İvan Pavliy: “Zaxariyanın sevdiyi şeir”

Tarix:17-03-2017, 16:30 Baxış Sayı:769

İvan Pavliy: “Zaxariyanın sevdiyi şeir”
Ukraynalı İvan Pavlinin Azərbaycan dilində yazdığı əsər

İvan Pavliyin “Zaxariyanın sevdiyi şeir” ukraynalı gənc ədib İvan Pavliyin ilk mətbu bədii əsəridir. Azərbaycan dilində yazılmış bu əsərin ədəbi mühitimizin maraqlı bir hadisəsi olacağına əminliyimi bildirərək, oxucuları müəlliflə tanış etmək istərdim.

İvan Pavliy 1975-ci ildə Kiyevdə anadan olub. Atası Volodimir Pavloviç nəzəri fizika və riyaziyyat üzrə mütəxəssisdir, Ukrayna Milli Elmlər Akademiyasında çalışıb. İvan Kiyevdə orta məktəbi, 1998-ci ildə Kiyev Dövlət Linqvistik Universitetini türk və ingilis dilləri üzrə tərcüməçi ix-tisası ilə bitirib.

Tale elə gətirib ki, 1999-cu ildə Azərbaycana gəlib, 2007-ci ilə qədər beynəlxalq humanitar təşkilatda direktor, 2006-2009-cu illərdə Bakı Slavyan Universitetində Ukrayna dili müəllimi və elmi işçi vəzifələrində çalışıb. Ukraynaca-Azərbaycanca tədris lüğətinin, danışıq kitabçasının, Taras Şevçenkonun Ukrayna və Azərbaycan dillərində seçilmiş əsərlərinin tərtibçilərindən olub, bir sıra elmi məqalələri dərc edilib. “Ukrayna bədii ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinin tarixi və problemləri” mövzusunda dissertasiya işini tamamlayaraq müdafiəyə təqdim edib. 2014-cü ildən Türkiyədə yaşayır, tərcüməçilik və elmi fəaliyyətlə məşğul olur. Azərbaycanlı Aysun xanımla ailə qurub, üç oğlu var.

Ana dilindən başqa Azərbaycan, rus, türk, ingilis, ərəb, ibrani, fars və gürcü dillərini bilir. Yaxın Şərq və Qafqaz mədəniyyətlərini araşdırır. Lakin bütün bu dil və mədəniyyətlər sırasında İvanın qəlbində və fəaliyyətində Azərbaycan sevgisi xüsusi yer tutur. Azərbaycan mədəniyyətini, ədəbiyyatını, dilini dərindən mənimsəmiş İvanı yaxından tanıyanlar onu həm ukraynalı, həm də azərbaycanlı kimi qəbul edir, Elman adlandırırlar. İvanın – Elmanın Azərbaycana səmimi məhəbbəti yalnız şəxsi dostluq və ailə münasibətləri zəminində yaranmayıb. İvan Pavliy ölkəmizdə olduğu dövrdə xalqımızın taleyini qəlbən yaşayıb, Qarabağ acısına bizim qədər yanıb, mənəvi dəyərlərimizi mənimsəyib, xalqımızın istəklərinə şərik olub, dövlətçilik meyarlarımızı qəbul edib.

Haqq, həqiqət, ədalət tərəfdarı olan İvan Pavliyin ölkəmizə, xalqımıza olan səmimi hissləri onun ana dili kimi sevdiyi Azərbaycan türkcəsində qələmə aldığı “Zaxariyanın sevdiyi şeir” kitabında təcəssüm olunub. Qarabağdan, Şuşada Molla Pənah Vaqifin türbəsindən başlayan süjet hadisələri Tiflisdə davam edir və sanki Narınqalaya dikələn pillələr boyu irəliləyir, böyük şairin sətirləri əsasında dini, fəlsəfi, mənəvi dəyərlər ətrafında dövr edir. Həyatın mənası, xeyir və şər, törəniş və ölüm, tale və qismət, insan xisləti və cəmiyyət, sədaqət və xəyanət, haqq və ədalət, eşq və nifrət kimi anlayışlar əsərin məğzini təşkil edir. Müdrik gürcü qocası Zaxariya Vaqifin “Görmədim” müxəmməsinin mənalar aləminə əsaslanaraq bu mətləblər barədə düşüncələrini azərbaycanlı gənc Eminlə bölüşür. Molla Pənah Vaqifin simasında Azərbaycan mənəviyyatının yüksək dəyərləri, imana və həqiqətə uyğunluğu, bəşəriliyi və tolerantlığı aşkarlanır.

Qoca Zaxariya Vaqifin şeirindəki fikirlərlə səmavi kitablar, yəhudi, xristian və müsəlman peyğəmbərlərinin kəlamları arasında uyğunluğu vurğulayır. Vaqifin düşüncələrinin bütün dinlərin və xalqların nümayəndələrini birləşdirən və ya birləşdirməli olan ali mətləblərə aid olduğundan söz açır. Vaxtilə Sayat-Novanın Azərbaycan mədəniyyətindən, ədəbiyyatından, dilindən əxz etdiyi yüksək anlayışları unudan ermənilərin haqq yolundan sapdığını və Qafqaza fəlakət gətirdiyini söyləyir. Ermənilərin xəyanəti, torpaqlarımızın işğalı və yaşanan faciələr onların ilahi dəyərlərə və həqiqətə dönüklüyünün, mənəvi dəyərləri tapdamasının nəticəsi kimi təsbitlənir.

İvan Pavliyin əsərindəki bu düşüncələr bu gün bir çox ölkələrdə yaşanan siyasi, dini, etnik zəminli faciələr fonunda xüsusilə aktual səslənir. Kitabda Molla Pənah Vaqifin vəsf etdiyi belə bir qənaət vurğulanır – bütün insanlar Allah və bir-birləri qarşısında bərabərdir və qardaşdır, insanlar əzəli və əbədi dəyərləri unutmamalı, onları ayıran ani maraqlara deyil, birləşdirən əbədi məqsədlərə can atmalıdırlar. Qurani-Kərimdə deyildiyi kimi, Uca Allah insanları yadlaşmaları niyyəti ilə deyil, qardaşlaşmaları üçün xalqlara və qəbilələrə ayırıb: “bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”.

Həyatda haqq və ədalət, sədaqət və vəfa, etibar və etiqad, sülh və məhəbbət səltənəti axtaran böyük şair Vaqif də bunu istəyirdi. Və müdrik Zaxariya Vaqifin aradığı bu səltənətə yolun kənardan yox, hər birimizin içindən keçdiyini deyir, çünki İsa peyğəmbərin söylədiyi kimi, “Allahın səltənəti içimizdədir”. Vaqif də bu hicran dünyasında, “sədaqət” və “dəyanət” görmədiyi bivəfalar arasında, “yaxşılığa yamanlıq”, “dostluğa ədavət”, “kizbü böhtan”, “fitnə” dolu “cahan mülkündə” cəfadan qurtulmağın yolunu insanların daxilində axtarır. Şairin əsas istəyinin – dünyanın əyriliklərinin düzəlməsi üçün insanların daxilində ahəng olmalıdır. İnsanlar ali həqiqətə, vicdana sadiq qalmalıdırlar, ilahi lütfdə pənah tapmalıdırlar.

Lakin əzəli dəyərlər unudulduğundan Vaqifin bu dünyada gördüyü “əyriliklər” hələ də qalır, bu gün xalqlar, dinlər arasında nifaq salınır, qanlı faciələr yaşanır. Vaqifin əsir məzarını ziyarət etmiş Zaxariya kədərlə bildirir: “Təəssüf ki, Vaqifin yurdunu tutmuş ermənilər bu lütfdən uzaqlaşıblar, əyri yoldadırlar. Buna görə də onlar həqiqətdən də üz döndəriblər, saxtakarlıqla həqiqəti danırlar”. Haqq adamı olan Zaxariya həqiqət yolunda cəfa çəkmiş, faciəli tale yaşamış, ancaq tarixdə özünə əbədiyyət qazanmış Vaqifin məzarını bir daha yalnız Şuşa azad olduqdan sonra ziyarət edəcəyini və o xoşbəxt günü gözləyəcəyini bildirir.

Zaxariyanın istəyi təbii və qanunauyğun görünür: müdrik gürcü ziyalısı Nəsiminin, Vaqifin, Səməd Vurğunun düşüncələrini şərh edərək haqq sözü, əbədi həqiqəti aşkarlayır, xalqımızın mənəvi dəyərlərinə yüksək qiymət verir. Vaqifin məzarı qarşısında şairin ruhuna müraciətində Zaxariya bütövlükdə milli mədəniyyətimizi səciyyələndirir: “Şeirlərini biz gürcülər də sevmişik! Təkcə biz yox, indiki dövrdə bu qəbrini təhqir etmiş, viran etmiş ermənilər də vaxtilə şeirlərini çox seviblər. Şeirlərin gürcü əlifbası, erməni əlifbası ilə köçürülüb, oxunub, sevilib! Rəbbin lütfü ilə çox sirrə vaqif olmusan. Ən uca sirrə – Allaha və insana sevgi sirrinə vaqif olmusan! Millətindən, dinindən, mövqeyindən asılı olmayaraq, Allahın hər bəndəsinə hörmətlə, sevgiylə yanaşmısan. Sevmisən, sevilmisən. Bu gün sənin öz xalqın işğal ucbatından səni ziyarətə gələ bilmir, amma mən, gürcü gələ bilirəm, səni ehtiramla yad etməyi özümə borc bilirəm”.

Əsərin gürcü qəhrəmanı Zaxariyanın bu müraciəti ukraynalı yazar İvan Pavliyin qələmində xalqımızın milli mənliyinə, zəngin mədəniyyətinə, tolerantlığına verilən yüksək dəyər kimi səslənir. Və Zaxariya Eminlə mükalimələrini Səməd Vurğunun dua adlandırdığı aşağıdakı bəndi ilə yekunlaşdırır:

Qoyma ki, yerlərdə sürünsün bəşər,
Dünyada qalmasın nə pislik, nə şər.
Yaxşılıq insana bir sənət olsun,
Dünya başdan-başa qoy cənnət olsun...

Əsərin əsas dəyəri, fikrimcə, bütün bu kimi mətləblərin ümumi şəkildə deyil, Vaqifin, eləcə də Nəsiminin, Səməd Vurğunun əsərlərinə əsaslanaraq, xalqımızın dini inancından, həyat fəlsəfəsindən, mənəvi dəyərlərindən və bu dəyərlərin bəşəri mahiyyətindən çıxış edərək orijinal bədii tərzdə təqdim olunmasındadır.

Qeyd edək ki, İvan Pavliyin ilahi həqiqətin və dinlərin vəhdəti, mədəniyyətlərin ortaqlığı, insanların qardaşlığı və xalqların birliyi kimi ideyalar daşıyan bu əsəri özünəməxsus poetik xüsusiyyətləri ilə də seçilir. Dialoqlar üzərində qurulmuş bu mətni fəlsəfi povest də, bədii risalə də adlandırmaq olar. Əsərin kompozisiyasını klassik fəlsəfi-ədəbi mətnlərdəki və hətta dastan-larımızdakı dialoji strukturla müqayisə etmək də mümkündür. Dini mətnlərə istinadların əsərin bədiiliyi ilə ahəng təşkil etdiyini də vurğulamaq istərdik. Eynilə də müəllifin klassik poeziyamıza və poetik üslubumuza, rəmzlər və mənalar aləminə yaxından bələdliyini qeyd etməliyik. Digər tərəfdən, ukraynalı alim və ədibin ilk bədii əsərini Azərbaycan dilində yazmasının özünün də ədəbi əlaqələrimizin tarixinə düşəcək fakt olacağı şübhəsizdir. Lakin bütün bunlara elmi münasibəti əsərin gələcək ədəbi taleyi göstərəcək. İndilikdə isə artıq uzun illərdir dəyərli ziyalı, peşəkar linqvist və tərcüməçi, gözəl pedaqoq və səmimi dost kimi tanıdığım əziz İvanı bu maraqlı əsəri münasibətilə təbrik edir və yaradıcılığında yeni uğurlar arzulayıram.

Asif Hacılı,
Professor

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ