manera.az
manera.az

Göyün şöhrətidir yerin insanı

📅 16.01.2019 22:19

Göyün şöhrətidir yerin insanı
Azərbaycan odlar diyarıdır, lakin bu diyarı quran, yaradan, onu göylərə qaldıran, adına şöhrət gətirən, torpağını qanıyla, alnının təriylə sulayan insanlar olub. Onlar bu torpağı tanıdıb, bu torpaq da onları. Onlar dünya xəritəsində nöqtə boyda görünən bu gözəl diyarı zirvəyə qaldırıb, torpaq da onları ucaldıb. Fəxr ediləsi haldır ki, bu gün bütün dünya bu kiçik diyarın tarixə, mədəniyyətə bəxş etdiklərinə heyrandır. Bütün dünyaya Azərbaycanın nefti, qazı, xalçası, balığı, kürüsü, təbii sərvətləri, təbii gözəllikləri, tarixi abidələri məlum olduğu kimi Nizamisi, Füzulisi, Şah İsmayılı, Tomrisi, Sara Xatunu, Babəki, Mehdisi, eləcə də XX-XI əsrin dünyaca tanınmış siyasətçisi, lideri Heydər Əliyevi də məlumdur.

Azərbaycan xalqının mübariz, vətənpərvər, zəhmətkeş olduğunu bütün dünya bilməsə də, post sovet məkanında, yer kürəsinin böyük qismini əhatə edən keçmiş SSRİ-də hər kəs bilir. Pambıq istehsalında Özbəkistan, Türkmənistan, Qazaxıstan kimi böyük əraziyə sahib respublikalarla rəqabət aparan bu ölkəni, eləcə də pambıq tarlalarında gecə-gündüz çalışıb Azərbaycanın adını tarixə yazdıranları kim tanımırdı ki? Bəstinimi deyim, Şamamanımı, Sevilimi deyim, Xuramanımı? Yoxsa evinin qadını, işinin erkəyi olan neçə-neçə erkək tinətli, mərd, namuslu, əlinin zəhməti, alnının təri ilə şöhrət tapmış qadınımı? Mən onlardan biri haqqında danışmaq istərdim: qadın kimi gözəl, kişi kimi mərd olan bir xanım – Həsənova Humay Pənah qızı haqqında.

Humay xanım 1944-cü ildə Ağcabədidə – dahi Füzulinin doğma diyarı olan Boyat kəndində anadan olmuş, boya-başa çatmış, ailə qurmuşdu. Humay xanım böyük dahinin vətənini zəhmət adamlarının adıyla da tanıtmağa nail ola bilmişdi. Cavan yaşlarından pambıq tarlalarında çalışan, böyük bir ailənin xanımı olan bu cəsur qadın çalışdığı işini də, ailəsini də, evinin işini də başaran əsil zəhmətkeş bir xanımın timsallıdır mənim üçün. Evinin səliqə-sahmanını qorumaq, ailənin övladlarının tərbiyəsi ilə məşğul olmaq, həm də planı yerinə yetirmək, kimdənsə söz eşitməmək üçün səhərdən-axşamadək işləmək, həqiqətən də hər insanın hünəri deyil. Humay xanım isə hər şeyə sinə gərməyi, Füzulinin adına layiq övlad olmağı başardı. Onun keçdiyi yola, aldığı orden və medallara, təşəkkürlərə baxanda insanın köksü qabarır, fəxr hissi keçirir ki, diyarı, torpağı müasir dövrdə də necə və neçə-neçə sara xatunlar, tomrislər, həcərlər yetişdirib.

Humay xanımın devizi:
Mən yaranmamışam göylər övladı,

Əzəl şöhrətimdir torpağın adı – idi və o bu missiyasını layiqincə yerinə yetirdi. Zəhməti isə əvəzsiz qalmadı. O, torpağı ucaltdı, Boyat torpağı da onu. Humay xanım müxtəlif dövrlərdə “Lenin”, “Qırmızı Əmək Bayrağı” ordeni, iki qızıl, bir gümüş, bir bürünc medalla təltif olundu. Maşınla mükafatlandırıldı. Prezident təqaüdünə layiq görüldü. “Heydər Əliyev və Ağcabədi” kitabında müsahibəsi çap olundu. Deputat seçildi, “Pambıq ustası” fəxri adı aldı.

El arasında misal var ki, “Torpaq deyər: “öldür məni, dirildim səni”. Bəli, bu gerçəkliyin bir üzüdür və Humay xanımı zirvəyə qaldıran da, yaşadan da bu oldu.

Bu gün Humay xanım, Humay ana aramızda yoxdur, lakin zəhməti onu humay quşuna çevirdi, əbədi yaşatdı və yaşadacaq da.


Kübra Quliyeva,
filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, aparıcı elmi işçi



Baxış sayı - 1 184 | Yüklənmə tarixi: 16.01.2019 22:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031