manera.az
manera.az

Adı burda, özü Qarabağda.. - Pritça

Adı burda, özü Qarabağda.. - Pritça
“Şuşa yurdumun qədim şəhəri, Hələ öndədir nurlu səhəri...”. Qızcığaz şeiri deməyə başlayanda atasının gözləri kirayə yaşadıqları birotaqlı mənzilin pəncərəsindən bayıra zilləndi.

Qarşıda yarpaqlarını soyunmuş palıd meşəsi kimi bomboz, bir-birinə bitişik evlər olsa da, xəyalında on illər öncədən yadigar qalan bir-iki videokadrda və fotolarda gördüyü Şuşanı canlandırdı. Bir də Xan əminin səsi gəldi qulaqlarına. Ustad xanəndə həmişəki ağayana görkəmində oxuyurdu: “Oturub yol üstə yolumu gözlər...”.

Balaca qız Şuşaya kişi sözü verirdi: “Darıxma, Şuşa, biz hələ sağıq, Mütləq qoynuna qayıdacağıq”.

Deyəsən, şeir bitmişdi. Evdə hər kəs, hətta hələ danışa bilməyən körpələr də qızcığazı alqışa tutmuşdular. Atası bir anlıq bu alqışa təəccüblənsə də, balaca qiraətçini qırmamaq üçün əllərini bir-birinə bərkdən vurmağa başladı. Ancaq buna əl çalmaq yox, əl döymək demək olardı...

– Sağlıq olsun, bir gün sizi götürüb Şuşaya aparacağam! – ağzından qəfil çıxan bu sözlər qulaqlarında əks-səda verdi.

Qızcığaz soruşdu:

– Ata, indi gedək də... Şuşa hardadı, çox uzaqdadı?

– Adı burda, özü Qarabağda! Ancaq ora getmək üçün bu paltarda olmaz. Gərək hamımız eyni rəngdə geyinək...

– Ata, dayan e, “qara bağ” dedin, eləmi?! Bağ necə qara olur? Axı babamgilin bağı yaşıl idi, yamyaşıl.

Uşağa mütləq cavab verməliydi. Psixoloqlardan eşitmişdi ki, uşaqların heç bir sualını cavabsız qoymaq olmaz.

- Qızım, Qarabağ əvvəllər babangilin bağları kimi yaşıl olub. Hətta heç yerdə olmayan çiçəklər, ağaclar orada bitirmiş. İnsanlar əmin-amanlıqda yaşayırmışlar. Günlərin birində bağın gözəlliyini istəməyənlər onun simasını dəyişdirməyə qərar verirlər. Bunun üçün qara niyyətli erməniləri o gözəl məkana köçürürlər. Fitnəkar ermənilər də başlayırlar bağın düzənini pozmağa. Bağı sevən, onun qoynunda xoşbəxt yaşayan insanları pərən-pərən salırlar. Gəlmə xalqın fitnə-fəsadlarının çoxaldığını, bu yurdun həqiqi sakinlərinin isti ocağından didərgin salındığını görən yaşıl bağ haqsızlıqlara dözməyib başlayır rəngini dəyişməyə...

– Ata, qara bağ öz rənginə qayıda bilərmi?

– Əlbəttə, sizi Şuşaya aparanda baxacaqsınız ki, hər yer yamyaşıldır!...

Qarışıq xəyallar onu hardasa qızı yaşlarında olan çağlara qaytardı. O vaxtlar tez-tez eşitdiyi “Adı burda, özü Qarabağda” deyimini xatırladı.

Uşaqlardan kimsə ilandan söz salanda digərləri xorla: “Adını çəkmə! Adını çəkmə! Adı burda, özü Qarabağda!” deyərdilər. Bəlkə özü də dəfələrlə ilan qorxusunu Qarabağa “göndərmişdi”.

Niyə adı burda, özü Qarabağda?! Nə üçün qorxduqları ilanın başqa yerdə yox, məhz Qarabağda olmasını istəyirdilər?! Bəs uşaq vaxtı həmyaşıd qonşuları ilə xorla səsləndirdikləri “Ermənilər acdılar, Qarabağa möhtacdılar” “mahnı”sını kim bəstələyib onlara oxutdururdu?!

Suallar çoxaldıqca əsəbi tarıma çəkilirdi. Fikirləşdi ki, bu sualların cavabını tapmaq üçün bol səbir və uzun zaman lazımdır. Uşaqlarınsa dözümü yoxdur, Şuşanı görməyincə yaxasını buraxan deyillər...

Fariz YUNİSLİБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031