manera.az
manera.az

Rəşid Behbudovun Neftçalada raykom katibinə möhtəşəm cavabı - XATİRƏ

Rəşid Behbudovun Neftçalada raykom katibinə möhtəşəm cavabı - XATİRƏ
MANERA.az yazıçı Etibar Əbilovun Rəşid Behbudovla bağlı xatirəsini təqdim edir:

Dahi Rəşid Behbudov haqqında maraqlı xatirələrim var. Onlardan birini bölüşmək istəyirəm. Bu böyük sənətkar özünün yaratdığı Mahnı Teatrı ilə Neftçalada iki dəfə olub: Birinci dəfə 10-15 aprel 1979 cü ildə. Gəldiyi gün atamla (red. tanınmış ədəbiyyatşünas alim İmamverdi Əbilov) birgə, onun görüşünə getdik. Mehmanxanada, ikinci mərtəbədəki 16 saylı otaqda qalırdı. Atamla bir saatdan yuxarı söhbət etdi. Cənubi Amerikadakı konsertlərindən, Stalinlə, Mao Dze Dunla, Cavahirləl Nehri , Kamal Abdul Nasir, Üzeyir bəy, İran şahı Məhəmməd Rza Pəhləvi, Rac Kapur...ilə görüşlərindən maraqlı söhbətlər etdi. Mənə avtoqrafla öz şəklini bağışladı...Nə isə. Beş gün konserti anşlaqla keçdi. Bu təbii idi. Əfsanəvi Rəşid Behbudovu kim canlı dinləmək istəməzdi ki...Mən də, onun bütün konsertlərində iştirak etdim. Amma mən bütün günü bu böyük insanın yaxınlığında olmaq istəyirdim. Lakin necə? İstəyin ürəkdən olanda, işini Allah düzəldir. Onun ansamblının üzvü, sonralar Xalq artisti olan, məşhur qorman ifaçısı Kamil Vəzirovla (bu gözəl insan təəssüf ki,dünyasını tez dəyişdi) dostlaşdım. Onun hesabına ayağım mehmanxanaya açıldı. Demək olar ki, bütün günü Rəşid Behbudov gözümün qarşısında idi. Səhər açılan kimi mehmanxanaya qaçır, evə bir də gecə gəlirdim. Ömrümün ən unudulmaz günlərini yaşayırdım. Axı Rəşid yüz ildə bir yetişən nadir insanlardan idi...Bir dəfə mehmanxanaya lap səhər tezdən gəlmişdim. Hamı yatırdı. Birdən Rəşid Behbudovun otağının qapısı açıldı.O idi. Özümü itirsəm də (rəhmətlik zəhmli adam idi) salam verdim. Salamımı aldı, sonra: - Bıra bax, sənin evin eşiyin yoxdu? Səhər burda, günorta burda, axşam konsertdə, konsertdən sonra burda. Bəs sən nə vaxt yatıb dincəlirsən - dedi.Sonra da əlavə etdi: - Əcəb qəribə oğlansan.

Mən ona: - Bura əslində Sizə görə gəlirəm - deyə bilmədim (Sonralar rəhmətlik Kamil müəllim mənə dedi ki, Rəşid müəllim bunu bilirmiş.
Mən təəccüblənəndə, Kamil müəllim:

-Bəs nə bilirdin. Yoxsa Rəşid müəllim sənə imkan verərdi ki, hər gün mehmanxanada, ansamblın üzvlərinin arasında olasann- dedi.

Dediyim kimi, Rəşid Behbudov Neftçalaya ikinci dəfə 1984 cü ilin 1 iyununda gəldi. Yenə də öz Mahnı Teatrı ilə. Burada bir haşiyəyə çıxım. Birinci dəfə gələndə rayonumuza rəhbərliyi rəhmətlik İbrahim Qurbanov edirdi. İbrahim Qurbanovun özündən sonra rayonumuzda xeyli yaxşı əməlləri qalıb. Həmişə adı rəhmətlə anılır. İncəsənət adamlarına da xüsusi hörməti var idi...

Rəşid Behbudovun bütün konsertlərində əvvəldən axıra qədər iştirak etmişdi. Rəşid Behbudov Neftçalaya ikinci dəfə gələndə katib başqası idi. Və həmin katib İbrahim Qurbanovun tam əksi idi. Hətta Rəşid Behbudovun konsertinə 10 dəqiqə gecikmişdi də...

Nə isə, keçək əvvəldə yazdığım maraqlı hadisəyə. Rəşid Behbudov konserti verib, iyunun ikisidir, günortaya yaxın. Rəşid Behbudov və ansamblın üzvləri Bakıya yola düşür. Rəşid Behbudov "İkarus"avtobusunun qapısı ağzında dayanıb. Hər şeyə özü nəzarət edir. Solistlər bir-bir avtobusa minirlər. Rəşid Behbudovun özünün sarı rəngli xidməti QAZ-24 "Volqa"sı var. Onu ötürməyə on-on beş adam gəlib. Amma rayonun birinci katibi yoxdur. Ansamblın üzvləri "İkarus"a minirlər.

Rəşid Behbudov, rus dilində - hamı gəldimi? - deyə soruşur. Müsbət cavab alanda, raykomda işləyən məmurlardan biri, asta səslə:

- Rəşid Məcidoviç, flankəs (yəni birinci katib) Sizi gözləyir - dedi.

Rəşid Behbudov onun sözünə əhəmiyyət vermir və yenidən rus dilində "İkarus" da olanlara səslənir:

- Qalan olmadı ki?

- Xeyr, hamı yerindədir - salondan cavab gəlir.

Raykomdan gələn məmur, yenə də asta, az qala müti bir səslə, katibin ismarıcını yenidən Rəşid Behbudova xatırladır:

- Rəşid Məcidoviç, yoldaş filankəs Sizi gözləyir. Günortadır, hər şeyi təş...

Rəşid Behbudov nəhayət həmin məmura dönür:

- Harda gözləyir?

Məmur elə bil dirçəlir:

-Raykomda. Otağında.

Neftçalada olanlar bilir. Neftçaladan Bakıya gedən yol Salyandan keçib gedir. O vaxt Neftçaladan Salyana iki yol var idi. Biri, o vaxt 26-lar adlanan qəsəbədən keçən köhnə, narahat yol, bir də Bankə qəsəbəsinin ətəyindən keçən təzə, rahat yol. 26-lardan keçən yol demək olar ki, işlək deyildi və raykom binası da ,təzə, Bankə qəsəbəsinin ətəyindən keçən yolun üstündə idi.

Rəşid Behbudov xidməti "Volqa"sının sürücüsünə döndü:

-Biz Neftçalaya hansı yol ilə gəlmişdik?

Sürücü əli ilə köhnə, narahat 26-lar yolunu göstərdi. Və Rəşid Behbudovv yenidən Raykomda işləyən məmura tərəf çevrildi:

-Sən raykomuna deyərsən ki, Rəşid Behbudov bir yerə hansı yolla gəlirsə, geriyə də həmin yolla qayıdır.

Və bunu deyib onu ötürməyə gələn pərəstişkarlarına tərəf çevrildi, hər iki əlini yuxarı qaldırıb, gülümsər çöhrə ilə
- Di salamat qalın - deyib xidməti maşınına mindi və "Volqa" köhnə yola tərəf istiqamət götürdü.

Mən ömrümdə ilk dəfə idi ki, Rəşid Behbudovun bu tutarlı sözündən sonra belə möhtəşəm bir qürur hissi yaşayırdım. Əgər utanmasaydım, cəsarətim çatsaydı, bu sözünə görə, elə oradaca Rəşid Behbudovun əllərindən öpərdim.

Axı doğrudan da, o raykom katibi kim idi ki, Rəşid Behbudov kimi bir dahi onun ayağına gedəydi. O raykom katibu kim idi ki, Rəşid Behbudovu ayağına çağırırdı.

...Artıq o vaxtdan 40 ildən artıq vaxt keçir. O raykom katıbı artıq həyatda yoxdur və onu yalnız yaşlı adamlar xatırlayırlar. Orta nəsil və gənclər o katıbin adını belə bilmirlər.

Rəşid Behbudovu isə Azərbaycanda uşaqdan böyüyə hamı tanıyır, sevir, bu dahi Azərbaycanlı ilə hər kəs qürur duyur.

Rəşid Behbudov Azərbaycanımızın iftixarıdır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031