manera.az
manera.az

Öyrəş mənsizliyə, öyrəşə bilsən - Xasay Mehdizadənin şeirləri

📅 29.11.2019 12:28

Öyrəş mənsizliyə, öyrəşə bilsən - Xasay Mehdizadənin şeirləri
Manera.az "Unudulmazlar" rubrikasında Xasay Mehdizadənin şeirlərini təqdim edir:

İTİRDİM...

İtirdim nəmişli bir gündə səni,
İz tutub izini götürəcəklər.
Bəlkə də gözümün önündə səni,
Bu qoldan o qola ötürəcəklər.

Ayrılıq! Ayları yaşar bir anda,
Sabah dünəninə yad deyəcəksən.
Getdi baxışlarım yanaqlarında,
Qaytar, baxışımı neyləyəcəksən?

Qaytar, qayıdarmı eşqim, həvəsim?
Mən onu zindana salmaq istərəm,
Bir zaman səsinə qarışıb səsim,
Danış, səs payımı almaq istərəm.

Xəyallar qəlbimdə dolaşdı yenə,
Günlərim nə yaman uzaq - uzaqdır,
Mən qanad da taxsam çatmaram sənə,
Kiminsə kipriyi çatdıracaqdır.

Bir kövrək qanadlı qaranquş idin,
Üfüqdən - üfüqə keçdin, ötüşdün,
Dünyada mənimçün yaranmış idin,
Bəs niyə özgənin payına düşdün?

ÜRƏYİMİ DƏFN ETMİŞƏM İÇİMDƏ

Möhtacdırsa dil pərdəyə, göz qəmə,
Üzə düşüb elə belə söz demə,
Bir də məndən gördüyünü gözləmə,
Nə bütövəm, nə parayam elə bil.

Alan, satan, alır, satır hər nə ki,
Tərəddüdlər havasından nəm çəkir.
Alqı - satqı tünlüyündə məndə ki
Kasıb - kusub bazarıyam elə bil.

Bundan belə nə təkdəyəm, nə cəmdə,
Gözüm seçmir hesabı seçəm də.
Ürəyimi dəfn etmişəm içimdə,
Ürəyimin məzarıyam elə bil.

Yaşa doldum möhlətində bir anın,
Ta neyləyim, budu olub - qalanım.
Barısından quş da keçməz qalanın
Darvazasız hasarıyam elə bil.

Gəlişinə - gedişinə yol asan,
Harda desən çıx qarşıla, yola sal.
Bir şəhərin yüz şəhəri dolaşan
Sərnişinsiz qatarıyam elə bil.

BARIM - QUŞ YUVASI

O barı - bəhrəni gəz ayrısında,
Baxma boyum uca, qol - budağım çox,
Mən bir tək ağacam yol ayrıcında,
Barım - quş yuvası,
Ayrı barım yox.

Yol çəkər gözümü,
Yolçu da ki kəm,
Ürək intizarda, ümid tarımda.
Gəlsə, gələnlərim quşlar olacaq,
Hər gələn quş ilə çiçəklənərəm,
Qönçəm yuva - yuva budaqlarımda.

Gəlişlər - gedişlər özgə bir aləm,
Ya tək - tək, ya cüt - cüt, ya qatar - qatar,
Mən çoxdan quşlara ata eviyəm,
Yəqin hərəsinin bir umacağı,
Yəqin hərəsinin bir istəyi var.

Həyat yazqabağı başlar mənimçün,
Payız köçən quşun vida səsidir.
Bu gələn, bu gedən quşlar mənimçün
Ya bahar, ya payız müjdəçisidir.

Hərdən bir yuvada qalar ürəyim,
Hər cücə səsinə qoşulan mənəm,
Yuvalar dolduqca dolar ürəyim,
Elə ki, boşaldı, -
Boşalan mənəm.

Daşar qanad - qanad budağın barı,
Baxıb şənlənərəm bar yiyəsitək,
Mənim qazancımdır quş etibarı,
Bir ömür bəsimdir, elə bilirəm,
Bəs eləyəcək.

Mənə də pay düşər hər quş dölündən,
Sevincmi, kədərmi, həsrətmi, qəmmi?
Yarıya bilmədim adam dilindən
İndi öyrənirəm quş dillərini,
Qoy görüm öyrənə biləcəyəmmi?!

...Yersizə, yurdsuza yer də yük olar,
Can ver yük altında,
Yük altda yaşa.
Bu da bir taledir, neyləmək olar,
Özüm didərginəm, – yurdsuz - yuvasız,
Sinəm yurd yeridi nə qədər quşa.

ÇEVİR BALINCINI

Sən orda gecəni gözünə yığıb,
Qəfildən diksinsən qulağı səsdə;
Yorğanın ucunu gözünə sıxıb
Çevrilsən o biri üzünün üstə,
Burda mən bilməsəm, -
Qınarsan məni.

Tutsan kirpiyinin ucunda belə,
Bir qırpım içində nəyisə duysan;
Nolar, lap yuxunun içində belə
Buz bilib əlini üstümə qoysan,
Axıb süzülməsəm, -
Qınarsan məni.

Hərdən xatirələr qalxsa, bir ovsun,
Oxu, ovqatında uyusun nə qəm.
Gecənin harası olursa - olsun,
Çevir balıncımı yadına düşsəm,
Yuxuna gəlməsəm, -
Qınarsan məni...

TORPAQDAN TORPAĞA

Yolum düşməmişdi birdən ikiyə,
Mən hardan biləydim hədərmiş bu yol.
Quş getsə, yarıda qanad salarmış,
At getməz, it getməz, bəlkə də hələ
Betər deyiləndən betərmiş bu yol.

Sabun köpüyündə özülü gördüm,
Özül dayağından üzülü gördüm,
Elə bir həsirmiş, Məmmədnəsirmiş,
Hara yön çevirdim özümü gördüm,
Özümdən özümə gedərmiş bu yol.

Əzildim, kəsildim, dinə bilmədim,
Neyləmək istəyir mənə, bilmədim,
Ha dedim dönərəm, dönə bilmədim,
Anladım, alnıma yazılıb artıq, -
Bu yol qismət imiş,
qədərmiş bu yol.

Tor atdım dərəyə, tor dağa çıxdı,
Sən at atdığını, torpaq açıqdı.
Əzəli torpaqdan başlanan yolun
Axırı yenə də torpağa çıxdı,
Torpaqdan torpağa qədərmiş bu yol.

QINAMAYIN QARAĞACI

Yarpaqlıdır, dözməyəcək budaqlar,
Sındıracaq qar ağacı, neyləsin,
Qar yağdığı olmamışdı bu vaxtlar,
Qınamayın qarağacı, neyləsin.

Yer qurtardı, aya barmaq qoydular,
Elə bilmə dolandılar – doydular,
Dərman deyib qabığını soydular,
Qurumasın nar ağacı, neyləsin.

Bir balığıq, mən dərində, sən üzdə,
Harda barmaq – orda qarmaq, sən izlə,
Dalğa vurub dağ yıxırsa dənizdə,
Bir çubuqdu dor ağacı, neyləsin.

Çox nizamda az da birdi, çox da bir,
Səbrin olsun açıqlayım, toxta bir,
Baxıb gördü var da birdi, yox da bir,
Ta bar vermir bar ağacı, neyləsin.

Ha dedilər haqqı danma, o dandı,
Ocağını kül elədi, od andı.
Asan adam, asılan da adamdır,
Ağacdı ki, dar ağacı, neyləsin!...

HƏLƏ DİLİM GÖDƏK...

Demə çox şeyləri dərk elədim ta,
Hələ üzülürəm bu darda, ana.
Qohum yox,qardaş yox, ya bir həyan yox,
Səni tanıyan yox,sən tanıyan yox
Başın ağrıyanda qolundan tuta,
Mən burda yalqızam,
Sən orda, ana.

Mülk məzar mülküdür,əl-ətəyi gül,
Dərd çiçək içində, neyləyək, axı.
Bu da bir təsəlli,
Hamıya bəlli,
Hərə bir baş daşı, durub elə bil
Baxır məzarına üstdən aşağı.

Cavanı, qocası, kamı,nakamı,
Dodağı sükutdur sözün-söhbətin.
Bu sükut elə bil danışır nəsə,
Söz olub hamı,
Ancaq kim nə deyir,anlamaq çətin.

Hava qəm qoxuyur,gözləri dolub,
Hər nəfəs çəkəni ardınca çəkər.
Hər qəbir bir kitab, örtülü qalıb,
Aç oxu,
Keç oxu bacarsan əgər.

Tutmadı calağım, bitmədi əhdim.
Ömür nəsə belə boş olub, ana.
Üzümü-gözümü qəbrinə çəkdim,
Elə bil əllərin daş olub, ana...

Sual çox, cavab yox, hər duyğu bir sirr,
Sən də tıncıxmısan elə bil nəsə.
Şəklinə baxıram, şəklin həminki,
Di gəl gözlərimə birtəhər dəyir,
Bir az sınıxmısan elə bil nəsə.

Hələ çox döyəcək bu dolu bizi,
Kül töküb bir yerdə qala bilmirik.
Verdik əlimizlə yurd yerimizi,
Söz yağır havası iyirmi ildir,
Gedir söz davası iyirmi ildir,
Bir qəbir yeri də ala bilmirik..

Yönsüzdür bu həyat,
Yoxsa yönü var?-
Bir ucu vağzalı, bir ucu cəngi
Bəlkə məzarın da qürbət günü var,
Yerlisi,yersizi,didərgini var,-
Xiffət eləməyib neyləyəsən ki?!...

Torpaq övladıyla gərək barına,
Bizki kəc baxmadıq bu anda, ana.
Məzarın hələ də
Qalıb belədə,
Doğrulda bilmədim vəsiyyətini,
Apara bilmədim torpaqlarına,
Hələ dilim gödək, üzüm qaradı
Yanında, ana.

Sən varsan,mən yoxam,boşdur bu dünya,
Hardasa bu boşluq dolur yoxsa ki?
Nə ölüb yanına gələ bilirəm,
Nə yatıb yanında qala bilirəm,
İçi mən qarışıq,
Həmən qarışıq,-
Heçdi bu dünya,
Heç olmaq nə təhər olur yoxsa ki?!...

SÖZÜMÜN ARASINDA

Kim gördü odumda - tüstümdə məni,
Ömrümə - günümə kim oldu ortaq.
Torpaq saxlamadı üstündə məni,
Sözdən tuta bilsəm, söz saxlayacaq.

Kəndiri qırıqmış vaxt - vədə belə,
Baxma ki bir üzü bərli - bəzəkli,
Hər ölən sözüylə ölsə də belə,
Hər qalan sözüylə qalar söz əhli.

... Ta dönüb söz oldum, sonum bu yəni,
Sözün Küründəyəm, Arazındayam.
Ta dağda - dərədə axtarma məni,
Burdayam, sözümün arasındayam,
Yazımın - pozumun arasındayam.

ÖYRƏŞ MƏNSİZLİYƏ

Sən görən dəryalar bir udum daha,
Daha çaylaq yeri boldu səninçün.
Mənə bulaq demə, qurudum daha,
Qupquru su arxı qaldı səninçün, -
Öyrəş mənsizliyə.

Dəyişir səmtini xeyir – şər artıq,
Bozarır rüzgarın rəngi, görürsən.
Yəl əsir,oynaşır yengələr artıq,
Sən ki,yanımdasan,sən ki görürsən, -
Öyrəş mənsizliyə.

Mənzilə çatmadım,
Məqam çatıdı,
Hər anın diqtəsi,hökmü var, qəfil,
Ömür dediyimiz qum saatıdır,
Süzülə - süzülə qurtarır qəfil,-
Öyrəş mənsizliyə.

Bu da belə yoldur,
Ya yeri, ya dur.
Gözün sulandıqca uzaqlara bax,
Bu dünya mənimlə yaranmayıbdı,
İnan ki, mənsiz də dağılmayacaq,
Öyrəş mənsizliyə.

Közərə- közərə od külə donub,
Bir sabah atəşdim, bir axşam suyam.
Haçansa əl boyda şəkilə dönüb,
Başının üstündən asılasıyam, -
Öyrəş mənsizliyə.

Bu bir adilikdir, əslinə baxsan,
Əzəl də tək idin, axır da təksən.
Ta özün-özünlə danışacaqsan,
Ta özün-özünlə kiriyəcəksən, -
Öyrəş mənsizliyə.

İl gedər, gün qalar, - əldə, ayaqda,
Kim səni düşünər görən, sən kimi.
Eh, hələ nələr var, nələr qabaqda,
Səhra susuzluğa öyrəşən kimi
Öyrəş mənsizliyə.

Ya fərq eləməz ki,ya əy, ya əyil,
Onsuz da yarpağa xal düşür artıq.
Yox daha zarafat zamanı deyil,
Zəmi vaqanıyıbb, yetişi artıq,
Öyrəş mənsizliyə…
Öyrəş...hə...bilsən,
Öyrəş mənsizliyə,
Öyrəşə bilsən....

HALAL EYLƏ

Həyat səndə, xülya səndə,
Mən nə gördüm, dünya, səndə.
Yaşamışam guya səndə,
Halal eylə.

Dağdan-daşdan axıb getdim,
Dağa-daşa baxıb getdim.
Can, səndən də çıxıb getdim,
Halal eylə.

İşim nəydi, gücüm nəydi,
Günahım nə, suçum nəydi,
Ay kim, sənə borcum nəydi? -
Halal eylə.

Qonaq qəfil, hökmü kəsə,
Eşidirəm əsə-əsə.
Yaddan çıxar qalar nəsə,
Halal eylə.

Ayın - ilin bir günüyəm,
Yaradanın sirr günüyəm.
Mən halallıq sürgünüyəm,
Halal eylə,
Halal eylə...

Təqdim etdi: Tural Adışirin


Baxış sayı - 1 332 | Yüklənmə tarixi: 29.11.2019 12:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031