaq olmur.
Yaman fikirlisən, yoldaş komissar,
Qəlbini gözündən oxumuşuq biz.
Gözlər danışanda dodaqlar susar,
Bəli, qırxikidə doğulmuşuq biz.
Bəli, o nəhs ilin yadigarıyıq,
Hərəmiz bir nəslin yadigarıyıq.
Bizim telimizə sığal dəyməyib,
Gülüş tərk etmişdi üzümüzü də.
Çoxu dil açanda “Ata!”deməyib,
Düşmən aparmışdı sözümüzü də.
Atamız torpağa yıxılan zaman
Bəlkə də beşikdə ağlamışıq biz.
Analar ah çəkib sıxılan zaman
Onları ümidə saxlamışıq biz.
Analar bir azca sevinsin deyə
Əziz atamıza oxşadıq o vaxt.
Təzə diş çıxartdıq, ancaq yeməyə
Çörək də tapmayıb yaşadıq o vaxt.
Müharibənin insanların həyatına vurduğu zərbənin ustalıqla təsvir edildiyi sənət əsəridir bu şeir:
Çoxumuz təzəcə ayaq tutmuşuq,
Atamız ayaqsız qayıdıb geri.
Atamız gələndə əl uzatmışıq,
Görmüşük atanın yoxdur əlləri.
Ağasəfa müəllimin satirası deyərdim ki, daha sərtdir. Rüşvətxorlara, kreslo ölüsü olanlara, özü əyri olub düzlükdən dəm vuranlara bir şapalaqdır. Bilirdim ki, şair satirik şeirlərindən ibarət kitab hazırlayır. Hətta kitabın adının “Qulaqburması” olması da mənə bəlli idi.
Bir neçə ay bundan öncə görüşlərimizin birində Ağasəfa müəllim mənə dedi: “Vüsal, həyatı
bilmək olmaz. Birdən çatdıra bilməsəm, bu işi sənə həvalə edirəm.” O gündən həmin sözlər qulağımda cingildəyirdi. Hər dəfəsində də Allahdan təvəqqe edirdim ki, həmin kitab dərc olunsun, hər birimiz canlı şahidi olaq. Şükürlər olsun ki, “Qulaqburması” artıq nəşriyyatdadır və çapa hazır vəziyyətdədir. Bu kitabda müxtəlif dövrlərdə yazılmış satirik şeirlərin bir hissəsi toplanıb. Ümid edirəm ki, böyük oxucu marağına səbəb olacaq. Çünki bu kitabda dillər əzbəri olan xeyli şeirlər yer alıb. Biri elə “Görməmiş oğlu görməmiş”:
...Nə niyyət etsə lax çıxıb,
“Hə” deyib, amma “yox” çıxıb,
Hüzrə də qarnı ac girib,
Yeyib ölüncə, tox çıxıb,
Ölürmüş hətta bir gecə,
Amma heyf ki, sağ çıxıb,
Kabab yeyib on altı şiş
Görməmiş oğlu görməmiş...
“Odla oynayaram” ( Bakı 1987 ) kitabında satirik şeirlərinə yazdığı ön sözdə şair öz məqsəd və məramını aydın şəkildə açıqlayır:
Mən dəni qılçıqdan təmizləyirəm
Qapımı palçıqdan təmizləyirəm.
Bu boyda dünyanı– Yer kürəsini
Nadandan, alçaqdan təmizləyirəm.
Bunlarla yanaşı, O, kiçik dostlarını da yaddan çıxarmır. Yazdığı yeni-yeni uşaq şeirləri ilə tez-tez onların görüşünə gəlir. Xüsusən “Göyərçin” jurnalında dərc olunan bu şeirlər gələcəyimiz olan körpələrə bir baba ərmağanıdır desək, yanılmarıq. Azərbaycan ədəbiyyatının ən çətin, ən həssas sahələrindən biri sayılan uşaq şeirləri yazmaq şairdən böyük məsuliyyət tələb edir. Ağasəfa müəllim bu sahədə də öz qələmini sınamaqdan çəkinməyib və kifayət qədər uğurlu nümunələr yarada bilib.
Şairin tərcüməçilik fəaliyyəti xüsusən təqdirəlayiqdir. Böyük əks-sədaya səbəb olan nümunələrdən biri kimi 2021-ci ildə işıq üzü görən məşhur macar şairi Şandor Petefinin şeirlərindən etdiyi tərcümələrin toplandığı “Məni yandıracaq içimdəki od” kitabını misal göstərmək olar. Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu”, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Nəfəs” və “Masallı Təhsil Fondu” ictimai birliklərinin dəstəyi ilə həmin kitabın təqdimat mərasimi keçirildi.Tədbirdə Macarıstanın Azərbaycandakı səfirinin müavini Tamaş Vasari də iştirak edirdi. Tədbirin təşəbbüsçüsü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, kitabın layihə rəhbəri və ön söz müəllifi Qənirə Paşayeva təqdimat mərasimində geniş çıxışında qeyd etdi ki, əlbəttə, bu gün ən böyük təşəkkürlərimiz Ağasəfa müəllimə ünvanlanıb.
Qocaman şair-tərcüməçi, pedaqoq Ağasəfa müəllim Sovet dövründə Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Təsəvvür edin: elə bir nüfuzlu təhsil ocağının məzunu Xızının bir kənd məktəbində müəllimlik etməyi tərcih edib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub, Xızıda öz xeyirxahlığı ilə ün qazanıb. Təbii ki, öz bədii yaradıcılığından qalmayan ustad ədibimiz müxtəlif kitablarla da çıxış edib. Macar ədəbiyyatının klassiki Şandor Petefinin yaradıcılığına müraciət etməsi bütün digər səbəblərlə yanaşı, Şandor Petefinin taleyinin Mikayıl Müşfiq taleyi ilə oxşarlıq təşkil etməsi ilə bağlıdır. Şandor Petefinin də fiziki ömrü qısa sürüb, onun da qəbri yoxdur... Şandor Petefi ilə Mikayıl Müşfiq, Lorka və bir sıra başqa şairlərin tale oxşarlığı, onların yaradıcılıq mətn-mündəricəsindəki oxşarlıqla, mübarizə əzm və iradələri ilə də şərtlənir.
***
Ağasəfa müəllim ədəbi cameədə kimlərlə çiyin-çiyinə çalışmayıb ki? Seyfəddin Dağlı, Nəbi Xəzri, Qabil, Fikrət Qoca, Şəkər Aslan, Ağa Laçınlı, Cabir Novruz, Məmməd Aslan, Hüseyn Arif, Əliağa Kürçaylı və s. Bu sıranı kifayət qədər uzatmaq mümkündür. Bu gün Azərbaycan ədəbiyyatında qələmə aldığı yazıları sevə-sevə oxuduğumuz yuxarıda adını sadaladığım şair və yazıçılarımız haqqında xoş xatirələri Ağasəfa müəllimin dilindən eşitmək ayrı bir zövqdür ...
Qələm dostlarının Onun haqqında bildirdiyi fikirlərə baxıram...
Xalq şairi Cabir Novruz “Fikir dünyası” kitabına yazdığı “Şairlik də fəhləlikdir” başlıqlı ön sözdə yazır: “ Ağasəfanın xoşuma gələn keyfiyyətlərindən biri onun zəhmətsevərliyi və təvazökarlığıdır. O, necə deyərlər, başını aşağı salıb öz işi-gücü ilə məşğuldur. Yenə öz fəhləliyindədir, zəhmətkeşliyindədir. Bunun müqabilində fəhləsi olduğu poeziyadan ad-san gözləmir.”
Bu yazının qələmə alınmasından qırx bir il ötür...
Baxıram, dəyişən heçnə yoxdur, Həmin xislət, həmin amal, həmin zəhmətsevərlik... Cabir müəllimin qeydlərini oxuyanda, dəyərli şairimiz İbrahim İlyaslının “Ədəbiyyat” qəzetində dərc olunmuş qurultayqabağı məruzəsini xatırladım: “...Bu mənada, uzun müddət paytaxt Bakıda yaşayıb-yaratmış, lakin xeyli müddətdir ki, öz istəyi ilə doğma yurdu Xızının Qarabulaq kəndində binələnib, öz hücrəsinə çəkilmiş ustad şairimiz Ağasəfanın adını ayrıca qeyd etmək istərdim. O, ucqar bir dağ kəndində, çətin şəraitdə yaşamaqla yenə də ədəbi mühitdə həm keyfiyyət, həm də kəmiyyət baxımından yüksək səviyyədə öz ədəbi varlığını sürdürməkdədir. Görüşlərimizin birində mükafatlandırılması ilə bağlı təklifimizi şair Ağasəfa bir bəndlik şeir ilə cavablandırdı:
Mükafat tilsimdir şair qəsdinə,
O da mənlik deyil, cəhdin əbəsdir.
Bir ovuc dən səpdim qarın üstünə,
Mənə sərçələrin duası bəsdir.”
Bu yerdə bir haşiyəyə çıxmaq istəyirəm. Şahidi olduğum hadisədir. “Məni yandıracaq içimdəki od” kitabının təqdimatı zamanı Macarıstanın Azərbaycandakı səfirinin müavini Tamaş Vasari Ağasəfa müəllimə Macarıstana səfərinin təşkil edilməsini təklif edəndə, o, bundan imtina etdi. Əgər razılıq versəydi, Onu Macarıstanda necə qəbul edərdilər? Təsəvvür edin, hansısa macar şairi Mikayıl Müşfiqi macar dilinə tərcümə edib. Onu Azərbaycanda necə qarşılayarlar, Ağasəfa müəllimi də elə, bəlkə ondan da artıq... Bir daha onun təvazösünün, ürəklə gördüyü hər hansısa bir işə görə hansısa bir xeyir güdmədiyinin şahidi oldum.
Şairə ilk xeyir dua verənlərdən biri xalq şairi Nəbi Xəzri olub. Nəbi müəllim “Ədəbiyyat və incəsənət” qəzetinin 30 noyabr 1984-cü il sayında yazırdı: “Gördüm ki, Ağasəfa öz nəslinin nəğməsini ürəklə oxuyur... Ağasəfa, sənə iyirmi il əvvəlki kimi yenə də uğurlar diləyirəm! İstəyirəm ki, bu çətin səfərində öz yolundan dönmədən, yorulmadan irəliləyəsən. O vaxt da inanmışdım, bu gün də inanıram sənə, sənətinə torpağa və vətənə bağlılığına.”
Sonradan Ağasəfa müəllim həmin anları belə xatırlayacaqdı:
Cavan idim, kövrək idim,
arxasız idim ,
Ovuclarım piltə – piltə,
qabar – qabardı.
Harda isə şeir oxudum ,
bir xoş söz dedim ,
Nəbi Xəzri bəyənmişdi ...
Köksüm qabardı...
Uzun müddət o dövr üçün kifayət qədər nüfuzlu mətbuat orqanı sayılan “Kirpi” jurnalında Seyfəddin Dağlı ilə birgə çalışmasını, aralarındakı münasibəti “Mərdlik dərsi” şeiri necə gözəl əks etdirir:
...Zəng vurmadı, tapşırmadı
məni kimsəyə ,
“Bu həyatdır, həyatını
özün qur!” dedi.
O zaman ki, ayaq tutdum ,
çıxdım ərsəyə ,
Barmağını silkələdi
bir yol üstümə:
“Ey! Mənə bax ! Namərdlərdən
uzaq dur ! ”dedi.
Qoy öyünsün dürlü – dürlü
məktəb açanlar ,
Məktəbdə nə öyrəndimsə
həyat tərsidir.
Nə bu dünya o dünyadır ,
nə o insan var...
Mənə qalan mərdlik dərsi ,
həyat dərsidir...
Şair, Əməkdar müəllim, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Ofelya xanım Babayeva “Ürəyim saplaqdan asılı qalıb” kitabına yazdığı ön sözdə Ağasəfa müəllimi oxucusuna belə təqdim edir: “İndi bütün postsovet məkanında məşhur olan ədəbiyyatda, sənətdə 60-cılar adlanan bir nəslin nümayəndəsidir Ağasəfa.
60-cı illərdə ədəbiyyata gələn həmin yazarlar o illlərdə cəsarətlə Sovet dövrünün donuq qəliblərindən çıxıb öz şedevrlərini yarada bildilər. O illərdə özlərindən əvvəlki nəslin ədəbi ənənələrindən uzaqlaşıb cəsarətlə, belə demək mümkünsə, öz ədəbiyyatlarını yaratdılar və bu gün ( bəlkə də mənə belə gəlir...) sanki sənətdə “vəzifələrini” bitirmiş kimidilər. Əlbəttə, burada istisnalar var. Belə istisnalardan biri də Ağasəfadır.”
Ofelya xanımın dediyi kimi, o, bu gün də böyük şövqlə yazır, yaradır... Mütaliəsi də öz yerində... “Ədəbiyyat” qəzeti və “Azərbaycan” jurnalının bir nömrəsini belə nəzərdən qaçırmır.
Ağasəfa müəllim haqqında yazılanlara, onun yaradıcılığına daha dərindən baş vurmaq təbii ki, bu cür kiçik yazılarda imkansızdır.
O, yüzlərlə kitabın redaktoru, iyirmidən artıq şeir kitabının müəllifidir.
Bu günlərdə səksən yaşını qeyd edəcək qocaman sənətkarı bu münasibətlə təbrik edir, yeni- yeni yaradıcılıq uğurları, sağlam ömür, özünün bir şeirində səsləndirdiyi duanın çin olmasını arzulayıram:
...Sənin övladındır bu qədər bəşər,
Sənsən yaradanı küllü aləmin.
Mənim də yazımı özün yazmısan,
Əlimi, qəlbimi boş qoyma...
AMİN !
Amin! Əliniz və qəlbiniz heç zaman boş qalmasın.
Sizi bir daha təbrik edir, şəxsinizə ünvanladığım “Dağlar Ağasəfası” şeiri ilə köksümə sıxıram:
“Başındadır dağ havası”,
Sözü dumduru bulaq...
Dağ ətirli şeirləri
Zülmətə böyük çıraq...
Səngər dağından ucalır
Böyük Şairin səsi.
Sözdən bir bina tikib,
Halaldır bünövrəsi.
Şeirləri, nəğmələri,
Böyük Müşfiqdən soraq.
Allah, kərəminə şükür,
Hələ sönməyib ocaq.
Ürəkləri qızındırır,
Sözünün hərarəti...
Bir Günəşdir şölə tapır,
Qələmindən söz sənəti.
Qarabulaqdır məskəni,
Xızının astanası...
Dağlar ona həyan durub,
Dağlar Ağasəfası.
Bəli, siz əzəmətli Xızı dağlarının, dumduru bulaqların, bizlərin, ən əsası Azərbaycanımızın Ağasəfasısınız. İnanıram ki, gün gələcək Ağasəfa müəllimin yaradıcılığı cild-cild kitabların, dissertasiyaların mövzusu olacaq, Ağasəfaşünaslar yetişəcək. Əminəm...
Ağasəfaşünas demişkən, bunun məsuliyyətini dərk edir və ilk olaraq bu işi öz üzərimə götürmək istəyirəm. Görəsən Ağasəfa müəllim etiraz etməz ki?
Vüsal HİCRANOĞLU
25-27 avqust, 2022.
Giləzi.