manera.az
manera.az

SON FƏSİL

📅 06.06.2020 18:20

SON FƏSİL
Unudulmuş bir sözə sığal çəkər, qolunu yaralı bir sözün boynuna salıb şəkil çəkdirərdi...

... Tə-riş, sən tədbirə düşəcəksən? (Üçüncü mərtəbədəki “Natəvan” klubunu deyir,   “Ulduz” yuxarıdadı1 axı).

- Yox, Fəqiş, işim var.
- Bax gör, bu şərfi taxım, yoxsa bunu?
- Qırmızını tax, qırmızı sənə yaraşır.
- Saatımı görmüsən, təzə almışam. Allah haqqı, saatsız qala bilmirəm.
- Qəşəngdi, sağlıqla işlət.
- Axşam da Mahnı teatrında tədbir var.

Bu sözləri deyəndə işıqlı sifəti bir az da işıqlanır, gözlərinin içi gülür. Əminəm ki, Fərqanə axşamkı tədbiri də əldən verməyəcək...

Onu 6 ildi yaxından tanıyıram. Həmişə səfər üstündədi, harasa tələsir, gedir-gəlir,  və narahat görünür... Deyir ki, biz ruh əkiziyik, razılaşıram. İkimiz də dolça bürcündənik, Yer adamı deyilik. Hərdən havalanırıq, xəyyalarımız baş alıb getdikcə gedir. Oxşar cəhətlərimiz o qədər çoxdu ki, iş yoldaşım Dürdanə illərdi mənə “ikinci Fərqanə” deyir. Düz sözə nə deyim...

Amma bu yazıda ikimizdən yox, Fərqanədən danışacam – Günəşə, dənizə, şeirə oxşayan Şeir Qadından...

Onun ömür kitabının son fəslində yazılıb: Ömür yolu 56, taleyi şair taleyi, sevgisi sonsuz, qədəri... bütün şairlərin qədəri kimi...

Hə, bu kirli dünya ha çalışsa da, onun təmiz ruhuna toz qondura bilmədi. Özü dediyi kimi:

Dəyişə bilmədi bu illər məni,
Elə həminkiyəm, sadəlövh, fağır.


Əslində, Fərqanə qədəriylə çoxdan barışmışdı, ağır xəstəliyə düçar olandan. Mən “Ulduz”a gəlməmişdən bir il əvvəl ağır əməliyyat keçirmişdi. Vaxt ötdükcə dərdiylə barışdı, ölümün kölgəsinə alışdı, sonra da əməlli-başlı xəstəliyiylə doğmalaşdı. Əyyub Peyğəmbər kimi xəstəliyindən elə sevgiylə, mərhəmətlə, səbirlə danışırdı ki, Fərqanənin sağalacağına inanırdın.

Kimsənin qanını qaraltmaq istəmirdi, rəngli paltarları, rəngli şərfləri, səmimi təbəssümüylə dərdini ört-basdır edirdi.

Söz məclislərində, kitab təqdimatlarında dərdini unudurdu. İlahidən gələn bir misra kefini açır, uşaq gözləri kimi tərtəmiz gözlərində şeir tumurcuqlayırdı.  

Hərdən bədahətən şeir deyir, sonra tələsik telefonuna yazırdı ki, Tanrının verdiyini qaçırtmasın, misraları uçmasın.

Qəribə, özünə yaraşan utancaqlığı vardı. Utananda dodağının bir küncünü çeynəyərdi. Özündən çox başqalarından ötrü kiməsə ağız açar, kiminsə işini düzüb-qoşar, kiminsə dadına yetər, heç kimdən köməyini əsirgəməzdi.

Sözü hər şeydən çox sevərdi. Unudulmuş bir sözə sığal çəkər, qolunu yaralı bir sözün boynuna salıb şəkil çəkdirərdi.

Fərqanəyə görə, hər adam elə bir SÖZ idi.

Qabriel Qarsiya Markes “Vida məktubu”nda yazır ki, “Tanrım, bircə udum yaşasaydım... Qarşılaşdığım adamların hamısına sizi sevirəm demədən ötüb keçməzdim”. Fərqanə son nəfəsinəcən hamını sevdi...

Deyirlər,  iki şeyi insana bağışlamırlar: gözəlliyi və istedadı. Fərqanə istedadlıydı. Hərdən istedadını ona bağışlamırdılar, amma o hər kəsi bağışlayırdı...

Fərqanəylə qəlb yoldaşı, iş yoldaşı, yol yoldaşı olmuşam. İçindəki səmimiyyət, şəfqət, mərhəmət heç kəsi darıxmağa qoymazdı. Amma özü hər yerdə darıxırdı, ulduzlu gecədə, milyonluq şəhərdə, ən çox da Bakı-Təbriz yollarında...

2018-ci ildə Türkiyənin Bayburt şəhərinə Beynəlxalq Dədə Qorqud festivalına getmişdik. Bu qədim yurd yerində Dədə Qorqudun qəbrini ziyarət elədik, Bamsı Beyrəyin uyuduğu zirvəyə qalxdıq, Yeraltı şəhərdə olduq, axşamlar da Fərqanənin Söz Ocağının başına yığışdıq.

Saatlarla şeir deməyi vardı. Özündən çox özgələrdən deyərdi.  

O səfərlə bağlı saysız-hesabsız xatirələrim var. Amma bir xatirə var ki, sonralar ikimiz də xatırlayıb doyunca gülərdik.

Bayburtdan geri dönəndə avtobusda yanaşı oturmuşduq, danışdıqca danışırdıq. Qəflətən qayıtdı ki, Tə-riş (mənim adımı belə tələffüz edirdi) qədimlərdə şahlar otururdu, qullar başlarının üstündə dayanıb onları yelpikləyirdi, biz şah olsaydıq, qulları taxtda oturdub yelpikləyərdik ki, yazıqdılar.

Onun içindəki mərhəmətin, şəfqətin, sevginin kökləri dərində, çox dərindəydi.

Fərqanə çərçivələri sevmirdi, azad ruhu, duyğuları, sevgisi ilahidən qaynaqlanırdı. Allahın nəzəri üstündəydi. Tədbirlərdə çıxış edəndə böyük auditoriyanı bir anda ələ alırdı. Danışanda hamı susurdu, havada sözlər, misralar, duyğular uçuşurdu.

Onun özü kimi  yaradıcılığı da rəngliydi. “Anam şəhərə gedir” şeirindəki doğmalığı, milliliyi, həyat lövhələrini yüzlərlə şeirə dəyişmərəm. Dörd kitabı işıq üzü görmüşdü, beşincinin yolunu gözləyirdi...

O özü də bənzərsiz bir KİTAB idi. Ömrünün son fəslini nigaran yaşadı. Pandemiya insanları evə yığmışdı. Dünya olumla ölümün astanasında çırpınırdı. Fərqanə dünyadan nigaran getdi, amma SÖZƏ, sevdiklərinə, gedəcəyi yerə inanıb getdi. Böyük bir izdiham onu sevgiylə, göz yaşıyla, şeirlə yola saldı...

Son söz əvəzi:

Səni qoruya bilmədik, əziz Fərqanəm, səni qoruyucuların qoruyucusuna – Allaha əmanət edirəm!

Təranə Vahid


Baxış sayı - 766 | Yüklənmə tarixi: 06.06.2020 18:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031