Tanınmış dilçi alimin yeni kitabı çapdan çıxıb

Dövlət Dil Komissiyasının üzvü, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun “Adiloğlu” nəşriyyatında “Dilin möcüzəli imkanları” adlı yeni kitabı çap olunub.
Manera.az xəbər verir ki, kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədli, rəyçiləri isə filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova, filologiya üzrə elmlər doktoru Sərdar Zeynal və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevdir.
Kitabda dilin tükənməyən bir möcüzə olduğu öz təsdiqini və təzahürünü tapır, dil quruculuğu prosesinin diqqəti cəlb edən tərəfləri təhlil olunur, eləcə də Azərbaycan dilinin fərdlər arasında birlik yaratmaq imkanları diqqətə çatdırılır. Əsərdə Vətənə, dilə aşıqliyin sevgidən başlanmasına, Azərbaycan dilinin könül, ürək və aşiqlərin dili kimi hər bir azərbaycanlının həyatında oynadığı rola xüsusi yer ayrılır.
Nəşrdə, həmçinin Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları təbii bir prosesin nəticəsi kimi dil faktları əsasında araşdırılır, dilin praktik və mövcud imkanları xüsusi olaraq tədqiqat obyektinə çevrilir.
Qeyd edək ki, Buludxan Xəlilov 42 kitabın (dərslik, dərs vəsaiti, monoqrafiya), 7 tədris proqramının və 400-dən çox elmi məqalənin müəllifidir.