Əgər ürəyimdə sevgin olmasa - Yeni şeirlər

Fərqanə Yusifqızı
Sevgin olmasa
Səmadan buludlar çəkilər təmiz,
Son damlasınadək quruyar dəniz.
Nə xatirəm qalar, nə sədam, nə iz,
Əgər ürəyimdə sevgin olmasa.
Quşlar nəğməsini daha söyləməz,
Gecələr ulduzlar parlayıb,sönməz,
Dilimdə söz bitər, sinəm döyünməz,
Əgər ürəyimdə sevgin olmasa.
Çəmənlər saralar,çiçəklər açmaz,
Ceyranlar ovçunun oxundan qaçmaz,
Ruhum pərvazlanıb göylərdə uçmaz,
Əgər ürəyimdə sevgin olmasa.
Bitər yer üzündən sevgi, məhəbbət,
Gələr ayağıma məhşər, qiyamət,
Deyərəm ay dostlar, qalın səlamət,
Əgər ürəyimdə sevgin olmasa.
Yoxsan
İçimdə külək əsir,
Amma ki,sərini yox.
Hər tərəf toz içində,
Gözüm səni arar hey.
Getdiyin boz yolların,
Cığırında itmişəm.
Hər gələn qaraltıya,
Əllərim uzanar hey..
Sel yuyubdu yolları,
Hər tərəfi dağıdıb.
Axıb gələn çay daşı,
Dizimi yaralar hey.
Yoxsan tətilə çıxıb,
Xoşbəxt günlərim mənim.
Gizlətsəm də xeyri yox,
Yanağım saralar hey..
Yatsam da ruhum oyaq,
Sənsən təkcə ağlımda.
Yuxuma girir hərdən,
Getdiyin oralar hey.
Səsin ilişib qalıb,
Gedərkən qulağımda,
Ətrin isə özgənin,
Yatağına dolar hey.
İndi sənə yaxınam
İndi sənə yaxınam,
Arada bir şəhər var.
Amma qovuşmaq üçün
Nə axşam, nə səhər var.
Şəhərlər arasında
Körpüdü göz yaşlarım.
Gözünə görünər hey
Hər yerdə baxışlarım.
Görməz tüstünü kimsə,
Bitər harayın, hayın.
Susuz yanar ürəyin,
Soyuyar isti çayın.
Hiss edərsən gəlmişəm,
Uzatsan, əlin çatar.
Bu sevgini uzağa
Çoxdan aparıb qatar.
Lap tutaq ki, görüşdük,
Borc alarsan vicdanı.
Bu sevginin məzarda
Axı quruyub qanı.
Bu şəhərdə sən adlı
Nə sevgi var, nə nifrət.
Unut baxışlarımı,
Daha eyləmə minnət.
İndi sənə yaxınam,
Arada bir şəhər var.
Amma qovuşmaq üçün
Nə axşam, nə səhər var.
***
Yorub məni yaxınlar
Uzaqlarda bir yer axtarır gözlərim...
Hər şey çürümüş kötük kimi
Torpağa qarışır yavaş yavaş...
Dinləyən olmayanda,
Anlayan olmayanda
Kəfənsiz ölür sözlərim..
Pəncərələrdən o yana
viruslar gəzir qol-qola..
İçində bir qaşıq ümidi qalmışlar
dolaşır çarəsiz, nə ola-ola.
Bu ilə bir qəhqəhəlik gülüş qalıb,
bir yaylıqlıq da göz yaşı..
Çalışaq, vuruşaq,
Dərələrdə dincəlib,
Çıxaq yoxuş yuxarı.
Görək ki, elə oradaymış ,
sahibini gözləyən başdaşı...
Bu gecə..
Bu gecə gözləri açıq yatacam,
Görüm ki, yuxuma necə gəlirsən.
Təkliyi birgünlük silib atacam,
Sən bunu bacaran yeganə sirrsən.
Bu gecə gözləri açıq yatacam,
Gözlərin zülmətdə işıq sacacaq.
Bu gecə yuxumu sənə satacam,
Bu gecə biz oyaq, hər kəs yatacaq.
Bu gecə gözləri açıq yatacam,
Bəlkə mələklər də qonaq gələcək.
Gözünün sehrində itib batacam,
Ulduzlar sevinib yallı gedəcək.
Bu gecə gözləri açıq yatacam,
ƏIlərim uzalı qalacaq göyə.
Günəşə yalvarıb dilə tutacam,
Qoy sənli gecəmiz uzansın deyə...
MANERA.AZ