manera.az
manera.az

Atəşlə buz arasında bir Abay vardı…

📅 18.04.2020 07:00

Atəşlə buz arasında bir Abay vardı…
Abay – 175

XIX əsrin ikinci yarısı. Feodal-patriarxal münasibətlərin hökm sürdüyü Qazaxıstan çölləri, cəhalət və hüquqsuzluq içində inləyən qazax xalqı.

Bu zülmət səltənətində bir ziya parlayır, o, Abaydır. Bir də qazax xalqının ruhunu diri saxlayan onun folklorudur, dombradır, xalq nəğmələridir, kütlənin azadlıq duyğularını körükləyən akın poeziyasıdır. Məcburi itaət, çoxarvadlılıq, güclülərin gücsüzlər üzərində qeyd-şərtsiz ağalığı, qəbilələr arasındakı düşmənçilik, bu düşmənçiliyi doğuran səbəblər bütöv bir xalqı qurd kimi içindən yeyib tükədir, gücünü, qüvvəsini zəiflədir. Köçəri həyat tərzi, pərakəndəlik xalqın maariflənməsi, bu yerlərdə mədəni mərkəzlərin yaranması üçün ən böyük maneəyə çevrilir.

Çox-çox sonralar qazax xalqının iftixarına çevrilmiş Abay feodal ailəsində dünyaya gəlmişdi. Atası Kunanbay Tobıktı qəbiləsinin başçısı idi, olduqca zülmkar adam idi, bütün qəbilələr ondan qorxub-çəkinirdi. Paradoksal məqam budur ki, belə bir ailədən Abay kimi ədalətli, rəhmdil, zərif qəlbli bir insan çıxmışdı. O, Kunanbayın övladları içində yeganə oğul idi ki, atasının iradəsinə qarşı çıxmağı bacardı. Semipalatinskdəki rus məktəbində aldığı təhsil onun düşüncəsində böyük dəyişikliyə səbəb oldu.

Bütün bunlardan əlavə, Tanrı ona incə qəlbli şair ürəyi bəxş etmişdi. O, haqq aşığı idi, elin dərd-səri onun nəğmələrində həzin, göynərtili bir avazla yüksəlirdi və kütləni ovsunlayır, onun qəlbindən tikan çıxarırdı. Abay çox erkən yaşlarından cəhalətin doğurduğu faciələrin şahidi olmuşdu və o vaxtdan içində etiraz hissi cücərməyə başlamışdı. Az sonra bu dözülməz həyat şəraiti onun şeirlərində öz əksini tapacaqdı.

Burda yaxşılığın ömrü bir anlıq,
Amma uzun çəkir pislik, yamanlıq.
Gecikir daima ümidin atı,
Yollarda sınıbdır yoxsa qanadı?


Kütlələr içində rus məktəblərinə inamsızlıq vardı, bir çoxları elə zənn edirdi ki, rus məktəbləri qazax balalarını dinsizliyə sürükləyir, onların etiqadını korlayır, bəziləri düşünürdü ki, bu uşaqları xristian kimi yetişdirmək istəyirlər.
Atəşlə buz arasında bir Abay vardı…
Abayı daha dərindən tanımaq, onu yetişdirən mühitə daha dərindən bələd olmaq üçün qazax yazıçısı Muxtar Auezovun “Abay” romanını oxumaq lazım gəlir. Tədqiqatçılar bu dörd cildlik əsəri qazax xalqının həyatının ensiklopediyası adlandırırlar. Ona “Şərqin Şoloxovu” da deyirlər. Muxtar Auezov də Abayın doğulduğu Tobıktı qəbiləsindən idi, babası Auez Abayla yaxın dost olmuşdular. Yazıçı romana yazdığı ön sözdə Abaya olan sevgisinin tarixçəsini nəql edir:

“Yadımdadır, buludsuz, mülayim bir yaz səhəri idi. Buzovlar qışlağın qarşısındakı çəmənlikdə oynaşır, uşaq ürəyi üçün munis olan sevimli quzular və çəpişlər atılıb-düşür, göydə isə nənəmin nağıllarındakı ağ qanadlı pərilərə bənzəyən qu quşlarının uzun qatarı günəş şüaları altında bərq vuraraq uçub uzaqlaşır, əlçatmaz yüksəkliklərdən güclə eşidilən nəğmə səsləri gəlirdi. Birdən yaz gününün bütün bu məlahəti yox oldu, bizi xəfə, alçaq alaçığa, babamızın yanına çağırdılar. Onun əlindəki əlyazmasından ibarət qalın kitabı gördükdə mən nə üçün çağırıldığımızın səbəbini dərhal başa düşüb daha da dilxor oldum. Babam kitabdakı ərəb hərflərini mənə göstərməyə başladı, bu hərflərin o qədər çətin adları vardı ki...


Bu kitab Abayın şeirlər məcmuəsi idi. Şairin dostu və onun istedadının səmimi pərəstişkarı olan Auez baba bu şeirlərin üzünü bir kitaba köçürməyi mollaya tapşırmış və bu şeirlərə qarşı öz nəvələrində də məhəbbət hissi oyatmaq ümidilə bizəs sevimli şairin şeirləri üzrə savad öyrətməyi qət etmişdi”.

Müəllif daha sonra yazır ki, Abay haqqında roman yazmaq üçün əlimdə heç bir yazılı məlumat yox idi, onun zahiri görünüşü, xarakteri, həyat və fəaliyyəti haqqında bilgilər yox dərəcəsində idi. Yazıçı romanı yazmaq üçün babasının xatirələrindən, Abayı görmüş yaşlı insanların danışdıqlarından faydalanıb. Əlbəttə, zəngin təxəyyül gücü də yazıçıya yardımçı olub. Öz xalqının tarixi keçmişinə dərindən bələd olan Auezov onun məişətini, etnoqrafiyasını da çox gözəl bilirdi.

Muxtar Auezov Abay haqqında roman yazmaqla yetinməyib, romandan əvvəl “Abay” pyesini yazıb, “Abay” adlı dərgi buraxıb, Abayla bağlı elmi monoqrafiya qələmə alıb. “Abay” romanı 1948-ci ildə Stalin mükafatına, “Abay yolu” romanı 1959-cu ildə Lenin mükafatına layiq görülmüşdü. Amma bütün bu yüksək mükafatların arxasında Auezovun narahat və səksəkəli günləri, ayları dayanırdı. Auezov qazax xalqının azadlığını qələmə alsa da özünün həyatı göründüyü kimi, heç də azad olmayıb. Sovet quruluşu hər fürsətdə onun azad ruhunu buxovlamağa çalışıb. Dəfələrlə millətçilikdə, sovet quruluşunun əleyhinə çıxmaqda günahlandırılıb, partiyadan xaric edilib, çalışdığı universitetdən kənarlaşdırılıb.

Bütün bunların nəticəsi idi ki, yazıçı “Abay” romanına yazdığı “tərcümeyi-hal”ında hətta özünə böhtan atmağa məcbur olmuşdu. Auezov yazır ki, “ali məktəbi və aspiranturanı qurtardıqdan sonra mən tez-tez özümdə daxili ziddiyyətlər, ideya tərəddüdləri, səhvlər tapırdım”. Sonra səhvlərini “burjua millətçiliyinin qalıqları”nın nəticəsi hesab edir. Daha sonra yazır ki, “çoxlu yaradıcılıq səhvlərim var idi, yazdıqlarım sovet xalqı üçün faydalı deyildi”. Auezov daha sonra guya öz səhvlərini düzəltdiyini, sosializm quruculuğunu təsvir edən əsərlər yazdığını vurğulayır.

Əlbəttə, yazıçı bu sətirləri sistemin təzyiqi, həbs təhlükəsi altında yazmışdı. Bütün bunlara rəğmən, Auezov qazax xalqının ozanı Abayın timsalında mənnsub olduğu xalqın tarixi keçmişini, keçdiyi inkişaf yolunu salnamələşdirə bildi. Totalitar rejim onun ruhunu əsir götürə bilmədi. Düşünürsən ki, belə bir əsarət mühitində “Abay” kimi fundamental bir epopeya qələmə almaq doğrudan da gerçək bir yazıçı fədakarlığıdır. Belə bir əsəri yalnız öz xalqını dərindən sevən, onun böyüklüyünə, yenilməzliyinə qəlbən inanan yazıçı yaza bilərdi. Romanı oxuyarkən sanki XX əsrin insanı olan Muxtar Auezovu deyil, uzaq köçəri əcdadlarından irsən ona ötürülən qan yaddaşının hekayətini dinləyirsən.

Kunanbay zalımdır, ədalət hissindən uzaq adamdır, amma Abay biçarə, hüquqsuz xalqın yeganə nicat yeridir, o, bu qaranlıq mühitdə ehkamlara, feodal qaydalara qarşı çıxan yeganə qüvvədir. Xalqı çapıb-talayan nahiyə başçıları onun öz doğma qardaşları olsa belə, Abay onların deyil, xalqın müdafiəsinə qalxır, haqsızlığa qarşı barışmaz mövqedə dayanır, qardaşlarını ifşa edir. Çölün çoxəsrlik geriliyi, cəhaləti ilə mübarizədə Abay təkdir, xalqın mübarizə üçün silahı yoxdur, Abay isə mütərəqqi fikirlərilə silahlanaraq atası kimi feodalların ehkamlar qalasını sarsıtmağa çalışır. O, təkcə akın-ozan deyil, xalq qəhrəmanı deyil, həm də xalqı qaranlıqdan işığa çıxaran maarifçidir.

Onun rus maarifçiləriylə görüşləri, mütaliəsi düşüncələrinə də ciddi təsir göstərmişdi. Abay qazax xalqının xilasını rus mədəniyyətində görürdü. O, “xalq öz taleyinin sahibinə çevrilməlidir, əks halda heç cür bataqlıqdan çıxa bilməyəcək” deyə bu fikri toxum kimi insanların beyninə yeritməyə çalışırdı. Mütərəqqi ideyalar yayıldıqca feodalizmin də dayaqları sarsılırdı, mülkədarlar Abaydan çəkinirdilər, çünki o, yüksək dairələrdə böyük nüfuz sahibi idi. Semipalatinsk vilayətinə göndərilmiş xırda məmur Yevgeni Petroviç Mixaylovla söhbətləri onun ictimai şüurunun formalaşmasına ciddi təsir göstərmişdi. Y. Mixaylov inqilabi ideyalarına görə Sibirə sürgün olunmuşdu, mütərəqqi fikirli rus ziyalılarından idi. O, Abaya oxumaq üçün kitablar verirdi və bu kitablar Abayın təfəkkürünü itiləyirdi.

Əlbəttə, Abaydan öncə də qazax xalqının maarifçi düşüncə sahibləri vardı. Onlardan XIX əsrin ortalarında yaşamış Çokan Vəlixanov, İbray Altınsarin maarif yolunda ilk iz qoyanlar idi. Onlar səhranın ilk qaranquşları idilər. Abay isə qazax çölündə bir günəş kimi parladı və geniş xalq kütlələrini, özünün diliylə desək, “yatmış xalqı oyatdı”.

Rus dilini öyrənən Abay Puşkini və Lermontovu orijinalda oxuyurdu. Şair ilhamının alovlanmasında bu iki rus şairinin böyük təsiri olmuşdu. Abay “Yevgeni Onegin”i oxuyub bu əsərə heyran olmuşdu. Tatyananın məktubunu qazax dilinə çevirmişdi. Puşkinin Tatyanasını uzun müddət küsülü qaldıqları arvadı Aykərimlə eyniləşdirirdi. Abay Tatyananın məktubunu dombrada nəğmə kimi oxuyurdu. Məhz bu nəğmə Abayı yenidən Aykərimə qaytardı.

“Abay” romanı dastan estetikası üzərində yazılıb, əsərdə Abayın sevgi macərası usta qələmlə ana xəttin ətrafında haşiyələnib. İçini yanğın kimi bürüyən eşq sanki Abaya güc, qüvvə aşılayır, onu inandığı həqiqətə doğru sürükləyir. Toqjan onun nakam məhəbbətidir, lakin o, qaçılmaz ayrılığı da ləyaqətlə qarşılamağı bacarır. Abay Toqjanı itirdiyi gündən axtarır, amma bir gün çovğunda azırlar, Abay xəstələnir, hərarəti qalxır, şaxtadan donmaq təhlükəsiylə üz-üzə qalır. Amma zəngin qışlaqlardan birinə düşürlər, Abayı halsız vəziyyətdə çadıra aparırlar. Sən demə, illər boyu axtardığı Toqjan bu ailənin gəlini imiş. Toqjan bir həftə gecə-gündüz qızdırmadan sayıqlayan Abaya qulluq edir. Xəstə sağalır və Toqjan onunla əbədi vidalaşır. Eşqin ucqar bir məhəlləsində belə qəribə qarşılaşma və əbədi ayrılıq Abayın nəğmələrinə də sonsuz bir nisgil, hüzn səpələmişdi.

Atəş də, buz da var yanaqlarında,
İki yarpaq kimi bir əsir onlar.
Hamıdan yayınıb, hamıdan qaçıb
Yenə bir-birinə tələsir onlar.

Abayın ömrü atəşlə buz arasında keçdi.

Kənan HACI


Baxış sayı - 1 379 | Yüklənmə tarixi: 18.04.2020 07:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031