Tarixdə təkcə izlər qalmır... - XATİRƏLƏR |MANERA.AZ

Tarix:30-01-2018, 17:34 Baxış Sayı:539

Tarixdə təkcə izlər qalmır... - XATİRƏLƏR  |MANERA.AZ

TARİXDƏ TƏKCƏ İZLƏR QALMIR, HƏM DƏ ÖLMƏZ İNSANLARDAN ŞİRİNLİ - ACILI XATİRƏLƏR QALIR...

Zaman-zaman mənfur və məkrli qonşularımızın bizim başımıza gətirdikləri qəddar oyunlar, amansız faciələr nə bitir, nə də tükənir...

İllər, onillər, qərinələr, yüzillər keçsə də, bizim köksümüzə vurulan çalın-çarpaz dağlar, yaralar azalmayıb, əksinə, artıb-çoxalıb. Biz onlara qoynumuzda yer verdikcə, o yaramaz köküyoxlar daha da ürəklənib, daha da irəliləyib, əzəli-əbədi torpaqlarımızı zəbt edə-edə, yeni-yeni əraziləri öz “ərazilərinə” qata-qata özlərinə yoxdan “Vətən” düzəldiblər, bununla da sakitləşməyiblər, yeni iştahlara düşərək, ağlaya-ağlaya, sızlaya-sızlaya bütün dünyaya car çəkib, Türklər tərəfindən daim incidildiklərini, assimilyasiyaya, genosidə məruz qaldıqlarını “sübut edən” kitablar yazıb- yazdırmış, əksər dünya dillərinə tərcümə edib yaymışlar. Beləliklə, bizi dünyanın xalqları arasında “vəhşi”, “qaniçən” obrazında qələmə verməyə çalışıblar və təəssüflə deməliyik ki, çox zaman buna nail də olublar.

Bizim də ziyalılarımız, aydınlarımız, işıqlı mütəfəkkir ictimai xadimlərimiz uzun illər ərzində heç də boş-bekar oturmayıb, tarixi həqiqətlər fonunda real hadisələri özündə əks etdirən cild-cild əsərlər, kitablar yazaraq, faktlarla, arqumentlərlə əsil vəziyyəti bəşəriyyətə çatdırıblar. Doğrudur, bütün dünyanı öz məkrli niyyətlərinə inandırmağa nail olmuş ermənilərin həyasızlığı fonunda həqiqətlərin əks olunduğu, real tarixi faktların yer aldığı, gerçəkliklərlə boyaboy dolu olan bu cür kitabları çap etdirmək olduqca çətin başa gəlirdi, bəzən heç mümkün olmurdu. Hər halda, az da olsa, bu qəbildən çox qiymətli mənbə rolunu oynayacaq kitablar çap olunub və nə yaxşı ki, olunub.

Belə qiymətli əsərlərdən biri də “Giriş” hissəsini diqqətinizə çatdırdığımız “Tarixdə qalan izlər” adlı tarixı-sənədli monumental romandır. Əsərin müəllifi bu yaxınlarda Göyçə, Zəngəzur, Dərələyəz, Basarkeçər və s. kimi tarixi torpaqların həsrətiylə dünyasını dəyişmiş pedaqogika üzrə elmlər doktoru, əməkdar müəllim, unudulmaz ziyalı Məmməd Əli oğlu Hüseynovdur. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, təkrar çapına qərar verdiyimiz “Giriş” olduqca qiymətli bir mənbədir. Mərhum alimin ruhuna rəhmətlər diləyərək, bu yazını sizin ixtiyarınıza verməyi özümüzə müqəddəs borc bildik...

Ata Yurdum
Zəngibasar, İrəvan
(1931-1947)


Zəngibasarda yay ayları çox isti olduğundan atam bizi 1940-cı ilədək Qızılziyarət, Ağmanqan, Üçtəpə, Ələyəz, Arxaşan yaylaqlarına aparardı.
Yadımdadır, yaylağa dəvələrlə gedirdik. İstidən qorunmaq üçün yolun çoxunu gecələr gedərdik. Dəvənin belində yuxulayardıq. Atam bizi oyatmaq üçün hey səsləyər, anam isə bizi yaylıqla dəvənin daşıdığı yükün ipinə bağlayardı ki, yıxılmayaq. Bu şirin anları indi də xatırlayıram... Daha şirin və təhlükəsiz yuxuları isə yaylaqda, yağışlı gecələrdə, çadırın altında görürdüm. Bəzən çadırın açıq yerlərindən üzümə düşən yağış damcıları məni yuxudan ayıltsa da, sərinliyi ilə xoş əhval yaradır, yuxumu daha da şirinləşdirirdi. Yaylaqlarımız səfalı və gözəl idi. Uşaqlarla hər gün gəzintiyə çıxar, gül-çiçək yığar, oynayar, istirahət edərdik. Bəzən də hündür təpələrdən əyri dağ yollarına baxar, kiminsə aradan gəlişini müşahidə edərdik. Hər dəfə atamın gələcəyini səbirsizliklə gözləyərdik. Atamın gəlişi bizi çox sevindirərdi...

Uşaqlıq illərindən xatirəmdə yaşayan hadisələrdən biri kəndimizdə dini mərasimlərin qeyd olunmasıdır. Xatırlayıram ki, Ramazan ayında yaşlılar oruc tutar, namaz qılar, məscidə gedər, əhya gecələrində sübhədək yuxusuz qalardılar. Qurban bayramında qurbanlar kəsilərdi. Novruz bayramına bir neçə gün qalmış kəndimizin sakinləri Zəngi çayının sağ sahilindəki qəbirstanlığa gedər, əzizlərinin qəbirlərini ziyarət edər, dua oxuyar və ehsan paylayardılar.

Kəndimizdə Novruz bayramını böyük təntənə ilə qeyd edərdilər. Cavanların yumurta döyüşdürməsini, təzə gəlinlərə, nişanlı qızlara, qohumlara aparılan xonçaları, bayram hədiyyələrini indi də xatırlayıram.

1936-cı il idi. Onda mən beş yaşındaydım. Atam Əli Məşədi Hüseyn oğlu və anam Zəhra Məşədi Abbas qızı kolxozda işləyirdilər. Bacım Səriyyə beşinci, qardaşım İbrahim üçüncü sinifdə oxuyurdu. Kəndimizdəki yeddiillik məktəb görkəmli partiya və dövlət xadimi, böyük ədibimiz Nəriman Nərimanovun adını daşıyırdı. Məktəb Arbat, Zəhmət və Qaraqışlaq kəndlərinin aralığında yerləşirdi. Bu məktəbə rayonun başqa kəndlərindən də şagirdlər gəlirdi. Zəhmət məktəbini bitirənlər Zəngibasar (Uluxanlı) kənd orta məktəbində təhsil alırdılar. Atam və anam işə, bacım və qardaşım isə məktəbə getdikdə mən və kiçik bacım Tərlan həyətdə sahibsiz qalmayaq deyə məni məktəbə, kiçik bacımı da iş sahəsinə aparırdılar. Mən beş yaşımdan bacım Səriyyə ilə bərabər onun oxuduğu məktəbə gedər, müəllimlərin dediklərini başa düşməsəm də, onları dinləyirdim.

Altı yaşım tamam olduqda məni birinci sinfə qəbul ediblər. O zamandan da təhsil illərim başlayıb. İbtidai siniflərdə müəllimim Mərziyyə Cəlilova idi (əslən İrəvanlı olan bu gənc müəllimə bizi çox sevir və yaxşı öyrədirdi. Mərziyyə müəllimə Zəhmət məktəbində 40 ildən çox ibtidai sinif müəllimi işlədi, atası- adlı-sanlı maarifpərvər, böyük şərqşünas alim Mirzə Hüseyn Ağanın vəsiyyətinə sadiq qaldı, maarifimizin inkişafına böyük əmək sərf etdi.) İbtidai təhsilim 1941-ci ildə uğurla başa çatdı. Beşinci sinifdə oxuyarkən Böyük Vətən Müharibəsi başlandı. Müəllimlərimiz cəbhəyə göndərildi. Onlardan bir neçəsi həlak oldu. Təhsilimdə uğursuzluqlar baş verdi. Müəllimlər olmadığından təhsil sistemi pozuldu. Bəzən həftələrlə məktəbdən qalırdım.
1941-1945-ci illərdə ailəmiz maddı və mənəvi sıxıntı içərisində yaşayırdı. Müharibənin acı nəticələri ilə yanaşı, ailəmiz böyük itki ilə üzləşdi. 1943-cü ilin baharında bacım Səriyyə və qardaşım İbrahim dünyalarını dəyişdilər. Ailəmizə əbədi məyusluq sükutu çökdü. Hər dəfə məktəbdən qayıdarkən anamı ağlayan görürdüm. Atam da pəjmürdə və tənha çalışır, axşamlarsa “Qurani- Kərim”i səssiz oxuyardı. Atam bəzən məni və anamı sakitləşdirmək üçün acı talelərdən misallar çəkər, əhvalatlar danışardı. O, bizə səbirli olmağı, kədərə dözməyi məsləhət etsə də, özü bu kədərə dözə bilmir, gündən –günə sürətlə qocalırdı. O, həyatının sonunadək bir dəfə də olsun ürəkdən gülmədi. Həmişə fikirli və sükut içərisində yaşayırdı. Ömrünün sonunadək bacımın və qardaşımın ölümünün səbəbini mənə demədi. Sonralar mənə aydın oldu ki, “həkimlər”in günahı ucbatından atam öz cavan övladlarını itirmişdir. O illərdə həqiqətin araşdırılması çətin olduğundan atam öz daxili dünyasında fikirlərə və düşüncələrə qərq olaraq yaşayıbdır. Atam hər dəfə məni ehtiyyatlandırar, diqqətli olmağa çağırardı. Bu faciəli ölümün səbəbi axıracan aşkar olmasa da, şübhələndiyim nadan şəxslərə indi də nifrət edirəm. Bu şəxslər o dövrün “həkimləri” olublar...

Yaxşı yadımdadır. Novruz bayramına bir neçə gün qalmışdı. Həzin və isti bahar küləyi əsirdi. Məktəbdən evə qayıdırdım. Camaatın bizə toplaşdığını gördüm. Qonşular anamın başı üstündə ağlayırdılar. Bu ağır faciəni heç unuda bilmirəm. Hər dəfə bahar gələndə, həzin külək əsəndə həmin faciəni xatırlayıram. Yaşadığımız əsrdə bu bizim ailəyə ögüy münasibətin növbəti acı nəticəsi idi. Buna oxşar ilk hadisə 1905-ci ildə olmuşdu. O zaman qonşu erməni kəndindən bizim kəndə atılan tüfəng qülləsi atamın əmisini öldürmüşdü. 1918-ci ildə isə erməni ekstremistləri kəndimizi gülləbaran edərkən bibim öldürülmüşdü. Bu faciələr atamı hədsiz dərəcədə sarsıtmışdı. Digər tərəfdən, anamın üç qardaşı: Cəlil, Məhərrəm və Cabbar Quliyev qardaşları Böyük Vətən Müharibəsinə getmişdilər. Onlardan birinin –Quliyev Məhərrəmin ölüm xəbəri gəlmişdi. Həmin illərdə anam ayaqlarını soyuq suya salıb, Allaha yalvarırdı ki, ailəmiz bəlalardan uzaq olsun (onun illərlə bayatı deyərək göz yaşları axıtdığını indi də xatırlayıram). Həmin illərin mənfi təsirindən anam ağır xəstəliyə tutuldu və ömrünün sonunadək əziyyət çəkdi.

Müharibə illərində bir tərəfdən aclıq, digər tərəfdən də təhsilimin pozulması məni həvəsdən salmışdı. V-VII siniflərdə oxuduğum illərdə günümün çox hissəsini evdə keçirirdim. Anamı tək buraxmaq istəmirdim. Müharibənin acı nəticələri, qohum-qonşu cavanların cəbhədə ölümü məni uşaqlıq aləmindən ayırmış, gənc vaxtlarımdan qocaltmışdı. Çətin şərait məni uşaqlıqdan ailə dərdi çəkməyə vadar etmişdi. Ailəmizin son ümidi mən idim. Ata nəsihətinə sadiq qalaraq, təhsilimi İrəvan Azərbaycan Pedaqoji Texnikumunda davam etdirməyi qərara aldım.

Müəllim olmaq mənim ilk arzum olub. Bu peşəni çox kiçik yaşlarımdan seçmişəm. Bu peşəyə məni atam yönəltmişdi. Atam təhsilli olmasa da, savadlı,maarifpərvər idi,ərəb əlifbası ilə yazıb –oxumağı bacarırdı. Mən onu kitab oxuyarkən maraqla dinləyirdim. O, hər dəfə mənə deyərdi: “Oğlum, qabaqcıl elm adamları maarifə böyük qiymət vermişlər. Sən də onlrın məsləhətlərinə sadiq ol. Oxu, elmə yiyələn, xalqımıza xidmət et. Xalqı bu ağır günlərdən yalnız elm xilas edə bilər...”

Pedaqoji Texnikumda təhsil illərim (1944-1947) çox ağır keçdi. Müharibənin acı nəticələri- böyük itkilər, aclıq və mənəvi sarsıntı məni tələbə aləmimdən ayırmışdı. Zahirən gündəlik tələbə qayğılarımla çalışan kimi görünsəm də, daxilimdə dərin hisslər keçirirdim. Ağlıma gələnləri özümlə bölüşürdüm. Bəzən iqtisadi çətinliklərdən qurtarmaq barəsində düşünür, bəzən də milli münasibətlərin kəskinləşməsinin səbəblərini təhlil edirdim. Eşitmişdim, bizdən böyüklər deyirdilər ki, əsrimizin əvvəlində indiki Ermənistanda yaşayan əhalinin yarıdan çoxu azərbaycanlı olub. Daha əvvələr isə İrəvan xanlığı dövründə əhalinin daha çox hissəsi və xan babalarımız azərbaycanlılar olub. Yazılı mənbələrə görə, 1410-1827-ci illərdə İrəvan xanlığını azərbaycanlılar idarə etmişlər. Bu da Ermənistanda azərbaycanlıların əksəriyyət təşkil etdiyini sübuta yetirən faktlardır (Bax: Erməni Sovet Ensiklopediyası, c.3, səh. 571).

Yazılı mənbələrə görə, 1805-ci ildə birinci Rusiya-İran müharibəsi zamanı rus qoşunları İrəvan xanlığını tutmaq üçün hücum edir. General Sisianovun başçılığı ilə İrəvan qalası mühasirəyə alınır. İrəvan xanı Hüsyn xanın qoşun dəstələri qalanı mərdliklə müdafiə edir. İrəvan qalası uğrunda döyüşlərdə məğlubiyyətə uğrayan rus generalları rus çarı tərəfindən yeniləri ilə əvəz edilir. General Sisianov, general Paskeviç, general Qudoviç bu döyüşlərdə məğlubiyyətə uğrayırlar. Çar yeni qoşun dəstələri göndərərək ordusunu möhkəmləndirir. İkinci Rusiya-İran müharibəsi zamanı (1826-1828) Abbas-Mirzə İran qoşunu ilə İrəvan xanına köməyə gəlir. Rus qoşunu yenə məğlub edilir. Bundan sonra qoşunu yeni toplarla silahlandıran general Paskeviç İrəvan qalasını şiddətli top atəşinə tutur və nəhayət, qalanı alır.

1828-ci ildə Rusiya ilə İran arasında bağlanan “Türkmənçay” müqaviləsinə əsasən, İrəvan xanlığının ərazisi – Ağrı dağı düzənliyi, Göyçə gölü hövzəsi və Araz çayının cənub- qərbinə uzanan ərazi Rusiyanın tərkibinə qatılır. İrəvan xanlığı Şimalı Azərbaycanda rus istilasına məruz qalan sonuncu xanlıq olur. Tarixi məlumatlara əsasən, İrəvan xanlığının ərazisi əvvəllər farsların, parfiyalıların, romalıların, VII əsrdən ərəblərin, XI əsrdən XIX əsrin əvvəllərinədək Türkiyə və İranın hakimiyyəti altında olmuşdur. Ümumiyyətlə, bu torpaq tarixdə 14 dəfə əldən-ələ keçmişdir. Çar Rusiyası Qafqazda Azərbaycanın mövqeyini zəiflətmək üçün İrəvanın ətraf rayonlarına İrandan 40 min, Türkiyədən 85 min və qalan ölkələrdən 75 min (cəmi 200 min) erməni yerləşdirir. Bu həqiqət erməni və rus müəlliflərinin çap etdirdiyi kitablarda da etiraf olunur.

Xan babalarımızın ilk uğurları barədə düşüncələrim məni qəlbən fərəhləndirir, onların sonrakı uğursuzluqları isə məndə millətçi və şovinist hakim dairələrə qarşı nifrət hissi oyadırdı. Mən xan babalarımızın tarixi qəhrəmanlıqlarından ruhlanaraq, soydaşlarımızın öz ata- baba yurdlarında mərdliklə yaşamasını arzu edirdim. Lakin Qafqazda gedən siyasi oyunları Rus imperiyasının təşkil etdiyini yadıma salıb əzablar keçirirdim...

Pedaqoji Texnikumda bizə Azərbaycan tarixi tədris edilmirdi. Ermənistan azərbaycanlılarının tarixi haqqında da məlumatlar verilmirdi. Nə erməni, nə də Azərbaycan tarixçiləri Ermənistan azərbaycanlıları haqqında yazmağı özlərinə rəva bilməmişlər. Biz hər iki xalqın tarixindən kənarda qalmışıq... Mən müəllimlərdən və yaşlılardan öyrəndiklərimi texnikumda oxuduğum illərin vəziyyəti ilə müqayisə edirdim. Fikirləşirdim ki, necə olub, qədim ata- baba yurdlarımızda özgələr inkişaf tapıb, biz isə əsrlər boyu yaşadığımız bu doğma diyarda zaman –zaman zəifləmişik, “gəlmələr” hesab edilmişik?!.
Texnikumda Azərbaycan dili fənnini qocaman maarif xadimi Mehdi Kazımov, ədəbiyyatı Fərhad Fərhadov, tarixi Bəhlul Yusifov və Rəziyyə İsmayılova, coğrafiyanı Ələşrəf Bayramov və Sura Əkbərova, fizikanı Cəlal Əsgərov tədris edirdilər. Bu müəllimlər həm də İrəvan Pedaqoji İnstitutunda dərs deyirdilər. Azərbaycanlıları Ermənistandan zorla köçürəndə (1948) bu müəllimlərdən bir neçəsi Bakıya pənah gətirdi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işlədilər, elmi dərəcələr də aldılar.

Texnikumun direktoru Bəhlul Yusifov idi. O, Bakıya məcburən köçdükdən sonra direktor Həbib Məmmədzadə oldu. Pedaqoji Texnikumun müəllimləri çox hazırlıqlı və tələbkar idi. Hər bir müəllim bizi savadlı olmağa, xalqa namusla, qeyrətlə xidmət etnməyə çağırırdı. Onların qəlbi sözlə dolu idi. Bizə hər şeyi açıq danışır, xalqımızın taleyi haqqında bəzi məqamlardan söhbət açır, lakin bu məqamlardan çıxış yolunu bizə göstərmir, nədənsə çəkinir, ehtiyat edirdilər. Görünür, qondarma qonşulara güzəştə gedirmişlər...

Xatırlayıram ki, coğrafiya müəllimimiz Ələşrəf Bayramov indi Ermənistan adlandırılan ərazidə qədimdən azərbaycanlıaların yaşadıqları ərazilər və türk mənşəli adlar haqqında bizə təfsilatlı məlumatlar verirdi.

Tarix müəllimimiz Rəziyyə xanım İsmayılova Ermənistan ərazisindəki tarixi abidələr, İrəvan şəhərindəki məscidlər, karvansaralar və Zəngibasar rayonunun Cəfərabad kəndində XV əsrdə inşa edilmiş Türbə haqqında maraqlı söhbətlər edirdi. Bu türbədə Əmir Səidin, oğlu Pir Hüseynin və Qaraqoyunlular Sülaləsinin başçısı Qara Yusifin (1410 – 1420) sərkərdəliyindən bəhs edilir.

İrəvandakı yer adlarına diqqət yetirək:

Məhəllələr: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkçülər,
Məscidlər: Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zalxan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi.

Meydanlar: Məscid meydanı, Zalxan meydanı, Fəhlə meydanı, Şəhər meydanı, Böyük meydan.

Bağlar: Dərə bağı, Dəlmə bağı, Dəmirbulaq bağı, Dərəkənd bağı, Şəhər bağı, Abbas bağı.

Bulaqlar: Dəmirbulaq, Dəlməbulaq, Sərdarbulaq.

Çaylar: Gedərçay, Qırxbulaq, Zəngi, Gərni

Karvansaralar: Gürcü, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacı Əli karvansaraları (İsrafil Məmmədov, “Tariximiz, torpağımız, taleyimiz”, “Adiloğlu” nəşriyyatı, Bakı 2002, səh.34)

Müəllimlərin və yaşlı nəslin məlumatlarından aydın olurdu ki, 1930-cu illərdən başlayaraq şəhərdəki məhəllələr, bulaqlar, meydanlar, karvansaralar, bağlar, məscidlər dağıdılır, yeni küçələr, meydanlar, bağlar və qondarma abidələr yaradılırdı.

1948-ci ildə azərbaycanlıları Ermənistandan zorla köçürdükdən dərhal sonra hər şey, hətta çayların, dağların, kəndlərin adları da sürətlə dəyişdirildi.
Zəngi çayı Hrazdan, Araz çayı Araks, Ağrı dağı Ararat, Göyçə gölü Sevan adlandırılırdı. Gedərçayın şəhərin mərkəzindən keçən hissəsi beton plitələrlə örtüldü...

Ancaq yaşlı nəslin yaddaşında dağıdılan yerlərin əvvəlki adları 80-ci illərə qədər yaşayırdı. Tramvay yollarının üzərində olan məhəllələr – Şiləçi, Toxmaq, Təpəbaşı, Yoncalıq və s. öz adları ilə səslənirdi.

Dağıdılmış yerlər çox idi. Bu yerləri hər gün, hər saat görürdüm. Xatırlayıram ki, kəndimizdən İrəvana gedəndə yolum azərbaycanlılar yaşayan Göykümbət, Cəfərabad və Xaraba Sarvanlar kəndindən keçirdi. Göykümbətin adı Geğanist, Cəfərabadın adı Arqavant oldu... Xaraba Sarvanların faciəsi daha böyük oldu. Bu kənd İrəvanın yaxınlığında, Xan körpüsündən 3 km məsafədə, Zəngi çayının sağ sahilində hər tərəfi təpələrlə əhatə olunmuş ərazidə idi. Azərbaycanlılar bu kənddən köçürüldükdən sonra kəndin evləri texnika ilə dağıdıldı. Zəngi çayının qarşısında bənd vurub, bu kəndin ərazisində süni göl yaratdılar. Kənd bütövlüklə gölün dibində qaldı. Canlı həyat məhv oldu.... Az sonra “Qələbə” körpüsü inşa edildi. İrəvan – Eçmiədzin yolunun istiqaməti dəyişdirildi. Yolu akademik Heydər Hüseynovun atasının bağından saldılar. Bağın çox hissəsi tapdaq altında, az hissəsi yoldan kənarda qaldı... Hər dəfə İrəvana gedərkən gözüm Cəfərabad kəndindəki Türbədə, Xaraba Sarvanların ərazisindəki süni göldə, tapdaq altında qalan bağda və Xan körpüsündə olardı. Bu yerlərdən avtobusla 10-15 dəqiqəyə keçirdim. Bu yerləri gördükdən sonra saatlarla xəyala dalırdım.

İrəvana Zəngibasardan getdiyim zaman yolum şəhərin dəmiryol vağzalından düşürdü. Azərbaycanlıların dəmiryol vağzalına yaxın məhəlləsində, XVI əsrdə inşa edilmiş Hacı Novruzəli məscidinin yerində Sasunlu Davidin heykəlini görürdüm. Tarixlərin canlı şahidi Hacı Novruzəli məscidi 1931-ci ildə dağıdılmışdı. Bu yerlər sanki dil açıb mənimlə danışırdı. Onların hər biri öz əzəli təbiiliyindən və sonrakı süniliyindən söz açırdı... Görün, necə də çətin yanğıdı Vətən yanğısı!

Doğma diyarda yaşadığım illərdə hər dəfə keçmişimizi yada salan yerlərdən keçəndə qəlbimdə Vətən yanğısı baş qaldırırdı, təəssüf hissi keçirirdim. Bəzən də dağıdılmış yerlərin yanında dayanıb, buraların əvvəlki yaraşığını xəyalımda canlandırırdım. Bu aralarda qəlbimdə məğrurluq hissi güclənir, intiqam hissi artırdı. Hər şeyin yenidən qurulacağına ümid edirdim. Vətən hissi, Vətən yanğısı, Vətən qayğılarından ayrıldığım bir anım olmadı, məğrurluq hissim heç vaxt sönmədi. İndi də əminəm ki, öz ata- baba torpaqlarımıza qayıdacağıq. Bu problemin ədalətli həlli yaxındadır...

O illərdə mübarizə üçün hazır olmasam da, böyüklərin söhbətindən hiddətlənər, bəzən bir kənara çəkilib saatlarla mənə əzab verən məsələləri götür-qoy edirdim. Bu zaman özümü son dərəcə gücsüz və kimsəsiz sanırdım.Çoxları üçün firavan görünən həyat mənə çox faciəli, dumanlı və müəmmalı görünürdü. Özümü heç cür rahat hiss etmirdim. Mənə elə gəlirdi ki, bizi çox böyük fəlakət gözləyir...

Texnikumun müəllimləri bizə yaxından qayğı göstərirdilrər. Bizə müharibənin gedişindən məlumatlar verir, qələbəyə böyük ümidlər bəsləyirdilər. Mənə aydın idi ki, müəllimlərimiz ehtiyac içərisində yaşayırlar. Onlar çox nimdaş geyinirdilər. Lakin öz həyat tərzlərindən, təminatlarından bir dəfə də olsun giley-güzar etmirdilər. Öz mənliklərini alicənablıqla qoruyurdular. Müəllim şəxsiyyətini alçaldan heç bir qəbahətə yol vermirdilər. Bütün bunları indi də xatırlayıram.

Texnikumda oxuyanların əksəriyyəti rayonlardan gələnlər olduğundan, yataqxanada qalırdılar. Yataqxanada tələbə gənclərlə keçirdiyim günləri, etdiyim söhbətləri indi də xatırlayıram. Onların kədərli baxışları, solğun üzləri indi də yadımdadır.

Yataqxana texnikumun binasında, üçüncü mərtəbədə yerləşirdi. Növbətçi müəllimlər bizi hər axşam nəzarət altında saxlayır, şəhərə çıxmağa icazə vermirdilər. Şəhərə tək çıxmaq təhlükəli idi. Bizi “türk” deyə hədələyirdilər...

Biz şəhərə yalnız müəllimlərin və sinif rəhbərlərinin iştirakı ilə, kollektiv qaydada çıxırdıq. Sinif rəhbərimiz Rəziyyə İsmayılova idi. Bizi ayda iki dəfə C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrına aparırdılar. Bu teatr İrəvanda 1882-ci ildən fəaliyyət göstərirdi. 1940-cı illərdə İrəvan Azərbaycan Dövlət Teatrı çox geniş repertuarla işləyirdi: “Qaçaq Nəbi”, “Otello”, “Fərhad və Şirin”, “Əsli və Kərəm” və b. tamaşalara şəhər sakinləri maraqla baxırdılar. Teatr tamaşalarında tamaşaçı qadınların ağlamaları onların necə də həyəcanlı olduqlarını təsdiq edirdi. Teatra getdiyimiz günlərdə böyük fərəh hissi keçirirdim. Ermənistan SSR-in Əməkdar artistləri Məmmədbağır Qaraxanovun, Cəmil Əliyevin, Əli Zeynalovun, Abbasqulu Tağıyevin, Yunis Süleymanovun, Əli Şahsabahlının və b. çıxışları məndə fərəh hissi doğururdu. Xatırlayıram ki, mərkəzin vəzifəli azərbaycanlı ziyalıları tamaşalara tez-tez gəlirdilər. Fasilələrdə teatrın dəhlizində gəzinər, tanışlarla salamlaşar, hal-kef edərdik. Bəzən də vəzifəli ziyalıları dövrəyə alıb onlarla söhbətlər edərdik. Necə də unudulmaz günlər idi o günlər!...

Teatra gedərkən məni ən çox tamaşaçıların sayı və millətlərin nümayəndələri maraqlandırırdı. Xalqımıza olan münasibəti tamaşalara kütləvi baxışdan, erməni ziyalılarının tamaşalarda iştirakından, tamaşaların onlara təsirini isə ermənilərin bizimlə söhbətlərindən müəyyən etmək olurdu. O dövrdə Azərbaycan teatrının şəhərdə çox böyük hörməti və nüfuzu var idi. Teatr tamaşalarında ağlayan qadınlar arasında erməni qadınlar da olurdu. 1940-cı illərdə Ermənistan KP MK-da, Alı Sovetdə, ayrı-ayrı nazirliklərdə, baş idarələrdə, rayon partiya və icraiyyə komitələrində, idarə və təşkilatlarda çoxlu sayda azərbaycanlı işləyirdi. Ermənistan KP MK-nın, Ermənistan SSR Alı Sovetinin və Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzeti həftədə beş dəfə dərc olunurdu. Qəzetin redaksiya heyətində öz işini bilən, məhsuldar və yaradıcı zıyalılar çalışıdı. Əhalisinin çox hissəsi azərbaycanlılar olan rayonlarda (Vedi, Zəngibasar, Basarkeçər, Krasnoselo, Amasiya) rayon qəzetləri Azərbaycan dilində çap olunurdu. Bu rayonlarda (1950-ci ilə qədər) Azərbaycan dili dövlət dili hesab olunurdu. İrəvan Pedaqoji İnstitutunda 1930-cu ildə yaranmış Azərbaycan şöbəsi fəaliyyət göstərirdi. Şöbədə Azərbaycan dili və ədəbiyyatı, fizika və riyaziyyat, tarix, coğrafiya fakültələri var idi və burada yüzlərlə Azərbaycanlı təhsil alırdı. Bu fakültələrdə olduqca hazırlıqlı ziyalılar işləyirdilər. Bu ziyalılar ictimai yerlərdə millətin taleyindən söhbətlər edirdilər. Söhbətlər iqtisadi vəziyyətdən, mədəniyyət yeniliklərindən, müharibənin acı nəticələrindən və əsasən də milli münasibətlərdən gedirdi.

Ermənistanda müəllim kadrların hazırlanmasında 1925-ci ildə təşkil edilmiş İrəvan Azərbaycan Pedaqoji Texnikumu mühüm rol oynayırdı.
Yeri gəlmişkən deyim ki, 40-cı illərdə Ermənistanda kadr məsələlərində azərbaycanlıları az da olsa, nəzərə alırdılar.

Məmməd İsgəndərov 1948-ci ilədək Ermənistan KP MK-nın katibi, Rəhim Allahverdiyev MK-da Kənd Təsərrüfatı Şöbəsinin müdiri, Əkbər Rzayev MK-da Təbliğat-Təşviqat Şöbəsinin müdiri, Səfər Alməmmədov Ədliyyə naziri, Hüseyn Abdullayev Yollar İdarəsinin rəisi işləmişdir. Respublikanın Qarabağlar, Vedi, Ağbaba (Amasiya), Zəngibasar, Krasnoselo rayonlarında partiya komitələrinin birinci katibləri, Ermənistan SSR Maarif nazirinin birinci müavini, Sisyan, Qafan, Mehri, Yeğeqnadzor, Kalinino, İcevan rayonlarında ikinci katiblər, yaxud da rayon soveti icraiyyə komitələrinin sədrləri, yeddi rayonda prokuror və ya prokuror köməkçiləri, daxili işlər şöbələrinin rəisləri azərbaycanlılar olmuşlar. Qırxıncı illərdə Qələndər Haşımov, İbiş Abbasov Salman Hüseynov, Umud Süleymanov, əllinci illərdə Əli Məmmədov, Hüseyn Məmmədov, Qəşəm Şahbazov, Cəfər Vəlibəyov, Rza Vəlibəyov, Rza Rzayev, Tahir Bayramov, Talıb Musayev, Həbib Həsənov, Gülməmməd Məmmədov, Əli Həsənov kimi yetkin azərbaycanlı ziyalılar partiya və dövlət aparatlarında fəaliyyət göstərmişlər. Onların fəaliyyəti erməni ziyalıları tərəfindən də etiraf olunurdu. Hətta 60-cı illərdə çap olunmuş ədəbiyyatlarda belə azərbaycanlıların Ermənistanda göstərdikləri fəaliyyətləri az da olsa işıqlandırılmışdır. Ermənistanda Sovet Hakimiyyətinin yaradılması uğrunda fəal iştirak edən, Ermənistan Fövqəladə Hallar Komissiyasının sədri və Qəmərli cəbhəsinin Qızıl Ordu hissələrində hərbi tribunal sədri Şavarş Əmirxanyan özünün “Ermənistanda Sovet hikimiyyəti uğrunda mübarizə tarixindən” adlı kitabında yazır:
“ Böyük Vedi rayonunda məşhur yerli qəhrəman Abbasqulu bəy yaşayırdı. Azərbaycanlı kəndlərini qarət edib talamağa cəhd edən daşnak mauzerçilərinə qarşı onun rəhbərliyi altında yerli əhali dəfələrlə ciddi müqavimət göstərmişdir... Martın 1-də bizim ştabımız Abbasqulu bəyə azərbaycanlılardan ibarət döyüşçü dəstəsi təşkil edib daşnakların Dərələyəzdən çıxıb dağ keçidlərilə keçib bizim arxamızı kəsə biləcəkləri təhlükəsinin qarşısını almağı təklif etdi. Abbasqulu bəy məmnuniyyətlə bu təklifə razı oldu və dərhal 400 adamdan ibarət bir qrup təşkil etdi. Həmin qrup bir neçə dəfə Yaponun bandasının qarşısını kəsdi və geriyə çəkilməyə məcbur etdi. “Qırmızı tabor” adı almış həmin qrup Qəmərli cəbhəsində əksinqilabi qiyamçı bandalar əleyhinə bizim mübarizəmizdə böyük və nəcib rol oynadı”. (Ш.Амирханян, «Из истории борьбы за Советскую власть в Армении, стр. 148. Из-во «Айастан» Ереван, 1967 г.).

Ermənistanda Sovet hakimiyyəti uğrunda azərbaycanlıların mübarizəsi Ermənistan KP MK-da şöbə müdiri, Xalq Komissarları Sovet sədrinin müavini, Maarif nazirinin birinci müavini vəzifələrində işləmiş Rza Vəlibəyovun 1969-cu ildə İrəvanda nəşr etdirdiyi “Keçmişdən səhifələr” aldı kitabında daha geniş şərh olunmuşdur.

Müəllif azərbaycanlı mübarizlərdən Cahangir Ələkbərbəyov,Saleh Güllücinski, Hüseyn Salmanov, Musa Vəlibəyov, Rza Axundov, Məmməd Yusifzadə, Məmmədəli Nasir, Bala Əfəndiyev, Yusif Abbasov, Abbasqulu bəy Şadlinski, Əli Tağızadə, Ələmdar Həşimov və başqalarının xidmətlərini təfsilatı ilə şərh etmişdir.

Yeri gəlmişkən, Bala Əfəndiyev 1920-ci illərdə Ermənistan KP MK-nın və Ermənistan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü, Ermənistan SSR Daxili İşlər Komissarının müavini, Ermənistan KP MK yanında azlıqda qalan millətlər arasında iş aparan şöbənin müdiri, Ermənistan SSR İctimai Təminat komissarı, Ermənistanda ilk dəfə Azərbaycan dilində çıxan “Rəncbər”, sonra isə “Zəngi” qəzetlərinin məsul redaktoru vəzifələrində çalışmışdır.

Əli Tağızadə 1930-cu illərdə Vedi RPK-nın I katibi, Ermənistan KP MK-nın büro üzvü, Ermənistan Mərkəzi İcraiyyə Komitəsi üzvü, Ermənistan Xalq İctimai Təminat Komissarlığında Xalq Komissarı vəzifələrində çalışmışdır.

Pedaqoji Texnikumdakı təhsil illərim böyük çətinliklər şəraitində başa çatdı. Müharibənin acı nəticələri aradan qalxmamış yeni müharibə - milli zəmində müharibə başlandı. Dərdlərimizin üstünə dərd ələndi. Bu, köçkünlük dərdi idi. Gözlənilmədən məlumat verildi ki, xaricdən gələn 200 min ermənini Ermənistanda yerləşdirmək üçün azərbaycanlılar Ermənistandan köçürülməlidir...!

1920-ci ildə əzəli Azərbaycan ərazisi olan Basarkeçər, Vedibasar və Zəngəzur mahallarının Ermənistana bağışlanması Ermənistan rəhbərliyini sonralar yeni torpaq iddiaları irəli sürməyə həvəsləndirdi. 1945-ci ilin noyabrında Ermənistan KP MK-nın I katibi Q.Harutyunovun İ.Stalinə məktubunda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi təklif edilir. İ.Stalin həmin məktubu Azərbaycanın rəhbərliyinə göndərir. Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırov bu məktuba cavab olaraq bildirir ki, Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, indi Ermənistan SSR adlandırılan ölkədə Azərbaycanın olmuş ərazilər geri qaytarılsın. Bu cavabdan sonra həmin təklif bir daha irəli sürülmədi. Ermənistan rəhbərliyi yeni hiylələrə əl atdı. Q.Harutyunov əlverişli fürsətdən istifadə edərək xarici ermənilərin Ermənistana köçürülməsi ilə əlaqədar azərbaycanlıların Ermənistandan zorla köçürülməsi barədə qərar verilməsinə nail oldu. SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixdə “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar verdi.

1948-1953-cü illərdə 150 min günahsız azərbaycanlını Ermənistandan köçürdülər. Əlbəttə, buna köçürmə demək olmazdı. Bu, mədəni qaydada azərbaycanlıların Ermənistandan qovulması idi. Köçürmə əməliyyatı İrəvan şəhərində böyük bir müşavirə keçirməklə başlandı.
Müşavirədə Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəsi də iştirak edirdi. Müşavirə iştirakçılarına məlumat verildi ki, İ.Stalin 200 min ermənini Ermənistanda yerləşdirmək üçün azərbaycanlıların Ermənistandan köçürülməsini lazım bilmişdir... Çox qəribədir, lazım bilmişdir!?
Azərbaycan nümayəndəsinin ifadəsinə görə, Azərbaycan KP MK-nin birinci katibi Mircəfər Bağırovun Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana köçürülməsi haqqında xahişini İ.Stalin qəbul etmişdir...(!?)

İlk məlumatlardanca müəmmalı görünən bu əməliyyatın əsl mahiyyəti xalqa çatdırılmadı. Totalitar idarəetmə şəraitində belə hadisələrin səbəbini soruşmaq böyük fəlakətlə nəticələnə bilərdi. Ona görə də müşavirə iştirakçıları köçürülmə təklifinə məcburən razı oldular. Əslində, azərbaycanlıların Ermənistandan zorla köçürülməsi daşnakların əzəli arzuları olan təkmillətli Ermənistan Respublikası yaratmaq siyasətinin nəticəsi idi. Bu müşavirədən dərhal sonra İrəvanda Köçürmə Komitəsi təşkil olundu. Azərbaycanlılar yaşayan rayonlara və kəndlərə Komitənin nümayəndələri göndərildi. Nümayəndələrə tapşırıqlar verildi ki, əhali içərisində güclü təbliğat apararaq köçürülməni təcili təşkil etsinlər.

Yeri gəlmişkən, köçürülmə təklifinə razı olmayan azərbaycanlı rəhbərlər sonrakı illərdə vəzifədən azad edildilər.

Köçürülmə planında nəzərdə tutulurdu ki, adamlar əvvəllər yaşadıqları rayonun iqliminə və iqtisadi şəraitinə uyğun yerlərə köçürülsün. Lakin işin gədişində barı bu şərtə əməl olunmadı və azərbaycanlıları hara gəldi köçürdülər. Ona görə də köçürülənlərin əksəriyyəti əlverişsiz şəraitə dözə bilməyib xəstələndilər, çoxlu ölənlər və çətinliklərə dözə bilməyib geri qayıdanlar da oldu. Köçürmə ilə bağlı İ.Stalindən soruşan olmadı ki, azərbaycanlıların günahı nədir ki, öz daimi yaşayış yerlərindən köçürülürlər. “Elmi kommunizm cəmiyyətində” insan hüquqlarını nə üçün tapdalayırlar? Əlbəttə, məsələ aydın idi. Hakim dairələrdə çalışan erməni millətçiləri və rus şovinistləri əlaqəyə girərək, Ermənistanda xalis erməni dövləti yaratmaq planlarını həyata keçirmək istədilər və buna nail oldular. Ermənistanı özünün əyaləti hesab edən rus rəhbərləri də İ.Stalin razı saldılar ki, o, azərbaycanlıların köçürülməsinə qol qoysun. Bu əməliyyatda A.Mikoyanın və Q.Harutyunovun böyük fəaliyyətləri olub. Onların rəhbərliyi ilə plan tərtib olunub. Bu plan Stalinlə razılaşdırıldıqdan sonra M.Bağırova bildirilib. Bu plana görə, Ermənistanda yaşayan azərbaycanlılar Rusiyaya və Orta Asiya ölkələrinə köçürülməli idi. Ona görə də M.Bağırov Stalindən xahiş edib ki, Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycan Respublikasına köçürülməsinə razılıq versin. Əslində, İ.Stalin bu razlığı 1943-cü ildə vermişdi. Həmin ildə (1943) üç dövlət Tehran konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu əlverişli fürsətdən istifadə etmiş, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə İ.Stalindən icazə almışlar...

Bax, beləcə, zaman-zaman azərbaycanlılar öz daimi yaşayış yerlərini tərk etdilər. Bu da səbəbsiz deyildi... Məqsəd də aydın idi-Ermənistan Daşnak Partiyasının Türkiyə Respublikası ilə sərhəddə sırf ermənilər yaşayan respublika yaratmaq planlarını həyata keçirmək. Bu, rus-türk münasibətləri baxımından da tarixi zərurət kimi yaranırdı. Xalqmız keçmiş imperiyanın yaşaması naminə beləcə qurban verildi.

Köçürmənin faciəli mənzərələri yaddaşımda silinməz iz qoymuşdur. Az bir zamanda azərbaycanlılar rəhbər vəzifələrdən azad edildilər. Azərbaycan Dram Teatrı, X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi, İrəvan Azərbaycan Pedaqoji Texnikumu bağlandı. Azərbaycanlılar yaşayan rayonlarda Azərbaycan dilində çıxan qəzetlərin, respublika nazirliklərində azərbaycanca nəşrlərin fəaliyyəti dayandırıldı. Keçmiş “qonşularımızın” bizə olan münasibəti birdən-birə kəskin dəyişdi. Onlar özlərini elə aparmağa başladılar ki, guya bizim köçürülməmiz tarixi zərurət imiş, guya babalarımız nədənsə günahkar imiş. Guya onlar bizi heç tanımırlar və s. və i.a.

O illərdə həmyerlim İsmayıl Şükürzadə İrəvan Pedaqoji İnstitutunda müəllim işləyirdi. Azərbaycan şöbəsi bağlandığı üçün orada işləyən müəllimlər və oxuyan tələbələr Bakıya köçürülürdü. Müəllimlər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləməli, tələbələr isə bu institutda təhsil almalı idi.
Mən İsmayıl Şükürzadəyə hansısa bir məsələ ilə bağlı məlumat vermək üçün instituta getmişdim. Tələbə və müəllimlər buranın girişində, V.İ.Leninin abidəsi yanında dayanmışdılar. Azərbaycan şöbəsinin müdüri Zaman Vəliyev, onun müavini Əyyub Babayev, müəllimlərdən Ələşrəf Bayramov, İsmayıl Şükürzadə, Fərhad Fərhadov, Məmməd Həsənov və başqaları da burada idilər. Onlar məcburi köçürmənin səbəblərini araşdırır, onun acı nəticələrindən danışırdılar. Elə bu anda institutun rektoru, professor Aqzimusiyan gəldi. Hamı yönünü rektora tərəf çevirib, ondan xoş sifətlə deyiləcək söz, yeni məlumat gözlədi... Rektor abidə ətrafına toplaşanların yanında bir an ayaq saxladı və salam vermədən sözə başladı. Onun ilk kəlməsi belə oldu: “Siz nə əlçəkməz adamlarsınız? Nə üçün çıxıb getmirsiniz?” O, bu acı kəlmələrdən sonra şahmar ilan kimi dönüb yolunu davam etdirdi. Hamı nifrətli nəzərlərlə onun arxasınca baxırdı...

Nə etmək olardı? Tarixin acınacaqlı hadisələri bizləri zəiflətmiş, onları isə əksinə, qudurtmuşdu. İndi onlar vaxtı ilə qoltuğuna sığınıb hörmət gördükləri xalqı təhqir edirdilər.

Bu hadisədən sonra özünü “inkişaf etmiş” xalqın övladı hesab edən aqzimusiyanlara olan nifrətim bir daha artdı. Çox qəribədir ki, bu əhvalatlar Sov.İKP-nin 1948-ci ildə məfkurə məsələlərinə dair məşhur “Qərar”ından sonra baş verirdi. Bu Qərarda ziyalıların yüksək məfkurəyə əməl etmələri nəzərdə tutulurdu. Çox təəssüf ki, belə “Qərarlar”a bəzi erməni ziyalıları heç vaxt əməl etməmişlər. Bu da təbiidir. Onların “Xalis Ermənistan”, “Böyük Ermənistan” planları buna mane olurdu. Digər tərəftən, hakim dairələrdə onların özləri əqidədə dəstəkləyənləri var idi...
Köçürmə işləri ilə bağlı yadda qalan hadisələr çoxdur. Bu məqamları səciyyələndirmək təqdirəlayiqdir. Bu bir tarixi həqiqətdir ki, “Ermənistan” adlanan ərazidən - Qərbi Azərbaycandan biz zaman-zaman sıxışdırılmışıq. 1918-ci ildə Ermənistanda azərbaycanlılar respublika əhalisinin 45 faizini, 575 min nəfər təşkil etdiyi halda, 1922-ci ildə Azərbaycanda cəmi 240 min nəfər erməni əhalisi olmuşdur. (Bax: Böyük Sovet Ensiklopediyası, I buraxılış, c.3., səh. 479).

1979-cu ildə Ermənistanda azərbaycanlıların sayı 165 min nəfər, Azərbaycanda isə ermənilərin sayı 487 min nəfər olmuşdur. Bu, milli münasibətlərdə kəskin fərqin olduğunu təsdiq edir. Bizim xalq Azərbaycanda ermənilərə həmişə həqiqi qonşu kimi baxmış, ermənilər isə Ermənistanda bizə həmişə laqeyd münasibət göstərmişlər. Hazırda Azərbaycanda ermənilər vilayət halında yaşayır, Ermənistanda isə nə azərbaycanlı var, nə də azərbaycanlıların yaşadıqları yerlərin çox qədimdən daşıdığı türk mənşəli adlar. Belə adlar isə minlərlədir...

Rafael Həbiboğlu,
Əbülfət Məmmədoğlu

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ