manera.az
manera.az

Qarpız dilimi - Hekayə

Qarpız dilimi - Hekayə
Hələ uşaq çağlarımdan, ağlımın dərk etdiyi, həm də özümü tanıdığım vaxtlardan böyüklərimdən qarpız haqqında çox şirin söhbətlər eşidirdim.

Bir-birindən gözəl danışan Ziyad qocam da, nənəm, dədəm də Cəfərqulu babamın qarpız bağlarından danışırdılar. Hətta kənddə kolxoz qurulandan sonra da babamın zəhmətsevərliyini nəzərə alaraq onu kolxoza qoşulmağa məcbur etməyiblər. "Qoy, öz təsərrüfatı ilə məşğul olsun" - deyiblər.

Ərazilərin çox hissəsi kolxoz təsərrüfatı üçün ayrıldığından babamın öhdəsində qalan Daşqoz bəs edirmiş ki, o, şöhrəti ətraf kəndlərə yayılan qarpız, yemiş, qovun yetişdirə bilsin. Kolxoz təsərrüfatında yetişdirmək üçün toxumu babamdan alsalar da onların yetişdirdiyi qarpız babamın yetişdirdiyi kimi şirin, dadlı, böyük və ləzzətli olmurmuş. Babamın buna necə nail olduğunu, əlbəttə ki, bizimkilər bilmirdilər deyə bu haqda danışmırdılar. Çünki babam mən dünyaya gələnə kimi bu dünyadan köç etmişdi.

Bəlkə də, bir belə danışılanlara görə mən bütün meyvə, giləmeyvə və tərəvəzlər arasında ən çox qarpızı sevirəm. Amma mənim uşaqlıq və yeniyetməlik dövrüm keçən kəndimizdə heç kim qarpız əkmirdi. Söhbət düşəndə hamı yalnız babamın qarpızlarını xatırladırdı. İstər-istəməz bizdə tamarzılıq yaranırdı və bir gün qarpız yeyəcəyimiz günü arzulayırdıq.

Sonralar kəndimizə yol çəkildi, aran rayonlardan yayda maşınla qarpız gətirdilər. Hər dəfə kəndə qarpız gələndə dədəm ən azından beşini alırdı.

"Qoy, uşaqlar doyunca yesinlər" - deyirdi. Kəndə aran bölgəsinin müxtəlif yerlərindən gətirilən qarpızları biz uşaqlarla bərabər böyüklər də yeyirdi.

"Dadlı, şirin qarpızdı, ancaq Cəfərqulu kişinin qarpızına çata bilməz" - sonda böyüklərdən eşitdiyim kəlmə yalnız və yalnız belə olurdu.

Nəhayət, illər keçdi, mən də başqaları kimi böyüdüm və ali təhsil dalınca mərkəzlərə gedəsi oldum. Taleyin qismətindən ali təhsilimi vətəndən çox-çox uzaqlarda, Ukrayna torpağında, dünyanın ən gözəl, mədəni şəhərlərindən biri olan Xarkovda alası oldum. Sən demə Ukrayna torpağı da Azərbaycan torpağı kimi bol-bol məhsullar, xüsusilə də qarpız yetişdirirmiş. Mən də uşaqlıqdan beynimə yerləşdirdiyim babamın dadlı qarpızları haqqında məlumatı hara gedirdimsə özümlə aparırdım. Hər dəfə qarpız kəsəndə, ehtiyatla kəsər, balaca dilimlərə bölürdüm ki, itkisi az olsun. Eyni zamanda qarpıza qarşı məndə xüsusi bir rəğbət yaranmışdı. Mən qarpız dilimlərini elə ləzzətlə yeyirdim ki, ətrafdakılarda iştah və istək yaranırdı.

Tələbəlik illərində üç nəfər dostumla birləşib dörd nəfərlik əmək briqadası yaratmışdıq. Mən dərsdən sonra Bavariya vağzalı yaxınlığında yerləşən tərəvəz bazasına gedib orada iş danışmışdım. Bazada həmişə iş var idi. Boş vaxtlarımızda bazaya gəlir və işləyirdik. İşimiz tərəvəz yeşiklərini vaqonlardan, iri tonnajlı maşınlardan boşaltmaq, anbarda ayrılmış yerlərdə səliqə ilə yığmaq, maşınlara yükləyib təyinatı üzrə yerlərə göndərməkdən ibarət olurdu. Düzdür, bizə əməyimiz müqabilində dərhal pul verilmirdi. Sovet rejimində belə bir qayda heç bir yerdə tətbiq oluna bilməzdi. Amma gündəlik naryadlar yazılırdı ki, bunun əsasında ayın iyirmi beşi-otuzu arası, hansı gün ki, işçilərə əmək haqqı verilirdi, gəlib pulumuzu alırdıq.

Əmək haqqından əlavə baza rəisi bizə icazə vermişdi ki, istədiyimiz qədər meyvə-tərəvəz götürə bilərik. Əlbəttə ki, bu ölçü iki-üç dənə ola bilərdi.

Yoxsa bir yeşik götürüb aparmaq acgözlük kimi görünərdi, yaxşı düşməzdi. Götürdüyümüz meyvə-tərəvəz arasında mən yalnız qarpız götürürdüm.

Babamın dadlı qarpızları haqqında hərəsi bir millətdən olan dostlarıma da danışmışdım. Onlar da qarpız yeyəndə mənim kimi ləzzətlə yeyərdilər və bu mənə xüsusi zövq verirdi.

Yay günlərinin birində növbəti iş günündən qayıdarkən dostlarım iki-üç ədəd xiyar-pomidor, mən isə yenə də adətim üzrə qarpız seçmişdim. Yalan olmasın qarpızın ən irisini götürmüşdüm, qapana qoysaydın, bəlkə də on kilonu keçərdi. İşə getməyimizdən qrup yoldaşlarımızın xəbəri vardı. Odur ki, nahar fasiləsində bizim masanın ətrafına toplaşan dostlarımızın sayı iki-üç dəfə artmışdı. Onlar atmacalarından da qalmırdılar. Şirin söhbət edə-edə bıçağı əlimə alıb qarpızı dilimləməyə başladım. Dilimlədikcə də soldan başlayaraq birinə uzadırdım. O da öz növbəsində alıb bir dişləm götürür, sifət cizgiləri ilə dadlı olduğunu büruzə verir, digərlərinin ağzının suyunu axıtdırırdı.

-Tez ol görək! - deyə onlar da məni tələsdirirdilər.

Uşaqlar çox olduğundan qorxurdum ki, hamıya çatmaz, umsuq olarlar. Həm də dilimləri balaca kəsmək adətim idi. Uşaqlar rahatlıqla dişləyib yeyə bilsinlər, həm də israfçılıq olmasın. Yekə dilimi hər adam rahatlıqla dişləyib yeyə bilmir.

Növbəti dilimi kəsəndə bıçaq əlimdən sürüşdü və dilim çox nazik oldu, təxminən çörək dilimi kimi alındı. Kimə düşəcəyinin fərqinə varmadan uzatdım. Sən demə növbədə polkovnik Sazonovun oğlu Andrey imiş. O, qarpızın dilimini alıb dişləməzdən öncə yaxşı-yaxşı baxdı. Gülümsəyərək yarızarafat, yarıciddi:

-Qarpız dilimini elə bil mənim üçün yox, polkovnik Sazonov üçün kəsib. - dedi. - Sanki iki salfetka kağızıdır, birləşdirilib, bu tərəfindən baxsan, o biri tərəfi görünəcək.

Uşaqlar qəhqəhə çəkib o ki var gülüşdülər. Mən dilimi özümə götürmək, Andreyə yenisini kəsmək istəsəm də vermədi. Odur ki, bir az pərt oldum.

Polkovnik Sazonov, tərkibində hərbi təhsil aldığımız tədris taborunun komandiri idi. Məktəbdə intizam çox yüksək səviyyədə olduğundan komandirləri
nəinki sevmirdik, sadəcə onlardan qorxurduq və uzaqdan görəndə gözlərinə görünməməyə çalışırdıq. Polkovnik Sazonovun oğlu Andrey də bizimlə birlikdə təhsil alırdı. Onun yanında deməsək də atasından xoşumuz gəlmədiyini bilirdi.

-Polkovnik Sazonov üçün kəsməyib, elə bilib doğma babasının qarpızıdır, ona görə hamımıza balaca dilimlər kəsib. Bir baxın! - Dostlarımdan Vitali Davidenko bəlkə də pərtliyimi götürmək üçün araya söz atdı və az qala qabığının da yarısını yeyəcəkmiş kimi əlində tutduğu nazik, çox nazik qarpız diliminin qabığını göstərdi.

-Qoy, babanın ehsanında olsun! Allah babana rəhmət eləsin!

Uşaqlar bunu deyib iştahla qarpız dilimlərini yedilər. Qarpızdan hamıya çatdı. Hətta bəzilərinə, elə Andreyin özünə də ikinci dilim düşdü.

-Halal xoşunuz olsun! Elə bilməyin ki, qarpız öz-özünə böyüyüb. Mənim babam olmasa da bu qarpızı kimin babasısa yetişdirib. Babaların zəhmətlə yetişdirdiyi qarpız isə nəvələr üçün dadsız görünə bilməz.

Əli bəy Azəri
Qarpız dilimi - HekayəБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31