Prof.Asif Hacılı: “Futurizm ədəbi cərəyanı”

Tarix:30-10-2017, 10:52 Baxış Sayı:535

Prof.Asif Hacılı: “Futurizm ədəbi cərəyanı”
Manera.az bu həftə prof.Asif Hacılının “Futurizm ədəbi cərəyanı” yazısını
və onun tərcüməsində Filippo Tommazo Marinettinin «Futurizmin ilk manifesti» (1909)
və «Futurizmin texniki manifesti» (1912) məqalələrini təqdim edir.


Futurizm ədəbi cərəyanı

Keçən əsrin əvvəllərində texnika, sürət, yarış, rəqabət, tüstü, gurultu, təzyiq insanı çulğayaraq təfəkkürə, dəyərlərə, nəhayət, ruha sirayət etməyə başlamışdı. Cəmiyyətdəki siyasi proseslər, inqilabi hərəkat, imperiyaların çökməsi, müharibələr və sairə tarixin yeni mərhələsini yetişdirirdi. Bu çarpaşıq dövrdə öz səbatını itirən, qızğın və hərəkətli kütlə içində tək və tənha qalan insan zaman və məkandan qopur, çaşbaş qalırdı. Həyat tərzinin, dəyərlərin sürətlə dəyişdiyi bu dövrdə yeni ideoloji meyllər ictimai şüuru, mədəniyyəti, incəsənəti və təbii ki, ədəbiyyatı da ehtiva edirdi. Dövrün inqilabi ruhunu əks etdirən ilk belə ümumavropa cərəyanlarından biri futurizm olmuşdur. Futurizm yalnız ədəbi meyl deyil, ictimai mövqe, təfəkkür tərzi, estetik meyar və bədii təcrübə kimi ortaya çıxdı. Lakin ədəbi təcrübədən əvvəl nəzəri fikirdə - bir qədər sonra taleyini Mussolini ilə bağlamış İtaliya ədibi Filippo Tommazo Marinettinin «Futurizmin ilk manifesti» (1909) və «Futurizmin texniki manifesti» (1912) kimi mətnlərdə öz nəzəri təsbitini tapdı. Ümumiyyətlə, bu cərəyan daha çox elə ədəbi manifestlərin özündə ifadə olundu. Futurizm tarixin keçid dövrünə xas çılğın, inkarçı, əslində ənənəvi sənəti inkar edən və varisliyin ruhuna yad inqilabi cərəyandır. Buna görə də yalnız İtaliya və ümumən yalnız Qərbdə deyil, oxşar prosesləri, keçid mərhələlərini yaşayan digər mədəniyyətlərdə də izlənən tipoloji məfkurə və hərəkatdır. Keçid mərhələlərində müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda – keçən əsrin əvvəllərində «Oxuma, tar!» kimi çağırışlarda təzahür edən «futurist» şüarlar da, fikrimizcə, məhz bu inqilabi şüurun ümumi tipologiyası ilə izah edilə bilər. Futurizm yeni dövrün, - sənaye, texnika, küy, səs, enerji, hərəkət, dəyişiklik dövrünün ədəbi cərəyanı idi. Eyni zamanda solçu hərəkat idi. Bu xüsusiyyətlər keçən əsrin 20-30-cu illərində digər sovet respublikalarında olduğu kimi, Azərbaycanda da proletar ədəbiyyatı və sosialist realizmi nəzəriyyəçiləri “dünyanı dəyişən bir sənət və sənətkar” (M. Rəfili) axtarır, “marksist dialektikası ilə yoğrulmuş materialist həyat görüşünə... konstrurktiv-realist üsluba” (Ə. Nazim) yiyələnirdilər. Lakin Avropada bu kimi mülahizələr ədəbi-mədəni müstəvidə qapanırdısa, sovet respublikalarında, bəlkə də tənqidçilərin niyyətindən asılı olmayaraq, futurist-marksist müzakirələr siyasi aspekt kəsb edir və əbədi mənəvi dəyərlərə, ədəbiyyatın əbədi meyarlarına köklənmiş milli yazıçı və şairlər üçün faciəli aqibətlə nəticələnirdi. Müşfiqin tərənnüm “mühiti (mövzu etibarilə) müəllim, tələbə və meşşanlıqla əlaqədar ziyalı həyat və məişətindən ibarətdir” (M. Arif), Cavid “müasir həyatdan uzaqlaşmışdır... proletar inqilabının zəngin mahiyyətini qavramaqda çətinlik çəkir” (M.Hüseyn) deyə gileylənən ədəbi tənqid Müşfiqin “sənaye və təsərrüfatla əlaqədar mövzular”ının çox azlığından, Cavidin “tarixin lokomotivinə inanmayaraq... yavaşca qatardan düşməsindən” (M.Quliyev), “özünü humanist göstərən şairin (H.Cavidin – A.H.) proletar inqilabı ilə barışa bilmədiyindən” (M.Hüseyn) narazılıq edirdi. Bir daha qeyd edək ki, nümayəndələrinin niyyətinin fərqliliyini, bəzilərinin marksist mövqeyə səmimiyyətlə inana biləcəyinin mümkünlüyünü nəzərə almalıyıq. Proletar futurizmi adlandıra biləcəyimiz bu tənqid məktəbində, Avropa futurizmində olduğu kimi, yalnız dövrün ədəbi prosesinə deyil, klassik irsə münasibət də özünəməxsus idi: Cəfər Cabbarlı hesab edirdi ki, ədəbiyyatımızı əlçatmaz zirvəyə qaldırmış Füzulinin dühası “ağır bir yük kimi azəri ədəbiyyatının inkişafı üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı”, ədəbiyyatımız uzun illər onun tilsimindən kənara çıxa bilmədi. Bu kimi mülahizələri, fikrimizcə, yalnız ideoloji və siyasi amillərlə deyil, “köhnə ədəbiyyat fikir tənbəlliyini, heyranlıq və hərəkətsizliyi vəsf edirdi”, biz isə “sükan arxasındakı insanı vəsf edirik” və “bütün muzeyləri, kitabxanaları darmadağın edəcəyik” (Filippo Tommazo Marinettinin məcazi də olsa prinsipial mövqeyi ifadə edir) deyən ümumavropa futurist düşüncəsi və müəyyən mənada Şərq maarifçi meyarları ilə səsləşirdi. Bu mənada, Cabbarlı və digər “futuristlərin” çıxış və tərəqqi yolunu Qərb ədəbiyyatında axtarması da təbii qavranılmalıdır. Maraqlıdır ki, eyni proses və meyllər bizimlə ortaq klassik mədəni mərhələni yaşamış İran ədəbi mühitində də izlənilirdi: Tehranda çıxan “Peyman” jurnalının mənəvi rəhbəri Əhməd Təbrizi və məsləkdaşları nəinki klassik irsi inkar edir, hətta 1940-cı illərdə Təbrizin, Rezayenin meydanlarında klassiklərin əsərlərindən tonqallar qalayırdı. Maraqlıdır ki, tarixin növbəti keçid dövründə – XX və XXl əsrlərin qovşağında keçmiş sovet xalqlarının böyük əksəriyyətində «doloy Füzuli!», “doloy Sabir” kimi şüarlar səsləndi. Rusiyada Çexovu, bizdə Mirzə Cəlili tənqidi ruhlarına görə millilikdən uzaq hesab edənlər oldu. 1990-cı illərin əvvəllərində izlənən belə mövqe azmüddətli və məhdud dairədə səslənsə də futurist qavrayışın tipoloji məntiqinin təzahürü faktı kimi maraqlıdır.

Bütün bunlar futurizmin dünya mədəniyyətinin və ədəbiyyatının tarixi-tipoloji hadisəsi olmaqla bərabər, milli ədəbiyyatımızın da tarixi faktı olduğunu göstərir. Buna görə də futurizmin ilk konseptual manifestləri – bu cərəyanın ideoloqlarından və nəzəriyyəçilərindən başlıcası olan Filippo Tommazo Marinettinin “Futurizmin ilk manifesti” və Futurist ədəbiyyatın texniki manifesti adlı mətnləri ilə tanışlığın həm tarixi-ədəbi, həm də müasir ədəbi-mədəni prosesləri daha dolğun anlamaq baxımından əhəmiyyətli olacağını düşünürük.

Filippo Tommazo Marinetti
Futurizmin ilk manifesti

Bütün gecəni dostlarımızla elektrik işığında oturduq. Lampaların məscid qübbələrini xatırladan mis kolpakları öz mürəkkəbliyi və əcaibliyi ilə bizə bənzəyirdi, lakin onların artında elektrik ürəklər döyünürdü. Tənbəllik bizdən əvvəl doğulub, ancaq biz zəngin fars xalıları üzərində oturmaqda davam edir, ağzımıza gələni danışır və kağız korlayırdıq.
Özümüzdən çox razıydıq və qürrələnirdik: axı yalnız biz oyaq idik, mayaklar və kəşfiyyatçılar kimi yatmırdıq. Biz bütöv ulduz topası ilə təkbətək qalmışdıq, onlar bizim düşmənlərimiz idi və səmada düşərgə salıb durmuşdular…

***
…Və birdən lap yaxından gurultu eşitdik. Yaxınlıqda al-əlvan işıqları ilə atılıb-düşən nəhəng ikimərtəbəli tramvaylar keçirdi… Sonra hər şey sakitləşdi. Biz yalnız köhnə kanalın iniltisini və köhnə uçuq sarayların sümüklərinin şaqqıltısını eşidirdik.Və qəfildən pəncərəmizin altında ac vəhşi heyvanlar kimi avtomobillər nərə çəkdi:
– Hə, dostlar, – dedim, – irəli! Mifologiya, mistika – hər şey arxadadır! Gözlərimiz qarşısında yeni kentavr yaranır – motosikletli insan, – ilk mələklərsə səmaya aeroplanların qanadlarında qalxır. Gəlin həyatın qapılarına elə zərb gələk ki, bütün cəftə və kilidlər yerə səpələnsin!.. İrəli! Artıq yer üzünə yeni şəfəq doğur!.. İlk dəfə öz al qılıncı ilə əbədi zülməti yaracaq bu alovlu şəfəqdən gözəl heç nə yoxdur!

Oradasa üç avtomobil durur və fınxırırdı. Biz onlara yanaşaraq nəvazişlə yallarını oxşadıq. Mənim avtomda dəhşətli darısqallıqdır, tabutdakı kimi uzanırsan, ancaq indi birdən sükan sinəmə dirəndi, cəllad baltası kimi kəsdi və mən tezcə ayıldım.
Divanəliyin iti burulğanında dərimiz boğazımızdan çıxdı, özümüzdən qopduq və qurumuş çayın məcrası kimi qozbel küçələrlə sürükləndik. Gah orda, gah burda pəncərələrdə zəif, solğun işıqlar görünürdü, onlar sanki deyirdilər: gözlərinizə inanmayın, həddən ziyadə ayıq baxışa inanmayın!
– Hissiyyat! – qışqırdım, – Vəhşi heyvana hissiyyat da bəsdir!
Və cavan şirlər kimi ölümün dalınca qoşduq…

***
…Ölüm çox razı görünürdü. Hər döngədə o, irəli çıxır və mehribancasına sümüklərini uzadırdı, ya da dişlərini qıcayaraq ləzzətlə gölməçələrdən baxırdı.
– Gəlin Ağılın çürümüş qılafından qurtulaq!.. Qoy məchulluq bizi udsun! Buna dərddən yox, onsuz da intəhasız olan mənasızlığın daha da çoxalması üçün gedirik!…
…Sifətimiz tər içindədir, metal qırıntıları və səmaya ucalan zavod borularının hisi ilə qarışmış zavod çirkinə bulaşıbdır, qırılmış əllərimiz tənziflənibdir...
…Və beləcə biz ilk dəfə yerdə yaşayanların hamısına öz iradəmizi elan etdik:
Yaşasın risk, iddia və ram edilməz enerji!
Cəsarət, şücaət və qiyam – şeirlərimizdə məhz bunları vəsf edirik.
Köhnə ədəbiyyat fikir tənbəlliyini, heyranlıq və hərəkətsizliyi vəsf edirdi. Bizsə həyasız təzyiqi, çılğın sərsəmliyi, nizami addımları, təhlükəli sıçrayışı, sapalaq və yumruqlaşmanı vəsf edirik.
Biz deyirik: gözəl dünyamız daha da gözəlləşib – indi onda sürət var. Yarış avtomobilinin altından tüstü qıvrılır və alov saçır. Nəfəsi pulemyot atəşinə bənzəyir və onun gözəlliyi ilə hansısa Samofrakiyalı Nika müqayisə edilə bilməz.
Biz sükan arxasındakı insanı vəsf edirik. Sükan yeri vurub keçir və o, dairəvi orbitlə fırlanır.
Qoy şair nə gəldi desin, qoy onun səsi gurlasın və ilkin qüvvələri oyatsın.
Mübarizədən gözəl heç nə yoxdur. Həyasızlıq olmadan şedevr yoxdur. Poeziya şər qüvvələri əzəcək və insana tabe edəcək.
Biz yüzilliklərin qovşağındayıq!… Nədən keçmişə boylanmalıyıq? Axı Mümkünsüzlüyün sirli aləminə pəncərə açmaqdayıq. Nə zaman var, nə məkan. Əbədiyyətdə yaşayırıq, dünyamıza yalnız sürət hakimdir.

Yaşasın müharibə, yalnız o, dünyanı təmizləyə bilər. Yaşasın silah, Vətənə məhəbbət, anarxizmin dağıdıcı gücü, hər şeyi dağıtmaq idealları. Qadınlar rədd olsun!
Biz bütün muzeyləri, kitabxanaları darmadağın edəcəyik. Rədd olsun əxlaq, qorxaq barışdırıcılar, mənfur obıvatellər!
Biz kütlənin işçi küyünü, sevincli uğultusunu və qiyamçı nərəsini vəsf edəcəyik…
***

Bu manifesti haradasa yox, məhz İtaliyada elan edirik. O, bütün dünyanı devirəcək və atəşə qərq edəcək. Bu gün bu manifestlə futurizmin əsasını qoyuruq. İtaliyanı xəstəlikdən qurtaracağıq – tarixçilərdən, arxeoloqlardan, sənətşünaslardan, əntiqçilərdən…
İtaliya uzun müddət köhnə-kürüş tullantıları ilə dolub. Onu sonsuz muzey zibilindən təmizləmək lazımdır – bunlar ölkəni nəhəng qəbiristanlığa çevirir.
Muzeylər və qəbiristanlıqlar! Bunları bir-birindən fərqləndirmək olmur – heç kimin tanımadığı və fərqlənməyən meyitlərin bəd yığnağı. Bunlar iyrənc və məchul məxluqların qalaqlandığı ictimai yataqlardır. Rəssamlar və heykəltəraşlar bir-birinə bütün nifrətini muzeyin cizgilərinə və rənglərinə həkk edirlər.
Muzeyə ildə bir dəfə – qohumların məzarına baş çəkdiyin kimi getməyi başa düşmək olar!.. Hətta Cokondaya gül buketi aparmaq – bunu hələ anlamaq olar! Ancaq ora hər gün bütün dərdlərimiz, zəifliyimiz, qüssəmizlə getmək – bu heç araya sığmır!… Nədən ruhunu zəhərləməlisən? Nədən ağlayıb-sızlamalısan?
Köhnə rəsmdə yaxşı nə görəcəksən? Yalnız rəssamın yazıq cəhdlərini, niyyətini ifadə etməyə sona qədər imkan verməyən maneəni dəf etməyə əbəs səyini…
Köhnə rəsmə heyranlıq – ən gözəl hisslərini diri-diri dəfn etmək deməkdir. Yaxşısı budur onları əməli, yaradıcı məcraya yönəlt. Nədən gücünü keçmişə yönəlik ah-vaya sərf edirsən? Bu, yorur, əldən salır, boşluq yaradır.
Həyata keçməmiş istəklərin dəfn olunduğu, ən gözəl arzuların qəhr edildiyi, puç olmuş ümidlərin qrafalarla göstərildiyi muzeylərə, kitabxanalara, akademiyalara getməyin mənası nə?!

Rəssam üçün bu, ağıllı, istedadla dolu gəncliyə ifrat qayğı kimi bir şeydir.
Sısqalar, şikəstlər, məhbuslar üçün bunu yenə necəsə izah etmək olar. Bəlkə də, onlar üçün köhnə gözəl dövrlər yaralarına məlhəmdir: gələcəkləri onsuz da yoxdur. Bizim üçün bu lazım deyil! Biz gəncik, güclüyük, tam qüvvəmizlə yaşayırıq, biz – futuristlərik!
Hey, əlləri qarsalanmış şanlı alışdırıcılar! Gəlin! Başlayın! Kitab rəflərini alovlandırın! Kanalların suyunu muzey sərdabələrinə yönəldin və onları batırın!.. Qoy sel böyük rəsmləri aparsın! Bel və kürəkləri götürün! Qədim şəhərləri dağıdın!
***

Çoxumuzun otuz yaşı da yoxdur. İşimizsə onilliyə yetməz. Qırx yaşımız olacaq və onda qoy gənclər və güclülər bizi lazımsız köhnə-kürüş kimi zibilliyə atsınlar!… Onlar öz ilk şeirlərinin ahəngi altında bütün dünyadan, ən ucqar güşələrdən səyirdib gələcəklər.
Onlar caynaqları ilə havanı cırmaqlayacaqlar, akademiyaların qapılarını qoxulayacaqlar. Bizim kitabxana katakombalarında yer alası iylənmiş ideyalarımızın üfunətini udacaqlar.

Biz isə artıq orada olmayacağıq. Nəhayət, qış gecəsi bizi təmiz çöllükdə mənhus anqarın yanında tapacaqlar. Sısqa yağış altında, titrəyən aeroplanlarımızın yanında zəif tonqal ətrafında toplaşaraq əllərimizi isidəcəyik. Tonqal sevinclə alovlanacaq və bizim kitablarımızı həzm edəcək, onların obrazları isə qığılcım kimi göyə qalxacaq.
Onlar ətrafımıza toplaşacaq. Qəzəb və acıqdan nəfəsləri təngiyəcək. Qürurumuz və cəsarətimiz onları haldan çıxaracaq. Üstümüzə cumacaqlar və bizə məhəbbət və heyranlıqları nə qədər güclü olacaqsa, o qədər də nifrətlə bizi parçalayacaqlar. Ədalətsizliyin sağlam və güclü alovu sevinclə gözlərində parlayacaq. Axı məhz incəsənət – zorakılıq, qəddarlıq və ədalətsizlik elə məhz budur…

***
Çoxumuzun hələ otuz yaşı yoxdur, ancaq bütün sərvətimizi puç etmişik – qüvvəmizi, sevgimizi, cəsarətimizi, inadımızı. Biz tələsirdik, basabasda hər şeyi tulladıq, hesabsız və halsızlaşınca…
Ancaq bizə baxın! Hələ nəfəsimiz kəsilməyib! Ürəklərimiz aramla döyünür! Bəs necə, axı sinəmizdəki od, nifrət və sürətdir!… Nədi, təəccübləndiniz? Sizin özünüzün bütün həyatınızdan xatırlamalı bir şey yoxdur…
Və yenə də zirvədən ulduzlara meydan oxuyuruq!..
İnanmırsız? Yaxşı, olsun! Olsun! Bunları artıq eşitmişəm. Əlbəttə! Əvvəldən bilirik, bizim güya gözəl ağlımız nə deyəcək. Biz, deyəcək, yalnız əcdadlarımızın sələfləri və davamıyıq…

Nə olsun! Lap elə belədir! Neyləyək?!. Adam eşitmək istəmir! Bu sərsəmliyi təkrarlamaqdan əl çəkin! Yaxşısı budur, başınızı dikəldin!
Və yenə də zirvədən ulduzlara meydan oxuyuruq!..


Filippo Tommazo Marinetti
Futurist ədəbiyyatın texniki manifesti

Aeroplanın yanacaq çənində oturmuşdum. Aviatorun başı qarnıma dirənmişdi, isti idi. Birdən mənə əyan oldu: hələ Homerdən qalmış köhnə sintaksis köməksiz və yöndəmsizdir. Məndə sözləri ibarənin qəfəsindən buraxmaq və bu latın nimdaşını atmağa qarşısıalınmaz istək yarandı. Hər bir səfeh kimi, bu ibarənin də möhkəm başı, qarnı, ayaqları və iki yastı pəncəsi var. Belə birtəhər yerimək, hətta qaçmaq olar, ancaq tezcə təngnəfəs olub dayanarsan!.. Onun heç vaxt qanadları olmayacaq.
Bütün bunları biz iki yüz metr yüksəklikdə uçarkən pərlər söylədi. Aşağıda Milanın boruları tüstülənirdi, pərlərsə uğuldayırdı:
Sintaksisi məhv etmək, isimləri isə necə oldu, ağlına nə cür gəlirsə yerləşdirmək lazımdır.

Feil qeyri-müəyyən formada olmalıdır. Belədə o, isimlə yaxşıca uyuşacaq və bu zaman isim müəllif «mən»indən, müşahidəçi və ya xəyalpərəst «mən»indən asılı olmayacaq. Yalnız feilin qeyri-müəyyən forması həyatın fasiləsizliyini və onun müəllif tərəfindən qavrayışının incəliklərini ifadə edə bilər.
Sifəti ləğv etmək lazımdır, onda çılpaq isim bütün gözəlliyi ilə görünəcək. Sifət çalarlar əlavə edir, fikirləşməyə məcbur edir, bu isə qavrayışımızın dinamizminə ziddir.
Zərfi ləğv etmək lazımdır. Bu paslı qarmaq sözləri bir-birinə ilişdirir və cümlədə idbar monotonluq yaranır.

Hər bir ismin oxşarı olmalıdır, yəni onunla analogiya ilə bağlanmış başqa isim. Onlar hər hansı köməkçi sözlərsiz birləşəcəklər. Məsələn: insan – torpedo, qadın – körfəz, kütlə – ləpədöyən, yer – qıf, qapı – lülək. Analogiya üzrə qavrayış uçuşların sürətinə görə adiləşib. Sürət həyat haqqında bizə yeni biliklər verib, buna görə də bütün bu «ona bənzər, kimi, onun kimi, necə ki» və s. ilə vidalaşmaq lazımdır. Daha yaxşı olar ki, predmet və təəssüratı bir lakonik obrazda həkk edə və bir sözlə təqdim edəsən.

Punktuasiya daha lazım deyil. Sifətlər, zərflər, köməkçi sözlər ləğv olunduqda öz-özünə canlı və axıcı üslub yaranacaq, səfeh pauzalarsız, nöqtə və vergüllərsiz. Belədə punktuasiya heç nəyə lazım olmayacaq. İstiqaməti bildirmək və ya nəyisə ayırmaq üçün riyazi simvollar + - x : = >< və not işarələri işlətmək olar.
Yazıçılar həmişə müstəqim assosiasiyanı çox seviblər. Heyvanı insanla və ya başqa heyvanla müqayisə ediblər, bu isə demək olar ki, fotoqrafiyadır. Məsələn, bəziləri foksteryeri xırda cins poniyə, digər daha cəsarətliləri isə həmin aramsız zingildəyən iti morze vuran cihaza oxşadıblar. Mənsə foksteryeri çağlayan su ilə müqayisə edirəm. Bunların hamısı müxtəlif əhatəli assosiasiyalar səviyyələridir. Və assosiasiya nə qədər güclü olsa, o qədər dərin oxşarlıq ifadə edər. Axı bənzətmə tamamilə fərqli, uzaq və hətta düşmən nəsnələrin güclü qarşılıqlı cazibəsindən ibarətdir. Yeni üslub ən geniş assosiasiyalar əsasında yaradılacaq. O, həyatın bütün rəngarəngliyini ehtiva edəcək. Bu, çoxsəsli, çoxrəngli, dəyişkən, ancaq çox ahəngdar üslub olacaq.

«Tripoli yaxınlığında döyüş»də mənim belə obrazlarım var: süngülər çıxan səngəri orkestr quyusu, topu isə məşum qadınla müqayisə etmişəm. Beləliklə, intuitiv assosiasiyalar sayəsində Afrika savaşının kiçik bir səhnəsinə həyatın bütöv layları yerləşdirilib.

Volter deyirdi ki, obrazlar – çiçəklərdir və onları ehmallı və seçərək yığmaq lazımdır. Bu elə də doğru deyil. Obrazlar – poeziyanın canı və qanıdır. Onlarsız poeziya solar və ölər. Masştablı obrazlar uzun müddət təsir edir. Deyirlər ki, oxucunun emosiyalarını qorumaq lazımdır. Ah-ah! Bəlkə başqa şeyin qayğısına qalaq? Axı ən parlaq obrazları da zaman soldurur. İş hələ tək bunda deyil. Zaman ötdükcə onlar təxəyyülə daha az təsir edirlər. Bethoven və Vaqner bizim uzanmış heyranlığımızdan solğunlaşmayıblar? Buna görə də sürtülmüş obrazları və solmuş metaforaları, yəni əslində hamısını dildən atmaq lazımdır.
Fərqli kateqoriyalı obrazlar olmur, onların hamısı eynidir. Assosiasiyaları yüksək və alçaq, zərif və kobud, uydurma və təbiilərə bölmək olmaz. Biz obrazı intuitiv dərk edirik, öncədən rəyimiz olmur. Yalnız çox obrazlı dil həyatın bütün mürəkkəbliyini və gərgin ritmini ehtiva edə bilər.
Hərəkəti bütöv assosiasiyalar zənciri ilə vermək lazımdır. Hər bir assosiasiya dəqiq və qısa olmalı və bir sözə sığmalıdır…
Obrazlar nizamsız və qarışıq hörülməlidir. Hər bir sistem əllaməçi quramadır.
Ədəbiyyat tam və qəti şəkildə fərdi müəllif «mən»indən azad olmalıdır, yəni psixologiyadan. Kitabxanaların pozduğu və muzeylərin xarab etdiyi adam heç bir maraq kəsb etmir. O tamamilə məntiqə və darıxdırıcı ədəbə mübtəla olub və buna görə ədəbiyyatdan kənarlaşdırılmalı, onun yerinə cansız materiya gəlməlidir. Fiziklər və kimyaçılar heç vaxt onun ruhunu anlayıb aça bilməzlər, yazıçı isə öz intuisiyası ilə bunu etməlidir. Azad əşyaların zahiri görkəmi arxasında onların xarakterini və xasiyyətini görməlidir, mühərriklərin əsəbi döyüntüsündə metal, daş, ağacın nəfəsini eşitməlidir. İnsan psixologiyası dibəcən əxz olunub və onun yerinə cansız materiyanın hallarının lirikası gələcək. Ancaq diqqət! Ona insani hissləri müncər etməyin. Sizin vəzifəniz sürətlənmənin gücünü ifadə etmək, genişlənmə və sıxılma, sintez və parçalanma proseslərini duymaq və çatdırmaqdır. Siz elektron qasırğanı və molekulların qüdrətli sıçrayışını həkk etməlisiniz. Səxavətli materiyanın zəifliklərindən yazmaq lazım deyil. Siz izah etməlisiniz, niyə polad möhkəmdir, yəni elektron və molekulların dərkolunmaz əlaqəsini, hətta partlayışdan güclü əlaqəsini izah etməlisiniz. İsti metal və ya sadə ağac parçası indi bizi qadının təbəssümü və göz yaşlarından daha çox həyəcanlandırır. Biz ədəbiyyatda mühərrikin həyatını göstərmək istəyirik. Bizim üçün o, güclü heyvandır, yeni növün nümayəndəsidir. Ancaq əvvəlcə biz onun xasiyyətini və ən xırda instinktlərini öyrənməliyik.
***

Futurist şair üçün mexaniki pianinonun dillərinin taqqıltısından maraqlı mövzu yoxdur. Kino sayəsində biz məzəli çevrilmələri izləyirik. İnsanın müdaxiləsi olmadan bütün proseslər əksinə cərəyan edir: üzgüçünün ayaqları sudan çıxır və o, çevik və güclü sıçrayışla qülləyə atılır. Kinoda insan hətta saatda 200 km. də qaça bilər. Materiyanın hərəkətinin bütün bu formaları əql qanunlarına uyğun deyil, onlar başqa mənşəlidir.

Ədəbiyyat həmişə predmetlərin səs, cazibə (uçuş) və qoxu (buxar) kimi xüsusiyyətlərinə biganə olub. Bunlar haqqında mütləq yazmaq lazımdır. Məsələn, itin duyduğu qoxular buketini təsvir etməyə çalışmaq lazımdır. Mühərriklərin danışığını dinləmək və onların mükaliməsini bütövlükdə əks etdirmək lazımdır. Əgər əvvəllər kimsə cansız materiyadan yazırdısa da, o, yenə də həddən artıq özü ilə məşğul idi. Dağınıqlıq, biganəlik və vicdanlı müəllifin qayğıları bu və ya digər şəkildə predmetin təsvirində təzahür edir. İnsan özündən təcridlənməyə qabil deyil. Müəllif istər-istəməz əşyaları öz gənclik sevinci və ya qocalıq qüssəsi ilə aşılayır. Materiyanın yaşı yoxdur, o sevincli, kədərli ola bilməz, ancaq həmişə sürətə və açıq məkana can atır. Onun gücü sonsuzdur, o, ram edilməz və höcətdir. Buna görə də materiyanı tabe etmək üçün əvvəlcə ənənəvi qanadsız sintaksisdən qurtulmaq gərəkdir. Materiyaya bu dərrakəli, yöndəmsiz kötükdən canını qurtaran sahib olacaq.

Cəsarətli xilaskar şair sözləri azadlığa buraxacaq və hadisələrin mahiyyətinə varacaq. Və o zaman insanlar və ətraf gerçəklik arasında düşmənçilik və anlaşılmazlıq olmayacaq. Materiyanın sirli və dəyişkən həyatını biz köhnə latın qəfəsinə soxmağa çalışmışıq. Bu qəfəs elə lap əvvəldən heç nəyə yaramayıb. Həyatı fəhmlə qavramaq və müstəqil ifadə etmək lazımdır. Belədə məntiq sarsılacaq və materiyanın intuitiv psixologiyası yaranacaq. Bu fikir ağlıma aeroplanda gəldi. Yuxarıdan hər şeyi yeni cür görürdüm. Mən bütün predmetlərə profildən və anfasdan yox, perpendikulyar baxırdım, yəni onları yuxarıdan görürdüm. Məntiqin buxovları və adi şüurun qandalları mənə mane olmurdu.

Futurist şairlər, siz mənə inanırdınız. Siz arxamca sədaqətlə assosiasiyaları həmləyə gedirdiniz, mənimlə birgə yeni obrazlar yaradırdınız. Ancaq sizin metaforaların sıx toru məntiqin riflərinə ilişdi. İstəyirəm ki, onları azad edəsiniz və bütün gücünüzlə okeanın ənginliklərinə atasınız.

Müştərək səylərimizlə biz, belə desək, simsiz təxəyyül yaradacağıq. Biz assosiasiyadan ilk dayaq hissəni atarıq və yalnız qırılmaz obrazlar cərgəsi qalar. Buna hünərimiz çatsa, cəsarətlə deyərik ki, böyük sənət yaranıb. Ancaq bunun üçün oxucunun anlamını qurban verməliyik. Bu heç bizə lazım deyil. Axı biz yeni qavrayışı köhnə sintaksislə ifadə edərkən anlamsız ötüşdük. Sintaksis vasitəsilə şairlər sanki həyatı şifrələyir və artıq şifrələnmiş halda oxucuya onun formasını, cizgilərini, rəngini, səslərini çatdırırdılar. Sintaksis pis tərcüməçi və bezikdirici mühazirəçi rolunda çıxış edirdi. Ədəbiyyatınsa nə ona, nə də o birisinə ehtiyacı var. O, həyata qovuşmalı və onun tərkib hissəsi olmalıdır.

Mənim əsərlərim başqalarınkı kimi deyil. Onlar assosiasiyaların gücü, obrazların rəngarəngliyi və adi məntiqin istisnası ilə heyrətə salır. Mənim ilk futurist manifestim bütün yenilikləri cəmləşdirdi və ədəbiyyat üzərindən qızıl güllə kimi keçdi.
Uçmaq mümkünsə, cırıltılı arabada sürünməyin nə mənası? Yazıçının təxəyyülü yer üzərində dolaşır. O, geniş assosiasiyaların dəqiq nəzəri ilə bütün həyatı əhatə edir, azad sözlər isə onları lakonik obrazların nizamlı cərgəsinə düzür.

Və bu zaman hər tərəfdən qəzəblə bağıracaqlar: «Bu, eybəcərlikdir! Siz bizi sözün musiqisindən məhrum etmisiniz, səsin ahəngini və ritmin axıcılığını pozmusunuz!» Əlbəttə, pozmuşuq. Və düz etmişik! Əvəzində siz indi əsil həyatı eşidirsiniz: kobud qışqırıqları, qulaq dələn səsləri. Rədd olsun süni görüntü! Ədəbiyyatda eybəcərlikdən qorxmayın. Və özünü müqəddəs qələminə vermə. Sənət mehrabına birdəfəlik tüpürək və intuitiv qavrayışın intəhasızlığına inamla addımlayaq! Və orada ağ şeirdən qurtularaq azad sözlərlə danışacağıq.

Həyatda kamil heç nə yoxdur. Hətta snayperlər də hərdən səhv edir və beləcə sözlərin sərrast atəşi mülahizə və izahların çiriş şırnağına dönür. Birdən, bir zərbə ilə qavrayışı dəyişmək mümkün deyil. Köhnə hüceyrələr tədricən ölür və yerlərinə yeniləri gəlir. İncəsənətsə dünya qaynağıdır. Ondan güc alırıq, o isə yeraltı sulardan qidalanır. İncəsənət – bizim özümüzün məkan və zamanda əbədi davamımızdır, onda bizim qanımız axır. Ancaq qan da laxtalanır. Əgər ona xüsusi mikroblar qatmasan.

Futurist şairlər, mən sizi kitabxana və muzeylərə nifrətə öyrətmişdim. Fitri fəhm – bütün romanlıların səciyyəvi xüsusiyyətidir. Mən sizdə bunu oyatmaq istəyirdim. Və idraka ikrah aşılamaq istəyirdim. İnsanda dəmir mühərrikə qarşı dəf edilməz kin var. Onları ancaq fəhm barışdıra bilər, idrak yox. İnsanın hökmranlığı bitib. Texnika əsri gəlir! Ancaq alimlər fiziki formul və kimyəvi reaksiyalardan başqa nə bacarır? Bizsə əvvəlcə texnika ilə tanış olacaq, sonra dostlaşacaq və ehtiyat hissələri ilə birlikdə mexaniki adamın meydana çıxmasını hazırlayacağıq. Biz insanı, idraki məntiqin son məqsədi olan ölüm haqqında fikirdən azad edəcəyik.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ