manera.az
manera.az

“Günəş üzlü qadın”ın "Qarası" - Əli bəy Azəri yazır

📅 07.04.2022 20:07

 “Günəş üzlü qadın”ın "Qarası" - Əli bəy Azəri yazır
(Narıngül Nadirin “Günəş üzlü qadın” kitabı haqqında düşüncələrim)

Narıngül Nadir imzası müasir Azərbaycan nəsrində bir sıra maraqlı və kifayət qədər uğurlu hekayələr müəllifi kimi tanınır. Eyniadlı kitaba daxil edilmiş “Günəş üzlü qadın” povesti, sosial şəbəkələrdə yayımlanan “Professor”, “Qar çiçəyi”, “Uğur böcəyi” (Yeri gəlmişkən, qeyd edək ki, elə bu ərəfədə yazıçı Rəşid Bərgüşadlının da “Uğur böcəyi” adlı hekayəsi ədəbi dərgilərdə çap olunmuşdu), “Qara”, “Qırmızı” və başqa hekayələri ədəbi hadisəyə çevrilməsə də rəğbət və coşqu ilə qarşılanmışdır. Əsərlərindən görünür ki, o, güclü müşahidə qabiliyyətinə malikdir, tükü tükdən seçməyi bacarır.

“Hər şey qapıya çatmağına cəmi bir neçə pillə qalmış film kimi baş verdi. Yarıaçıq qapıdan çıxan kişinin gülüşü, onu qapıdan ötürən qadının pıçıltı ilə “yaxşı yol” söyləməsi, qapının örtülməsi; bircə anda gözünün qarşısında səhnələşdirildi. Heç nəfəs çəkməyə də macal olmadı. Ehtiyatla, ayağının ucunda pillələri aşağı enən kişi gəlib düz yanından ötdü.

Az qala çiyniylə ona toxunub keçdi...
təbəssümü hələ üzündəydi, məmnun-məmnun gülümsünürdü...” Bu sətirlər Narıngül Nadirin kitabına seçdiyi eyniadlı “Günəş üzlü qadın” povestindən götürülüb. Bəlkə də, ədəbiyyat aləmində buna bənzər, yaxud oxşar səhnələrə dəfələrlə rast gəlmək mümkündür. Bunu “film kimi baş verdi” ifadəsi ilə heç müəllif özü də inkar etmir.

Heç kimə sirr deyil ki, oxşar hadisələri yüzlərlə müəllif bir-birindən xəbərsiz də qələmə ala bilər və alıblar da. Lakin orijinallıq ondadır ki, hansı müəllif onu sevimli oxucusunun gözü qarşısında necə canlandırır. Konkret olaraq burada müəllif müşahidəsinin məharətindən istifadə edərək hadisənin bədii təsvirini cizgiləməyi uğurla başa çatdırıb. Sevimli oxucu bir an olsa sətirlərdən gözünü ayıra bilmir: “Bəs sonra?” deyərək mətnin üzərində gözlərini dördnala çapır.

Şəxsən şahidi olduğu, yaxud kimdənsə eşitdiyi əhvalatların təmtəraqlı görüntülərini müəllif süzgəcindən keçirərək cəmiyyədə faydalı olacağı tərəfləri göstərməyi bacarır. Təkcə oxucu üçün maraqlı gələ biləcəyini düşünmür, cəmiyyət üçün faydalı alına biləcəyi hadisəni qələmə alır, bu da öz növbəsində əsl yaradıcı insanın missiyası kimi anlaşılmalıdır.

Nəzərə alsaq ki, bu gün oxucunu nəzərə alan qələm sahibləri əsasən kiçik həcmli hekayələr, ya da sevgi macəralarından ibarət romanlar yazır, Narıngül Nadirin bir-birinin ardınca üç povest qələmə alması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Povestlərin məzmununu oxucuların ixtiyarına buraxmaq daha yerinə düşərdi, nəinki qısa xülasəsini şərh edib oxucuyla yazıçının arasına girib “günah” qazanardıq. Ancaq bəzi məqamları mütləq qeyd etməliyəm. Hər üç povestdə yazıçı öz dəst-xəttinə sadiqdir, zaman və məkan personajları, elə əsərin qəhrəmanlarını da qəlibə salmaq üçün küncə sıxır.

Yazıçı ruhən hər personajın çəkdiyi iztirabları yaşayır, psixoloji müşahidə əsər boyu izlənir. Bir də ən maraqlısı yazıçının personajlara ad verməsidir. “Günəş üzlüm”, “arvadı”, “uşağı”, “tələbəlik dostu”, “imkanlı”, “yaraşıqlı”, “intihardan dönmüş qadın”, “cah-cəlal içində yaşamağa öyrəşmiş qadın” və s... Bunlar günümüzün reallığıdır; nə fərqi var ki, onun adı nədir, necədir...

Narıngül Nadirin adıçəkilən kitaba daxil olunmuş əsərlərinin əksəriyyətində yazıçı baş qəhrəmanın obrazına girir, onun bütün iztirablarını yaşayır, sevinc və kədərinə şərik olur. Hətta mənfi görünə biləcəyi personajları həyatın amansızlıqları ilə mübarizədə tək buraxmır. Onun düşdüyü vəziyyətdə özünün nə qədər günahkar olub-olmadığını aşkar etməkdə oxucuya ipucu verir.

Ötüb keçməkdə olduğumuz zamanın yaddaşından götürülüb gələcəyə körpü salınan hekayətin isə “Qara” hekayəsində təsvir olunması yazıçının uğuru kimi sayılmalıdır. Texniki tərəqqinin inkişafı nəticəsində yeni avtobusların köhnələri sıxışdırıb aradan çıxartdığından müasir komfortlu avtobusların gediş haqqını nəğd yox, kartla ödəyən sərnişinləri arxivin yaddaşına hopmaqda olan “malış-qara”ları xəyal olaraq xatırlayacaqlar.
Əsərin qəhrəmanı Qaradır. Hamı kimi dünyaya gələn uşağı rənginə görə qara adlandırırlar, elə adı da “Qara” qalır. “Dünyaya gələndən elə rəngi qaraydı, anası onu qara doğmuşdu. Gəlişiylə dünyadakı ağlı-qaralı uşaqların sayını bir nəfər də çoxaltmışdı...” Gözəl, ibarəli, bəzəksiz-düzəksiz təsvir edir bu anı Narıngül Nadir.

Qara tez böyüməyə məcbur oldu, keçid dövrüydü, hama qovala-qaçdaydı. Kiminsə uşaq böyütməyə, əzizləməyə, qayğısına qalmağa vaxtı yoxuydu, ən azından Qaranın doğulduğu yüzlərlə ailə bu imkandan xaric idi. Odur ki, Qara tez böyüməyə, kövrək çiyinlərini gücü çatacaq yükün altına verməyə məcburdu. Bu, o vaxtlar idi ki, uşaq əməyinə daha çox ehtiyac yaranmışdı, işlət, az yedirt, qəpik-quruşla yola sal evlərinə, valideyni də “min şükür” deyib razı qalsın. Beləliklə, avtobus dayanacağına ayaq açan Qara sürücülərdən birinin diqqətini çəkdi və onu özünə “köməkçi” götürdü. Qara vəzifəsinə tez uyğunlaşdı, sərnişinlərdən pul yığmaqda sürücüyə kömək etməyə başladı.

Cəmiyyətin aşağı təbəqəsi sayılan avtobus sərnişinləri ilə ünsiyyətdə ola-ola, onlardan gedişhaqqını yığa-yığa Qara mərdlik, səmimiyyət, dürüstlük kimi müsbət xüsusiyyətləri də qazanmağa başlayır. Onun bəsirət gözü açılır. Səxavətli olmaq hissi baş qaldırır, insanlara kömək etmək könlündən keçir.

Düzdür, texnikanın inkişafı nəticəsində indi belə bir “vəzifə” yoxdur, yəni, gediş haqqları kartla aparata ödənildiyindən buna ehtiyac qalmayıb. Bir vaxtlar avtobuslarda bilet satan bələdçilər kimi sürücülərin, nəqliyyat sistemində çalışanların dilində tez-tez səslənən “malış” vəzifəsi də tarixin arxivinə göndərilib.

Narıngül Nadir onu (Qaranı, yad söz olsa da o keçid dövründə dilimizə uyğunlaşdırılmış “malış”ı) cəmiyyətə əsərin müsbət qəhrəman kimi təqdim etmir və bunu yazıçı qarşısına məqsəd kimi də qoymayıb. Sadəcə, zamanın bir dövrünü təsvir etməklə oxucuya nəyi nədən və necə ayırd etməyin cizgilərini göstərir.

Nəhayət, Qara cəmiyyətin gözü qarşısında böyüyə-böyüyə, zamanın yükünü və köçünü çəkə-çəkə püxtələşir, formalaşır və əsl iş, peşə sahibi olur, söz sahibinə çevrilir. Ərinin bir uşaqla küçəyə atdığı qadına bağlanır və əsl kişi kimi onlara sahib çıxmağa çalışır. Elə bu zaman əyyaş əri ilə dabanqırma hüquq mühafizəçiləri onların başının üstünü kəsdirir və bu izdivaca mane olur. O hüquq mühafizəçiləri ki, ər tərəfindən küçələrə atılanda, işsiz və alimentsiz qalanda, çörək pulu qazanmaqdan ötrü dörd bir tərəfə üz tutanda avtobusa ödəməyə qəpik-quruşu olmayan ailənin hüquqlarını müdafiə etməmək üçün siçan deşiyində qaçıb gizlənmişdilər. Bir sözlə, Narıngül Nadir tərəf saxlamadan bir hekayə ilə ölkənin qədəm qoyduğu keçid dövründə aşağı təbəqə insanların yaşayış tərzi və buna yuxarıların münasibətini bir yazıçı məharəti ilə ştrixləməyə bacarmışdır.

Bəzən qələm adamlarını cinsinə görə iki yerə bölürlər: kişi və qadın yazarlar deyə qınamaq da asan gəlir. Kişi yazarlar qadın, qadın yazarlar kişi incəliklərini olduğu kimi cizgiləyə bilmədikləri halda tənqidə, qınağa asan tuş gəlirlər. Bunun Narıngül Nadirin “Günəş üzlü qadın” kitabına daxil olunmuş nəsr əsərlərinə nə kimi dəxli var? Əlbəttə ki, dəxli var! Əsərlər real həyatdan götürüldüyündən personajlar da yanımızdan ötüb keçən insanlardır; kişilərdir, qadınlardır. Həmin əsərləri oxuyanda bəzən adamda qəribə iradlar da meydana gəlir; gərək buraları yazmayaydı, yazmışdısa da, bir az üstüörtülü yazaydı, milli mentalitet var axı...
Narıngül Nadir cəsarətli yazıçıdı. Onun “Günəş üzlü qadın” kitabını oxuyandan sonra gəldiyim qənaət budur. Hər qadın yazıçı belə yaza bilməzdi...

Əli bəy Azəri
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Baxış sayı - 751 | Yüklənmə tarixi: 07.04.2022 20:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031