manera.az
manera.az

Nəsimi yaradıcılığına dair yeni kitab

📅 09.01.2020 11:06

Nəsimi yaradıcılığına dair yeni kitab
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin “Hüsnü-cəmal, əqli kamal (Nəsimi poetikasından incilər)” kitabı nəşr olunub.

Manera.az xəbər verir ki, akademik Teymur Kərimlinin elmi redaktorluğu ilə işıq üzü görən kitaba tanınmış füzulişünas alim Gülşən Əliyeva-Kəngərlinin dahi Azərbaycan şairi İmadəddin Nəsimi haqqında mülahizələri daxil edilib.

Nəsimi poeziyası heç bir ənənəvi estetik qəlibə sığdırmayan müəllif onun şeirinin poetik özəlliklərini sufi və hürufizm nəzəriyyələri kontekstində, Şərqə məxsus “qəvaidi-ədəbiyyə” əsasında açıb, ecazkar Nəsimi poeziyasına yanaşmağın yollarını göstərib.O, türk-islam dünyasının mütəfəkkiri İmadəddin Nəsimi poeziya nəhrindən keçməyi, mifik sehrli aləmindən, möcüzələrdən, fikrin sehr dolu cəngəlliklərindən, gerçəkliyin adiliklərindən, hərflərin və rəqəmlərin başgicəlləndirici mühitindən, cadu və rəmzlərin dolanbac cığırlarından, mistik düşüncənin ziqzaqlarından, hüsnün və eşqin durğunluğundan keçmək kimi qiymətləndirir.

Nəsimi şeirinin bədii fəlsəfi dünyasına girmək üçün Azərbaycan tarixini, İslam dini zənginliklərini, qədim türk əşirətlərini və qədim türklərin düşüncə tərzini dərindən bilməyin zəruriliyini, iki cahanı öz varlığına sığdıran, əslində yerlə göy sərhədlərində dayanan, Allahı insana endirən bir şair barəsində yazmağın çox mürəkkəb olduğunu bildirir.

Kitabda Nəsiminin şəxsiyyətinə və yaradıcılığına həsr olunmuş “Türk ruhunun poetik vüsəti”, “Şeirimizin “quş dili”, yaxud Nəsimi poeziyasında rəmz”, “Nəsimi poeziyasında “hüsnü-cəmal”, “Nəsimi poeziyasında Can, Cahan, Canan (kosmik aləmin dərki)”, “Nəsimi şeirində vəhdət: mürşid və mürid”, “İki dahi: Nəsimi və Füzuli şeirində ədəbi paralelizm”“Bütün zamanların dahisi (nəticə əvəzinə)” sərlövhəli məqalələr toplanıb.


Baxış sayı - 890 | Yüklənmə tarixi: 09.01.2020 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031