Astanada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin dəstəyi ilə 20 Yanvar faciəsinin ildönümü qeyd edilib.
Manera.az xəbər verir ki, tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər, icma üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu faciəni Azərbaycan tarixinə qanları ilə əsarətə qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.
Sonra bir sıra beynəlxalq müsabiqələrin qalibi, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü Atabala Manafzadə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Sergey Raxmaninovun əsərlərini ifa edib.
Tədbirdə Qanlı Yanvar hadisələrini əks etdirən fotolar nümayiş olunub.
MANERA.AZ