Gəlişinə sevinən Şuşan, Kəlbəcərin var! - Şeirlər
MANERA.AZ gənc şair Elvin Əlizadənin şeirlərini təqdim edir:
Dünən Zəngilana getmişdim, ata
Dünən Zəngilana getmişdim, ata,
Tikdiyin evlərdən əsər yox idi.
Vəhşilik adında əsər var idi...
Otların üstündə əsgər izləri,
Daşların dibində zəfər var idi.
İlahi, o kənddə nələr var idi...
Dünən Zəngilana getmişdim, ata!
Nə köhnə yerində şaftalı bağı,
Nə də üzümlükdə üzüm var idi.
Mən ordan çıxanda dil açmamışdım,
Qayıdıb deməyə sözüm var idi,
Yerdə iməkləmək izim var idi...
Dünən Zəngilana getmişdim, ata!
Neçə güllələnmiş başdaşı gördüm.
Evlərin yerində çay daşı gördüm.
Çay nəyə deyirsiz? Enli dərəydi,
İçində sevincdən göz yaşı gördüm.
Keçdim Babaylıdan, Məmmədbəylidən
Yollar Ağalıya burulur, ata.
Gözü yolda qalan Həkəri ki var,
Bulanıq suları durulur, ata.
Deyəcəm, bəlkə də, inanmayassan,
Oralar yenidən qurulur, ata!
Dünən kəndimizə getmişdim, ata!
Tikdiyin evlərdən əsər yox idi.
İlahi, o kənddə nələr yox idi...
Sumqayıt
Hamının hər səfərdən geri döndüyü yer var,
Bizi də varlığıyla tamamlayan şəhər var,
Günəşini Xəzərdən salamlayan şəhər var.
Dərdini başqa yerdə ovuda bilmir adam,
Burda öz sevdiyini unuda bilmir adam.
Küçələri upuzun, ayrılıqları qısa,
Qarşılaşır hardasa...
Gözəlləşir günbəgün, çiçəklənir ilbəil,
Bu gün dünənki deyil, sabah bugünkü deyil.
Kiçik məhəllələrdən böyük şəhərə dönüb.
Fəhlələrin şəhəri “Möcüzələr”ə dönüb.
Dəqiq xatırlamıram mən o həmin illəri,
Uşaqlığımdan bəri
Bir ağ göyərçin qonub dənizin sahilinə.
Hamı tamaşa edir bu ağ donlu gəlinə,
Onu hər an qoruyan, arxasında dayanan
Xəzər adlı qardaşın başının tacıdır o.
Bir ovuc dənin deyil, sülhün, saf məhəbbətin,
Dostluğun acıdır o.
Onu ucaldanların ağarmış saçıdır o.
Bu möhtəşəm şəhərin sülh olsa da nişanı,
Böyüdü yavaş-yavaş Şəhidlər Xiyabanı.
Böyüdü böyüməmiş, gör necə də böyüdü.
Özü də Göyərçinlə bir həyətdə böyüdü,
bir küçədə böyüdü.
Burda çox şəhidlərə canlı tarix yazıldı,
Şanlı şəhərimizə şanlı tarix yazıldı.
Üstündən əskilmədi böyüklərin nəzəri,
Doğrultdu öz adını:
“İstedadlı gənc qızlar, gənc oğlanlar şəhəri” –
Qəhrəmanlar şəhəri.
Ovaxtkı fəhlələrin yenə qoruyur səni,
Həmin əllərdəsən sən.
Səni quran kişilər nigaran olmasınlar,
Əmin əllərdəsən sən !!!
Paşam
Çiynindəki ulduzda yüz şəhidin payı var.
Sən bu yurdun oğlusan, hər oxun öz yayı var!
Bilməyən də bildi ki, sən bir ər oğlu ərsən.
Hamının sənin kimi
Ölüm arzuladığı yaşayan bəxtəvərsən!
Bilməyən də bildi ki,
Kişilərin yatdığı torpaqdan kişi çıxır.
Buğda toxumu kimi birindən beşi çıxır.
Bu millət qısır deyil, törəyəcək, artacaq!
Bizi gələcəklərə keçmişimiz dartacaq.
"Şəhidlər ölməzdirlər!" bu sözü Quran deyir.
Uca Yaradan deyir.
Səni qəhrəman doğan qəhrəman anan deyir:
"Dur, ay oğul, dur gedək, komandir də yatarmı?"
Anam, sənin sözündən müqəddəs nəsə varmı?
Amma bu, yatmaq deyil, komandirim oyaqdır.
Oğlun bu məmləkəti
Ayaq üstə saxlayan
Torpağa basdırılmış
ən möhtəşəm dayaqdır!
Azərbaycan bayrağı
Dostların qürur yeri, düşmənlərin göz dağı,
Dalğalan göy üzündə, Azərbaycan bayrağı!
Sənə təzim etməkçün düzənliklər dağ olub.
Şəhid qanına batan bu parça bayraq olub!
Sən ən gözəl şeirsən, ən alovlu misrasan ,
Parça dediyim nədir? Canımızdan parçasan!
Dağımızdan ucasan, daşımızdan ucasan!
Əyilməyən, dik qalan başımızdan ucasan!
Başım üstə yerin var, gözüm üstə yerin var!
Namusunu qoruyan neçə igid, ərin var!
Səni Xudafərində görənlər fikirləşir, –
Bir Bayrağın altında əbədiyyət birləşir!
Neçə adət-ənənə, mədəniyyət birləşir!
Güneydən quzeyəcən istiqamət birləşir!
Dalğalandığın hər yer Azərbaycan sayılır.
Göy rəngin Göytürklərdən bizə nişan sayılır!
Səndə Demokratiya, Cümhuriyyət birləşir.
Sənin yaşıl rəngindən Azan səsi yayılır.
Ay-ulduzlu gecədən doğan bir səhərin var!
Gəlişinə sevinən Şuşan, Kəlbəcərin var!
Sən bu Müqəddəs Günə əmanət qoruyurdun,
Bilirdik Qarabağda Mübarək Zəfərin var!