Əsəd Cahangir - 55
Tanınmış tənqidçi Əsəd Cahangirin 55 illik yubileyidir. Bu münasibətlə yubilyarın 55 yaşına yazdığı şeirini təqdim edirik:
55 yaşıma…
Bacadan qəfil şığıyıb
Çiynimə qonan quşa bax!
Az qalır ki çiynim sına
Qanadları sınmışa bax!
Burub fələyin qulağın
Hansı vaxta qurub gəlib?
Əlli beş il gözləmişəm,
İndi niyə durub gəlib?
Çiynimə qonan bu quşun
Sağı var, solu görünmür,
Üzümə nəfəsi dəyir,
Qanadı-qolu görünmür.
Göz yaşımı dənləyən quş,
Kimsə yox dən versin sənə?
Atam gəlsin, anam gəlsin
İsti yuva hörsün sənə?
Oğlan, nə ana südündən,
Nə ata qanından gəlir,
Çiyinlərə qonan quşlar
Allahın yanından gəlir,
Sənə haqqın quşu qonub,
Bəxtəvər olub başına!
Dimdiyində söz gətirib
Allahdan təzə yaşına!
Çiyninə quşlar qondusa,
Anan olmaz, atan olmaz,
Daha quş olub uçarsan
Daha səndən adam olmaz.
Əsəd Cahangir