manera.az
manera.az

Aqşin Babayevin yubiley gecəsi keçirilib

Aqşin Babayevin yubiley gecəsi keçirilib
Noyabrın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, professor, universitetin rektorunun mərhum müşaviri Aqşin Babayevin 85 illik yubiley gecəsi keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə mərhumun ailə üzvləri, universitet rəhbərliyi, tanınmış ictimai-siyasi xadimlər, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Xatirə gecəsi A.Babayevin həyat və yaradıcılığını əks etdirən video-slaydla başlayıb.

Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova A.Babayevin həyatı, yaradıcılığı haqqında geniş məlumat verib, onun universitetdəki fəaliyyətindən danışıb.

Daha sonra Əməkdar incəsənət xadimi, ADMİU-nun kafedra müdiri, professor Əli Əmirli A.Babayevin həyat və fəaliyyətindən bəhs edib.

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Aqşin Babayevin şeirlərindən söhbət açıb: "Bu gecənin mənimçün ən önəmli hadisələrindən biri budur ki, mənə burda Aqşin müəllimin şeir kitabı təqdim olundu. Mən onu gözəl yazıçı, dramaturq, ictimai xadim, pedaqoq kimi tanımışam. Amma bu zamana kimi şeir yazdığını bilmirdim. Birdən-birə bu kitab mənimçün gözlənilməz hədiyyə oldu. Qısa zamanda bu kitabı vərəqlədim, şeirləriylə tanış oldum və Aqşin müəllimin təkcə yaradıcı tərəfini deyil, həm də mükəmməl insanlığını kəşf elədim. Deməzdim ki, o, şeirlərini çox da üzə çıxartmayaraq, onlara böyük məsuliyyətlə yanaşıb, onları indiki Azərbaycan poeziyasının mənzərəsində solğun görüb. Qətiyyən belə deyil. Bu şeirləri oxuduqca gördüm ki, Aqşin Babayev özünün yolu, üslubu olan, orijinal fikirləriylə seçilən bir şair olub. Onun əsərlərində klassik bir Azərbaycan kişisinin obrazı var. Bu şeirlər adamın içini işıqla doldurur, insan sevgisi aşılayır. Təəssüflənirəm ki, uzun illər birgə işləməyimizə, qarşılıqlı böyük hörmətimizin olmasına, maraqlı söhbətlər etməyimizə baxmayaraq, bu məsələləri müzakirə etməmişəm. Allah onun ruhunu şad eləsin. Bu cür gözəl tədbirə görə Mədəniyyət və İncəsənət Universitetinə və Aqşin müəllimin oğlu Gündüz müəllimə təşəkkür edirəm".

AYB-nin sədr müavini Rəşad Məcid A.Babayevin son illərdə qələmə aldığı hekayələrindən danışıb, onu iti müşahidə qabiliyyətinə malik, ictimai-proseslərə adekvat reaksiyası ilə seçilən nasir, jurnalist kimi səciyyələndirib: "Onun ictimai-siyasi proseslərə dəqiq, konkret və kəskin reaksiyası cəsarətli jurnalist mövqeyindən irəli gəlirdi. Amma eyni zamanda, həlim və yumşaq xarakteri də əsərlərində özünü göstərirdi. Onun əziz xatirəsi hər zaman yaddaşımızın ən gözəl yerində qalacaq".

Daha sonra Azərbaycan Televiziya və Radiosunun sədr müavini, Əməkdar artist Rafiq Həşimov A.Babayevin radiodakı fəaliyyətindən, İrəvan Teatrının direktoru İftixar Piriyev onun dramaturgiyasından, tədqiqatçı-alim Melih Güneş Nazim Hikmət sevgisindən və araşdırmasından, "Mişov dağı" dərgisinin baş redaktoru Aqşin Ağkəmərli "Körpü" verilişindən, müğənni, prodüser, aparıcı, DJ Tofiq Həsənsoy "Biri var, biri yox" verilişindən danışaraq A.Babayev şəxsiyyəti haqqında fikirlərini bölüşüb, xatirələrini yada salıblar.

Sonda ailə adından oğlu Gündüz Babayev çıxış edərək ADMİU-nun rəhbərliyinə və tədbirin keçirilməsində zəhməti olan hər kəsə öz təşəkkürünü bildirib. Həmçinin, o, Aqşin Babayevin "Seçilmiş əsərlər" toplusunun yenicə çapdan çıxmış ilk beşcildliyini ADMİU-nun kitabxanasına hədiyyə edib.

Gecədə mərhum sənətkarın vaxtilə televiziya kanallarından birinə verdiyi müsahibədən fraqmentlər nümayiş olunub. Həmçinin, bədii hissədə Universitet tələbələri tərəfindən A.Babayevin şeirləri səsləndirilib, onun çox sevdiyi mahnılar ifa edilib.

Tədbir A.Babayevin həyat haqqındakı müdrik düşüncələrinin səslənməsilə yekunlaşıb. /525.az/

Aqşin Babayevin yubiley gecəsi keçirilib
Aqşin Babayevin yubiley gecəsi keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930