manera.az
manera.az

Azərbaycan teatrında yeni tamaşalar

📅 09.02.2022 17:08

Azərbaycan teatrında yeni tamaşalar
Pandemiyadan sonra teatrların tamaşaçıların ixtiyarına verilməsi bir sənət bayramını xatırlatdı.

Sənətə susamış tamaşaçı sanki bir sevinc təntənəsinə büründü. Tamaşalarla bərabər müxtəlif zəfər tədbirlərinə də start verildi. Bu gün üç tamaşa haqqında qısa da olsa söhbət açmaq istərdim ki, tamaşaçı marağına səbəb olsun.

Öncə GTT da Bəhram Osmanovun quruluşunda hazırlanan İsmayıl İmanın "Balaca yaramaz məxluq" tamaşasına yer verək. Belə ki, tamaşa müasirlərimizi əhatə edən aktual problemlərə toxunur. Məktəb həyatı, müəllim şagird arasındakı ziddiyətli durumlar, bu duruma biganəlik və biganəlikdən doğan hadisələr bir birinin ardınca əvəz olunur və tamaşaçı təkcə izləməklə qalmır, beynində, düşüncəsində dolaşan bir çox suallara cavab axtarmalı olur. Axı niyə??? Bu gün hamı bilir ki, ailədə, cəmiyyətdə biganəliyin nəticəsidir ki, intiharların sayı günbəgün artır. Və teatr sənəti bu problemlərə güzgü tutmaqla, insanlara doğru yol göstərməyə çalışır. Tamaşa lakonik, yığcam quruluşu, maraqlı aktyor oyunları ilə yadda qalır.

Xüsusən aktrisalar Yasəmən Malik və Gülər Nəbilinin oyununu qeyd etmək istərdim. Hər iki aktrisa öz professional dəst xətti ilə tamaşanın bütün ahənginə rəng qatır. Onları hər dəyişən səhnədə izləmək tamaşaçını sevindirir. Yasəmən xanım obrazının daxili mahiyyətinin açılması üçün böyük səy göstərir ki, bunun nəticəsində də obraz bitkin hal alaraq sevilir. Bu hal aktrisanın bütün obrazları üçün keçərlidir. Bütün yaradıcı heyəti, o cümlədən aktyorlardan Ilahə Əmirxanova, Elşən Hacıbabayev, Araz Pirimovu yeni tamaşa ilə təbrik edirik.
Azərbaycan teatrında yeni tamaşalar
Növbəti yeni tamaşa, Şuşa Musiqili Dram teatrının hazırladığı "Ana" tamaşasıdır. Əvvəla teatrda tamaşadan öncə yaradılan H.Cavid guşəsi və onunla bağlı tamaşaçıya məlumatlar verilməsi gözəl bir haldır. Məhz teatrın, Cavid yaradıcılığına müraciət etməsi isə müasirlərimizin bir daha klassika ilə görüşü deməkdir. Ana məhəbbəti Cavid yaradıcılığının ən yüksək zirvəsində dayanır. Onun məhəbbəti, mərhəməti o qədər ucadır ki, oğlunun qatilinə belə mərhəmət duyur. Cavidin təsvir etdiyi Ana, ağrı-acısıyla ürəkləri dağlasa da yenilmir...

Tamaşa, rejissor tərəfindən öz maraqlı həllini tapmaqla yanaşı, aktyor oyunundakı obrazların düzgün seçimi, səhnə ilə tamaşaçı arasında bir bağlılıq yaradır. Təbii ki, öncə tamaşaçı aktyorun səmimiyyətinə inanaraq hadisələri izləməyə davam edir. Ana obrazının ifaçısı Bahar Həmzəyeva bu mənada üzərinə düşən məsuliyyəti yaxşı dərk edir.

Aktrisanın ifasında Ana, nə qədər incə, məsum görünsə də bir o qədər güclüdür. Aktrisa bir çox obrazları ilə uzun illərdir ki, səhnədədir və düşünürəm ki, bu obraz onun növbəti uğuru sayıla bilər. Gənc aktrisa Sürahi Əliməmmədovanın (İsmət rolunda) da oyununu xüsusi qeyd etmək istəyirəm. Aktrisanın səhnəyə ilk gəlişindən sonuna kimi obraz, tamaşaçını öz varlığı ilə sevdirməyə nail oldu. Bütün yaradıcı heyəti təbrik edirik.
Azərbaycan teatrında yeni tamaşalar
Növbəti yeni tamaşa GTTdə hazırlanır. Yenə də klassika... Dahi Çexovun məhşur "Qağayı" əsəri istedadlı rejissor, res.əməkdar artisti Nicat Kazımovun quruluşunda. Bundan əvvəl də rejissor, "Leyli və Məcnun" kimi möhtəşəm klassik əsərə uğurlu quruluş verdi. Və bu gün məhz Qağayı kimi dünyaca məhşur bir əsəri səhnələşdirmək ideyası rejissor tərəfindən həm gözlənilən həm də cəsarətli addımdır.

Əsər, çox teatrlarda oynanılıb və oynanılmaqdadır. Klassik əsərin gücü, məhz bütün dövrlərdə aktuallığını qoruyub saxlamasıdır. Hazırda teatrda məşqlər davam edir. Teatrın ən aparıcı aktyorları tamaşaya cəlb olunmaqla yanaşı, gənclərə də yer verilib. Maraqlıdır ki, rejissor özü də tamaşada rol alıb. Tamaşada istedadlı aktyor və aktrisalar : res. əməkdar artistləri Kəmalə Müzəffər, Şövqi Hüseynov, aktyorlar Səbinə Məmmədova, Mirsənan Kazımov, Bəhram Həsənov, Aygün Fətullayeva və s. yer alıb.

Daha bir maraqlı faktı qeyd edim ki, rejissor həm də pedaqoq kimi fəaliyyətini davam etdirir. "Qağayı" tamaşası günbəgün öz premyerasına yaxınlaşır. İnanırıq ki, rejissorun növbəti yaradıcı imzası olan bu tamaşa, öz tamaşaçısını çox intizarda qoymayacaq...

Təranə Feyzullayeva


Baxış sayı - 1 221 | Yüklənmə tarixi: 09.02.2022 17:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031