“Bir yüngülvari müqəddimə” haqqında
![]()
Dünya söz tarixinin bir şanlı səhifəsi Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır. “Danabaş kəndinin əhvalatları” nasirin ən böyük nəsr əsəridir və “Bir yüngülvari müqəddimə”, “Eşşəyin itməkliyi”, “Xatimə” hissələrindən ibarətdir.
“Bir yüngülvari müqəddimə”ni bütövlükdə ədibin yaradıcılığı üçün bir növ bədii ekspozisiya saymaq olar. Azərbaycan bədii nəsrinin ilk uğurlu nümunəsi barədə müjdə verən həmin “yüngülvari” müqəddimənin, mükalimənin bu günkü və sabahkı ədəbi nəsillər üçün əhəmiyyəti göz qabağındadır. Bu geniş süjetli mətnə spoiler (reklam mətni) kimi ayrıca giriş mətni yazılması bir neçə məqsədlə bağlı ola bilər. Müqəddimə adı ilə təqdim olunan həmin hissənin sadəcə “müqəddimə” kimi deyil, “yüngülvari müqəddimə” kimi daxil edilməsi mətni reklam məqsədi daşıya bilər.
“Müqəddimə” ifadəsi hər halda “eşşəyin itməkliyi” sözü ilə müqayisədə çox az maraq kəsb edir. Dəftərsiz-kitabsız bir toplumu eşşək əhvalatının daha çox cəlb edəcəyi məlumdur. Deməli, həmin “yüngülvari” ifadəsi ilə müəllif sanki oxucuya demək istəyir ki, qorxmasın, səbirli olsun, sonrası maraqlı olacaq. Necə deyərlər, kino irəlidədir, bu, jurnaldır. İkinci əsas səbəb Yazıçının özünü təqdim etmək istəyi, ədəbiyyata gəlişini bildirən bəyannamə kimi qəbul etmək olar. Bir səbəb kimi də böyük yazıçının bədii əsər yazmaq məsələlərində başqalarına ötürmək istədiyi ədəbi-tənqidi mesajı kimi bu nəsr parçasını dəyərləndirə bilərik.
Doğrudan da, “müqəddimə” özü nəsrdə təhkiyə, dialoq qurma və bədii mətnin imkanları çərçivəsində təhlili, tənqidi fikirlərin yansıması baxımından yaxşı örnəkdir. Burada xalqa məxsus danışıq, təfəkkür tərzi və “lağlağı” üslubu nə qədər qabarıq görünsə də, müəllifin ədəbiyyat barədə prinsipial fikirləri “müqəddimə”nin əvəzsiz esse-traktat adlandırılmasına əsas verir. Şifahi danışıq dili ilə bədii dili uzlaşdıraraq canlı dialoqlar şəklində unikal bədii əsər yaratmağa müvəffəq olan yazıçı həmin üslubu sonrakı yaradıcılıq prosesində daha mükəmməl ədəbi ştamplarla davam etdirdi. Ədəbi təfəkkürdə həyat həqiqətinin, insan arzularının necə yerbəyer ediləcəyi barədə söz açan “giriş nitqinin” ardınca yazıçının gözəl bir mətn nümunəsi ortaya qoyması Azərbaycan ədəbi mühiti üçün yeni bir ədəbi kredonun başlanğıcından xəbər vermiş oldu.
Bu hadisədən sonra Mirzə Cəlil üslubu ilə işləmək təşəbbüsləri çoxaldıqca, ədəbiyyat cəbhəsinin səsi gur çıxmağa, mövqeyi sosial mühitdə möhkəmlənməyə başladı. Onun çoxtərəfli ədəbi fəaliyyəti ilə ədəbiyyatımızın kitab dövrü başladı. Frans Kafka, O.Henri, A.Çexov kimi, hekayələrində kiçik adamların böyük faciəsini qələmə alan nasirin ədəbi priyomları bu gün üçün də işləkdir. Nitq və punktuasiya imkanları geniş olan bir yazıçı ilə baş-başa qalmaq oxucunu darıxdırmaz və oxucu dünyadan aldığı sıxıntıdan xilas olmağa həmin genişliyə üz tutar. 
Oxucunu təsvir olunan hadisə iştirakçısına çevirmək C.Məmmədquluzadə qələminin əsas məziyyətlərindən biridir. Qələmin təsvir gücü, təhkiyənin dialektikası və onun doğurduğu mütaliə şəraiti barədə dərin təhlil və geniş mülahizələrə meydan açan əsər kimi “Müqəddimə” böyük maraq doğurur.
Əsərdə qədim Yunan filosofu Sokratın epiqraf kimi verimiş sözləri də yazıçının ideoloji və ədəbi xəttini müəyyən etməyə xidmət edir. “Qəlbimdən gələn səs...” başlığı “məzhəkə”nin içində itib-batmamaq və lağlağı xüsusunda eyham kimi də anlaşıla bilər. Buradakı “Sokrat” imzası nasirin eləcə bir danabaş əhlindən bəhs etmədiyini nəzərə çatdırmaq istəyini də ifadə edir. Yaxud eşşəyi itənləri hansısa konkret bir Danabaş kəndində soraqlamaq lazım deyil. İndi də, onda da dünyanın istənilən böyük şəhərində eşşək ...minənlərin sayı-hesabı yoxdur.
Sokrat ləfzi lap başdan yazılmaqla söhbətin lağlağıdan yox, ciddi mətləblərdən getdiyini bəyan etməyə xidmət edə bilər. Mətnin lağlağı hissəsi hələlik avamünnası hürkütməmək təriqilə yazılsa da, yazıçı bicliyinə dəlil verən hadisə kimi iliyə daha çox işləyir. Çünki ədəbiyyat sərhədləri genişləndirdikcə kütlə(vilik) yeni texnolgiya ilə silahlanıb-yaraqlanıb meydanlara axışmaqda davam edir. Sokratdan, bir Qərb fikir adamından söhbətə başlamaq heç təsadüfi sayıla bilməz. Nəsr estetikasının ən qədim təcrübəsi həm də Sokratın adı ilə bağlıdır.
Bu çağacan Şərqin də müdriklərinin bu biçim ibarələri Mirzə Cəlilə bəlli idi. Ağzıgöyçəklərin həm indi, həm keçmişdə və gələcəkdə “Mirzə”nin dünya ədəbi orbitinə yaxın düşə bilməyəcəyi xüsusunda qeybət etmələrinə cavab mesajı kimi əsərə bəri başdan daxil edilməyi də adamın ağlına gəlir. Bir də ki bugünkü Qərbin demokratiya məntəqələrinə gedib çatınca allah bilir adamın (oxucunun) başına nə müsibətlər gələ bilər.
Yəni Sokrat hara, Məhəmmədhəsən hara. Hər halda Məhəmmədhəsənin günlərin bir günü harasa başqa bir yerə (idarəyə) “şikayət üçün” üz tutacağına kimin şübhəsi ola bilərdi. Ona görə də qədim yunan mütəfəkkirləri “ərazicə” yaxın olduqlarına görə ən sərfəli variantdır. Kərbəlayı sadıqlara, xəlil yüzbaşılara keçid etməyə lağlağ Sadıq və qəzetçi Xəlil çox uğurlu versiya sayıla bilər. Yəni böyük ədib sənəti belə dizayn etməklə işə başlayır.
Ədəbiyyatın funksiyası sadə və mürəkkəb cisimləri bir tərəzidə ölçməkdən ibarətdir. İşini yaxşı bilən sənətkar bərkə düşən kimi tez keçir “lağlağıya”. “Bir yüngülvari müqəddimə” yazıb, ya bir yüngülvari jest edib “söhbəti qapadır”. Yazıçı guya əsil mətləbi hələ yazmağa başlamadığını, sadəcə Sadıqdan, Xəlildən bəhs etdiyini söyləyərək əslində dünyanın bəzi işlərinə yüngülvari “əl gəzdirir”. İkiqatlı, ikibaşlı söhbət şirin-şirin davam edir. “Qəzetçi” və “lağlağı”. Xəlil, Sadıq. İndi sevgili vətənimizdə və gedib bir başqa ölkədə mırt vurmağa yüzlərlə, minlərlə Sadığa rast gələrsən. “Doğrudur, mən bir az incimişəm kəndimizdən” yazır Mirzə Cəlil. “Bir yüngülvari müqəddimə”də. Amma onu da yazır ki, “iki yüz mənim kimi dılğır adam incisin bizim kənddən, bundan belə bizim kəndə genə pis demək haqdan kənar olar”.
Söhbətin iki başlı eyhamla davam etməyi öz yerində, bir şey gün kimi aydındır ki, ədəbiyyatda kənd anlayışı yoxdur. Məkan anlayışı var. Bu mətnin özündə “kənd”i “şəhər”lə əvəz edərsək, işin mahiyyəti dəyişməz. Lap bir böyük şəhərin bir mənzilində əyləşibən də biri o birinə deyə bilər ki “qardaş oğlu, sən elə doğrudan da, lağlağı imişsən...” Müəllif yazıçılıq etməyin prinsiplərindən birini, birincisini nəzərə çatdırmaqla yazıçılıq sənətinin, lağlağılıq sənəti ilə bərabər şey olduğunu yadımıza salır.
Lağlağı deyilsənsə, yazıçı da deyilsən. Sitat: “Bəlkə də, elə Sadıq, doğrudan, lağlağıdı. Amma o danışanda doğrudan mən həmişə gərək duram onun dodaqlarından öpəm”. Yeri gəlmişkən, bu arada mətnin bəzi texniki tərəflərinə də göz gəzdirmək olar. “Sadıq”ın ayaması da (lağlağı) adı kimi qalın saitli sözlə, “Xəlil”insə incə saitli sözlə (qəzetçi) örtülməsi yazıçılıq işinin bir xüsusiyyəti kimi diqqət çəkir.
Onun qələminin intersentrik, interpsixoloji aspekti bir yana, nitqin ən xırda detalları ilə işləmək bacarığı ayrıca bir tədqiqatın mövzusudur. “Əhvalatlar”ı yazmaqla Cəlil Məmmədquluzadə ədəbiyyatın əhvalat yazmaqdan ibarət olmadığını sübut etdi. Çünki ona qədər əhvalat yazanlar çox olubdur. Əhvalat faktoru ədəbiyyat faktoru kimi təqdim edilməyincə yazarın nəyəsə nail olduğu barədə fikir söyləmək mümkün deyil. “Danabaş” kəlməsinin bügünkü dünya cəmiyyəti və siyasəti üçün yetərli olduğunu düşünürəm.
O vaxtkı hər hansı bir Danabaş kəndinin zahiri görkəmi dəyişsə də, əvvəlkindən yeni müasir üst-başı ilə seçilsə də, bu adamlar elə o adamların davamıdır deyə ata-baba qaydalarından kənara çıxmağa hələm-hələm cəsarət edə bilmirlər. Köhnə əhvalat ilə yeni əhvalatın elə bir ciddi fərqini görmək olmur. Hələ desək, köhnəyə şükür etmək lazım gəlir. “Müqəddimə”də yazılır: “Biz ölüb gedərik, mən vəsiyyət edərəm ki, mən öləndə məni nə Kərbəlaya aparsınlar, nə də mənə ehsan versinlər; çünki əgər mən Allahtaalanın xoşbəxt bəndəsindənəm, nə ehsan kömək edər, nə qeyri bir şey.
Mən vəsiyyət edərəm ki, var-yoxumu satıb pul eləsinlər və yazdığım əhvalatları versinlər çapa və kitabları müftə paylasınlar ona-buna”. Povestin müqəddimə hissəsində yazıçı mövqeyini, ədəbi-siyasi qayəsini açıq şəkildə bəyan edərək “biz də dağarcığımızı çəkirik çuvalların cərgəsinə” yazır. Bu boyda təvazö ifadə etməyin səbəblərinin haqlı və ya haqlı olmayaraq ortaya çıxdığını izah etməyə lüzum görmürəm. Çünki yuxarıda bu barədə yazmışam. Bircə o sözü yazmağım lazım gəlir ki, C.Məmmədquluzadənin qələmindən çıxan əsərlər ilə dünyanın istənilən şəhər və kəndində arxayın gəzmək mümkündür.
Zakir Məmməd