manera.az
manera.az

Gənc şairin ilk hekayələri

Gənc şairin ilk hekayələri

MANERA.AZ Yusif Nazim Ərəbsoyun iki satirik hekayəsini təqdim edir:


PİPİK ƏMƏLİYYATI

Hər şey qəfildən baş verdi, həyatda olduğu kimi. Yeyib-içən, deyib-gülən, heç kəsin xətrinə dəyməyən, səmimi, mehriban Şəpbili birdən-birə qərar verdi və hərəkətə keçdi. İçkini, deyib-gülməyi, səmimiliyi, mehribanlığı atıb namaza başladı. Dəstəmazın bircə saniyə də olsun gecikdirmirdi. Fikri ancaq anus dəliyində idi ki, birdən qəfil yel çıxar, dəstəmazını pozar, böyük günaha batar.

Günlərin birində dedilər Şəpbili yoxa çıxıb. Aləm dəydi bir-birinə. Ailə-uşaq, qohum-əğraba, el-oba Şəpbilinin sorağına düşdü. Yazıq arvad gecə-gündüz şəxsey-vəxsey salmışdı ki, yəqin, kişinin başına hava gəlib, cahandan çıxıb. Camaat burda hay-həşirdə ikən, bir də xəbər gəldi ki, Şəpbili Haca gedib. Biri dedi, yüz faiz kişiyə vergi verilib, o biri dedi, kişi əlli faiz vergiyə verib. Xülasə, hərə bir söz deməyində olsun, Şəpbili də təvaf etməyində, şeytana daş atmağında.

Bir neçə gündən sonra xəbər yayıldı ki, Şəpbili Hacdan qayıdıb. Camaat gurrah verdi Şəpbiligilə. Mən də getdim. Qarşılaşan kimi hal-əhval tutmağa başladım.

- Ay hacı, xoş gördük, xoş gəldin, Allah ziyarətini qəbul eləsin…

Gördüm, yoox, kişi artıq Şəpbili deyil, Hacı Şəpbilidir. Qadasın aldığım (qada tutmuş) oturub hündür bir yerdə, altında qalın bir nimdər (döşəkcə), ayağının altında geniş bir ləyən, ləyənin yanında enli yaşıl bir haftağa, haftağanın içində isti su, qız-gəlin də qulluğunda. Biri dəsmalı tutub, biri sabunu saxlayıb və s. Özü də ki dünyaya sığmır, hələ bir az kökəlib də.

Hətta, dedi-qodu yayıldı ki, Şəpbili şeytana, təkcə, daş atmaqla kifayətlənməyib, onu fitə də basıb. Buna inanıram. Çünki, Şəpbilinin elə əvvəldən qulaqbatırıcı fit çalmağı var idi. Həə, "çalmaq" dedim, çalma yadıma düşdü. Şəpbili başına çalma da qoymuşdu. Əməllibaşlı ərəb şeyxlərinə oxşayırdı.

Bütün bu sadaladıqlarım məni mat qoymamışdı. Bu xisləti çox hacıda görmüşəm. Şəpbili isə tamam başqa cür hacı olmuşdur eee!

Kişinin səfərdən qayıtmasından bir həftə sonra xəbər yayıldı ki, Hacı Şəpbili daha yumurta yeməyir. Deyir, yumurta haramdır. Düzü, bu xəbəri eşidəndə az qala şoka düşmüşdüm. Ayə, içki haramdır, zina haramdır, bəs, öz həyətində bəslədiyin toyuğun yumurtası haçandan haram sayılır?
Məsələyə aydınlıq gətirmək üçün getdim Hacıgilə. Gedib nə görsəm yaxşıdır?! Hoca Yılmaz əfəndi də, Seyyid Qılman Ağa da buradadır. Qızğın müzakirə gedir. Bir xeylağ adam da toplaşıb baxır bunların mübahisəli müzakirəsinə.

Hoca Yılmaz əfəndi də, Seyyid Qılman Ağa da bir ağızdan deyirlər ki, nə sünni, nə şiə məzhəbində belə şey yoxdur. Yumurta haladır, vəssalam. Hacı Şəpbili də iki ayağını bir şəpiyə dirəyib ki, yox, yumurtanın haramlığı mənə vəhy olaraq yuxuda əyan olub. Hoca da, Ağa da əsəbiləşiblər ki, fikrini sübut elə!

Həə, Hacı Şəpbili də şeytanı fitə basan adamdır. Bu nə sualdır ki, ona cavab verməyə?! Hacı həyətdə toyuqların dalınca düşüb, onlarla bir göz qırpımında sevişən, sonra da məğrur-məğrur banlayan xoruzu göstərib deyir ki, bu xoruz sünnət olmayıb, odur ki, bunu müsəlman xoruzu hesab etmək olmaz. Müsəlman xoruzu deyilsə, deməli, ondan əmələ gələn yumurtalar da haramdır.

Hamı Hacının bu cavabından heyrətə gəlir və doğruluğun təsdiqləyərək, "Ağılabatan fikirdir" - deyirlər. Hoca Yılmaz əfəndi də, Seyyid Qılman Ağa da bu vaxta qədər nə boyda günah etdiklərinin, xoruzun sünnətinə fikir vermədən toyuq yumurtasını yediklərinin peşmançılığını çəkə-çəkə, məsləhət istəyirlər:

- Ay Hacı, sən sübut etdin ki, zəkan parlaqdır, səninlə dinimiz aydınlanacaq. Allah səndən razı olsun. Bu heç peyğəmbərin (hamı salavat çəkir) ağlına gəlməmişdi. Bəs, indi biz neyləyək, toyuq yumurtasını necə halallaşdıraq? Yuyub bişirəkmi, bişirib yuyaqmı?

Hacı da özündən razı vəziyyət alıb, deyir:

- Bunun bir çarəsi var, o da dəllək Şeygəzirdədir. Gərək, dəllək Şeygəzir Xoruzları sünnət eləyə.

Hamı başını yelləyir. Səslər eşidilir: "əhsən, hacı", "Var ol, ey xisləti pak insan" və s.

Beləliklə, dəllək Şeygəziri çağırdılar ki, Hacı Şəpbilinin xoruzun müsəlman eləsin. Dəllək Şeygəzir də nə vaxtdandır kəsməyə şey gəzirdi ki, bu da göydən düşmə oldu. Xoruzu tutdular, Şeygəzir də gəldi. Xoruz Şeygəziri görən kimi qıpqırmızı pipiyi qapqara oldu. Dəllək neylədi, neyləmədi Xoruzu buraxdılar. Xoruz banlaya-banlaya həyəti o başa-bu başa qaçdı. Mərcan gözlərindən yaş tökə-tökə göyə tullandı, yerə çırpındı. Bilmədim bunu sevincindən edir, yoxsa, dərdindən...

Hamı Şeygəziri növbəylə öz həyətlərinə, xoruzlarını xoşbəxt eləməyə dəvət etdilər. O gündən sonra kəndin bütün toyuqları avara getdi, xoruzları isə "quq-qulu-qu" deyil, "şəp-bili-qu" səsini çıxararaq banlamağa başladılar!
14 yanvar 2016


FENOMEN İT

Biri var idi, beşi yox idi. Mini ac idi, beşi tox idi. Bir Dərəbəylər şəhəri var idi. Bu şəhər o şəhərlərdən idi ki, bu şəhərdə soxasox idi. Kimi öz əndamın gözə soxurdu, kimi kasıb olsa da, kreditə bahalı maşın götürüb qonşusunun gözünə, kimi də uca villa tikdirib, villasın göyün gözünə soxurdu. Lakin, hər kəs özün gözə soxmurdu.Yəni, bu şəhərdə yaltaqlar da var idi. Xülasə, bu şəhərdə hər kəsdən çox, “Heç kəs”in diqqətin cəlb eləyən bir nəfər var idi. Bu bir nəfər, o bir nəfər idi ki, hamı onu tanıyırdı və özləri də onun kimi olmaq istəyirdilər. Amma, bu diqqətcil “Heç kəs” onun görünməyən tərəfin görürdü. Yəni, qabağdan baxanda arxasını, arxadan baxanda isə, elə arxasını. Onu da deyim ki, bizim bu “Heç kəs” həmin adamın arxadan elə arxasını görsə də, Elə arxasını görməmişdi. Çünki, bu adam çox görməmişdi. Bu adamın adı isə Məmişdi.

Bu Məmiş deyilən qəmiş ki var, bir neçə il bundan qabaq kasıb, fağır, üstü-başı cır-cındır içində olan bir bəni-adəm idi. Heç kimə bir söz deməzdi, heç kəslə sözü çəpləşməzdi. Qonşunun toyuğuna bir daş belə, atmazdı. Çünki, qorxurdu ki, daş gedib qonşunun uşağının təpəsinə dəyər və qonşu da ondan polisə şikayət edər. Polis də onu get-gələ salar və o da beləcə ac qalar.

Bu bəni-adəm ömrün beləcə yaşayırdı. Amma, həyat insanları qəfil kədərləndirdiyi kimi, qəfil sevindirməyi də bacarır. Yəni ki, Məmişin ağlına gəlməyən başına gəldi. Başına gələn isə, bu dünyada başına bəla olmadı. Həyatında çevriliş edən bu işlər isə, bir günə yox, üç ilə baş tutdu. Həmin illərdə necə oldu, nə təhər oldu, bunu mən sizə danışıb vaxtınızı almaq istəmirəm. Qısaca olaraq, onu deyirəm ki, iş çərxi-fələklik oldu. Həm də bu olanları o birisi dünyada, haqq-hesab günündə Məmiş özü eksklüziv olaraq açıqlayacaq. Bundan siz şoka düşəcəksiniz, ya düşməyəcəksiniz bunu day bilmirəm. Mənim sizə deyəcəklərim isə, başqa şeylərdir.

Bu Məmiş Şəhər İcra hakimiyyətində yaxşı bir vəzifədə işləyirdi. Hər səhər işə gələndə, şəhərin meri ilə şəxsən özü salamlaşırdı. Bir Allah bilir ki, onun nəyi yox idi. Yəni, biz biləni hər şeyi var idi. Marka-marka maşınları, dəbdəbəli evləri, banklarda pulları, bir kənddə at ilxıları, qoyun sürüləri, nə bilim nələri, nələri...

Evində şəxsən öz yataq otağı filanı olan bir iti var idi ki at boyda. Bu at boyda it erkək idi. Bu itin, hətta, kisəçisi də var idi, onu yuyunduranda həm kisələyir, həm də masaj edirdi. Adam bu itə baxanda, düşünürdü ki, kaş mənim də həyatım it günündə olaydı. Məmiş evində bir neçə qulluqçu da saxlayırdı. Onların da hər birinin öz vəzifəsi var idi. Biri ev süpürmək, biri yemək bişirmək, biri qab yumaq və s. hərə bir işə baxırdı. Lakin, bu işə baxanlar arasında birinin işi daha nəzər cəlbedici idi. Nəzər demişkən, bu quluqçu işinə görə, buna nəzər dəyməsin deyənə, üstünə gözmuncuğu da asmışdı. Özü də işi bir olsa da, çox məsuliyyətli iş idi. Və quluqçu işinə məsuliyyətlə də yanaşırdı. Neyləsin, çörəyi bundan çıxırdı, yaşamaqçün nəsə etmək lazımdır axı!

Qulluqçunun işi isə, Məmişin şeyinə qulluq etmək idi - itinə. Qulluqçu hər axşamüstü iti gəzməyə aparırdı. Hətta, şəhərdə bir-iki gəlin bu itə həsəd aparırdı ki, “kaş bizim ərimiz də bu it kimi simpatiçni, bazburutdu olaydı”. Bu itin qəribə bir xüsusiyyəti var idi. Qəribəliyi bu idi ki, azimut əqrəbi kimi ağzın hərdən bir tərəfə tutub hürərdi və qulluqçu da onu o istiqamətdə aparıb gəzdirərdi. Bu fərqliliyinə görə, Məmiş dostlarının yanında lovğa-lovğa deyərdi ki, mənim itim fenomen itdir. Günlərin bir günü bu it ağzın Şimala tutub hürdü. Qulluqçu onu istədiyi istiqamətə apardı. Çox getmədi, az getdi gəlib Nazirliyin binasına çatdı. Yenə də iş çərxi-fələklik oldu!

Bir neçə gün keçmişdi ki, Məmişi Nazirliyə işə düzəltdilər. Bunu qeyd etmək üçün Məmiş böyük bir “qonaq”lıq da verdi. Məclisin başında isə, elə “istedad”lı itini əyləşdirdi. Amma, itin keyfi yox idi. Yəqin, darıxdığından idi. Çünki, ona qulluq edən xanım bir neçə gün idi ki, işindən istefa vermişdi. Qonaqlıqda Məmişə bir çox hədiyyələr verilməsinə baxmayaraq, bunlardan ən qiymətlisi və Məmişin “ürəy”incə olanı qaz lələyindən olan süpürgə idi. Xəkandazı isə Məmiş ayın sonunda alacağı maaşla almağı qərara aldı.

8 may 2012

P.S: Hekayələr ilk dəfədi dərc olunurБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930