Peşə məktəbində oxuyanlara təqaüd veriləcək
Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.
MANERA.AZ xəbər verir ki, yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.
Qanunun 10.11-ci bəndinin əvvəlki variantı belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".
Son dəyişikliklərə əsasən, peşə təhsili müəssisələrində təhsil alanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüd veriləcək.
Belə ki, peşə təhsili pilləsində akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat, akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat və akademik göstəriciləri "3" – "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat aylıq təqaüd ödəniləcək.