manera.az
manera.az

Lili möhtəşəm qadın idi - Hekayə

Lili möhtəşəm qadın idi - Hekayə
Günel Hacıyeva

Ürəyi əlindəki çamadandan ağır idi. Daşımaq məcburiyyətində olduğu yük gözünə görünmür, ürəyinə isə gücü çatmırdı. Ondan qabaqda irəliləyən həyat yoldaşını gözləri ilə izləyir, yanınca addımlayan qızını geridə qoymamağa çalışırdı. Bəzən ayaq saxlayır, qızının əindən düşən narıncı rəngli dovşanı yerdən götürür və yenə yoluna davam edirdi. Bunu dəfələrlə etsə də, heç yorulmadan, vəzifəsi kimi icra edirdi. Beyni dumanlı, qəlbi yüklü olsa da, hec kimi diqqətdən kənarda qoymurdu. Tək diqqətsiz və kənarada qalan ruhu idi, çünki onu buralarda tərk edib gedirdi. Ona əmənət olan ailəsi ilə uzun yolçuluğa çıxırdı. Qürbət buz kimi soyuq qucağını açıb hələ də onu gözləyirdi.

Son dəfə geri dönüb ona əl edən əzizlərinə – valideynləri, bacısı, bacısının hələ də ona görə ağlayan kiçik oğluna və dostuna baxdı. Gözlərinə baxmağa cəsərət etmədiyindən onları sıra iə düzülmüş qaraltı kimi gördü. Beyninə sanki onu güclü və hissiyyatsız etmək üçün əmr göndərilmişdi. Heç bir reaksiya vermədən ifadəsiz sima ilə başını çevirib yoluna davam etdi. Bədənində güclü ağrılar hiss edirdi, ayağı önə qəlbi geri çəkirdi onu, sanki ətini sümükdən ayırırdılar.

Beyninə elə qatı bir qaranlıq çökmüşdü ki, nə istədiyini anlamaqda aciz idi. Hadisələri analiz etməkdə çətinlik çəkirdi. Sonuncu dəfə buraları tərk edib gedəndə düşünürdü ki, bir daha bu yerlərə qayıtmayacaq , amma illər sonra ilk dəfə doğulduğu bu torpağa, qoyub getdiklərinə qayıdandan sonra bütün hisləri qarışmışdı. Bildiyi tək şey o idi ki, sevdiklərini, doğmalarını, dəyərlərini, suyunu, torpağını, havasını, onun üçün dəyərli olan qadını, mavi gözlü pişiyini, kəndinin aylı, cırcırama nəğməli gecələrini, balaca təpənin dalından boylanan, dünyanın heç yerində olmadığı qədər gözəl olan günəş doğumunu- onu o edən, onu tam edən hər şeyi buralarda tərk edib gedirdi.

Lili ilə onun tanışlığı ucqar bir italyan kəndində başlamışdı.Təhsilini Varşavada bitirdikdən sonra işləmək qərarına gəlmişdi. Amma bir səhər dostunun ona verdiyi təklifi dəyərləndirmək fikrinə düşdü. Dostu onu işə başlamazdan qabaq yaxşı bir istirahətə, dəyişikliyə ehtiyacı olduğuna inandırmışdı. Bu həvəs onları San-Giovanni kəndinə kimi gətirib çıxardı. Görən kimi bu yerlərə heyran olmuşdu, ona öz doğma kəndini xatırladan bu kənd də dağların qoynunda idi. Hətta dostu ilə zarafatlaşmışdı ki, burada insanın aşiq olmağı gəlir.

Gecəni keçirmək üçün kənddə ev tapmaq lazım idi.
Lili nənəsinin xudmani, italyansayağı evinin bağçasında dizlərini yerə qoyub balaca bir çəpişə butulkadan süd içirdirdi. Üzərində yasəmən gülləri olan ağ libası o qədər qısa idi ki, dizlərini yerə qoymağına baxmayaraq, torpağa toxunmurdu. Qara, uzun saçları kürəyinə dağılmışdı. Bəlkə də, belə səhnələr filmlərdə bir neçə cəhddən sonra alınardı. Siması görünməsə də, o bu halı ilə belə əsrarəngiz idi. Bu gözəllik qarşısında heyrətlə qıza baxan dostunu qabaqlamaq üçün dedi:

– Ciao Bella ragazza.
Lili vəziyyətini dəyişmədən ona tərəf baxdı.

Gülümsəyərək südün bitməsini gözlədi. O sanki bir mələk idi. Gözləri sürmə çəkilmiş kimi qapqara, üzünün hər cizgisi çox zərif idi. Ona heyran olmamaq mümkünsüz idi. Süd bitdikdən sonra ayağa qalxıb, çəpişin başına tumar çəkib oğlanlara sarı gəldi və onları ingiliscə salamladı. Elə ilk kəlmədən yəqin ki qız onların italyancasının çox zəif olduğunu anlamışdı. O ucqar italyan kəndinə göydən enmiş, yasəmən qoxuyan, insan cildində olan bir mələk idi .

Lilinin nənəsi onlara qonşuluqda qala biləcəkləri bir ev tapdı. Ənənəvi italyan mühafizəkarlığına sahib olan nənəsinin ciddi nəzarətinə baxmayaraq, Lili onu yuxuya verib dəfələrlə göl kənarına enərək oğlanlarla söhbətləşməyə vaxt tapa bilmişdi. Bir həftədən sonra poçtalyon üzərində “Liliana Moretti”-yə çatacağı qeyd olunan bir məktub gətirdi. O, təhsili ilə bağlı Romaya çağırılırdı, verdiyi imtahanın nətcəsi uğurlu olmuşdu və o bu günü o qədər arzulamışdı k, hər şeyi qoyub getmək məcburiyyətində idi. Buna görə nənəsinin yanından nəzərdə tutduğundan daha tez geri dönməyə məcbur oldu.

Lili qatara minib, əşyalarını yerləşdirib yerini tutdu, fikirli-fikirli pəncərədən boylandı. O yox idi, amma nədənsə Lili onu gözləyirdi. Qəfil kimsə onun yanında əyləşdi, qız narazı halda kənara çəkildi. Tək qalmağa, düşünməyə ehtiyacı var idi. Gözlərində gün eynəyi, başında panama, əlində qəzet olan bir şəxs... Hər ikisi sonralar bu mənzərəni dəfələrlə xatırlayır və hər dəfəsində də uğunub gedirdilər.

Lilidə axtardığı çox şeyi tapmışdı, o sərhədsiz, azad, çılğın gənc bir qız idi. O, Lili ilə xoşbəxt oduğunu, ehtirasın, sevginin ən pik həddində yaşadıqlarını düşünürdü. Lili onu tamamlayan möcüzə bir qadın idi.

***

...Bu onun Lili ilə tanışlıqdan sonra ilk dəfə vətənə dönüşü idi. Bu dəfə izinə düşüb ta Aropaya qədər getdiyi azadlığı ruhunda hiss edə bilmirdi. Ruhu məhkum idi – ona aid olanlara. Təyyarə enişə hazırlaşarkən yuxudan qəfil ayılan insan təlaşı ilə ətrafa boylandı. Yuxulamadığını düşünsə də, hər yeri keyimişdi. Qızı monitorda baxdığı cizgi filmi qəhrəmanının səsini yamsılayır, içib bitirdiyi şirənin boş qutusunu əlində sıxaraq “puf-puf” səs çıxarmasına baxırdı. Lili yan oturacaqda oturub laqeyd görünüş almağa çalışaraq gərgin halda enişi gözləyirdi. O, çox ağıllı bir qadın idi və bilirdi ki, geri dönərkən bir çox şeyləri özü ilə apara bimir. Ərini gizlincə izləyir və onu tanıya bilmirdi. Kaş heç bu səfər olmayaydı. O, illərlə düşünmüşdü ki, ərinə bağlı olduğu hər şeyi unutdurub. Amma indi bunun tam əksinin olduğu qənaətinə gəlmişdi. O, hər şeyi unutdura biləcək ağıla, gözəlliyə sahib bir qadın idi. Amma bu dəfə bacarmamışdı.

O, diqqətə Liliyə baxdı, nə düşündüyünü anlamağa çalışırdı, amma qadının siması buz parçasından seçilmirdi. Cəhdlərinin boşa çıxdığını anlayaraq qayğıkeş ər obrazı yaratmaq üçün qızının dağınıq əşyalarını toplamağa çalışdı. Ayağa qalxıb başının üzərində yerləşdirdiyi çamadanı götürməyə cəhd etdi. Amma hər yerinin keyidiyini hiss edib oturdu. Bu halı aradan qaldırmaq üçün tez-tez ayağını yerə vurmağa başladı. Qadının əsəbi baxışları altında bir neçə cəhddən sonra buna son qoyub özünü ələ almağa çalışdı.

Telefonu internetə qoşulu olmasa da, tez-tez ekrana baxır ondan bir mesaj gəlib-gəlmədiyini bilmək istəyirdi. Telefon isə dərin bir sükut içində idi. Nəhayət, hava limanında telefonun siqnalı ona internetin olduğunu xəbər verdi. Tez mesajları yoxladı, hətta kənddəki qonşusu Mirələm dayı belə ona qısa mesaj yazıb uğurlu yol arzulamışdı. Tək ondan xəbər yox idi. Bundan kefi elə pozuldu ki, yanından keçən çamadanları görmədi və xeyli baqajların arxasınca qaçmaq məcburiyyətində qalaraq özünü gülməli vəziyyətə saldı.

Əgər geri dönmək şansı olsaydı, təyyarəni gözləmədən özü uçmağa cəhd edərdi. O, çox xoşbəxt idi və xoşbəxtliyinə xələl gəlməsini heç istəmirdi. Liliyə onu sonsuza qədər sevməyə söz vermişdi. Və sözü verərkən buna qəlbdən inanmışdı. Kaş vətənə dönməyəydi. Yox, nə yaxşı ki, döndü. Bəlkə də, yox. Dönməsəydi, unutduğu şeyləri yenidən xatırlamazdı. Aid olduğu yerdən qopub getmək kimi bir çarəsizliklə üz-üzə qalmazdı. Bir də qayıtmaq niyyəti olmadığı o kənddə unutduğunu zənn edərək tərk edib getdiyi o bəstəboy, cılız qız illər sonra yenidən qarşısına çıxmış, fikirlərini alt-üst etmişdi. Hətta bir oğrun baxışı ilə. O, balaca, çəlimsiz qız indi gözəl bir qadın olmuşdu. Xoşbəxtliyinin pərdələdiyi beyni, qəlbi, sən demə, onu heç unutmamışmış. Silinmiş yaddaş lentini qızın illər sonra elə illər öncəki kimi saf, məsum qalan baxışı geri qaytardı.

O, Lili kimi gözəl və qüsursuz deyildi, onun kimi özgüvənli və azad heç deyildi. Saçları da Lilinin saçları kimi zil qara və ipək kimi yumşaq deyildi. Lili kimi gözəl qamətli, uca boylu deyildi, onun kimi pəri zərafəti də yox idi. Amma gözləri bir okean idi, dərin, ucsuz bucaqsız, insanı özü ilə alıb qeybə çəkilən bir dərinlikdə idi. İnsanı bu dünyadan qoparan bir zülmət, özünə qaytaran bir işıq var idi baxışlarında.

Heç vaxt ona sevgisini etiraf etməmişdi və bəlkə də, heç onu sevməmişdi də. Amma bildiyi bir sey var idi ki, o gözlər elə hey beyninin bir küncündə zülmətdə parlayan mayak kimi isiq saçırdı, bəzən hətta kimin olduğunu unutsa da, gözlərini yumduqda bir cüt, dərin, qara gözün ona zilləndiyini görər və tez gözlərini açar, həyəcanla mətbəxə keçib bir bardaq soyuq suyu başına çəkər və yenə yatağına uzanardı.

***

Vətənə qayıtdıqdan 5-6 gün sonra rastlaşmışdı onunla kəndin ara yollarından birində. Evdən məqsədsiz çıxmışdı. Soruşanlara avtomobilsiz, piyada kəndi gəzmək istədiyini bildirmişdi. Amma nədənsə üzü onların evinə sarı gəlirdi. Və budur, uzaqdan qızın gəldiyini gördü. Əlində balaca bir suqabı. Suqabını tutduğu əlində böyük brilyant qaşı olan üzüyü bərq vururdu, o qədər böyük idi ki, görməmək mümkünsüz idi. Bir gün əvvəl eşitmişdi onun nişanlandığını. Bəlkə də, eqosu bunu qəbul etmədiyindən yaddaşındakı bütün xatirələr geri dönmüşdü. Özü artıq bir qız övlad sahibi olmuşdusa da, nədənsə bir vaxtlar sevdyi qızın nişanlanma xəbəri, etiraf etməsə də, ona yaman toxunmuşdu.

Sübh tezdən idi, günəş təpənin dalından yenicə boylanırdı. Biri “məqsədsiz”, o biri isə “su gətirmək” üçün çıxdıqları yolda rastlaşdılar.
Heç dəyişməmişdi, siması illər öncə gördüyü kimi məsum idi, gözləri alışıb yanırdı. Al qırmızı, dizdən bir qarış aşağı olan sadə donu dodağında zümzümə... Anidən onu görəndə su qabını sinəsinə sıxıb heyrətlə donub qaldı. Bu, onu görəcəyinə heç ümid etmədiyinin təəccübü deyildi, bu, “nəhayət ki, səni gördüm”ün verdiyi sevinc idi. Həyəcandan gözlərindən yaş axmağa başladı, aralarında elə bir enerji axını oldu ki, başı ilə salam verib təbəssümlə üzünə baxdı. Lap illər öncə olduğu kimi.

Bulağa kimi səssizcə addımladılar. Aralarında elə bir dərin sükut var idi ki, ürəklərində bir-birinə pıçıldadıqlarını belə duyurdular. Geri dönəndə artıq günorta idi və hər ikisinin telefonu cavabsız aramalarla dolmuşdu. Bu illər ərzində başlarına gələn ən xırda detalları da paylaşmışdılar. Ən ciddi məsələlərdə isə susdular, nə o, Lilidən söz açdı, nə də qız nişanlısından. Hər ikisi hər şeyi bilirdilər, amma bunu eşitməyə özlərini hazır hiss etmirdilər.

Bəzən gecə saatlarına qədər mesajlaşmalar davam edirdi, bəzən səhəri birgə açırdılar. O qədər doğmalaşdılar ki, münasibətlərinin təhlükəli hala gəldiyini artıq anlayırdılar. İtaliyaya dönüşünün hansı saatda olduğunu dəqiq bilirdi, amma yazmırdı, susurdu.

***

Lili ilə evlilik ona mükəmməl italyan dili qazandırsa da, məcbur olmadıqca italyan dilində danışmazdı. Vətəndə öz şirin kənd ləhcəsindən sonra hava limanında italyanca eşitdiyi hər kəlmə onu qıcıqlandırırdı. Özünü ələ alaraq polsin nə dediyini anlamağa çalışdı. Polis onun italyan dilini bimədiyi qənaətinə gələrək əl hərəkətləri ilə arxanı göstərib nələrisə izah etməyə başladı. O, geri dönüb üzləşdiyi mənzərə qarşısında bir anlıq özünü itirdi.

Lili yuxuya getmiş qızı qucağında, ətrafına düzülmüş ağır çamadanlar, belində yol çantası məyus, gərgin, əsəbi və yorğun gözlərlə ona baxırdı. Qadına toxunsaydın, hönkürüb ağlaya bilərdi.

– Lili, Lii, bağışla məni... Mən...
O, həqiqətən, nə vaxt qadını geridə, bu vəziyyətdə qoyub getdiyini xatırlamaqda çətinlik çəkdi.
– Lili, mən fikirli idim.. Yorgun idim...
Qadın körpəsini onun qucağına verib, iti addımlarla 3-cü çıxışa doğru tələsdi.

O, eyni ilə dəqiqələr öncə Lilinin qaldığı vəziyyətdə tərk edildi və çarəsizcə qadının arxasınca boylandı. Fyemiçina hava limanının şüşəli tavanından mas mavi səma onu seyr edirdi. Üzünü səmaya tutub dərin bir ah çəkdi və qəlbinə hakim olmuş bu ağırlığın onu tərk etməsi üçün ürəkdən dua etdi.

İndi o, qucağındakı körpəsi qədər özünü çarəsiz, möhtac hiss edirdi. Başını aşağı saldı, mərmər döşəmədə öz acınacaqlı əksini görüb düşdüyü duruma görə özünü lənətlədi. Sözünə qulaq asmayan qəlbini sinəsindən qoparıb yerə tullamaq istədi. Hətta bir anlıq təsəvvür etdi ki, ürəyi insanların ayaqları altında yuvarlanıb gedir və o an özünü çox yüngül hiss etdi. Hava limanı işçisinin yaxınlaşıb çamadanları arabaya yığması onu reallığa qaytardı. Yenə son anda dadına çatam Lili idi. Gözləri qadını axtardı, o, çıxışda sifariş verdiyi taksinin yanında onları gözləyirdi.

– Lili, – deyərək o, yoldaşına sarı addımladı. Qadın isə baxışları ilə ona susmaq lazım olduğunu işarə etdi. Yol çantasından çıxardığı şalı yuxuda olan körpəsinin çiyninə atarkən o, qadının tez-tez nəfəs alıb-verdiyini, həyəcanını, üzünün hər cizgisindəki iztirabı sezdi. O, ərinə, ailəsinə və itirə biləcəklərinə görə hər hüceyrəsinə kimi narahat idi. Amma o qədər əzmkar və dözümlü qadın idi ki, yenə də gözləmə mövqeyini seçmişdi.

Lili artıq çamadanların yükləndiyi taksinin qapısını açıb əyləşdi. Romanın günəşli payız günlərindən biri idi. Taksi şəhərin onlar yaşayan səmtinə istiqamət alınca hər ikisi pəncərədən şəhəri izləyərək susurdu. Müxtəlif səmtlərə dikilmiş baxışları onları bir-birindən qoparıb çox uzaqlara aparmışdı. Beyinləri cavabı məlum olmayan suallarla dolu olsa da, hər ikisi susmağı seçmişdi.

Çünki hər ikisi duya biləcəklərindən qorxurdu.
Açarın qapıya toxunuşu ilə eyni anda gələn mesaj səsi Lilinin diqqətini çəkmədi, ya da soyuqqanlı olmağın ən yüksək dozasını qəbul etmişdi. O isə həyəcandan özünü itirib açar ilə xeyli qurcalandı. Bu mesaj ondan idi, buna əmin idi. Çünki bir anlıq ürək tərəfindəki çibinə qoyduğu telefondan onun saçlarının ətri gəldi. Yəqin, vaxtı hesablayıb və onun evə indi çata biləcəyini təxmin edib. Evə girib mesajı oxumalı idi. Bunu diqqət çəkmədən etməyə çalışdıqca daha da diiqqəti üzərinə cəmləyirdi.

Hərəkətləri onu ələ verirdi. Lili isə yorğun halda divara söykənib, yuxudan yenicə ayılıb, çantaların üzərində oturub mızıldanan qızlarına baxırdı.

– Dammi la chiave! – Qadın, nəhayət, dözməyib, əsəbi halda açarı onun əlindən alıb qapını açdı və onun çaşqın baxışları altında hirslə bütün yükü mənzilə daşıdı. O isə keyimiş vəziyyətdə olub bitənləri izləyirdi.

Artıq yarım saatdan çox idi ki, onu məşğul edən qızının başını bir şeylə aldadıb mesajı oxumaq arzusu ilə bütün bədəni gərilmişdi.

Nəhayət,bayaqdan axtardığı pultu tapdı, qızının sevimli cizgi filmi olan kanalı tapıb, onu otaqda tək qoyub hamam otağına tələsdi. Telefonu çıxarıb baxdı, həqiqətən, telefondan onun qoxusu gəlirdi. Mesaj ondan idi, “Salam , yəqin, hər şey qaydasındadır”.

Bu qısa və rəsmi mesaj sanki onun idiyə kimi almış olduğu və ala biləcəyi ən gözəl mesaj idi. Uşaq kimi sevinib gülümsədi, sevincdən gözləri doldu. Əlləri əsə-əsə cavab yazmağa başladı. Saat fərqi olduğu üçün tez yazmalı idi ki, yuxudan öncə ondan cavab ala bilsin. Barmaqlarını hərflərin üzərinə düzgün tuşlamaqda çətinlik çəkirdi. O an Lilini, bir uşaq atası olduğunu, çiynində olan bütün məsuliyyətini unudub aşiq olmuş bir gəncə çevrilmişdi.

– Necəsən? Lap darıxdım – bu sözü yazarkən ürəyinin bu an çıxıb yerə düşəcəyini düşündü. Yenə də hava limanındakı kimi bir anlıq bunu təsəvvür etdi ki, ürəyi çıxıb qarşısındakı tualet çanağına düşür və o bilmədən sifonu çəkir, ürəyini su aparır. Bu dəfə bu axmaq təsəvvürü qarşısında özünü saxlaya bilmədi və güldü.

– Yaxşıyam. Çatmısan?
– Darıxdım...
– Niyə?
– Oralar üçün – Bu yalan idi, o məhz onun üçün darıxmışdı.
– Yenə gələrsən. – O an bunu hər şeydən çox arzulayırdı.
– Sənə görə də... – Darıxıram deməkdən nədənsə ehtiyat etdi.
– Keçər. – Qız buna əmin idi . Əmin idi ki, gözəl Lili və qürbət tezliklə onu unutduracaq.

– Keçməz. – Bunu deyərkən elə əmin idi ki, hətta o an düşündü ki, bu darıxma hissi bu sürətlə artsa, ürəyi dözməyib partlaya bilər.
– Keçəcək...
– Yox, – mən bilirəm!
– Mən isə əminəm.
– Mənə çətindir. – Bunu yazarkən ona, həqiqətən, çox çətin idi və özünü hissləri qarşısında çox aciz hiss edirdi.

– Sənə 3 gün lazımdı.
– Nəyə?
– Məni unutmağa.
– Mən səni unutmaq istəmirəm, səni illər sonra tapıb yenidən itirmək istəmirəm.
– Məndə də belədi, ürəyimdən daş asılıb. Amma zamanla keçəcək.

– İnanmıram.
– İnan mənə.
– Axı darıxıram.
– Darıxma.
– Sən darıxmırsan?
– Çox darıxıram. – Ürəyinin yerindən çıxacağını hiss edirdi.
– Bəlkə, səndə keçəcək, amma məndə yox!
– Keçməlidir.

Günlərlə beləcə davam etdi. Heç nə o vəd verdiyi kimi 3 günə keçmədi. Dan yerini, qürubu bir-birlərinə izlətdilər, fərqli məkanlarda, fərqli zamanlarda eyni hissləri yaşadılar. Eyni anda fərqli ölkələrdən bir günəşə əl sallayıb bir-birinə salam göndərdilər. Tərifi olmayan hisslər paylaşdılar və darıxmağın ən yüksək həddinə çatdılar. Elə bir hədd ki, o an insan dərisini parçalayıb, içindən qaçıb darıxdığına sarılmaq istəyir. İnsan məhz ona susayır, ona acıyır, ona yuxusuz qalır. 3 gün 30 günə çatdı. Və...

Yavaş-yavaş hər şey solmağa, darıxmaq hissi öz qınına çəkiməyə başladı, susuzlayanda su içib acanda yemək yedi, yuxusuzluğa dözümsüzlük başladı. Qərib şəhərin yad havasında bütün doğma hislər boğuldu. Ona ağırlıq edən qəlbi beton şəhərin mazut qoxuyan küçələrində, özgə insanların arasında gündən-günə yüngülləşdi. Mesajların arası səngidi və yavaş-yavaş kəsildi. Yerini gündəlik həyat qayğılarından sonra evə gəlib Lilinin bişirdiyi ləzzətli italyan yeməyini yedikdən sonra bədəninə çökən ağırlıqla dərin yuxuya getmək niyyəti ilə çarpayısına uzanarkən tavandan ona baxıb gülümsəyən bir cüt qara, parlaq göz aldı. Gözlərini qapayan kimi o gözlər də yuxunun ağuşunda yox olub getdi.

***

Xeyli vaxt idi ki, qızı qucağında sükanın arxasında oturub gözləyirdi. Lili isə hələ də qapıda görünmürdü. Qızı başını qatdığı üçün səbirli idi. Bu cür gözləmələrə hər zaman dəyirdi, çünki mükafat olaraq hər zaman sonda qapıdan insanın gözlərini ayıra bilməyəcəyi gözəl Lili çıxırdı. O, hər şeyin ən zövqlüsünü geyinirdi, o qədər heyrətamiz qadın idi ki, bir toxunuşla dünyanın ən zərafətli xanımına dönürdü. Nəhayət, o an yetişdi və həyat yodaşı binanın çıxış qapısında göründü. O, heyranlıqla qızına anasını göstərərək “dünyanın ən gözəl anası da gəldi” dedi və maşından düşüb uşağı arxa oturacağa oturtmaq üçün qapını açdı. Bu an ona yaxınlaşan Liliyə ehtiras dolu baxışlarla baxaraq belindən tutub özünə çəkdi və dodağından öpdü. Günlərdi münasbətlərində yaranmış gərginliyin səbəbkarı olduğunu bilirdi və buna görə özünü günahkar hiss edirdi. Artıq sabah Lilinin 29 yaşı tamam olurdu və o, günahını bağışlatmaq üçün yoldaşını ilk dəfə tanış olduqları kəndi ona xatırladacaq bir yerə - Umbriyaya aparmağı qərara aldı. O daha çox dənizkənarı istirahət yerlərini sevsə də, bu səyahət Lilinin hədiyyəsi olduğu üçün ona hüzur tapacağı bir yer seçmişdi. O bu səfərə çox böyük önəm verirdi. Düşünürdü ki, bu səfər Liliyə olan sevgisini xilas etmək, başqa qadına qarşı oyanmış hisslərini məhv etmək üçün bir şans və ya bir cəhd olacaq. O, Lili üçün avtomobilin qapısını açaraq dedi:

– Si sieda, signora Liliana. – Hər ikisi gülümsədi.
Avtomobil Romadan şimala doğru yol alınca qürub etməyə hazırlaşan günəş ürəyini ip kimi çəkib özü ilə aparmağa başladı. Dan yeri və qürub hər zaman onu xatırladırdı. Avtomobidə ona dinlətdiyi musiqilər bir-birini əvəz etdikcə ruhunun yenidən bədənindən çıxdığını hiss edirdi. Sonu olmayan bir yola çıxmamaq üçün Lilinin əlini əlinə alıb bərk-bərk tutdu. Qorxurdu, ailəsini, hisslərini itirməkdən çox qorxurdu.

Umbriyaya 20 dəqiqəlik yol qalmışdı. Günəşin şəfəqləri yuxuda olan Lilinin zərif simasını işıqlandırırdı. Günəş simasını bu qədər aydınlatmasına rəğmən, o, qüsursuz idi. Küləyin üzündə rəqs elətdirdiyi saçları ona mələk görkəmi vermişdi. O, ilk gündəki kimi zərif idi, ötən hər il onun qadınlığına bir az da cazibə qatırdı. Ana olmaq isə ona bir başqa yaraşmışdı. O, möhtəşəm bir qadın idi, amma Lili O deyildi.

İtaliyanın möhtəşəm təbiətinin ən gözəl payızının yaşandığı Umbriyaya çatmışdılar. Qalacaqları evə hələ xeyli məsafə var idi. Uzun zamandan sonra ilk dəfə telefonun səsi açıq idi. Artıq heç bir təhlükə yox idi, çünki telefon susmuşdu. Qürub edən günəş hələ səmada nazlanırdı. Təbiət alov rənginə bürünmüşdü. Telefonuna gələn mesaj səsi onu diksindirdi, ekrana foto mesaj gəldi. Ondan idi. Lili səsə ayılıb yuxulu gözlərlə ətrafa baxdı. O isə mesajı oxumadan sildi.

Günəşin qürubunun son anı kadra salınmışdı. O bunu bacarırdı. Sevirdi gözəl anları tutmağı. Yenə gözəl bir anı tumuşdu və bunu məhz onunla paylaşmaq istədiyi üçün çəkib göndərmişdi. O isə telefonunu kənara qoyub avtomobildə yerini daha da rahatladı. Lili yatdığı üçün alçaq tonda olan musiqi səsini çoxaldıb diqqətini gedəcəkləri mənzili tapa bilmək üçün yola verdi. Mesajı silsə də, o an yaşadığı hər şey – dinədiyi musiqi, izlədiyi günəş, içində çırpınan ruhu, cismində boğulan qəlbi – hər şey kilometrlerlə ondan uzaqda qoyduğu o qadına aid idi. Amma...

Lili yuxudan ayılan qızına su verib, yenidən önə çevrildi və musiqinin onu yorduğunu söyləyib FM dalğasını dəyişdi. Qəlbi yerindən çıxacaqdı. O, Lilinin əlini əlinə alıb ürəyinin üstünə qoydu, Lili onun qəlbinin çırpındığını duyub xoşbəxt təbəssümlə ona gülümsədi. Hər şey yoluna düşdüyü üçün qəlbdən Allaha şükür etdi .

Lili ilə tanış olduqarı evi xatırladan balaca evin qarşısında avtomobili saxlayıb tez özünü bayıra saldı. Bu evdə qalacaqdılar. Dərin bir sıxıntı hakim idi ruhuna. Lili sevinclə evin həyətinə qaçdı.

– Mia Cara, grazie mille. Sono felice.
Son mesajın, bəlkə də, silinməmiş olma ehtimalının olduğu ümidi ilə telefona baxdı. Nəinki son mesaj, ondan xatirə kimi saxladığı bütün mesajlar silinibmiş. Boğulduğunu hiss edirdi. Dodaqlarının arasındakı siqaretin tüstüsünü sinəsinə çəkdi, bununla sanki yeni həyata başlamaq üçün “güc” toplamağa çalışırdı. Lilini sevməli idi, o buna layiq qadın idi, geridə qoyduğu hər şeyi unutmalı idi. Yenidən siqaretin tüstüsü ilə ciyərlərini doldurub gözlərini yumdu.

Hər gecə gözlərini yumarkən qaranlıqda parlayan o bir cüt qara gözü son dəfə öpüb sağollaşmaq üçün xeyli beləcə qaldı. O isə gəlmədi. Çarəsizcə gözlərini açdı, al-əlvan təbiətin qoynunda heyranlıqla ora-bura gedib ona bu gözəl gün üçün sevgi dolu sözlər yağdıran Lilini gördü. Siqaretin kötüyünü yerə atıb ağır addımlarla həyat yoldaşına sarı getdi. Nəyə haradan başlamaq lazım olduğunu bilməyən yad qonaq kimi həyətdə zeytun ağacının altına qoyulmuş skamyada əyləşib dalğın baxışlarla təbiətlə bütövləşib sevgi saçan Liliyə baxmağa başladı.

Bəlkə, də uzaqlara...


Baxış sayı - 959 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930